SEVGİ ADASI - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
105631 | 2019-11-25 10:00

Həmin vaxtdan bir xeyli keçib. Amma zaman-vaxt anlayışı nisbidi təbii. 2011-ci ilin mart ayında Kiprə səyahət eləmişdim. Dönüşdə "Sevgi adası" adlı bir yazı yazmışdım . Və bu yazıda bəstəkar Cavanşir Quliyevlə görüşümüz haqqında yazmışdım. Bilənlər bilir -Cavanşir neçə ildi şimali Kiprdə Yakın Doğu universitetində çalışır. Ad günündə həmin yazını xatırlamaq istədim.

 

CAVAN ŞİR

 

Yenə həmin Yakın Doğu Universitetinin kampındayıq. Amma bu dəfə ayrı vəsiləylə. Bəstəkarın görüşünə gəlmişik. Deyəsən pafoslu alındı. Pafossuz deyim, həmin bəstəkarı 20 ildən çoxdu "sən" deyib çağırıram.

Hələ ki, görmür məni. Maşının pəncərəsindən boylanan qadına fikir vermir. Sevincək halı ilə tələsə-tələsə maşına yaxınlaşır. O, məni görmür, amma mən görürəm ki, bir az çəkisi artıb, bir az da saçları ağarıb. Yerişi dəyişməyib, həmin cəldliklə gəlir. Gözləri gülür... Gülməyinə gülür, amma həmin tənhalıq yağan baxışlardı. Hər kəsin yaradıcılığı özünün ruh halının ifadəsidi. Musiqisi elə gözlərinə bənzəyir - Qəm pəncərəsi.

Maşının yanında öpüşlər- görüşlər bitəndən sonra pəncərəyə ötəri, çəkinə-çəkinə bir nəzər salır. Elə-belə, ötəri... Və sonra, gözləri böyümüş halda baxıb, qapını açır:

- İradəəəəə!

- Həəəə!

 

***

 

- Heç ağlıma gəlməzdi sizinlə burda görüşəcəyim, nə yaxşı oldu.

- Amma biz əvvəldən qərarlaşdırmışdıq səni tapacağımızı.

- Nə yaxşı oldu...

Maşında şəhərin mərkəzinə gedə-gedə söhbətləşirik. Ordan-burdan, yaşamdan, qürbətdən, siyasətdən. Qulaq asdıqca həm də düşünürəm, niyə belə olsun, niyə? Altmışı haqlamış, musiqimizdə öz yeri olan, sevilən böyük bəstəkara böyük Vətənin (hər halda bizim məmləkət bu adadan çox-çox böyükdü) bir guşəsində rahat bir yer tapıla bilərdi axı. Başqa heç nə yazmamış olsaydı belə "Əsgər marşı"nın müəllifidi axı.

 

- İndi sizə şəhəri göstərəcəm. Balaca bir yerdi.

Maşından enirik. İki-üç gün əvvəl gəzib-dolaşdığımız Lefkoşaya başqa tərəflərdən baxırıq.

- Burda elə dəbdəbəli, təmtəraqlı məkanlar yoxdu.

- Necə yoxdu, kazinolar alışıb-yanır.

- Kazinolar heç. Keçən Qurban bayramında Ramiz Məlikaslanov İstanbuldan gəldi bura bayramı keçirməyə. Apardım onu kazinoya, bir az məzələndi. Bilirsiz, mən burda bu adamların içində müstəqil ölkə olmanın üstünlüklərini dərk elədim. Öz pasportun, pasportunda möhürün. Buralarda asılılı, tanınmamış bir yer olmanın kompleksini yaşayır hər kəs. Bizə qibtə ilə baxırlar.

- Cavan, burda heç antik abidələr yoxdu?

- İndi göstərəcəm. Qarşıda bir sütun var, deyirlər Romalılardan qalıb. Bir də ki, 400 il Osmanlıyla nə antik abidə.

- Niyə ki, İstanbulda yoxdu, ya da bütün Türkiyənin ərazisində yoxdu?

- Sən oralara baxma, burda yönətim tez-tez dəyişib.

