adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Noyabr 2018 18:10
8286
GÜNDƏM
A- A+

AZƏRBAYCAN DİLİNİN SAHİBİ VAR

Görkəmli yazıçımız, Millət vəkili, hörmətli Aqil Abbasa giley-güzar məktubu

Ramiz MƏMMƏDZADƏ

İstəklimiz Aqil müəllim!
Belə qənaətə gəldim ki, əlahəzrət Azərbaycan dilimizin qorunması, işlədilməsi və s. ilə əlaqədar məni narahat edən bir sıra məqamları sizinlə bölüşüm, bir az da siz narahat olasınız.
Əvvəla, bu problemlər barədə faktlara əsaslanan bir yazı hazırlayıb bu işin əvvəlində mətbuatda çap etdirmişəm. Heç bir reaksiya verən olmadı. Bir-iki dilçi alimimizlə təçsadüfən rastlaşanda düz yazmısan deyənlər oldu...
Böyük rəhbərimiz, milli qürurumuz Heydər Əliyevin dilimiz haqqında çox qiymətli fikirləri var və milli mənsubiyyətlə (dillə) bağlı onun dahiyanə söylədiyi bu uca sözləri bilməyən yoxdur: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!".
Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan dilinin qorunması, daha da zənginləşməsi, intişar tapması istiqamətində imzaladığı fərman və sərəncamların milli-tarixi əhəmiyyətindən danışmaq ayrı bir mövzudur, məsuliyyətli bir işdir.
Dövlət Dil Komissiyasına hörmətli Prezidentimizin şəxsən özünün rəhbərlik etməsi nə qədər təqdirəlayiqdir, fərəhlidir...
Prezidentimizin ana dilimizdə (xarici dillərdə də) sözlərə qənaətlə, təmiz, aydın, elmi-məntiqi, cəlbedici, heç bir qeydə-filana baxmadan zəngin bir yaddaşla ardıcıl nitqi necə deyərlər, göz qabağındadır, danılmaz faktdır, dilimizə hörmət və məhəbbətin ali nümunəsi deyilmi?!
Cənab Prezidentimiz Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşməsi ilə əlaqədar Fərman imzalamışdır. Fərmanda dil normalarının kobud şəkildə pozulması, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları qeyd edilmişdir.
Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Azərbaycan dövlət dilinin istifadəsinə nəzarət edən Monitorinq Mərkəzi yaradılmış, konkret tapşırıqlar verilmişdir. Bu gün Azərbaycan dili dünyanın ən yüksək beynəlxalq tribunalarından eşidilir, siyasi, mədəni, elmi-texniki, hərbi-iqtisadi, ədəbi məclislərdə işlədilir, tanınır və qəbul edilir. Bu, belədir. Türk dilləri ailəsi sırasında özünün sadəliyi, təmizliyi, məntiqi, məna çalarları, bir az da obrazlı desək, ahəngi, musiqi cilvəsi, ən mürəkkəb fikirlərin belə ifadə edilməsi bacarığı, qabiliyyətilə və digər üstünlükləri ilə seçilir.
Hörmətli Aqil müəllim!
Bununla belə, sözlərimizin yerində, düzgün işldədilməməsi, danışıq dilində, yazıda baş alıb gedən saymazlıq, məntiqsizlik, biganəlik, "əşi, kefim belə istəyir, belə də yazıram" psixologiyası, qənaəti sual doğurur, adamları çaşbaş salır.
Mən sizin adınıza ünvanladığım bu yazıda müşahidəmə əsaslanaraq dilimizin işlədilməsi ilə bağlı qüsur hesab etdiyim (bəlkə düz demirəm, hardasa səhvim var) bəzi misallar gətirmək niyyətindəyəm.
İdarələrdə, məktəblərdə, istehsalat sahələrində, parklarda, küçələrdə, nəqliyyat vasitələrində və s. yerlərdə "qadağandır", "qəti qadağandır" yazılmış sözlərə tez-tez rast gəlirik.
Əvvəla, məlum məsələdir ki, qadağa şesab olunan hərəkətlər (hallar) cəza tələb edir. Çünki qadağalar qanuni aktlara, sənədlərə əsaslanmalıdır.
