adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Noyabr 2018 19:24
3928
GÜNDƏM
A- A+

Nazirlər Kabinetində məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib

Noyabrın 22-də Nazirlər Kabinetində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dair iclas keçirilib.

Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərləri və nümayəndələri müzakirələr aparıblar.

Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar icra olunur, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində vacib addımlar atılır. Əli Əhmədov paytaxt ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binaların qış aylarında daha çox nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Paytaxt ərazisində məcburi köçkünlərin məskunlaşdığı 204 binanın olduğunu qeyd edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan insanların qış fəslində kommunal problemlərlə üzləşməməsi üçün aidiyyəti qurumların da komitə ilə birgə işləməsinin vacibliyini bildirib. Sədr artıq bir neçə binaya baxış keçirdiklərini və bəzi binalardakı kommunikasiya xətlərinin yenilənməsinə ehtiyac olduğunu bildirib.

Qışa hazırlıqla bağlı tədbirlərin görülməsinin vacibliyini vurğulayan Baş nazirin müavini müvafiq strukturlara həmin binalarda elektrik və qaz xətlərində olan nasazlıqların aradan qaldırması istiqamətində görülən işlərlə bağlı tez bir zamanda Nazirlər Kabinetinə məlumat verilməsini tapşırıb.