adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Noyabr 2018 09:38
22057
ƏDƏBİYYAT
A- A+

Aşıq Ələsgər Zəngəzur dağlarında

Əvəz Mahmud Lələdağ
Şair, dramaturq, publisist

60 il bundan əvvəl 1958-ci ilin 13 yanvarında İrəvan şəhərində keçirilən gənc yazıçıların müşavirəsinin iştirakçılarından biri də mən idim. Müşavirəni Əkbər İrəvanlı aparırdı. (Ruhu şad olsun). Burada Əli Vəkil, Murad Vəliyev, Səməd Sarallı və Göyçəli İslam Ələsgərovla tanış oldum, qaynadıq, qarışdıq. Göyçəli İslamla həmsöhbət oldum. Aşıq Ələsgərin "Gördüm" rədifli qoşması yadıma düşdü,- onu əzbərdən dedim.

Gedirdim güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini boyayıb qana,
Yıxılıb, çevrilir oyan, bu yana,
Kəsilibdi səbri qərarın gördüm.

Təbib olsam yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm çaylar kimi çağlaram,
Ananı baladan aralı gördüm.

Islam əlimi sıxdı, Ələsgər mənim babamdı, -dedi. Mənim Sisiyanlı olduğumu bilən kimi mənalı-mənalı üzümə baxdı, babamın sisyanlı Dəllək Əvəz adlı aşıq dostu olub onunla deyişib. Lakin onların deyişməsindən əldə heç nə qalmamışdır- deyə təəssüfləndi. O vaxt müşavirənin materialları "Sovet Ermənistan" qəzetində geniş işıqlandrıldı. Qəzetin fəal əməkdaşları Alyoşa Bayramov, Teymur Əhmədov gənc yazarlara böyük qayğı göstərirdilər. Onlar bizim şeirlərimizi, foto şəkillərimizi qəzetin səhifələrində dərc edirdilər, bizi daha da həvəsləndirirdilər.
Mən rayona qayıtdm, yaşlı adamlardan Uzun Paşanı, Şaybalanı, Mehman kişini sorğu-suala tutdum. Onlardan Uzun Paşanın dedikləri ağlıma batdı. O dedi:
-Qızılcıqda Dəllək Əvəz, Ağdüdə aşıq Fərəc el-oba arasında yaxşı tanınan sənətkarlar idilər.
Aşıq Fərəc ilə əmisi qızı Hamayıl midbeyin idilər. O vaxt yazın burnu qanayan kimi hamı yaylağa köçərdi. Hamının da dədə-baba yurd yerləri vardı. Fərəcgilin obası Lalayurda düşərdi, Hamayılgil Ağbulağın üstünə.
Yalyurd Ağbulaqdan yuxarıda idi. Hamayıl adaxlısı Fərəcın enib gələcəyi yola baxır lakin onun vədə yerinə gəlmədiyini görüb "Gəlmədin" rədifli qoşmasını yanıqlı-yanıqlı oxuyur.

Əmim oğlu məndən heç utanmadın,
Üç ay keçdi bu yaylağa gəlmədin.
Yüz min cəfa ilə köç eylədim mən,
Ordan enib Ağbulağa gəlmədin.

Mən səni saxladım hamıdan əziz,
Mən sənin yanında oldum bir kəniz.
Ətircan bəslədim güllərdən təmiz,
Namərd oğlu, kef-damağa gəlmədin.

Mənim adım Hamayıldır hamıya,
Sinəm bənzər həm ulduza, həm aya.
Verdin əməyimi axırda zaya,
Şamama dərməyə tağa gəlmədin.