"Azərbaycan dilinin izahlı lüğəti"ndə "qadağandır" belə izah olunur: "qadağandır - qanuni icazə verilmir, yasaqdır".
Təzə marşrut avtobuslarının 1-ci giriş qapısının yuxarısında (içəri tərəfdən) yazılıb: "çıxış qadağandır". Maşının salonuna daxil olursan, içəridəki radio qurğusu başlayır qadağalara: "Sürücüyə sual vermək qadağandır", "yerə zibil atmaq qadağandır", o qadağandır, bu qadağandır və bu qadağandır sözü şübhəsi ki, binəva sərnişinləri qıcıqlandırır. Maşından düşən adamların qulaqlarında "qadağandır" sözü asılıb qalır: "salam vermək qadağandır", "əl uzadıb görüşmək qadağandır" və s. və i.a.
Bəzi yerlərdə bu qadağalar əmr formasında, hökm şəklində şiddətləndirilir: "qəti qadağandır"...
Hətta universitetlərimizin birində qapı üstündə belə bir yazıya rast gəldim: "Tələbələrin girişi qəti qadağandır"
Çoxmərtəbəli binalardakı liftin qapısı üstəki xəbərdarlığı oxuyuruq: "3 nəfərdən artıq minmək (?) qadağandır".
Məncə, bu qıcıqlanqdırıcı cümlələrin əvəzinə sadə və adamların ovqatını korlamayan sözləri işlətmək olardı:
Avtobuslarda "çıxış yoxdur", liftlərdə "lift ... nəfərlikdir" yazmaq olmazmı?
Şəxsən mən Bakı şəhər Nəqliyyat Agentliyinə dəfələrlə zəng edib iradımı bildirmişəm. Tanınmış DYP idarəsinin polkovniki hörmətli Vaqif Əsədovla fikir mübadiləsi aparmışıq.
Nə mənə qulaq asan var, nə də Vaqif müəllimə, necə deyərlər, dəyirman öz işindədir, çax-çax baş ağrıdır.
Hörmətli Aqil müəllim!
Bir-iki misal da çəkib, bu yazıya nöqtə qoyasıyam, deyəsən yordum Sizi... Televizorda məktəbdən veriliş göstərilir. Məktəbin giriş qapısının üstə yazılıb: "225 nömrədli tam orta məktəb". Teleaparıcı deyir: "225 saylı orta məktəb". Niyə?
Başqa bir kanalda aparıcı buyurur: "filan saylı telefona zəng edin". Niyə?
Axı bu "nömirə" sözünə qadağanı kim qoyub, görəsən.
Bildiyimə görə, rəsmi dövləti sənədlərində "saylı" deyil, "nömrəli" sözü işlədilir.
Dilimizdə geniş işlədilən "ittifaq" sözü var. İzahlı lüğətdə "ittifaq" sözü belə izah olunur: "ayrı-ayrı şəxslərin, qrupların, cəmiyyətlərin, siniflərin sıx birləşməsi, həmrəyliyi" və s.
Bizlərdə isə bəzən "Avropa İttifaqı" əvəzinə "Avropa Birliyi" deyilir, yazılır. Niyə? İzahlı lüğətdə "birlik" və "ittifaq" sözlərinin fərqini görmək çətin deyil. "İttifaq" sözündə daha çox ictimai-siyasi çalarlar var, Bir az həssas və diqqətli olmaq gərəkdir.
"Birlik" sözü sənaye və kənd təsərrüfatı sahəsində geniş işlədilir və heç kəsi təəccübləndirmir.
Hörmətli dostum!
Rica edirəm ki, məni xırdaçı hesab etməyin. Deməyin ki, bu kişinin iş-gücü qurtarıb gör nələrə fikir verir...
Axı dil heç kəsin şəxsi mülkiyyəti deyil, bizim hamımızındır, analarımızın dərd-sərini, sevincini, kədərini çeşmə kimi təmiz olan düşüncələrinin ifadə formasıdır, səsləndirilməsidir. Dilə nəzakətlə, istəklə, doğma bir məhəbbətlə, həssas bir duyğuyla yanaşmaq lazımdır.
