adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Noyabr 2018 09:19
19173
ƏDƏBİYYAT
A- A+

Gedən yerim olaydı...

(Şair Qabil şeirinə bir nəzər)

ESSE

Allahverdi Eminov

Bu başlıqdan "dırnağı" sildim, amma şeirin oyatdığı təsiri ürəyimdən silmədim, bacarmadım, - desəm daha ədalətli olardı. Ona görə ki, bu yaşımda, sağlam düşüncələrimdə, neçə-neçə dostlarımın istisində böyük şairimiz Qabilin bu adda şeirini xatırladım və özümə sual etdim: Sadiq dostlarımdan qalanı - yaşayanı varmı? Onlar səni yada salırmı? Axı sağ-salamat olanlar yox deyil? Bu barədə düşünmək istəmədim, köhnə "yaraların" qaysağını qoparmağa nə ehtiyac? Sadəcə, hələ tələbəlik illərindən sevdiyim şairlərdən biri də Qabil idi: həyatda əyilməyən, sözünü şax deyən, "Tramvay parka gedir" (1962) kimi Sovet ideologiyasının asıb-kəsən zamanında "Azərbaycan gəncləri" qəzetində çıxıb sensasiya doğuran poemanın müəllifini unutmağa dəyərmi? Bu əsər barədə ilk xoş sözü böyük ədibimiz İsmayıl Şıxlı Pedaqoji Universitetin tarix-filologiya fakültəsinin bir auditoriyasında bizə dedi və qürurlandı...
Maraqlı o idi mənimçin belə bir "sərt" poema qələmə alan şair Qabil "Ana", "Payız düşüncələri", "Qoy danışsın təbiət", "Gətirmə", "Külək, göl və dəniz", "Qızıl sahillərim", "Gedən yerim olaydı" və digər onlarla şeir yazmışdı: həzin, səksəkəli, uzaqlaşan gəncliyin həsrəti, təbiətin ecazkar təlqini ruhunda. Bu poetik ovqata qədər isə "Yarpaqlar tökülür", "O qız məndən uzaqdır", "Bahar", "Ay doğar", "Axşam qəribliyi", "Sonuncu kibrit çöpü", "Dedilər ki"... onlarla poetik nümunələri oxucular sevmişdi. Təbiidir ki, sevilən şair sevilən şeirlər yazar, Qabil kimi qüdrət təbli olsun. Şeir canlı (yaxud xəyali) müşahidədən bahəm ilahi "verginin" pıçıltısıdır, yaşanan ruhun töhfəsidir, sönən məhəbbətin xatirəsidir. Şairin mənəvi dəyəri bu "üçlük"dən gəlir. Təkcə bumudur? Şair ömrünün sızıltısı, ötən günlərin həsrətini çəkən yaşıl nisgili və həyatın vəfasızlığı. Bu əbədiyaşar şeirlərin poetikasında görülən nədir - sualsız! "Yarpaqlar tökülür" şeirini yazanda şair Qabilin 35 yaşı vardı, qocalıq barədə düşünmək hələ çox-çox tezdi, payızlı illər çox-çox qabaqdadır, yarpağı saralmış bir ağacın altında oturub dərdləşmək yox, nərd oynamaq olar. Məhz nə üçün payızda? Yarpaqları taqətdən düşmüş vaxtında: budaqların iqtidarımı çatmırdı yarpaqlarını saxlasın. Budaqlar bilir ki, yarpaqların gedən yeri var. Qocalar isə belə bir mənzərədə başları nərd oyununa, oyunun taleyini həll edən zərə ümidlidilər.
- Şeş qoşa!
- Pənc - çahar!
Nərd atır qocalar
Bir şəhər bağında.
Bir payız çağında.
Bu dü-bir!
- Bu sələr!
Çiskinli bir səhər...

Qocalar hey zər atırlar, məqsədləri hansı birininsə udmasıdırmı, yoxsa vaxtlarını qovmasıdır? Yox, onlar gənclikdə o qədər nərd atmışlar ki? Yox, onlar gənclikdə yarımçıq qalmış oyunlarını davam edirlər? Yox, onlar daşların səsini eşitmək istəyirlər - görsünlər taqətləri qalmışmı? Çiskin səngimir, qocalar isə:

Nərd taxta yaş olur,
Daşları daş olur.
Vururlar səs salmır,
Heç bəlkə həzz almır,
Oyundan qocalar...

Amma güc qalıb, daha "dübir" düşmür nərdtaxtadan, "pənc-qoşa", "şeş-çahar"dır atdıqları. Nə yaxşı, amma insan ruhu öz diqtəsinə xəyanət etmir, daha nərd də ləzzət gətirmir, daha o keçmiş ləzzət bədəndən-candan çıxmışdır, yerini darıxdırıcı ovqat almışdır:

- Darıxdım Ağabəy,
- Deyirsən dincələk.
Sükuta daldılar,
Beləcə qaldılar...

