adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Noyabr 2018 12:20
89252
MÜSAHİBƏ
A- A+

Rafiq Tağının qardaşı: “Onun qətlində şübhələndiyim adamlar var” - MÜSAHİBƏ

Rafiq Tağı 2011-ci ilin noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmamışdı. Rafiq Tağı 2011-ci il noyabrın 23-də vəfat edib.


Adalet.az Rafiq Tağının qardaşı İlqar Tağı ilə müsahibəni təqdim edir.


"Kinli adam deyildi, qeybət də etməzdi”


- Rafiq bəy evin ən böyüyü idi...

- Bəli. Biz yeddi uşaq olmuşuq. Dörd qardaş, üç bacı. Ən böyük Rafiq idi, ən kiçik mən. Aramızda 16 yaş fərq var. Rafiq Tibb İnstitutuna girəndə mən doğulmuşam.

- Mən Rafiq Tağıyla müsahibə etmişdim. Orda demişdi ki, ümumiyyətlə mənə ağsaqqallıq missiyası yad gəlir. Evdə necəydi? Atanızdan sonra Rafiq Tağının idarəçiliyi var idimi?

- Bizim xalq olaraq düşüncəmizdə formalaşan ağsaqqallıq var ki, onu heç atamızdan da görməmişik. Atamız ailədə həmişə demokratik olub. Təkəbbür göstərsin, əlini stola çırpsın. Rafiqdə də bu olmayıb, onda da. Hər ikisi doğru yolu sözlə yox, əməlləri ilə bizə göstəriblər. Dedikləri də hər vaxt əməllərilə uzlaşardı. Bu ən düzgün "ağsaqqallıqdır".

- Tanıdığım qədəri ilə Rafiq Tağı həlim adam idi, hətta onu ilk dəfə görəndə demişdim ki, inanmıram o hay-küylü yazıları siz yazasınız. Evdə necə biri idi? Mübarizə aparan, razılaşmayan xarakterdə idi, yoxsa necə?

- Onun uşaqlıq dövrünü görmədiyim üçün dəqiq bilmirəm (gülür). Amma haqqında anam xatirələr danışıb həmişə. Deyir, inadkar olub. Lap uşaq vaxtından. Danışır ki, bir dəfə xalamgilə gedəndə yolda səkçə suyu istəyib (səkçədə su sərin, həm də içməli olur). O qədər inad eləyib ki, axırda evə qayıdıblar, o sudan içib, yenə yola düzəliblər. (gülüşmə). Bu cür inadkarlığı olub.

- Eynən yazılarındakı kimi...

- Hə, razıyam... Rafiq məktəbi çox yaxşı oxuyub. Masallının Təklə kənd məktəbinin tarixində qızıl medal alan olmamışdı. O vaxt Rafiqə vermək istəyirmişlər. Artıq o ərəfədə hazırlanmış vinetkasında da bu görünür. Digər uşaqlardan fərqlənən fotosu var ortada, çələnglə haşiyələnmiş şəklinin altından "medalist” yazılıb. Son məqamda müəllimlərdən biri qəsdən vaxtilə yazdığı "5"-i "4" edib ki, qızıl medala düşməsin. Hansısa səbəblər olubsa da, bu, Rafiqin savadına şübhədən qaynaqlanmamışdı... Nə isə. Amma Rafiq özü bunu heç vaxt dilə gətirməzdi. Kinli adam deyildi, qeybət də etməzdi, sevməzdi belə şeyləri. Ümumən, bizim ailəyə yaddı belə keyfiyyətlər. Süleyman babamız da, onun atası Hacı Tağı ulu babamız da bu cür kişilərdən olub. Uşaq vaxtı kəndimizin yaşlı kişiləri danışardı haqlarında. Hacı Tağı o vaxt kəndimizdə ilk məscid tikən adam olub. İndi də həmin məscid onun adını daşıyır.

- Rafiq Tağının dinə qarşı münasibəti ilə bu danışdığınız qəribə gəldi...

