adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Noyabr 2018 18:54
13283
ƏDƏBİYYAT
A- A+

SƏN YER ADAMI DEYİLSƏN

Rafiq Oday,
şair-publisist,
respublikanın
Əməkdar
jurnalisti

KEŞİK ÇƏKİR

Qucaq açdi gülə sinəm,
Bəlkə bir az gülə sinəm.
Gözlərimin giləsinə
Bir damla yaş keşik çəkir.

Həyadan yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı ki, deyil tərsinə, -
Ayağa baş keşik çəkir.

Üzdü xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd kəsdirib yanımı,
Əlində daş keşik çəkir.

Alsa ruhunu dərd ələ,
Budur ən böyük dərd elə,
Olub bir sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.

Ahım haradan haraya...
Yetiş, Yaradan, haraya,
Ölümü qoyub araya,
Göz ilə qaş keşik çəkir.

AĞRIYIR

Dərd əkib, qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Kasıb yoxdan, harınsa
Bol yerindən ağrıyır.

Gözlərim oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? -
Sol yerindən ağrıyır.

İçimə damcılayır
Çölümün qançırları.
Kürəyim qamçıların
Zol yerindən ağrıyır.

Yerə girən boy sızlar,
Kök inləyər, soy sızlar.
Bədəsillər, soysuzlar
Döl yerindən ağrıyır.

Dünya məhbəs, qəfəs dar,
Ya al, ya ver - nəfəs dar.
Cəmi yaranmış ki var -
"Ol" yerindən ağrıyır.

XƏBƏRİN OLSUN

Sənə məktub yazmışam,
Dedim xəbərin olsun.
Yol üstəyəm, tez oxu,
Gedim, xəbərin olsun.

Demirəm ki, yaxın gəl,
Olum varın, yoxun, gəl...
Qoy elə uzaqdan əl
Edim, xəbərin olsun.

Göz yaşını sər qurut,
Bəbəyində tər qurut.
Su saxlamır hər qurunt,
Yetim, xəbərin olsun.

Gecəyə ay sərmişdin,
Səhərə gün dərmişdin,
Biraz qəm göndərmişdin,
Yedim, xəbərin olsun.

Tədirginsən, bəlli, sən,
Hər halından bəllisən,
Deyirmişsən dəlisən, -
İdim, xəbərin olsun!


SƏN YER ADAMI DEYİLSƏN

Özün şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat səni düşürməsin,
Heç zaman gözündən, gözəl.

Bu necə bir gözəllikdi? -
Eşqə sığışdırmaq olmur.
Üzündən süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.

Baxırsan həyat dolusu,
Qadınsan - adın üstündə.
Yıxılır evi baxanın,
Kül olur odun üstündə.

Yığış, tez get buralardan,
Sən yer adamı deyilsən!
Gəlişinlə yer üzünü
Tutsun qadamı deyirsən?!

Gör necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni görən zindan sanır,
Düzü, dünyanı özünə.

Apar, Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.


ÖMRÜ

Əyilmədi şaha könlüm,
Ucuz könlüm, baha könlüm,
Talan oldu bahar könlüm,
Gərdiş çəkir qışa ömrü.

Daha bənddir bir hovura,
Kim ələyə, kim sovura,
Heç gördünmü kimsə vura,
Dərd-ələmsiz başa ömrü?!

Oyunsa da gər ki, dünya,
Qəbul etmir ərki dünya.
Qoy mən olum tərki-dünya,
Sən eyş ilə yaşa ömrü.

Qürubdan, dandan keçirib,
Qadadan, qandan keçirib,
Fələk kotandan keçirib,
İndi çəkir xışa ömrü.

AY AĞA QURBAN

Dedin, adın kimi ağayanasan,
Çağırdın, ay ağa, ay ağa qurban.
Mən də başım üstə qurdum taxtını,
Düşmə gəl ayağa, ay ağa qurban.

Düşsən, yem olarsan qurda-quşa sən,
Saçımdan bir yuva qur da quşa sən.
Sığınma yalavac qurd ağuşa sən,
Tez bükər ay ağa, ay ağa qurban.