Bəs sonra? Bəlkə yarpaqları asta-asta torpağa tökülən ağacı tərk eləsinlər? Onda qalarlar həsrətin ağuşunda, eynəkli gözlərilə saralmış yarpaqları aydınca görərlər və gedən yerlərini bələdləyərlər; bu zərurətdir.

Yarpaqlar tökülür,
Sapsarı. Yarpaqlar tökülür.
Cəzb edir onları.
- Xəzandır, Mirələm!
- Görürəm!
- Yenə yaz gələcək,
Çöl-bayır güləcək.

Bəlkə bu, etirafdır, bəlkə bu yaşa çatmaq bir məharətdir. Böyük alman şairi Gete nə deyirdi: "Qoca olmaq böyük məharət tələb etmir, qocalığa qalib gəlmək məharətdir". Bu qənaəti qocalarda görürük, hələ ki, canları suludur, amma həyatın diqtəsini şair Qabil inkar eləmir. Amma bu qocalarda bir nikbinlik də var: yazın gələcəyinə ümid bağlayırlar. İnsanı yaşadan bir mühüm amil də məhz budur, bir şərtlə, insan Ölümündən çəkinməməlidir, bu, yeganə danışıqsız həqiqətdir, əgər bu doğruluğu inkar eləsən - acizlik əlamətidir. Şair bu anlamı oxucuda anlatmaq istəmiş ki. Təbiətin hökmündən qaçmağa nə lüzum? Amma İnsanın qəlbində bir yaşamaq həsrəti də var ki, qocalar öz yerlərini yeni nəslə verməlidir, dünya boşalır və dolur. Yaşamaq həsrəti vücuddan ayrılmamalıdır. Müəllif onları nərd taxtasından ayırmır, poeziyanın assosiativ məqamına çağırır, qoy nərd atsınlar, qoy şeş-beş, şeş-qoşa atsınlar, yaşın finalında (axı oyunun da finalı var).

Yüz şeş at, yüz beş at,
Burda gəl baş aldat -
Hədərdir, Mirələm!
- Bilirəm...

Şair Qabilin poetik "kəşfi". Şeir buradaca tamamlanardı, qocalar çiskin yağışda, çiyinlərinə düşmüş sarı yarpaqlara əl vurmadan harayasa gedərdilər. Lakin qarşıda uşaq(lar) dayanıb, babasını (atalarını) əvəzləyəcəkdi.

Bir uşaq bu ara
Yanaşdı onlara.
Saatı soruşdu.
Baxdılar, gördülər
Saat da yatıbdır.
Susdular - sükutun
Məqamı çatıbdır...

Qocalar yaşamışlar, cavanlıqda nə lazımsa qazanmışlar: işləmişlər, məqsədləri üçün çalışmışlar, dünyaya övlad gətirmişlər. Bəli, Ömrün hər çağının öz meyli, öz zövqü, öz tələbləri var - bunlardan qaçmağa nə hacət...
Şair(lər) bir kövrək mövzuya köklənəndə hisslərin davamından ayrılmır; özündən asılı olmur; necə ki, şair Qabil "Yarpaqlar tökülür"ün assosiativ çalarında "Küləkli havalarda, yağışlı havalarda" şeirini yazdı (1961), eyni ildə, eyni əhval-ruhiyyədə. Bu şeir qocaların gənclik çağlarının bir xatirəsini xatırladır.
Sevən şair(lər) üçün havanın soyuqluğu, şaxtası, küləyi təsirsizdi, təki öz yarına qovuşsun, axı gəncdir, arzularla yaşayır. Bəlkə bu gənc elə Ağaminin, yaxud Mirələmin cavanlığıdır. Bəlkə küləkli havalarda, yağışlı havalarda sevdiyi qızı xatırlayır(lar). Bəlkə belə havalar sınağa çəkir. Şair Qabilin poeziyasında təbiətin bir yarpağında payız gizlənir, vaxtını gözləyir. Payız axı özüylə yağış gətirir, səkilərdə xırda gölməçələr yaradır, yarpaqlar bu gölməçələrdə kəpənək boğulan kimi çırpınır. Budur, belə havalarda Ağami də, Mirələm də gəlib-gedənlərə baxıb ötən illəri xatırlayırlar. Bu qocalar öz yerlərini cavanlara, elə şair Qabilə təhvil vermişlər.

Külək əsir, üşüyür daş-divar,
Səkilərin üstünə düşür damcılar.
Küçələrdən tələsik keçib gedirlər,
Səni xatırlayıram qəlbimdə kədər.
Biz də belə gedərdik.
Küləkli havalarda, yağışlı havalarda.