- Bilirsiniz, Hacı Tağı babamızda müsəlmançılığın pozitiv tərəfi toplanmışdı. Mənim özüm şəxsən dinləri qəbul etmirəm, müsəlmançılığın nüvəsində aqressiyanın olduğuna da əminəm. Bu mənada hardasa, Rafiqlə eyni fikirdəydik. Ancaq müsəlmançılığın pozitiv tərəfləri də var axı. Bunu da deməliyik. Əslində, babalarımız öz fitrələrində olan pozitiv keyfiyyətləri dinlə bağlayaraq ona tapınmışdılar. Onlar nə Quran oxumuşdular, nə də dinlər haqda təsəvvürləri vardı... Hər kəsin hansısa ideologiyaya tapınacaq "zəif nöqtəsi" olmalıdır axı.




"Rafiqin hekayələrindəki qəhrəmanlarına baş çəkmişəm”


- İlqar bəy, Rafiq Tağını yazıçı kimi nə zaman kəşf etdiniz? Evdə bir yazıçı var idi artıq...

- Uşaq idim, Rafiq "Çağırış” adlı rayon qəzetində çap olunurdu. Biz də çox sevinirdik. İlk hekayələri, oçerkləri, şeirləri çıxardı. "Fərqanə” də o zaman çap olunmuşdu. Rafiqin gənclik sevgisi o hekayədə əks olunub. Mən danışıram sizə 1976-cı ildən. 10 yaşım vardı onda, çox da anlaya bilmirdim, amma oxuyurdum və bilirdim ki, mənim qardaşım yazıçıdır.

Rafiqin hekayələrindəki prototiplərin çoxusu həyatda var. Mən bir dəfə "Rafiqin yaşadığı kənddən" adlı reportaj yazmışdım. Kəndimizə gedəndə Rafiqin hekayələrindəki qəhrəmanların bəzilərinə baş çəkdim və o yazını yazdım...

- Müəllif ölüb, amma qəhrəmanları yaşayır...

- Hə, bir çoxu yaşayır.

- Həm həyatda, həm də Rafiq Tağının hekayələrində...

- Bir qəhrəmanın anası ölüb. O da bizim qohumumuzdur. Adı Umuddur, reallıqda adı başqadır - "Sərili paltarlara baxan" hekayəsindən danışıram. Anadangəlmə anlaqsız durumdadır. Anası ölüb, o indi səksəkə içindədir, hər an qapı açılanda diksinir, bəlkə gələn anasıdır deyə... Sonra… Kəndimizin əsas girəcəyindəki körpünün sol tərəfində Rafiqin "İki qardaş" hekayəsindəki İxtiyarla Mahmudun vaxtilə birgə yaşadıqları ev də qalmaqdadır. İndi həmin iki qardaşın övladları yenə eyni dam altında, yenə birgə yaşamaqdadırlar. İki qardaş həyatda yoxdursa da, Rafiqin "İki qardaş"ında yaşayırlar.

- Bir hekayəsi də vardı. Adamın biri uşağını əyləncə mərkəzinə aparır, ancaq uşaqdan daha çox, özü oynayır. O qəhrəman kim idi? Yoxsa Rafiq bəyin özüydü?

- Öz yaşantılarıdır, yazıb. Səhv etmirəmsə, hekayənin adı "Anya” idi. Hamımızın uşaqlığı acı keçib. Mən gitara həvəskarı idim, imkansızlıqdan məni nə musiqi məktəbinə qoya, nə də mənə gitara ala bilmişdilər. Rafiq də mənim kimi. Velosipedimiz, topumuz olmayıb. Atam az maaşla yeddi uşağa baxırdı. Kasıb yaşamışıq...

- Hətta Rafiq bəy mənlə söhbətində demişdi ki, atam nəsə alanda üstünə yüyürürdük, çox sevinirdik...

- Hə... Eləydi. Rafiqin içində o natamamlıq qalmışdı və o hekayədə də həmin natamamlığı vermişdi. Moskvada qızını aparır əyləncə mərkəzinə, orda ondan daha çox özü oynayır, əylənir (gülür).




"Bir dəfə mənə elə təpindi ki…”


- Rafiq Tağı ilə evdə münasibətiniz necəydi? Çəkindiyiniz olurdu ondan?