Hamayıl yaylaqdan yarımçıq qayıdır. Sonra qardaşlar arasında soyuqluq yaranır. O ki qaldı Dəllək Əvəzə, canım sənə desin, onun oğlu Aşıq Temir tez-tez bizim kəndə gələrdi, Çərkəz kişinin damında məclis qurardı, bizi yığardı başına. Onu da deyim ki, Çərkəz kişi, Ağca arvad qəlbi geniş, çehriban adamlar idilər. Onlar bir dəfə də olsun gələnlərə üz-gözlərini turşutmazdılar, hamını gülər üzlə qarşılayardılar. Damın içinə keçə, paltar-palaz salardılar. Ayağı çarıqlı-patavalı hamı dama dolardı, oturub aşığa qulaq asardı. Aşıq Temir dastan danışardı, biz də qulaq asardıq. Dastanı ustadnamə ilə başlayardı, duvaqqapma ilə qurtarardı. Sübh namazı vaxtı deyərdik:
-Aşıq, biz gedək namaza, sən də bir az gözünün acısını al Dəllək Əvəzin qohumlarından biri bizim məktəbin direktoru Bayram Kətənovdur. Bir onun da ağzına dəysin. Mən vaxt tapdım Bayram müəllimlə görüşdüm, hal-əhval tutdum. Dəllak Əvəz barədə bildiklərindən, eşitdiklərindən söyləməsini xahiş etdim. Onun da adamı başdan-ayağa, ayağdan-başa süzməyi vardı. Məni də süzəndən sonra üzümə baxdı, gülümsədi, zarafatyana dedi:
-Dəllək Əvəz hardan ağla gəldi, ə görəsən?
Mən İslam Ələsgərovla söhbətimi ona danışdım. Bayram müəllim yaddaşını qurdaladı. -Hə, hə elə bir şey olub. Mən Dəllək Əvəzi görməmişəm, ancaq oğlu Aşıq Temiri xatırlayıram. Onların evi həmişə çal-çağırlı olardı. Göyçədən, Dərələyəzdən, Şərurdan, Şəlvədən qonaqları gələrdi. Saz tutub söz qoşardılar. Camaat da həvəslə qulaq asardı. Mənim məsləhətimə baxsan Dəllək Əvəzin nəvəsi, Aşıq Temirin oğlu Əvəz kişi ilə görüş. O bir köynək məndən irəlidi onlara.
Mən Əvəz Qasımovun sorağına düşdüm. O vaxt xalq yazıçısı Əli Vəliyevin "Madarın dastanı " əsərini oxuyanda Aşıq Temirin adı da məni maraqlandırmışdı. Cızma-qaraların birində:

A Çaldağım, Madar köçüb getdimi,
Aşıq Temir onun toyun etdimi
Gülüqızı arzu-kama yetdimi
Məhərrəmin at sürməsi nec oldu?
Bulaqların zümzüməsi nec oldu?

Əvəz Qasımovla Seyidduyunda görüşdüm, getdən-gəldən söhbətləşdik. Babası Dəllək Əvəzdən söz saldım. Əvəz kişi təmkinlə atası aşıq Temirin dediklərini danışmağa başladı:
Mən uşaq olanda dədəm Temir belə bir əhvalat söyləyirdi: Bir gün göçəli aşıq Ələsgər babanı da götürüb Qızılboğaz yaylağına-Qarahüseyngilə apardı. Orada böyük şənlik oldu. Bir yalağı 50 erkək kəsildi, evlərə "şişlik" payladılar- (şişə taxılan kabablıq ətə şişlik deyirdilər).
Dədəmlə Ələsgər babam deyişdilər. Həmin deyişmə belədir:

Dəllək Əvəz

Xoş gəlmisən bu dağlara,
Belə görüm hər an səni.
Bu yaylaqlar, bu oylaqlar
Xatırlayır inan, səni.

Aşıq Ələsgər

Qonaq gəldim dost evinə,
Sağ ol qardaş, var ol, qardaş.
Allah sənə bəxş eyləyib,
Nurlu zəka, kamal, qardaş.

Dəllək Əvəz

Həmdəmimdi sədəfli saz,
Toy-düyünüm sənsiz olmaz,
Fani dünya belə qalmaz,
Qarşılamaz yaman səni.

Aşıq Ələsgər

Hanı Həsən, hanı Talıb,
Oba köçüb yurdu qalıb,
Gərdiş məni dərdə salıb
Qisasımı sən al, qardaş.

Dəllək Əvəz

Əriməzdə qar əriməz,
Aşıq düzü əyri deməz.
Aslan qaçıb kola girməz,
Çaşdırmasın zaman səni.

Aşıq Ələsgər

Baş əyilməz əgər başsa,
Telli saz mənə yoldaşsa.
Gələcəyəm, yağım daşsa
Əcəl versə macal, qardaş.

Dəllək Əvəz

Vurğunuydum gözəllərin,
Hər obada vardı yerin.
Sazın sədəf, sözün dərin
Haqq yaradıb umman səni.

Aşıq Ələsgər

Mən də dostun Ələsgərəm
Bu dağlarda azıb Kərəm
Burdan getmək istəmərəm
Narahatdı mahal, qardaş.

Dəllək Əvəz

Qurban sənə, Dəllək Əvəz,
Bu dağlara yayıldı səs
Gedən getdi, bir də gəlməz
Qarsalamaz tufan səni.