Sual da verirəm özümə: gənc şair bu şeiri dərddənmi qələmə alıb; axı şeir dərddən yazılır, dərdin çarəsini şairlər axtarmırlar - taparlar - onda son şeirini yazmış olardılar. Şeir kef-damaqdan qaçan ruhi sızıltıdır, şairin ürəyi dünya qədər böyük və genişdir, həyatın bütün ağrıları, insanın iztirabları şairin ruhunda toxdaqlığını tapır. Şair sevmişdir, məhəbbətini qəlbində bəsləmişdir, təbiətin şıltaqlığına belə dözməyi bacarmışdır.

Külək əsir, titrəyir qapı-pəncərə,
Yağış yağır şırhaşır düşür şəhərə.
Dalda yerə çəkilir bir qız, bir oğlan
Qorxub yağışdan.
Biz də belə gedərdik
Küləkli havalarda, yağışlı havalarda.

Alman filosofu L.Feyerbax nə deyirdi: "Məhəbbət zəifləri bərkidib qüvvətliləri zəiflədə bilər, yüksəyi alçaldıb alçağı ucalda bilər". Şair Qabil elə həmən ildə məhəbbətə şübhəylə yanaşanlara üzünü tutub, "nida" ovqatında demişdi:

Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
Heyrət etmişəm,
Heyrət məhəbbət deyil!

Bu sadalanların alt qatında saf sevgi hissləri dayanır, sevən cavanın təmiz etirafı səslənir, lakin bunlar hələ kifayətedici deyil.
Sən demə, məhəbbət də "qocalırmış"? Bəlkə beləymiş? Beləymiş ki:

Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım
Məhəbbətin tufanına sinə girən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım...

Şairin böyük məhəbbəti qarşısında etirafı! Belə ürək sahibi üçün küləkli havalarda, yağışlı havalarda əzaba qatılmaq nədir ki! Qoy külək əssin, yağış çiləsin, nə eybi, bircə, bircə:

...Bir qız keçir sən geyən jaketdə bu dəm,
Duman çökmüş şüşədən onu görürəm,
Səni görmürəm...
Küləkli havalarda, yağışlı havalarda.

Mən yenə də mübhəm fikirlərlə üzləşirəm: Otuz beş yaşlı şair Qabil niyə bu qədər xatirələri qabaqlayır, axı onun "xatirələrə" qapılan çağı deyil. Haqlı sayıram, şairlər üçün gələcəyə baxmaq - görmək onun poetik təxəyyülünün məhəg daşıdır, belə olmasa idi, vaxtından çox qabaq qocalardı, amma. Amma heç vaxt vüqarını təslim eləmir qadın vücudu qarşısında, özü də şair Qabil olsun. Necə ki, 47 yaşında etirafını gizlətmədi. Baxmayaraq o qadına illər əlini qaldırıb insafcasına: soldurub, başdan-ayağa payız olub, minlərin içində yalqızlaşıb - tənhalaşıb. O qızılı saçlar da rəngini itirib. Baxmayaraq o gözəllik daha yoxdur, amma. Amma unudulmayıb, unudularmı?

Eşitdim deyirlər:
Dönübsən külə,
Özün yandırdığın
Hicran odunda.
Xəzan yarpaqların
Çətin ki, gülə...
Bahar itirmisən
Qabil adında.
Özün bil,
Çağırsan gələrəm,
Çağırmasan yox!

Bəlkə bu qadın şairin küləkli, yağışlı havalarda xatırladığı o qızdır? Axı dözmüşdü hər əzaba, xiffətə, bircə hicrinə - ayrılığına tab gətirməmişdi:

Külək əsir, közərir odum, yanıram,
Yağış yağır, o vaxtı yadıma salır.
Səni, səni axtarır, səni gəzirəm,
Başqa vaxtı hicrinə bir cür dözürəm,
Ancaq dözə bilmirəm
Küləkli havalarda, yağışlı havalarda.

İnsanın tənhalaşması ağır sükuta bərabərdir, evdən çıxsınmı, yoxsa pəncərədən boylansın küçələrə, gedib-gələnlərə qibtəylə baxsın və özündən soruşsun: - Hara gedirlər bu insanlar? Yoxsa onlar da ünvansız üz tuturlar tənhalaşmış məkanlara. Tənhalar çox erkən yuxudan qalxırlar, bu adət onlardan asılı deyil, birisi dünənki çağının hesabatını verir, biri dan üzünün qövsi-quzeyinə tamaşa edir, biri də gedən yer arayır. Kimdir bu "üçüncü?"

Yuxum ərşə çəkiləydi,
Dan yeri -
Qızarmış gözlərimdə
Söküləydi.
Təki...
Səhər
Başımda sevdalı fikirlər -
Harayasa gedən yerim olaydı.