- Uşaq vaxtı çox çəkinirdim. Qorxurdum ki, birdən dərs zad soruşar məndən (gülüşmə). Bir dəfə Moskavada olanda mənə yazmışdı ki, İlqar, sən instituta girməlisən. Hökmlə. Mən bunu oxuyanda ağladım. Nə təhər yəni girməlisən? Hər sözü ilə hətta uzaqdan belə, məsuliyyət qoyurdu üzərimizə, böyük qardaş kimi. Onsuz da girəcəkdim, özümə güvənirdim. Dörd qardaş, birinci il qəbul olmuşuq instituta. Uşaq idim, yadımdadır, Rafiq institutu qurtarandan sonra ilk illər kənddə işləyirdi o vaxt. Neft lampasının işığında, gecələr qardaşlarıma dərs öyrədərdi. O mənzərə indinin özündə də gözümün qabağından getməyib. Ancaq mən instituta hazırlaşan illərdə Rafiq Moskvadaydı, o mənə ordan nəzarət edərdi. Kitablar yollayardı mənə... Mən qardaşlarımdan enerji alardım, mənə örnək idilər. Əsas da Rafiq, o hamımıza örnək olub hər vaxt, indi də.

- Heç küsdüyünüz olubmu Rafiq bəydən?

- Yox, yox...

- Sizin xətrinizə dəyibmi?

- Heç vaxt...

- Sizi danladığı da olmayıb?

- Yadımdadır ki, atam həyatının son illərində xəstəydi. Yaddaş pozğunluğu vardı. Mən atama pul çatdırmalıydım. Pulu da Rafiq vermişdi. Mən də çatdırmışdım. Atam xəstəliyindən dolayı demişdi ki, İlqar mənə pulu verməyib. Rafiq mənə elə təpindi ki... "Yəni ki, İlqar belə edə bilərmiş” - deyə. O zaman Rafiqə inandırmışdım ki, belə deyil. Amma indi də içimdə xal qalıb ki, Rafiq bəlkə də o vaxt mənə tam inanmamışdı. Əlbəttə ki, bu həqiqətən baş verməmişdi. İçimdə o vaxt qəribə hisslər yaşamışdım. Kiçik epizoddur, təbii, amma yaddaşımdan silinməyib.

"Rafiq ölünü dirildib”

- Xaraktercə necə biriydi? Hansı xüsusiyyətləri vardı?

- Deməli, Rafiq sözə necə həssas idisə, məişətdə də eləydi. Məsələn, deyirdi ki, krant niyə açıq qalsın, o biri tərəfdə işıq lüzumsuz yanır, niyə onu söndürməmisiniz və s.

- Vasvası...

- Vasvası da demək olmaz... Aşırı diqqətcil idi. Onda bir xasiyyət vardı: hər şeyə maksimum həssaslıq. Maksimum qənaətçilliyi vardı. Xəsisliyi yoxdu amma. Bu xasiyyəti Sovet dönəmindəki kasıbçılığımızdan irəli gəlirdi. O kompleks var idi onda. Məsələn, Rafiq, dostları, oturub çay içirik. Dağılışanda onu maşına otuzdura bilmirdim ki, aparım evinə. Deyirdi, 20 qəpik verib gedəcəm də, niyə bu boyda yol gedəsən. Yəni həm özünü fikirləşirdi, həm də qarşısındakını. İstəmirdi, kiminsə həm xərci, həm də vaxtı getsin. O vaxtın qədrini çox yaxşı bilirdi... Rafiq çalışırdı ki, maksimum heç kimə ziyan vurmasın. Onun yazdıqları formalaşmış xarakterilə uzlaşırdı. Əslində, hər kəs özünü yazır, Rafiq də həmçinin. Rafiqdə aşırı humanizm vardı. Ancaq cəmiyyətdə baş verənlər onu qane etmirdi. Bu Rafiqdə istər-istəməz, aqressiya yaradırdı. Əlindən gələn qədər humanistlik eləmək istəyirdi ki, heç olmazsa, bir qədər tarazlıq yaratsın. Məişətdə və adi həyatda bunu həkim kimi həmişə edərdi, geniş masştabda isə bunu hekayələrində ("kiçik insanlar"ın taleyini yazmaqla) və esselərində (cəmiyyətin naqisliklərini, mental qüsurlarımızı göstərməklə, bütləri təftiş etməklə) edərdi ...

- Hətta deyilənə görə, xəstələrə bazarlıq da eləyərmiş...

- Eh... O qədər olub ki belə şeylər. Saysız-hesabsız epizodlar var. Danışsam bir kitab olar. Məsələn, birini danışım - Rafiq ölünü necə dirildib.

- Necə?

