adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Noyabr 2018 10:32
10332
ƏDƏBİYYAT
A- A+

SƏMA ŞAHİNİ

Əlisəfa Azayev


Hər dəfə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 10 saylı ünvandakı evin yanından keçəndə bu lövhə qarşısında ehtiramla ayaq saxlayıb, baş əyir, dərin fikirlərə,düşüncələrə dalır: "Azərbaycan Bayrağı" ordenli Əbu Bəkr Vüqar oğlu İsmayılov bu evdə yaşamışdır. 10.02.1990-02.04.2016". O, əsil səma şahini idi!..
Bu ağır, həm də şərəfli tarixi kimi xatırlamır?!. Ordumuzun neçə ildən sonra ilk zəfər yürüşü, güclü zərbəsi!.. Bu dəstədə hərbi döyüş helikopterində Əbu Bəkr Vüqar oğlu İsmayılov da vardı. Onun Naxçıvanski adına hərbi məktəbdə, sonra da Ali Hərbi Akademiyada oxuduğu müddətdə ən böyük arzusu beləcə uçmaq, düşmənə ağır zərbə endirib, işğal olunmuş torpaqlarımızı azad etmək olub!
Onda toy günündən az bir müddət keçmiş, hələ il tamam deyildi. Atası Vüqar, anası Rəna narahatçılığını ifadə edəndə, gülə-gülə onları sakitləşdirər, deyərdi:
- Hər şey yaxşı olacaq... Siz Şəbnəmdən muğayat olun.
Həyat yoldaşı Şəbnəm Sabunçu rayonunda sinif müəlliməsi işləyirdi. Özü Qaladakı hərbi hissədə xidmətdə idi. Rayondakı Kürdəmir şadlıq evində böyük toyları olanda Əbu Bəkr ağ rəngli hərbi formada idi. Başının üstə göy qurşağını xatırladan üçrəngli al-əlvan Azərbaycan bayrağı dalğalanırdı. Sanki ürəyinə dammışdı... Onda necə də böyük torpaq, millət sevgisi, dövlət rəmzlərinə bağlılıq vardı. Gerbimizə hörmətlə baxar, Dövlət himnimiz çalınnada cəld ayaq üstə qalxıb ürəkdən onun mətnini deyərdi...
Bu anlar sanki o başqa bir adam olurdu. Öz dövlətinə, millətinə bağlı, Prezidentinə sədaqətli əsil hərbiçi!.. Onun hərəkətlərində, davranışlarında da başqalarında olmayan bir qıvraqlıq, gümrahlıq duymaq olardı. Sanki o elə anadan hərbiçi doğulmuş, əvvəldən bu iş üçün hazırlanmışdı.
Onlarda olanda anası Rəna evdə yox idi. Çağırışa əvvəl qohumu olan bir xanım çıxdı. Kimliyini, gəlişinin məqsədini deyəndən sonra atası Vüqar gəldi. İlk baxışdan ona xoş gələn bu adam onu içəri dəvət edərək dedi:
- Əlisəfa müəllim, içəri gəlin. Orada niyə dayanmısınız. Mən sizi lap yaxşı tanıyıram.
Nə qədər olmasa da, onu üçün belə yerdə olmaq çox ağır idi. Sanki hələ də o cəsur təyyarəçi ilə söhbət edir, onun xəyalı, son qəhrəmanlığı ilə yaşayırdı. Döyüş helikopterləri düşmən raketilə vurulanda üçü də birdən səslənib:
- Tarana!..
- Tarana!..
- Tarana!..
Hərbi döyüş helikopteri də belədi ki, həmin üçlükdən biri razı olmasa, horikokteri düşmənin odlu nöqtəsinə yönəldə bilmək olmaz. Onlara isə onu məhv etmək, susdurmaq əmr olunmuşdu!..
Əyləşəndən sonra atası fikirli halda söhbətə lap uzaqdan başlayır. Onun orta məktəbdə oxuduğu illərdən:
- Sinif rəhbərləri Əlisa İsayev idi. Ondan çox razılıq edərdi. Bilirsiniz də, Əlisa müəllim çox savadlı, hazırlıqlı müəllim idi.
- Bəli...
- Bir gün valideyin iclası idi. Çox vaxt elə anası gedərdi. Bu dəfə dedim ki, özüm gedəcəyəm. Onsuz da bilirdim ki, Əbu Bəkr əla qiymətlərlə oxuyur. Sadəcə bir valideyin kimi xoş sözlər eşitmək üçün getdim.
- Əlbəttə ki...