Bəlkə var, bəlkə yoxdur, amma şairin ürəyindən keçən nə qəribədir: "gəlişimə inanmayan, gəlişimi gözləməyən insan axtarır". Təki:

Gedəydim payi-piyada,
Külək,
Yağış
Qar
Canımı üzəydi
Büdrəyib yıxılanda
Kötüklər,
Daşlar
Dizimi əzəydi
Cəhənnəmə ki...
Təki
Gedən yerim olaydı.

Tənhalaşmağın fəlsəfəsi necə də ağırmış, axı dərdini kiminlə bölüşənsən ki...yüngülləşəsən. Axı insan ömrü sanki qaçış yarışıdır, məqsədisə bu yarışda udmaqdır, onun marağı, arzusu, istəyi hisslərinin, duyğularının təsiri altında yaranır, bunlar ödənilmişsə, insan tənhalaşmaz, bir həmdəmini arayar, dərdini bölüşməkdən çəkinməz. İlahi, bu həmdəmi, məkanı, doğmanı insanın əlindən alanda o, necə olar, xoşbəxtliyi ondan üz döndərməzmi?! İnsan dərdləşəndə hissləri təmizlənir, vücudu yüngülləşir və gözəlliyə, həqiqətə, fəzilətə yiyələnir. Məgər şair Qabil yer-məkan tapmırdımı gedib dincini alsın. Şair Qabil o yeri arzulayır, o yer üçün darıxır ki, orada alçaq, rəzil affektlər olmasın, şər affektlərdən uzaqlaşsın, axı cəmiyyət onu sıxır, darıxdırır, qəfəsə salmaq üçün məqam axtarır. Nə edəsən ki, ən ali - alturist effektlər yoxdur, bunun əksi olanda eqoist affektlər üstünlük yaradır, bu isə şəxsiyyəti məhvə aparır. Şair Qabil vurğuladığım kimi, son nəfəsinəcən şəxsi hisslərini - hissiyyatını qorumuşdur! Azadlığı, sərbəstliyi üçün hər cürə əzaba, çətinliyə dözməyi bacarmışdır və bu istəkdən şəhərin səs-küyündən qaçıb sakit bir guşəni məskən etmək istəmişdir:

Axşam düşəndə
Çataydım
Sıldırımlı dağlara,
Sığınmış bir kəndə.
Döyəydim bir qapını
Əllərim əsə-əsə.
İt zənciri gəmirəndə
Adam çıxaydı səsə.

Mikayıl Müşfiq demişkən: "Arzuya bax, sevgilim". Şair Qabil də o sevgili qadını, afəti axtarır ki:

Bir cüt pərişan gözlə
Göz-gözə,
Bir mehriban xoş üzlə
Üz-üzə dayanaydım.
O heyrət elədikcə
Mən alışıb yanaydım,
Qucaqlayıb boynunu,
Sığallayıb telini
Qupquru dodağımla
Yandıraydım əlini.
Uşaq kimi ağlayaydım,
Bulaq kimi çağlayaydım!

Bəs sonra? Təkcə şairin arzusu bumudur? Bu da ola bilər, filosof Spinoza demişkən: "Arzu insanın mahiyyətidir, o şey ki, bizə xoş gəlir, onu hər cəhətdən təsdiq edirik və sevirik". Demək, otuz yeddi yaşlı şair üçün sevgi-məhəbbət hissləri öz təravətini saxlamaqdadır ki, bundan başlayır xoşbəxtlik, azadlıq! Təki:

Gedən yerim olaydı, gedən yerim,
Kiminsə həsrətiylə açılaydı səhərim.

Bu kimsəni axtarmağa dəyərmi? Bu kimsənin yeri haradır? Bu kimsə laməkandırmı?
Şair Qabil təbiətdən heç vaxt ayrılmamışdır, bu ecazkar dəyərin baharını, yayını, qışını, yağışını və bir də payızını sevmişdir. "Kövrəltdin hissləri, duyğuları, payız" pıçıldamışdır. "Solğun payız, sarı payız, soyutdun lap günəşi də" demişdir. Amma "Soyuda bilmədin ürəkdəki odu, atəşi, bacarmadın, mümkün deyil bu" - qürurunla özünü təsdiqlədin, yaşamaq ehtirasını ifadə etdin. Və bu etirafları ahıl yaşlarında yox, cavanlıq illərində dilə gətirdin, bax poetik kəşfin də bundadır.
...Mən isə şairin bu mübhəm hissləri barədə lap çoxdan düşünmüşdüm, nədənsə alınmırdı, bilmirəm. Amma bir payız səhəri erkən oyandım, hava çiskinliydi, buludlar dənizə süzülürdü, ürəyim yüngüldü, yorulmamışdı, şair Qabilin poeziyasından bəzi yarpaqları oxudum və hisslərimi vərəqlərə köçürdüm.