Əllərin yalmana sinə sinəmdə,
Nə olar uyusaq sinə sinəmdə,
Hicrindən aşiqin sinəsi nəmdə,
Buludtək ay yağa, ay ağa qurban.

Sənin şikarınam, ovunam, gözəl,
Umac istəyirdin, ov, unam, gözəl,
Çıxmasam, çətin ki, ovunam gözəl,
Qaradan ay ağa, ay ağa qurban.

Səninlə bu eşqi illər boyatmaz,
Sənsiz qısır qalar sevgim, boy atmaz,
Bu zülmət könlümü nura boyatmaz,
Göydən lap Ay yağa, ay ağa qurban.

Sənin aşiqindi o da, sına bax,
Qoyma ki, sevgidən o da sına, bax...
Od düşüb Odayın odasına, bax
Əriyən a yağa, ay ağa qurban.

GƏLMƏ, SƏN ALLAH

Bu yuxunun yozumu yox,
Yuxuma gəlmə, sən allah.
Gəlişinin lüzumu yox,
Yaxına gəlmə, sən allah.

Olsun, əli yalın çıxın,
Təki açıq alın çıxın,
Tuş olub bir yalıncığın,
Oxuna gəlmə, sən allah.
Yay günü boran, qış olub,
Yuvası viran quş olub,
Gəlirsən, tək gəl, qoşulub
Axına gəlmə, sən allah.

VAXTIDI

Bir az ağır olun, nolar,
Batman gəlməyin vaxtıdı.
Savalandan yola çıxıb,
Atnan gəlməyin vaxtıdı.

Görüb oxu - kürəkdəki,
Kimdi əsən külək təki?!
Yaşanarmı ürəkdəki
Çatnan, gəlməyin vaxtıdı.

Dərd sinədə sırıq-sırıq,
Sirr verdiyin ağzıcırıq,
Düşmən neylər ki, bu qırıq
Zatnan, gəlməyin vaxtıdı.

Dözməklə kar aşandımı?
Ruhsuz bir gün yaşandımı?!
Barışmaq yaraşandımı
Matnan?- Gəlməyin vaxtıdı!

TAPDIM SƏNİ

Gələn yazın həlim-həlim,
Nəfəsində tapdım səni.
Yarpaq-yarpaq, çiçək-çiçək,
Həvəsində tapdım səni.

Adaq-adaq nalçasında,
Budaq-budaq alçasında,
Naxış-naxış xalçasında,
Gəbəsində tapdım səni.

Yerdən, göydən qor umduğu,
Qızmar yayda qar umduğu,
Gəncliyimin qorunduğu,
Həbəsində tapdım səni.

Mələklərin qanadında,
Ruhlar yanar eşq odunda.
Bu dünyanın eşq adında
Kəbəsində tapdım səni.

GÖZLƏYİR
Dimdiyində dən daşıyır sərçələr,
Sərçəciklər ağzıaçıq gözləyir.
Bu dünyanın o ucunda ölüm var, -
Sən özündən burda ha çıx, gözləyir.
Azad etdin, üz bozartdı qulun da,
Öz əməlin kündə oldu qolunda.
Səhl Sumbat tor qurubdu yolunda,
Gözdə nifrət, qəlbdə acıq gözləyir.
Şeytansifət insan görsən, uzaq dur,
Beləsindən şərəf, mənlik uzaqdır.
Səbr eləsən - Haqq yanında üz ağdır,
Səbirsizlər "bir azacıq" gözləyir.

BİLMƏM

Qalmışam od ilə su arasında,
Suyamı ağlayım, odamı, bilməm?
Məni özgə səmtə çəkir ürəyim,
Özümü bu yerin adamı bilməm.

Dövran verdiyini yenə tərs verir,
Ağılsız gədələr bizə dərs verir.
Ruhum qonan yerin yoxdu təsviri, -
Hücrəmi, xanəmi, odamı, bilməm?!

Fələk böyrümdədi əlində qayçı,
Ruhum didik-didik, bədənim qançır.
Xeyrini güdənlər "xeyir"dən qaçır,
Dostamı güvənim, yadamı, bilməm?!

Sevgidən gör neçə, aman, yetim var,
Bu qəlbdən o qəlbə əmanətim var.
Mən onu sevirəm, zəmanətim var,
İman məsələsi, o damı - bilməm?!