- Biz hər Novruz bayramında kəndə gedirdik. Səhər qəbirüstünə çıxırdıq, günorta ərəfəsində də yola düzəlməliydik. Ertədən kəndimizin xəstələri qapımızı kəsdirərdi, Rafiq onlara baxardı, reseptlərini yazardı. Sonra dedilər ki, biri var, ölüm ayağındadır. Getdik gördük ki, çadır filan hazırlığı gedir, artıq camaat xəstənin ölməyini gözləməkdədir. Rafiq onu necə ölüm yatağından qaldırdı, onu necə yaşatdı, inana bilməmişdilər. O adam indi də yaşayır... Rafiq həkim kimi həm sağaldırdı, həm də şəfqət verirdi. Belə epizodların çoxuna özüm şahidəm. Hamısı də heç bir təmənna ummadan edilərdi. Ümumiyyətlə, kənd camaatımız Rafiqi çox sevirdi. Rafiqin humanizimi əslində onun adi halı idi. O, bunları görüntü üçün etmirdi. Rafiq düşünürdü ki, hamı belə olmalıdı. Biz o qədər naqis cəmiyyətdə yaşayırıq ki, yaxşı insanlar gördükdə təəccüblənirik. Halbuki pisə təəccüblənməliyik. Bizim faciəmizdir bu... Rafiq yeri gələndə Moskvada Alla Puqaçovanın anasının həkimi olub. Həkim kimi səviyyəli həkim idi. Amma bu cür yaxşılıqlar onun həmişə içindən gəlirdi.

- Sizcə, niyə orda qalmadı? Moskvada ?

- 90-lar idi. Biz ailə olaraq istəyirdik qayıtsın, Rafiq özü də istədi bunu. Darıxırdı Vətənçün. Bu Rafiqin şeirlərində də var. Onun "Moskva dəftəri" var, oxusanız, əmin olarsınız buna. Nə böyük kədər var orda. Rafiq çox həssas adam idi. Vətənini çox sevirdi...




"Kaş o yazıları yazmazdı…”


- Rafiq Tağının hay-küylü yazılarından danışaq bir az da. Mirzə Cəlildən, Sabirdən, Səməd Vurğundan, Elçibəydən... Necə qarşılayırdınız bu yazıları?

- Rafiq klassikləri bütləşdirməyə qarşıydı...

- Məhəmməd peyğəmbərdən yazdı, həbs olundu...

- Hə... Heç kim tam ideal ola bilməz axı. Bütövlükdə Rafiq onları insan olaraq təhlil edirdi, hər kəsi olduğu kimi, aydın zəkasıyla. Havaya söz atmırdı, yalandan şou yaratmırdı. Yazdıqlarının arxasında dura bilirdi, güclü təhlil aparırdı, əsaslandırırdı dediklərini. Hər kəsin qüsuru var. Elə Rafiqin də. Onun qüsuru nəydi? Biz istəyərdik ki, Rafiq yaşasın, təbii. Amma Rafiq nələrisə gözləmədi. Bu da bizə görə nisbidir. Rafiqin öz yanaşması vardı, o hər nəsnəyə mütəfəkkircəsinə yanaşırdı və bu, sövq-təbii baş verirdi. Biz bunu ailə olaraq onun qüsuru sana bilərik, amma zaman baxımından Rafiq mütəfəkkircəsinə həyat sürüb və baş verənlər olmalıydı və olmazsa olmazdı.

- Siz heç deyirdiniz ki, kaş o yazıları yazmayaydı?

- Əlbəttə, deyirik. İndi deyirik ki, kaş filan yazını yazmayaydı. Yaxud da, bir az yumşaq formada yazardı. Rafiq sərt yazırdı, sancırdı yazıları ilə, bəzən şok yaradırdı. Rafiq əslində həm də həkim kimi yanaşırdı hər məsələyə. Etdiklərini sevərəkdən edərdi, əslində. Həyatda da eləydi. Dostları Baba Vəziroğlu, Rasim Qaraca, Əjdər ol, Aqil Abbas danışıblar bu tipli çəkişmələrindən. Rafiq fikirlərini aydın və çılpaqlığıyla deyərdi, bəzəksiz-filan, ancaq bunu xətrə dəymək, kimisə sındırmaq üçün etmirdi. O, sadəcə polemika mövzuları açırdı. Məsələn, Mirzə Cəlil, Sabir haqqında yazılarında və s... Rafiq deyirdi ki, onların yazılarında millətin aşağılanması məqamları var. O istəyirdi ki, öz insanımızın müsbət cəhətləri göstərilsin. Xalqı bu formada dirçəldə bilərik, təkcə aşağılamaqla yox. Onun hekayələrinə baxın. Kiçik insanların taleyi. Pis insanlar var, əlbəttə. Ancaq gərək sən yaxşı xüsusiyyətlərimizi tapıb, onu daha çox qabardasan yazılarında.

