HAMININ VƏ HEç KƏSiN OLMAYAN ""QARABAğ""

AQİL ABBAS
33350 | 2009-09-29 21:14
Nitsşenin "Zərdüşt böylə demişdi" kitabında belə bir epiqraf var: "Hamı üçün və heç kəs üçün kitab". 25 yaşımda "Ən xoşbəxt adam" adlı bir povest yazmışdım. Və mən də povestə belə bir epiqraf yazmışdım: "Hamıya və heç kəsə". Onda mən Nitsşeni oxumamışdım, bu sırf bir təsadüf idi. O vaxt buna görə heç kim məni qınamadı. Əvvəla, o vaxt Nitsşeni oxuyanlar çox az idi. İkincisi də oxuyanlar yəqin fikirləşmişdilər ki, kənddən gələn bir uşaq nəinki Nitsşeni oxuya bilər, heç adını da eşidə bilməz. O vaxtlar Nitsşenin əsərləri ölkədə qadağan edilmişdi. Hər halda mən sonralar Nitsşeni oxuyanda bir az utandım.
   
   Yazıma niyə belə bir ad seçdim?! Hamı deyir Qarabağ bizimdir, biz hamımız Qarabağlıyıq. Bəli, Qarabağ hamınındır!
   
   Əgər hamımız deyiriksə Qarabağ bizimdir, bəs niyə 17 ildir o Qarabağa gedə bilmirik? Niyə Qarabağı bizim eləyə bilmirik?!
   
   Deyirik, bu gün hamımız Qarabağlıyıq. Sözdür də deyirik və özümüz də bilirik ki, yalan deyirik.
   
   Bu yazımda Qarabağdan söhbət getməyəcək, "Qarabağ"dan gedəcək. Uzun illər camaatı kimi yesir düşən, oynamağa stadion, yatmağa yer tapmayan "Qarabağ"dan. Avropa turnirlərində ilk qələbə qazanan, ilk mərhələ keçən, son turnirdə keçirdiyi 6 oyunun 3-ünü qələbəylə, 2-sini heç-heçəylə başa vuran və bircə oyunda uduzan, dünyanın sayılan klubları siyahısına adını yazdıran "Qarabağ"dan. Hamının və heç kəsin olmayan "Qarabağ"dan.
   
   Füzuli "Leyli və Məcnun"da yazır: "Allah bu qiyam, bu nə sitəm, qiyami-qiyamətlər içində bu qiyamət". Füzulinin bu acısı, bu ağrısı həm qarabağlılar üçün yazılıb, həm də "Qarabağ" üçün. Camaatı hansı sitəmləri görübsə, "Qarabağ" da o sitəmləri görüb.
   
   Bu komanda üçün yanan oğullar, komanda ac qalanda ac qalan, sevinəndə sevinən, ağlayanda ağlayan oğullar da olub. Bu barədə çox yazmışam və indi onların adını yazmaq fikrində deyiləm. Futbolda iki dəli görmüşəm, Ukraynda Lobanovskini, Azərbaycanda da Adil Nadirovu. Adil Nadirov futbolumuzun dəlisi olmasaydı, bəlkə də "Qarabağ" bu gün "Kəpəz" kimi, "Toxucu" kimi, "Polad" kimi, "Viləş" kimi, "Pambıqçı" kimi, "Şəmkir" kimi, "Spartak" kimig istəyirsiz siyahını bir az da uzadımg yox idi.
   
   "Qarabağ"ın nə çəkdiyini bir "Qarabağ"lılar bilir, bir də qarabağlılar.
   
   İndi çox şey arxada qalıb. "Qarabağ" Qarabağa qayıdıb. "Qarabağ" Qarabağa qayıdandan uğurları da başlayıb. Torpaq, doğma torpaq bir möcüzədi. Və bunu gördük. Ən ağır günündə komandaya dayaq duran Abdulbari Gözəl bəyə xüsusi təşəkkürlər. Ara-sıra incikliklərimiz olubsa da bu da komandaya yanğıdan olub.
   
   Və bunları niyə yazdım?
   
   Bu günlərdə "Qarabağ"ın lap keçmiş futbolçusu Rəfael Kərimov redaksiyaya gəlmişdi və özü ilə də bir şəkil gətirmişdi. "Qarabağ" komandasının 1968-cı ildə çəkilmiş şəkli idi. İkimiz də doluxsunduq. Bu şəkildəkilərin çoxu artıq aramızda yoxdu, ya müharibədə şəhid olublar, ya da Qarabağsızlığa dözməyib vaxtsız aramızdan köçüblər.
   
   Şəkili sizə təqdim edirik. Soldan sağa (ayaq üstə): Nadir Şahbazov (komandanın rəisi); Ramiz Şahməmmədov (kapitan); Hüseyn Əhmədov (qapıçı); Baxşeyiş (yarımmüdafiəçi); Elxan Quliyev (hücumçu); müdafiəçilər - Allahverdi Bağırov, Fikrət Əmiraslanov, Azad; Elbrus Abbasov (hücumçu); məşqçilər - Qədir Qurbanov, Nadir Xudabaşev; 1-ci cərgə - soldan sağa: Rizvan Şərifov (müdafiəçi); Natiq Ağayev (qapıçı); Rəfael Kərimov (hücumçu); Şahin Rüstəmov (yarımmüdafiəçi); Şəfəq Hümbətəliyev (hücumçu); Qaraçı Əlövsət (müdafiəçi).
   
   Həmin dövrdə "Qarabağ"ın şərəfini qoruyan, amma şəkildə olmayanları xatırladıq.
   
   Çox qəribə idi ki, "Qarabağ"da qardaşlar ənənəsi vardı: Rasim və İdris Məmmədovlar; Musa və Elxan Quliyevlər; Adil və Nadir Əsgərovlar; Seyran və Şəfəq Hümbətəliyevlər; Allahverdi və Eldar Bağırovlar; Vaqif və Sabir Hüseynovlar (məşhur gitaraçı Rəmişin qardaşları); Tahir və Çingiz Əliyevlər; Natiq və Rafiq Ağayevlər; Müşfiq və Yaşar Hüseynovlar və bu komandanın yükünü uzun illər çiynində daşıyan Adil Nadirov və Ərşad Nadirov (Vüqar Nadirovun atası) qardaşları. Fred Asif, Nizami Qurbanov, Əlifoğlu Nazim...
   
   Adlarını çəkdiklərimizin çoxu təbii ki, şəkildə yoxdu. Allahverdi və Eldar Bağırov qardaşları, Fred Asif, Ərşad Nadirov, Əlifoğlu Nazim müharibədə şəhid olublar. Allahverdi Bağırov və Fred Asif "Milli Qəhrəman"dılar. Əlifoğlu Nazim və Ərşad Nadirov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunublar.
   
   Və əslində hamımızın və heç kəsin olmayan "Qarabağ" komandası da "Milli Qəhrəman"dır.
   
   Ağdamda görüşənədək!

TƏQVİM / ARXİV