adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Eh, Vüqar Abbasov nəyi qoyub, nəyi axtarırsan

7889 | 2018-11-22 14:38

Dünəndən hamı milli futbol komandamızı tənqid edir. Anlaşılandır, qələbə istəyirik və bu da bizim təbii haqqımızdır. Ancaq anlamıram, doğrudanmı milli komandamızın məğlubiyyətləri bu qədər təəccüblüdür? Axı əksəriyyətimiz bilirik ki, ölkədə uşaq futbolu inkişaf etməyincə nə klublarımızın, nə də milli kommandamızın inkişafı mümkün deyil.

Çox sadə bir fakt, yaşadığım, əhalisi təxminən 10 000 nəfərdən bir qədər artıq olan şəhərdə (bələdiyyəmizi demirəm, hər kəndə bir klub və bir neçə stadion var) iki futbol klubu var idi, indi birləşiblər və hazırda bir klub mövcuddur. Klubun təxminən beş böyük stadionu, irili xırdalı 65 sponsoru var.

Klubda uşaqlardan ibarət 15, yeniyetmə və gənclərdən ibarət 8, gənclər və böyüklərdən ibarət 5, yeniyetmə və gənc qadınlardan ibarət 5 komanda və ümumilikdə təxminən 650 üzvü var. Hər gün orda məşqlər gedir, hər həftə yarışlar olur. İndi milli komandamız Niderlandın bir əyalət klubuna uduzanda durub təəccüb etməliyik ki, niyə uduzdu? Bütün bunlar sözü gedən klub haqqında çox qısa məlumatlardır. Klubun saytını burda paylaşıram, istəyən baxsın. Hələ nəzərə alın ki, bütün ölkə üzrə nə qədər klublar, stadionlar var. Ancaq bir daha qeyd edirəm ki, mənim müqayisə aparmaq kimi bir fikrim yoxdur. Bir çox dostlar futbolumuzu, komandalarımızı elə ölkələrin futbolu, komandaları ilə müqayisə edirlər ki, bu müqayisə qətiyyən düzgün deyildir. Ü.Hacıbəyov bir felyetonunda yazdığı kimi, birdən-birə fildən başlamaq lazım deyil, siçandan başlamaq lazımdır. İndiki halda isə söhbət uşaq futbolundan gedir, ordan başlamaq lazımdır.

Vüqar Abbasov - Hollandiya

TƏQVİM / ARXİV