adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Noyabr 2018 18:20
10285
GÜNDƏM
A- A+

SARIBAŞA SƏYAHƏT

Çingiz Nağıyev

(əvvəli ötən sayımızda)

Birinci sırada soldan: Vaqif Aslan, prof.Rafiq Rasulov, Çingiz Ənvəroğlu. İkinci sırada soldan Ramiz Məmmədov, İlham Tacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Vüsal Baxışov. Sarıbaşlı Siracəddin Əhmədov.
Bu suala prefessor Rafiq Rəsulov məntiqli cavab verdi. O, dedi:
- Mən hər dəfə televiziya kanallarında xəbərlərə baxanda tez-tez eşidirəm ki, prezidentimiz İlham Əliyev cənablarının sərəmcamı ilə hansısa rayona yol tikintisi üçün milyonlarla vəsait ayrılır. Bu çox mühüm hadisədir. Bütün işlərin gedişi, regionların iqtisadi inkişafı, istehsalın və istehlakın genişləndirilməsi yollardan başlayır. Əgər rayon mərkəzindən kəndlərə gedən yollar və kəndlərin özündə daxili yollar normal vəziyyətdə deyilsə, orada insanlar necə hərəkət etsin və necə yaşasın? Mən Qubanın Xınalıq kəndində əvvəllər də olmuşdum, lap bu yaxınlarda da olmuşam. Xınalıq kəndində də 15-20 il qabaq Sarıbaşdakı kimi vəziyyət yaranmışdı. Həyat orada da tənəzzülə gedirdi. Prezidentin sərəncamı ilə bir neçə il qabaq Xınalığa müasir tələblərə cavab verən yol çəkildi. İndi Xınalıqda əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib, turizm inkişaf edir, ilin bütün fəsillərində ora yüzlərlə insanlar gedir, hətta yeni evlər tikilər, indi Xınalıqda sürətli inkişaf var. Bu,regionların inkişafına çox doğru yanaşmadır. Birinci yollar çəkilib normal hərəkət üçün imkanlar yaradılmalıdır. Budan sonra insanlar hər işi özləri tədricən qaydaya qoyacaqlar. Baxın, bizim bu günkü səfərimizdə qarşılaşdığımız yeganə çətinlik yolla bağlı oldu. Şəkidən Qax şəhərinə və İlisuya, Tovla talaya qədər yeni asfalt yolla rahat, həm də qısa müddətdə gəldik. Amma Tovla taladan Sarıbaşa qədər 6-7 kilometr yolu çox çətinliklə gəldik. Yolun bərbad vəziyyəti, çayların üstündə körpülərin olmaması bu kəndin sakinlərini evlərindən didərgin salıb.
Söhbətdə iştirak edən yerli adamlar da professor Rafiq Rəsulovun dediklərini təsdiqlədilər. Sonra biz nahamar kənd yolları ilə üzü yuxarı getdik. Qarşılaşdığımız evlərin demək olar hamısının qapısı, darvazası qıfıllı idi. O qədər də hündür olmayan divarlardan bəzi həyətlər aydın görünürdü.
Həyətlərin hamısında ağacların üstüdə meyvələri qalmışdı. Arıtlanmayan gül kolları uzanıb qalxmış, uclarındakı güllər solub, qurumuşdu. Vaqif Aslan dayanıb ətrafı diqqətlə nəzərdən keçirdi. Həyətlərdə görünən üstü bol məhsullu ağacları, solmuş gülləri göstərib dedi:
- Meyvəsi yığılmayan ağac, dərilməyən gül, sevilməyən qadın dünyanın ən bədbəxtidir! Çox təəssüf edirəm ki, belə xoşagəlməz hallarla burada tez- tez qarşılaşırıq.
Biz bir müddət heç nə danışmadıq. Hamımız bu təsirli vəziyyəti görməmək üçün başımızı aşağı salıb ağır addımlarla dağa doğru getməyə davam etdik. Bir qədər də getdib dağlara qalxan cığıra çatdıq. Yenə Sarıbaş haqqında Vaqif Aslanın maraqlı söhbətı bizi kədərli düşüncələrdən ayırdı. Bir qədər də dağa qalxdıq, qarşımıza çıxan alça, əzgil, zoğal,xırda dağ almasından həvəslə yığıb yeməyə başladıq. Hamı yığdığı meyvələrdən yoldaşlara paylayırdı. Bu meyvələr həm dadlı, həm də xüsusi ətirli idi. Bir xeyli gedib qayalıqdakı qaynama bulağa çatdıq. Hündür qayaların üstündəki yaşıl yamaclarda tək- tək görünən iri gövdəli, qollu- budaqlı ağaclar adamı valeh edirdi. Hamı yığdığı meyvələrdən yeyir, gördüyü gözəl mənzərələri bir-birinə göstərirdi. Sarıbaşın ecaskar təbiətinə baxdıqca vəcdə gələn Vüsal müəllim birdən şeir deməyə başladı:

Qayalarda maralların izi donub.
Bulaqlarda gözəllərin təbəssümü, sözü donub.
Gülüşlərin hərarəti. Mən heç belə
Görməmişdim təbiəti.