- Onda Əlisa müəllim dedi ki, bu buraxılış sinifində otuzdan artıq şagird var. Ancaq onlardan ikisinin gələcəyini daha uğurlu görür... Onlardan biri Bahadur müəllimin nəvəsi Əbu Bəkrdir...
- Çox gözəl...
- Ata, valideyin üçün bundan böyük nə ola bilərdi? Qəlbim hədsiz qürur hissi içində döyünürdü...
- Allah rəhmət eləsin ona... Qəbri nurla dolsun.
- Əlisa müəllimgil ilə evimiz bir qədər yaxındır da... Bilirsiniz də, onun böyük kitabxanası var. Hər həftə iki kitab gətirib oxuyar, oxuduqdan sonra da bir-bir mənə verərdi ki, oxuyum. Sonra da müzakirəyə başlayardıq.
Atası bu sözləri dedikcə elə kövrəlirdi ki, özünü güclə saxlayırdı. Belə ata-oğul münasibəti onu heyran etmişdi. Çox təəssüf ki, qızıl zəncir tez qırılmış, ailəyə böyük qürurla yanaşı, həm də onun yoxluğu, itkisi bir qəm-qüssə, nisgil gətirmişdi.
Vüqar özünə yaraşan bir təmkinliliklə dedi:
- İyirmi yeddisi mart günü Siyəzəndə zabit yoldaşının toyunda idi. 31 mart günü anası ilə danışır. Kürdəmirdə hərbi hissədə olub. Oradan yoldaşının maşını ilə evə gəlmişdi. Hərbi formalı, çantalı... Çörək yeyəndə fikirli idi. Sonra da üzünü qırxıb yatdı. Telefonu həmişə yanında saxlayırdı ki, birdən zəng, çağırış olar... Səhər saat dördün yarısında durub. Anası onun üçün yumurta bişirib. Səhər yeməyini yeyəndən sonra heç kimi narahat etmədən evdən çıxıb. Anası onun arxasınca su atıb...
Bu sözləri deyib, dərin fikirə gedir. Sanki oğlunun son gəlişini xatırlayıb, onu yola salmadığı üçün qüssələnir... Kövrək bir səslə deyir:
- Bir kimsəni narahat etməyi sevməzdi. Əsil hərbiçi idi. Özü çay içməyi, xörək hazırlayıb yeməyi xoşlardı... 1 aprel günü Beyləqanda olub, 2-nə keçən gecə düşmənə zərbə əmrini alıblar. Yağıların hücumu Beyləqan istiqamətində gözlənilirmiş. Onları qabaqlayıb zərbə endiriblər...
Ata babası Bahadur müəllim kimya müəllimi kimi rayonda tanınırdı. Ana babası Şərafət Köhünlü kəndində yaşamış, mağazada işləyirdi. Atası fikirli halda deyir:
- Birinci uçuşları saat 11.15-də çox uğurlu olmuşdu. Hətta evlə danışıb. Şad halda hücumda olduqlarını, irəli getdiklərini deyib. İkinci uçuşları 11.47-də olub... Odlu nöqtəni susdursalar da beləcə vertalyotları vurulub, tarana gediblər...
- ...
- Axşam saat 7.30-da İcra Hakimiyyətindən gəldilər. O dəqiqə ürəyimizə gəldi. Onsuz da bunu biz həmişə gözləyirdik...
- ...
- Aprelin 10-da saat 11-də tabutunu evə gətirdilər... Taxta tabut, üstündə bayrağımız sərilmiş halda... Mən hərbiçilərdən soruşdum: "Arxadan vurmayıblar ki?". "Yox" dedilər. "Vətən sağ olsun!" dedim. Anası da özünü çox təmkinli, əsil hərbiçi anası kimi apardı... Bir o qədər ağlayıb- sıtqamadı... Bizim oğlumuz Vətən yolunda şəhid olmuşdu axı. Başqaları kimi bir qəbahətli hərəkətin üstündə yox... Onun əsgəri şücaəti nə qədər qürurverici olsa da, onsuz da çəkdiyimizi qəlbən çəkir, bir valideyin kimi ağrınırdıq... Ancaq o anlarda bunu büruzə vermək bizə yaraşmazdı axı...
- ...
- İnanın, o gecə... O böyük izdihamı görəndə, sanki oğlum yaddan çıxdı. İlahi, sanki göy üzü də işıqlaşmış, Kürdəmir heç vaxt belə gurluq görməmişdi!..
O, kədərli, fikirli halda bu şeiri deyir:

Gözlər qəlbin aynasıdırsa,
Göz yaşı qəlbin bulağı demək...
Gözlər kədərdən yaş axıdırsa,
Sevincdən göz yaşı bəs nəyə gərək?