- O zaman siz Rafiq bəylə razıydınız...

- Bəli, razıydım, elə indi də razıyam. Çünki Rafiq fikirlərini əsaslandırırdı. Mən Rafiqlə fəxr edirdim ki, bu cür istedad, təxəyyül, elm və savad sahibidir. İndi də fəxr edirəm onunla.




"Onlara dedim ki, gedin indi arağınızı için, nəşənizi çəkin”


- Həbs olunduğu dövrü necə xatırlayırsınız? Özü deyirdi ki, ilk dəfə yazımı elektron poçtla göndərdim, ondan da həbs olundum.

- Mən onun həbs olunması öncəsi, Nardarandakı nümayiş haqda televiziyada veriliş gördüm. Plakatlarla çıxmışdılar - "Biz Rafiq Tağıya ölüm hökmü vərdik". "Verdik” də yox, "vərdik”, həm də kirillə. Təşkil olunmuş bir iş idi. Onlar heç, həmin yazını oxuyub da başa düşəcək səviyyədə deyildilər, təbii. Bir dəfə mən məhkəmədə saqqallı birisinin yaxasından yapışdım, "nə istəyirsən?" deyə soruşdum. Dedi ki, işimizi gördük, burax gedək. Yəni onlar verilən tapşırığı icra edirdilər. Mən onların üzlərinə dedim. Dedim, siz iki "məmmədlik” muzdlularsınız. Hər birinizin qiyməti iki "məmməd”dir.

- Eşitmişdim ki, məhkəmədə Rafiq bəyi öldürmək istəyənlər olub.

- Çığır-bağır salırdılar, yaxşı rol oynayırdılar. Süni gərginlik yaratmışdılar. Hökm oxunanda "Allahu Akbar" deyə bağırırdılar, mən də onlara dedim, indi gedin, rahatca nəşənizi çəkin, arağınızı için. Yadımdadır, məhkəmədə adi iştirakçı kimi çıxış edən vəkil Qurban Məmmədov onlara dedi: "Rafiq mələkdir, siz hamınız şeytansınız”. Rafiqin həmin yazıdakı cümləsində təhqir yox idi, frazeoloji deyim idi ki, işlətmişdi. Bu, ehtiyatsızlıq adlandırıla bilərdi, sadəcə. Amma şişirtdilər bilərəkdən. Məram var idi bu olaylarda... Guya hissiyyatına toxunubmuş kimlərinsə, amma həbs qərarı buna adekvat deyildi. Bu antikonstitusion hərəkət idi. Bu gec-tez sübut olunacaq, Rafiqə gec də olsa rəsmi şəkildə bəraət veriləcək.

- Siz məhkəmə proseslərinin hamısında olmuşdunuz?

- Əlbəttə...

- Orda belə bir dialoq olduğu deyilir. Məhkəmə sədrinin adı Məhəmməd imiş, vəkil İsaxan Aşurov da deyib ki, siz düzgün qərar verə bilməzsiniz. Səbəbini soruşub, İsaxan bəy də deyib, adınız Məhəmməddi, ona görə. Məhkəmə sədri də qayıdıb ki, sizinki də İsadır.

- (gülür). Düzü, o mənim yadıma gəlmir. Amma ola bilər. İsaxan bəy dəyərli vəkil idi. Gücü çatdığı qədər müdafiə elədi Rafiqin hüquqlarını. O, əsl vəkillik nümunəsi göstərdi, sinəsini verdi irəli, qaragüruha qarşı. Rafiq necə əsl nasir idisə, o da əsl vəkil idi.

- 1 il oldu deyəsən həbsdə. Amma çox qəribədir ki, Rafiq bəy ordan çıxanda heç həbs xatirələri yazmadı...