Dil kiminsə mebeli, evindəki qab-qacağı deyil ki, istədiyi kimi düzsün, yerləşdirsin.
Azərbaycan dili yiyəsiz deyil. Azərbaycan dilinin sahibi var. Bu şəffaf dilin sahibi Azərbaycan dövlətidir, onun şöhrətli və qüdrətli Prezidenti cənab İlahm Əliyevdir.
Dillə zarafat etmək olmaz, günahdır, onu əzizləmək, oxşamaq, sevmək gərəkdir.
Ağzına (lap elə ağlına da) gələn ifadələri işlədib camaatı əsəbiləşdirməyə, çaşbaş salmağa heç kəsin haqqı yoxdur, heç kəsin ixtiyarı yoxdur ki, ana dilimizin ab-havasını, çəmən ətrini, bənövşə qoxusunu zədələsin, korlasnı.
Kürdəmirə gedən yolda yeməkxananın qapısına iraq olsun, böyük hərflərlə "Bığ" sözü yazıb vurmaq nə qədər düzdür, etikdir, məntiqidir?...
Ayıb deyilmi, başqa söz, ifadə tapılmırmı...
Əgər siz başqa bir yerdə "Burun", "Qulaq" və s. sözlər yazılmış yeməkxanalar görsəniz qəti təəccüblənməyin, kefləri belə istəyir...
Hələ deyirilər ki, "Bığ" adında kişi salonları da mövcuddur...
Bakıda, "28 May" metro stansiyasının ətraf küçələrində, "Azadlıq" prospekti istiqamətində çərəz satılan xırda dükanların qapısı üstə yazılmış "quru meyvələr" sözləri təəccüb doğurur. Çünki dilimizdə "quru meyvə" ("yaş meyvə"?) söz birləşməsi yoxdur.
Əgər mən rəhmətlik Sayad nənəmə desəydim ki, ay nənə, mənə çay içməyə "quru tut" ver, şübhəsiz ki, deyərdi ki, a bala, başına at təpib, nədi, bəlkə tut qurusu istəyirsən.
"Quru meyvə" əvəzinə , "meyvə qurusu" yazılmalıdır, deyilməlidir...
Şəhərin Hüseyn Cavid prospektində, keçmiş "şüşəli bazar" adlanan ərazidə tikilmiş yaraqşıqlı, bol çeşidli "Araz" ticarət şəbəkəsinə məxsus binaya vaxtaşırı gedirəm, nə istəsən var.
Binanın 1-ci qatında divara iri hərflərlə yazılıb: "Quru meyvə". Mən bazarın səlahiyyətli işçilərinə demişəm ki, o sözü dəyişdirin "meyvə qurusu" yazın. Təklifimi bazarın rəy və təkliflər kitabına da yazmışam, onların qaynar xəttinə dəfələrlə zəng etmişəm.
Amma nə dəxli, kimdir məni eşidən. Televiziya və radio kanallarında, mətbuat səhifələrində tez-tez "erməni işğalı" ifadəsini eşidirik, oxuyuruq. Ərəb sözü olan "işğal" izahlı lüğətdə belə izah olunur: "hər hansı bir dövlətin zorla başqa bir dövlətin torpağını tutması..."
Deməli, torpağı millət yox, dövlət işğal edir. "Erməni" bu cındır millətin adıdır.
Həm də "erməni işğalı" sözlərini işlədəndə belə çıxır ki, Azərbaycan torpaqlarını Ermənistan dövləti yox, Qarabağda yaşayan ermənilər işğal edib. Bu, siyasi-məntiqi cəhətcə çox ziyanlı fikirdir, hardasa ermənilərin xeyrinədir. Əslində hər zaman, hər yerdə haray çəkib deməliyik ki, Azərbaycan torpaqlarını Ermənistan silahlı qüvvələri (ordusu) işğal edib. Bir az diqqətli olmağımız vacibdir.
Tarixi şəxsiyyətlərdən sitat gətirəndə ad və familiyanı açıq yazmaq məqsədəuyğundur.