Zirvələrim düm ağ idi, bəyaz olub.
Gündüzlərim ilıqnəfəs, gecələrim ayaz olub.
Dərələri yuxu çəkib dərinliyə,
Çətindir ki, bu sükutdan yanan ürək sərinləyə.
Elə bil ki, yoxa çıxıb Günəşin də hərarəti.
Mən heç belə görməmişdim təbiəti.

Vüsal müəllim nəfəsini dərib dedi:
-Bu şeir bura qədər Vaqif Aslanındır, əgər hörmətli şair icazə versə mən həmin şeirə bir söz əlavə edərdim. Mən heç belə görməmişdim Sarıbaşı.
Yoldaşların hamısı Vüsal müəllimi alqışladı. Vaqif Aslan ona təşəkkür etdi və dedi:
-Dostlar gəlin bir az kədərli notlardan uzaq olaq. Onsuzda Sarıbaşın öz dərdi başından aşır. Mən sizə əziz dostum, gözəl təbiət şairi Musa Yaqubdan bir şeir deyim. Baxın bu uca dağlara, dağların qoynundan axan qaynama bulaqlara, yaşıl çəmənlərə, barlı-bəhrəli ormanlara. Belə yerdə şair vəcdə gəlib deyir ki,

Burda hər meşənin min cür ağacı,
Burda hər ağacın yamyaşıl tacı.
Burda hər tac üstə sarmaşıq saçı,
Hər saçın küləkdən darağı vardır.

Burda hər bulağın şeyda bülbülü,
Burda hər bülbülün qönçə bir gülü,
Burda hər qönçənin yaşıl bir tülü,
Hər tülün xırdaca saçagı vardır.

Burda hər yamacın çiçəkli daşı,
Burda çiçəklərin şehdir göz yaşı;
Burda şeh damlası bir üzük qaşı,
Hər qaşın qzılı qurşağı vardır.

Burda sərər düzə lalələr xalı,
Burda hər xalının qara bir xalı...
Hər xalda şirin bir şair xəyalı,
Burda hər xəyalın oylağı vardır.

Burda qayaların daşdır suvağı,
Burda hər daş üstə qartal caynağı,
Caynaqlı hər daşın bir buz bulağı,
Burda hər bulağın qonağı vardır.
Harda bu saydığım gözəllik olsa,
Orda Azərbaycan torpağı vardır.