- 1 il 1 ay həbsdə qaldı. 3 il vermişdilər. Həbsdəki həyatından bizə danışırdı. Məhkumları necə müalicə etməyindən, məzəli hadisələrdən və s. Hadisələri elə baməzə danışırdı ki... Siz daha yaxşı bilərsiniz, ədəbiyyat elə bir şeydir ki, təəssürat sənin içində qalır və haçansa üzə çıxır. Yazılması üçün bəzən illər keçməlidir üstündən. Rafiq yazacaqdı yəqin...




"Öldürüləcəyini hiss edirdi”


- İlqar bəy, Rafiq Tağının "Qatilimə didaktika dərsləri” hekayəsi var. Orda Rafiq bəy qatilin onu necə öldürə biləcəyi haqda yazır. Mənə maraqlıdır, sizə, yaxud kiməsə öldürülmək təhlükəsi olduğundan danışmışdı?

- Yox, deməmişdi. Onu özü də bilmirdi. Düzdü, təhlükəni hiss edirdi. Təhdidlər gəlirdi tez-tez. Həmin hekayə intuitiv yazılıb. İntusiyayla bilirmiş ki, onu öldürəcəklər.

- Əlisəmid Kür bıçaqlandığı yerdə ona demişdi bunu...

- Özü də hiss eləyirdi ki, bu baş verə bilər.

- Bıçaqlandığı günü necə xatırlayırsınız? Sizə xəbər verəndə hardaydınız?

- 19 noyabrda vurulmuşdu. Axşam saat 10 olardı. Çörək almağa mağazaya girmişdim. Dükandan çıxan kimi yoldaşı zəng elədi. Həyəcan içində dedi, Rafiqi vurublar. Qeyri-ixtiyari soruşdum ki, sağdı. "Hə” dedi. Maşına necə minmişəm, necə sürmüşəm, hələ də anlaya bilmirəm, sanki bir anda çatdım Rafiqgilə. Tək yadımda qalan Əzizbəyov heykəlinin yanından dönəndə az qala qəzaya uğrayacağım andır. Çox qəribədir ki, yol boyu "QAİ" də məni saxlamadı. Mən təcili yardımdan tez çatmışdım. Getdim gördüm, uzadıblar Rafiqi döşəməyə. Halsızdır...

- Uşaqlar görmədi deyəsən. Çünki Rafiq bəy istəmirmiş onlar görsün...

- Evdəydi uşaqlar. Görmüşdülər artıq. Başlarını itirmişdilər. Rafiq qan axa-axa evə gəlmişdi. Düşünüb ki, gecədir, qatar yolu, orda yıxılıb qalsa heç kim kömək etməz. Gecə vaxtı qatar yolunda uzanan birinə kim yaxınlaşar? Ona görə də qət eləyib ki, özünü evə çatdırsın.

- Hə... Təəssüf…

- Qəsdən vurdular Rafiqi, namərdcəsinə...


"Qatil haqda düşünürdüm… Şübhələndiklərim olub”


- Qatilin axtarışı hələ də davam edir?

- Yox, üç ildən sonra saxladılar. Ancaq istənilən vaxt o məsələyə təzədən baxıla bilər. Hər hansı bir ipucu olsa...

- Qatilin tapılmağı yəqin ki, sizi rahatladar...

- Bilirsiniz, əslində Rafiqin qatili cahil cəmiyyətdir. Vətənini sevməyən, naqis, İran xəfiyyəsinə işləyən cahillər öldürdü Rafiqi. Bir fərd çıxsın lap, desin ki, mən öldürmüşəm. Nə dəyişəcək ki? O aysberqin görünən tərəfidir. Amma mən qatilin tapılmağını istəyərdim. Sadəcə bilmək istəyərdim o kimdir.

- Maraqlıdır, ona nə deyərdiniz?

- Açığı, deyəcək bir sözüm olmayacaq. Sadəcə soruşacam ki, Rafiqi niyə öldürdün. Cavabı nə olar, bilim. Vəssalam. Qanunla cəzasını alsın sonra. O adi killerdir, para alıb, vəzifəsini yerinə yetirib. Bilsəm ki, kimsə Rafiqi şəxsi zəmində öldürüb, mən o adamdan şəxsi intiqamımızı alardım, şəksiz.