Mən orda ilk dəfə olaraq Ələsgər babanın sazı sol əli ilə çaldığının şahidi oldum. Sonra elat camaatı Aşıq Ələsgərə "Solaqqay " aşıq dedilər. Dədəm həmişə bu bulağın başında olanda deyərdi:

Hər çeşmədən su içmişəm,
Mən bu dağlarda, dağlarda.
Gözəllərə gül seçmişəm,
Mən bu dağlarda, dağlarda.

Dalanıram güldə gözüm,
Ayda gözüm, ildə gözüm.
Ələsgərsiz necə dözüm,
Mən bu dağlarda, dağlarda.

Əvəz kişi bir az nəfsini dərdi, toxdadı, sözünə davam etdi.
Hə, canım sənə desin, dədəm deyirdi ki, Qızılboğaz yaylağında keçirilən toya Abdallar oylağının Şəlvə dərəsindən aşıq Qəhrəman da gəlmişdi. Aşıq Ələsgər aşıq Qəhrəmana meydan verdi. Aşıq Qəhrəman sazı döşünə basdı Ələsgərin "Öldürür" rədifli qoşmasını "Yanıq Kərəmi" havası üstündə oxudu.

Dərdim çoxdu dindirməyin, həzərat
Məni bir alagöz ceyran öldürür.
Qılıncsız, tüfəngsiz alır canımı,
Kimsə bilmir, pünhan-pünhan öldürür.
Heç bilmirəm neyləmişəm, neylərəm,
Xəncər alıb qara bağrın teylərəm.
Bir canım var, yara qurban eylərəm,
El desin: "Aşıq də qurban öldürür".

Ələsgərəm bir gözələ mehmanam,
Ölməyincə çətin dönəm, ucanam
Əzraylı qanlı tutmasın ananı
Məni bir kipiyi peykan öldürür.

Aşıq Ələsgər ona sağ ol dedi, sonra Aşıq Qəhrəmanı yanına çağırıb:
-Oğlum, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu "deyib bizdən əvvəlkilər. Dastan, qoşma, gəraylı, təcnis, müxəmməs, cığalı təcnis, dodaqdəyməz, bağlama, qıfılbənd, ustadnamə aşığın dilinin əzbəri olmalıdır. Indi mən sənə bir-iki bənd qıfılbənd deyərəm, aça bilsən meydan sənindi, yox, aça bilməsən, sazını əlindən alıb səni əliboş yola salacağam. Ələsgər baban sazını basdı sinəsinə Qəhrəmanla üz-üzə dayandı."

Ay quzuçu, quz bəndə,
Quzuları gətir kəndə.
Neçə səhəng su lazımdı,
Bir dağar dən üyünəndə?

Aşıq Qəhrəman nə qədər araşdırsa da, qıfılbəndin qıfılına açar tapa bilmədi.
Ələsgər baban işi belə görəndə:
-Yaxşı, ikinci qıfılbəndə qulaq as. O "İrəvan çuxuru" üstə sazı dilləndirdi.

Mən aşıqam qıy bağlar,
Qıy bağçalar qıy bağlar.
Nərgizdən köynək tikər,
Bənövşədən qıy bağlar.

Aşıq Qəhrəman mat qaldı, dinmədi.
Ələsgər baban üzünü Qəhrəmana tutdu:

-Aşıq olub tərki Vətən olanın,
Əzəl başdan pürkamalı gərəkdi.

Sözümüz sözdü, sazı qoy yerə, məclisi tərk elə. Aşıq Qəhrəman Ələsgər babanın əlindən öpüb dedi:
-Ustad, yeddi baş külfət bu saza baxır, onu mənim əlimdən alma, bir də sən olan həndəvərə gəlmərəm. Ələsgər baban onun sazını bağışladı. Aşıq Qəhrəman sazı sinəsinə basdı, üzünü dağlara tutdu:

Ustad Ələsgərin telli sazıdı,
Məni bu dağlara gətirən, dağlar.
Bu loğman havadı, sərin sudu,
Üstümdən dərd-qəm götürən, dağlar.

Gəldim halallaşaq ömrün qış çağı,
Sellərin, suların gurulmuş çağı.
Hünər köhlənimin yorulmuş çağı,
Məni aşırımdan ötürün dağlar.

O, sazını saldı köynəyinə məclisdən getdi.
Məclisin axırında Ələsgər baban "Dağlar" qoşmasını el havası üstə elə yanğı ilə oxudu ki, dağlar, daşlar lərzəyə gəldi.

Bir ay yarım növbahardan keçəndə
Car olur köksündən sellənir, dağlar.
Çalxalanır sonalar, çığırır qazlar,
Zəmzəm zümzüməli göllərin, dağlar.