Heç bilmir ki, ona nə desin, necə təsəlli versin. Sanki ondan tez özünə gəlib dilləndi:
- On biri aprel günü aparıb Müdafiə Nazirliyinin TTM-ində -Təlim Tədris Mərkəzində vida mərasimi təşkil edib keçirdilər. Üçünün də tabutu yan-yanaşı qoyulmuşdu: Urfanın, Təbrizin, Əbu Bəkrin.
- ...
- Bir nəfər var... Onun qohumu deyib ki, onları əvvəl Bərdəyə gətirdilər. Əbu Bəkri mən yudum. Gül kimi idi. Heç nə olmamışdı... Ağır xəsarətləri görünmürdü...
- Vertalyotun düşmənin odlu nöqtəsinə çırpılması elə kifəyətdi də... Bundan insan sağ qalar...
O, bir müddət heç nə demədən susur... Bəlkə də əvvəllər onu görmüşdü. Ancaq xatırlamırdı. Bu bir saatlıq vaxt müddətində Vüqara lap valeh olmuşdu. İnsan nə qədər ağır, təmkinli olarmış. Tarix-diyarşünaslıq muzeyində işlədiyini dedi. Sonra da kövrək bir səslə pıçıldadı:
- O çox şəriət qayda-qanunlarına bağlı bir oğul idi. El adət-ənənələrinə həmişə hörmət etməyi sevərdi. Ancaq gəl ki, bircə şeyə heyfslənirəm... Onun beləcə gənc ikən həyatdan getməsinə... Nə qədər böyük arzuları vardı... General olmaq istəyirdi... "Mən hökmən general olacağam!" deyərdi...
- ...
- Çox gümrah uşaq idi. Axşama kimi şer, qəzəl, meyxana deməkdən yorulmazdı. Gözəl məclis aparardı... Əla dil qabiliyyəti, gözəl nitqi vardı.
- ...
- Ona yasin oxuyan mollaya lap açıq dedim ki, onun buna ehtiyacı yoxdur. O cənnətdədi!..
- ...
- Məni təsirləndirən başqadıg Kərbalaya gedənlər maykalarına aprel şəhidlərinin adını yazdırıblarmış. Baxırıq ki, Əbu Bəkrin adı yoxdur. Soruşuruq, rəhbərləri deyir ki, onu adına görə yaza bilmədik.
Onun bu sözləri qəlbinə toxunsa da, ona təskinlik verir:
- Hər sözə fikir verməyin... Kaş elə bütün gənclərimiz onun qeyrətdə, təpərdə olaydılar. Millət, torpaq qədri biləydilər. Vətənin dar günündə onun kimi silaha sarılıb, ölümün gözünün içinə dik baxaydılar!.. Orada ki, məssəb ayrı-seçkiliyi yoxdur?!.
- Bəli...
- Bax elə belələridir xalqı parçalayan, vəzifə axtaran, çətin anlarda aradan çıxanlar...
Bir daha həyətlərində onun şərəfin qaldırılmış göy qurşağını xatırladan aylı-ulduzlu üçrəngli bayrağımıza baxır, Ulu Öndəri, Prezidentimizi xatırlayıram. Doğurdan da ötən illərdə siz nələr çəkdiniz... Necə ki, mətbuatımızın atası Həsən bəy Zərdabinin Zərdab şəhərinin mərkəzində qoyulmuş sal daş parçası üzərində bu sözləri yazılıb: "Fikrim budur ki, bizim Zərdab kəndinin Qarabağın sərhəddində bir daş qoydurub onun üstə zikr olan həcvi tamam qazdıram ki, gələcəkdə bizim övladlar o yadigara baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti -islami qəflətdən ayıltmaq istəyən vəqtə necə nadanlara rasçt gəlmişəm".
Bu daş abidə Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə cəmiyyəti tərəfindən qoyulmuşdur. Bir sözlə demək istəyir ki, Vüqar qardaşım heç ürəyinə belə söhbətləri, sözləri salma. Belə nadanlar o vaxt da olub, indi də var... Həyat isə işıqlı sabaha doğru gedir. Şükür ki, Əbu Bəkri itirməsəniz də, Əkbər oğlunuz yanındadı... Bu da sizə bir təsəllidi... Elə valideyinlər var ki, bu qanlı savaşda yeganə oğullarını itiriblər!.. Allah siz valideyinlərə səbr versin! Bəlig Əslində hər gülün, övladın öz yeri, ətri var!..