Ancaq bəzi hallarda unudulmaz Heydər Əliyevdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevdən sitat gətirib altında "H.Əliyev" "İ.Əliyev" yazırlar. Məncə, bu qəti düzgün deyil, nə üçün "Heydər Əliyev", "İlham Əliyev" yazılmır. Şəxsən mən anlaya bilmirəm.
Metro stansiyalarımıza mücərrəd (bəzən mənasız!) adlar verilir. Misal üçün "Ulduz", "İnşaatçılar", "Gənclik" və s. Bu mənada tarixi məkanların, ölməz şəxsiyyətlərin adlarını niyə unuduruq ki...
Misal üçün, "Gəncə", "Naxçıvan", "Qarabağ", "Şirvan", "Üzeyir bəy Hacıbəyli", "Fikrət Əmirov", "Rəsul Rza" və s. bu kimi adlar metrolarımıza yaraşmırmı...
Günəş, Ay planetlərin adıdır, Marsın, Veneranın və s. planet adlarını böyük hərflərlə, "Günəş", "Ay" sözlərini əksər hallarda kiçik hərflərlə yazırıq. Niyə?
Hava proqnozunun da verilməsində qüsurlar var: "2-3 dərəcə isti olacaq" deyirlər, yazırlar. Axı, yanvar-fevral aylarında palto, gödəkçə geyinib çölə çıxdığımız halda "isti" necə ola bilər. İstinin öz ayları , əlamətləri hamıya məlumdur axı. Yazılmalıdır və deyilməlidir ki, havanın hərarəti "müsbət 2-3 dərəcə olacaqdır" belə doğru olardı.
Əzizim Aqil müəllim!
Qeyd etdiyim bu fakilar hələ oxuduqlarımsız, eşitdiklərimiz, gördüklərimizdir.
Dövlət idarələrində, saysız-hesabsız qurumlarda, xüsusilə hüquq-mühafizə orqanlarında müntəzəm şəkildə kifayət qədər sənəd hazırlanır, arayışlar yazılır, protokol tərtib edilir, məruzələr, rəylər, təkliflər, qərarlar, əmrlər hazırlanır. Bəs həmin yazılarda Azərbaycan dilinin qanunları, qrammatikası, ifadə qaydaları, dil təmizliyi, aydınlığı, məntiqi qorunurmu. görəsən... Allah bilir. Xüsusilə, hüquq-mühafizə sahəsində yazışmalarda bir fikir, bir söz yerində olmasa insan taleyində ağır nəticələrə səbəb ola bilər...
Düşünürəm ki, mərkəzi təşkilatlarda, digər qurumlarda sənədlərin düzgün yazılmasına nəzarət edən redaktor ştatı təsis edilməlidir. Bu sahədə də ana dilimizi yad ifadələrdən, yerində olmayan sözlərdən, dolaşıq, mücərrəd fikirlərdən qorumalıyıq.
Yenə də misal çəkib, mətləbi uzatmaq istəmirəm. Mənim bu yazı-pozuma münasibətinizi bilmək maraqlı olardı, bəlkə hardasa subyevktiv fikrim var, nəyisə səhv deyirəm...
Sizi Millət vəkili, tanınmış yazıçı, sözünü deməyi bacaran bir şəxsiyyət kimi bütün ölkə tanıyır, səsiniz eşidilir.
Pensiyaçı yazı-pozu adamını kimdir eşidən...
Özü də elə pensiyaçı ki, ata-baba evi, həyəti Ağdam şəhərinin keçmiş Voroşilov küçəsində (müstəqilliyin ilk günlərində küçəmizə Xudu Məmmədovun adı verilmişdi...) parça-tikə olub, heç Bakı şəhərində də hazırda evi, mənzili yoxdur, Şüvəlanda üstü ağ damlı köhnə bir bağ evində yavşamaqdadır...
Bu giley-güzarla dolu yazımı böyük Nazim Hikmətin milli dil haqqında söylədiyi çox əzəmətli bir fikrilə bitirirəm: "Mən türk dilini bir kəndçi öz torpağını, öküzünü və xışını, bir dülgər öz taxtasını, rəndəsini və mismarını sevən kimi sevirəm!"
Sonda: Monitorinq Mərkəzinə uğurlar!
Şüvəlan,
20 noyabr 2018-ci il