Bu yerdə Aqil Abbas söhbətimizə qoşulur: - Ən böyük ateist Mirzə Fətəli Axundovu, dini fanatizmi tənqid edən Mirzə Cəlili, Sabiri öldürmədilər. Özü də dinin ən yayğın vaxtında. Haqverdiyevi, Üzeyir Hacıbəyovu öldürmədilər. Ancaq 21-ci əsrdə hansısa açıq fikirlərinə görə Rafiq Tağını öldürdülər. Biz hara gedirik?

- Mən bayaq Ayxan bəyə dedim, Aqil müəllim. Rafiq Tağını şəxs yox, cəhalət öldürüb. Cəhalətlə də mübarizə aparmaq lazımdır. Dövlət səviyyəsində və davamlı.

Aqil Abbas: - Görün biz hardan-haraya gəlmişik. Cəhalət daha da artır. Buna qarşı da dövlət qurumları mübarizə aparmalıdır.

- Əslində eyni fikirləri dedik. Məsələ fərddə deyil, ümumi problemdədir. Mən həmişə Rafiqin qatili haqda düşünmüşəm. Şübhələndiklərim də olub. Amma nə edim? Gedim şübhələndiklərimi öldürüm? Əlimdə fakt, dəlil yoxdur.


"Anam onun öldüyünü bilmir, gizlədirik”


- İlqar bəy, Rafiq Tağı vəfat edəndə atası sağ idi?

- Yox, atamız çoxdan vəfat edib.

- Anası sağdır və hələ də bilmir ki, oğlu ölüb.

- Bildirmirik...

- Çox qəribədir. Üstündən bu qədər vaxt keçib. Hiss eləyərdi ən azından. Səsini eşitmək istəyərdi...

- Bəlkə düz eləmirik. Rafiqi çox sevir. Dayana bilməz bu xəbərə.

- Gedirsiz kəndə?

- Gedirik, bəli.

- Bəs anası Rafiq bəyi soruşmur?

- Soruşur, əlbəttə, soruşur.

- Necə yayınırsız söhbətdən?

- Anamızı aldadan amil bilirsiniz nədir? Rafiq 11 il Moskvada olub. Onda da texnologiya inkişaf etməmişdi. Ancaq məktublar vardı. Biz indi anamızın yanında "vatsap”, "görüntülü zəng” kimi funksiyalardan istifadə etmirik.

- Yəni belə deyək: zamanı dondurmusunuz. Və Rafiq Tağının anası hələ də oğlunun Moskvada olduğu illərdə yaşayırmış kimi yaşayır...

- Hə… Texnologiyadan xəbərsizdir. Kitabları çıxanda göstəririk. Deyirik, bax, Rafiqin təzə kitabı çıxıb. Bu cür aldadırıq. Bəlkə də içində şübhələnir, hiss edir, amma o da Rafiqin ölməsi ehtimalını belə dilinə gətirmək istəmir.

- Bu sirri sona qədər aparacaqsınız?

- Biz özümüz deməmişik. Deməyəcəyik də. Televizorda bir-iki dəfə xəbər veriləndə qəfil dəyişmişəm kanalı. Üst-üstə düşdü elə bil. Yaxşı ki pult məndə idi, verilişlərin birində "mərhum Rafiq Tağı” sözü getdi, mən tez dəyişdim kanalı, anam eşitmədi.

- İndi də hər an televiziya da deyilə bilər. Bunun necə qarşısını alacaqsınız?

- Televiziyada da hər kanalda deyilmir. Məsələn, AzTv-də heç vaxt deyilməz. Özəl kanalların da bəziləri verə bilər, o da çox nadir halda. Bunu gözləyirik. Diqqət edirik. Bir dəfə yazı yazmışdım. Yazmışdım, "anam darıxır oğluyçün, həm də çox. Deyir pensiya pullarımı toplamışam, hətta iki dənə qurban kəsəcəm, oğlum qayıtsın. Anam arzulayır gələn dəfə bura Rafiqlə gəlim və dediyi qurbanları kəsdirsin onun ayaqları altda. Söz vermirəm, amma "darıxma, gələcək!" deyib ayrılıram."

- Kədərlidir…

- Bu bizim taleyimizdir. Ailəmizin faciəsidir. Biz istəyirik ki, Rafiq onun xəyalında yaşasın, sağ kimi qəbul edilsin. Günah eləyiriksə də, qoy günah olsun. Amma, qoy Rafiq yaşasın!


Söhbətləşdi: Ayxan Ayvaz