Hamımız şairi də, onun dediyi şeiri də, Musa Yaqubu da alqışladıq və bir qədər kefimiz açıldı. Elə bu vaxt xəbər gəldi ki, süfrə açılıb bizi evə dəvət edirlər. Biz şarin şirin söhbətinin müşayəti ilə ehtiyatlı addımlarla evə doğru getdik. Evə çatmağa bir az qalmış əllərimizi yumaq üçün bulaq başına endik. Burda iki qadın süzgəcdə qırmızı rəngli nəyi isə bulaq suyunda qarışdıra- qarışdıra yuyurdu. Biz onlara salam verib əlimizi yumaq üçün bulağa yaxınlaşmağa icazə istədik. Onlar nəzakətlə salamımızı alıb əllərindəki süzgəcləri götürüb kənarda yenə qarışdırmağa başladılar. Mən maraqla onlara yaxınlaşıb soruşdum:
-Ay xanım, bu nədir belə, siz nə hazırlayırsınız?
Onlar əllərində saxladıqları süzgəcdəkinin itburnu olduğunu dedilər və bizə izah etdilər ki, itburnu yığılır, hər iki başı kəsilir və ortadan uzununa bölünüb içərisindəki toxumları çıxarılır. Qalanlarını da tam təmizləmək üçün süzgəkdə suyun altında ovuşdurub yuyurlar. Tam təmiz olandan sonra bundan mürəbbə bişiririk. İtburnunun mürəbbəsi təzyiqi yüksək olan insanlar üçün çox faydalıdır. Biz əllərimizi yuyub, onlara təşəkkür edib, Siracəddinin evinə tərəf getdik. Bizi təzə tikilmiş bir evin eyvanına apardılar. Burdan qarşımızda gözəl bir mənzərə görünürdü. Son bahar günəşinin şəfəqləri adamı üşüməyə qoymurdu. Eyvanda 14-15 nəfərlik məclis hazırlanmışdı. Dədə- baba qaydası ilə süfrəyə birinci çay gəldi. Stolun üstündə neçə növ mürəbbələr var idi. Siracəddin açıq- qırmızı rəngli mürəbbəni göstərib dedi:
-Baxın, bu bayaq sizin bulaq başında qadınlar hazırlayanda gördüyünüz itburnu mürəbbəsindəndir.
Biz hamımız indiyə kimi görmədiyimiz bu mürəbbə ilə çayımızı içdik. Bu çox dadlı və faydalıdır. Çaydan sonra süfrəyə yemək gəldi. Bu yemək nə olsa yaxşıdır? Təbii ki, Qaxlıların qonaqlara ən çox təklif etdikləri və qonaqların da çox istədiyi qaxaclı sürfüllü. Hamı bisimillah edib sürfüllüdən yeməyə başladı. Arasına dağ çiçəkləri qatılan Sarıbaşın pendiri və xüsusi ətri, dadı olan balı da ləzzətli idi.
Məclisi idarə etmək həmişə olduğu kimi şair Vaqif Aslana həvalə edildi. Hər dəfə bizim məclislərimiz yemək-içməkdən çox maraqlı söhbətlərlə yaddaşlarda yaşayır. Mən düşündüm ki, məclisimizdə aparılan söhbətlərin hamısını yazsam bu iri bir roman həcmində olacaq. Ona görə də bu səfərimizdə yazımın həcmini qısaltmağı, daha çox əsas hissələri qeyd etməyi qərara aldım və yeməyə başım qarışdığına görə həmin söhbətlərin hamısını yazammadım.
Şair adəti üzrə məclis iştirakçıları haqqında bir- bir söz deyir, onu tanımayanlara təqdim edir və həmin şəxsin özünə söz verirdi. Növbə ev sahibi Sıracəddin Əhmədova çatanda şair hamımızın adından ona xüsusi təşəkkür etdi, qonaqlara göstərdiyi qayğıya, diqqətə, qonaqpərvərliyə görə ona dərin minnətdarlıgını bildirdi və sözü Siracəddinə verdi. O, təşəkkürlərə cavab olaraq dedi:
-Buradakı hər bir qonaq xüsusi hörmətə layiqdir və Azərbaycanlı kimi qapımızı açan hər qonağın qulluğunda durmaq bizim borcumuzdur, hər bir Sarıbaşlı üçün şərəfdir.
Sonra üzünü Vaqif Aslana tutub əlavə etdi ki, bir neçə gün qabaq Bakıda qohumlardan birinin toy məclisinə dəvət edilmişdim və gedib həmin toyda iştirak etdim. Şadlıq sarayında dəvət olunan qonaqların yarıdan çoxu Sarıbaşlı idi. Toy sahibi qonaqlara xoş gəldiniz deyib onları salamladı və məclisdə sizin Sarıbaşa həsr etdiyiniz şeir oxundu. Orada qeyd etdilər ki, Sarıbaşlıların elə bri məclisi olmaz ki, həmin şeir səsləndirilməsin və buna görə də bütün Sarıbaşlılar sizi kəndimizin fəxri vətəndaşı adlandırırlar. Mənim şeir həvəskarı oldugumu bilənlər xahiş etdilər, həmin şeri təkrar deyim. Mən şeiri deyəndə yaşlı həmkəndlilərimin çoxu qəhərləndi, bəziləri göz yaşlarını saxlaya bilmədi. Dedilər hamımız yolsuzluqdan vətənin içində vətən həsrəti ilə yaşayırıq. Gəlib gedə bilmirik.
Biz də Siracəddindən xahiş etdik həmin şeiri bizə də desin. O, xüsusi intonasiya ilə Vaqif Aslanın "Salam, mənim Sarıbaşım!" şeirini dedi:

Salam, mənim Sarıbasım!
Sənsən mənim təvəllüdüm,
Sənsən ömrüm, günüm, yaşım!
Sağım salam! Solum salam!
Kol-kos basmış yolum, salam!
Salam yurdum! Salam elim!

Tanımadın öz balanı, Sarvagelim?
Parasardan aşa- aşa,
Kürmük kimi daşa-daşa
Alagözdə at oynadan, axı, məndim!
Bəyəm məni tanımadın,Eskikəndim?
Salam mənim Səngərqalam!
Salam mənim Qabırtalam!
Salam üstü mamır tutan qəbir daşım!
Salam, mənim Sarıbaşım!

Zirvəsinə çıxılmayan dağım, salam!
Bar-bəhəri yığılmayan bağım, salam!
İçilməyən bulaqlarım, içim səndən!
Keçilməyən irmaqlarım, keçim səndən!
Durul daha, Buladığım,
Ay başına doladığım!
Qurban olsun sənə başım,
Sarıbaşım!

Ey por tutan qapım-bacam!
Gəlmişəm ki, səni açam!
Olanları ürəyinə salma bir də!
Toy həsrət, yasa həsrət qalma bir də!
Qoy çalınsın "Sarıbaşı"m- "Ləqihəngim"!
Qabaqdadır hələ cəngim!
Gəlmişəm ki, üşüməsin ocaq daşım!
Sarıbaşım! Sarıbaşım!

Hamı əziz qardaşımız Siracəddini alqışladı.

(ardı gələn sayımızda)