Hanı mən gördüyüm qurğu, büsatlar?
Dərdiməndlər görsə tez bağrı atlar,
Mələşmir sürülər, kişnəmir atlar,
Niyə pərişandı halların, dağlar.

Hanı bu yaylaqda yaylayan ellər,
Görəndə gözümdə car olur sellər.
Seyr etmir qoynunda türfə gözəllər
Sancılmır buxağa güllərin, dağlar.
Gözəllər çeşməndən götürmür abı,
Dad verər dəhanda kövsər şərabı,
Xaçpərəslə düşdü pund inqilab,
Onçunmu bağlandı yolların, dağların.

Həsən nənə, Həsən baba qoşadı,
Xaçbulaq yaylağı xoş tamaşadı.
Eldən ayrı aşıq niyə yaşadı,
Ölsün Ələsgərtək qulların dağlar.

Dədəm Aşıq Temir deyirdi:
-Göyçədə qayıdandan sonra bolşevik höküməti Ələsgər babanın səsini bağlayıb 1924-cü ildə açıb.
Əvəz kişi üzümə baxdı, yadımda qalanlar bunlardı dedi. Yadıma genə düşsə, səni duyuğ elərəm.
Mənə elə gəlir ki, Dədə Ələsgər Zəngəzur dağlarına gələndə murdar qonşular yenə narahat həyat yaratdıqları üçün elat camaatı da yaylaqlara az gəlirmişlər, yurd yerləri boş qalırmış, Aşıq Ələsgər "Dağlar" qoşmasında o narahatçılığı açıq-aydın söyləmişdi.
-Düşünürəm ki, 1918-20 ci illərin qanlı hadisələri İrəvan ətrafı bölgələrində yaşayan insanları da dədə-baba yurdlarından, isti ocaqlarından, bərəkətli bucaqlarından didərgin salmışdı. Dədə Ələsgər də onlardan biri. O, ailəsini Göyçədən, doğma kəndi Ağkilsədən götürüb Kəlbəcər rayonunun Qanlıkənd kəndinə, sonra isə Tərtərə gətirmişdir. Aşıq Ələsgər sisanlı dostu Dəllək Əvəzlə son dəfə görüşə dünyanın belə qarmaqarışıq vaxtında gəlmişdi. O vaxt elat camaatının yolu tam açılmamışdı, yurd yeri boş qalmışdı. Bax buna görə də yurd yerlərini boş görəndə Aşıq Ələsgər dostu Dəllək Əvəzdən xəbər alır. "Hanı Həsən, hanı Talıb" Elat camaatının samballı ağsaqqallarını- Telli Həsəni, Qarakişini, Dədəkişini, Talıbı axtarır. Bir vaxt dostu Dəllək Əvəzlə onlararın şən məclislərində iştirak etməsi yadına düşür.

Burdan getməz istəmərəm,
Narahatdı mahal, qardaş.

Bu misraları deməklə, Göyçə mahalının narahat günlərini xatırlayır.

Gələcəyəm yağım daşsa,
Əcəl versə macal, qardaş.

Əvəz bu səfərə gələndə Aşıq Ələsəgərin 98-99 yaşı olardı. Aşıq Ələsgərin sədaqətli dostu onu ovundurur, təsəlli verirdi.

Gedən getdi, bir də gəlməz,
Qarsalamaz tufan səni.

Dostuna demək istəyir ki, quldur hökümət getdi, yeni hökümət (Bolşevik hökumətini nəzərdə tutur) gəldi. "Qarsalamaz tufan səni" deməklər Aşıq Ələsgərə ürək-dirək verir, o quldur daşnak hökümətini qasırğaya, çovğuna, tufana bənzədirdi. Aşıq Ələsgər Zəngəzurun Qızılboğaz yaylağında oxuduğu "Dağlar" rədifli qoşması o ağır günlərin dəhşətli hadisələrini yada salır. "Mələşmir sürülər", "kişnəşmir atlar". Boş qalan yurd yerlərinə işarədir.

Eldən ayrı aşıq niyə yaşadı,
Ölsün Ələsgər tək qulların, dağlar.

Öz doğma dağlarından , yaylaqlarından, buz bulaqlarından əli üzülən aşıq o doğma yerlərə qayıdacaqlarına, bəlkə də, ümid eləmir, çüni yaş artıq öz işini götürdü. Aşıq yüz yaşını haqlamışdı. Lakin "Ölməyə vətən yaxşı" deməklə o da öz doğma elinə qayıdar. Ağkilsə kəndində 105 yaşında dünyasını dəyişir, vətən torpağına qismət olur. (Ruhu şad olsun...)