OLMADI

Arxasınca quru yuyub, yaş sərənləri,
Gördük üzdə ayağına baş sərənləri,
Bir gün sola, bir gün sağa - çaş "ərən"lərin,
Üzlərindən tüpürcəyi kəsir olmadı.

Məzlumlara ağlamaqçün yaş da saxladım,
Zalımları daşlamaqçün daş da saxladım,
Nəyim varsa, yuxarıda - başda saxladım,
Ağlım heç vaxt gödənimə əsir olmadı.

İkimizin atdığı da eyni zərdisə,
Hanı - hərə əkdiyini özü dərdisə?!
Əgər təsir əks təsirə bərabərdisə,
Niyə zülmü edənlərə təsir olmadı?!

Ömür bizi zaman-zaman sınağa çəkdi,
Səbirsizlər bu sınağı qınağa çəkdi,
Həyat qan-qan deyənləri çanağa çəkdi,
Od üstünə su çiləyən, nə sirr? - Olmadı.

Məcnun kimi səhralara düşdüm bu üzdən,
İnnən belə kim qurtarar məni bu düzdən,
Gecə-gündüz söz toxudum, amma bu sözdən
Məmməd oldu, Nəsir oldu, həsir olmadı.

Başımıza ələnənlər yad daşısa da,
Bu ələklər əsrlərin yaddaşısa da,
Düz əlli il kipriyində od daşısa da,
Rafiq Oday odasından qəsr olmadı.
ÖZÜN DEMƏDİNMİ...

Sən mənim dünyada ən şirin yuxum,
Sən mənim ən gözəl dərdimsən, gözəl.
Bir özgə dərd varsa, mən orda yoxam, -
Gecəli, gündüzlü dərdim - sən, gözəl.

Göynətdi sinəmi bu "Göyçəgülü",
Oxşadım bu yercə, bu göycə gülü.
Harda görmüşəm mən bu göyçək gülü? -
Əl atıb çəməndən dərdim - sən, gözəl.

Özgə aləmi var bu bar dərməyin,
Sevənlər, sevgidən qubar dərməyin!
Qisməti bu günmüş nübar dərməyin, -
Özün demədinmi, "dər, dinsəmg", gözəl!

AZDI

Dərə də dünyanın, düz də dünyanın,
Əyri də dünyanın, düz də dünyanın,
Düzləri qalıbdı düzdə dünyanın, -
Onunçün düz olmaq istəyən azdı...

Gədənin bəy olmaq qisməti artıb,
Dosta atmaq kimi hiss, qəti artıb,
Yaraya səpilmək xisləti artıb,
Süfrədə duz olmaq istəyən azdı.

Həyatdı, hamını, "döz" güləşdirir,
Əlində maşası köz güləşdirir,
Çoxları sadəcə söz güləşdirir,
Şeirdə söz olmaq istəyən azdı.

GÖZƏL, NƏ GÖZƏL...

Çarıq geyib, düşdüm yola, gedirəm,
Heç baxmadan sağa, sola, gedirəm,
Qırx budaqlı ağac* ola, - gedirəm,
Altının kölgəsi gözəl, nə gözəl!

Ozanlar axışıb gələ dalımca,
Nadanlar baxışıb gülə dalımca,
Xaqanlar yığışıb gələ dalımca, -
Metesi, Bilgəsi gözəl, nə gözəl!

Sel çəkilə, lax durula qəlblərdə,
Haqq əliylə baxt qurula qəlblərdə.
Eşq adında taxt qurula qəlblərdə,
Əhd-peyman bəlgəsi gözəl, nə gözəl!

Köksümün altında alışan köz var,
Hələ yol gözləyən gör neçə söz var,
Eşqimi bir qıza eylədim izhar,
Zalımın "bəlkə"si gözəl, nə gözəl!

Saflıq, paklıq dində ola - öyünək,
Tabaqlarda kündə ola - öyünək,
Yalan, riya gendə ola - öyünək, -
Deyələr ölkəsi gözəl, nə gözəl.

* 40 dil, ləhcə və ya şivədən ibarət Türk dilləri ailəsi nəzərdə tutulur.