Cavanşirin Şəki ləhcəsinə bir az Kıbrıs şivəsi də qarışıb. Bir növ sintez. İndi onun danışdıqlarına qulaq asa-asa həm də fikirləşirəm ki, Cavanşir gənclik illərində efirdə təzə-təzə görünəndə gözəl, səlist, məntiqli söhbətləri ilə bizi inandıra bilmişdi ki, bəstəkarlar Azərbaycan dilində də danışa bilirlər, fikirlərini izhar edə bilirlər. Bizi inandıra bilmişdi ki, estrada musiqisində saz da səslənə bilər. Cavan sintezi sevir, hər mənada...

- Bax, indi bu aralıqdan keçək, yunan Kipri ilə sərhəd məntəqəsini görəcəksiz.

- Açıqdı sərhəd?

- Hə, burdan ora gedirlər, ordan bura gəlirlər, amma vətəndaşı olmalısan Kiprin.

- Mənim diplomatik pasportumla olmaz?- deyən Aqil Abbasa:

- Olar, amma belə olar da. İndi Ercan hava limanından İstanbula, ordan da Afinaya uçub, geriyə - Yunan Kiprinə qayıda bilərsən. Belə olar!

... Sərhəddə (sərhəd deyəndə ki, balaca bir qapıdı. Qapıda gömrükçülərmi, sərhədçilərmi oturub pasportlara baxırlar, vəssalam) qələbəlikdi. Görünür, hər iki tərəfdə hər iki tərəfi maraqlandıran ticari nələrsə var. Çünki hamı bərk alış-verişdədi. Nə alırlar burdan, anlamam ki...

- Siyasət öz yerində, amma sıravi insanların öz qayğıları var. Hər kəs yaxşı yaşamaq istəyir. Və özləri də deyirlər ki, siyasətçilər imkan versəydi hər şey başqa cür olardı. Lap əvvəldən. Həyat...

... Həyat ... Deməli, biz də nə vaxtsa olub-bitənləri yenidən unudub hardansa bir qapı aça bilərik. Və bu qapıdan rahatca bir-birimizə qonaq da gedə bilərik. Zatən kişilərimizin erməni qadınları ilə dostluğu dastan olub, qalır qadınlarımızın dastan yaratmağı. Problem deyil...

Sərhəddən aralanıb elə oralarda kiçicik bir kafedə şam edirik. Kişilərin siyasi söhbətləri davam edir. Mən də siyasət yürüdüb susuram. Dinləyirəm, baxıram, fikirləşirəm...

Ay acıdil, inadcıl, sərt, ürəyi yuxa, təmənnasız, alicənab Cavan Şir! Deyəsən yumşalmısan. Deyəsən dəyişirsən. Nədi səbəb? İllərmi, qürbətmi? Dəyişməyən nədi? Tənhalığın? Necə idi o mahnın - arzuda inam, inamda şübhə qoxusu, ümiddə səadət, səadətdə onu itirmək qorxusu... Səssizliyə dözmək çətin. Baş götürüb bu boşluqdan hara gəldi, necə gəldi, heç qaçdınmı?... Bu da başqa mahnın.

Bakıdakı üçotaqlı, balaca evini xatırlayıram. Studiyaya çevirdiyi evini. Qarışıq, səliqəsiz, qadın əlinə ehtiyac olan ev. İşini-gücünü atıb da mənim filmlərimlə ilgiləndiyini də unutmamışam. Üç filmimin musiqi tərtibatını verib. Hələ üstəlik səsini də istismar eləmişəm. Qürurlanmayım? Cavanşir Quliyevin özü, şəxsən...

Özü, şəxsən... Danışır və qulaq asdıqca anlayıram ki, darıxır. Darıxır bu adam. Hamımız kimi.

- Siz orda yazı yazanda ancaq tərifləyin buraları. Yazıqdılar, qoy gəlib-gedən çox olsun, - deyir.

(Bakıya gələndən sonra orda çəkilən şəkillərə baxanda gördüm ki, bu adada bizim birlikdə çəkdirdiyimiz yeganə fotonu da Cavanşir çəkib).

... Universitetin kampına qayıdırıq. Girişdə Cavan maşından enir, sağollaşırıq. Qaranlıqda gözdən itir. Maşın geriyə dönəndə qanrılıb arxaya baxıram. Burda - Sevgi adasında sevdiyim bəstəkarla yenidən görüşdüm. Hər şey gözəldi həyatda! Hər şey gözəldi həyatda?! Hər şey gözəldi həyatda?

23 aprel, 2011

İradə TUNCAY

TƏQVİM / ARXİV