adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Noyabr 2018 14:30
6523
MƏMLƏKƏT
A- A+

DƏM QAZINDAN BOĞULMALAR - Faiq QİSMƏTOĞLU yazır

Payız və qış mövsümündə bir çoxlarımız təbii qazla işləyən sobalardan istifadə edirik. Üstəlik də hamam otağında quraşdırılmış qazla işləyən suqızdırıcılar da düzgün fəaliyyət göstərməyəndə hamama və mənzilə dəm qazı ötürür. Başqa sözlə demiş olsaq, istər qaz sobaları, istərsə də hamamdakı suqızdırıcılar peşəkar ustalar tərəfindən tənzimlənməli və quraşdırılmalıdır.

Birmənalı olaraq bütün istifadəçilər, abonentlər anlamalıdlar ki, mənzillərdə quraşdırılan, qazla işləyən sobalar və digər cihazlar lazımi standartlara cavab verməlidir. Yəni qeyri-standart avadanlıqlardan mənzil sahibləri uzaq durmalıdılar. Ancaq nə etmək olar ki, ucuz olduğu üçün qeri-standart avadanlıqlara əhali daha çox meyl göstərir. Bu isə başdan-ayağa təhlükə deməkdir.

Mənzillərdə quraşdırılan qaz sobaları və eləcə də suqızdırıcı qurğular hələ o demək deyil ki, tam təhlükəsizdir. Təhlükəsizliyin tamamilə təmin edilməsi üçün bir neçə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi də vacib şərtlərdəndir. Həmin təhlükəsizlik tədbirləri ilə bağlı əhali arasında neçə ildir ki, Fövqəladə Hallar Nazirliyi maarifləndirmə işləri aparır, qabaqlayıcı tədbirlər görür. Hər bir mənzil sahibi ilə təhlükəsizliklə bağlı söhbətlər aparılır. Gərək mənzil sahibləri də məlum qurumun irad və tövsiyələrini anlasın, eyni zamanda başa düşsün, mövcud nöqsanı vaxtında aradan qaldırsın. Yəni hər abonent payız və qış mövsümü gələndə bir daha qaz sobalarlarını və suqızdırıcı cihazları peşəkar ustalar tərəfindən yoxlatdırmalı, evlərin tüstü-bacalarını hec olmasa ildə bir dəfə təmizlətdirməlidilər. Bununla yanaşı, hamam otağında işləyən suqızdırıcı diqqətdə saxlanılmalı, hamam otağının qapısının ən azı beş yerində iri dəliklər açılmalıdır ki, ora dolan dəm qazı çölə çıxsın. Çox təəssüf ki, bir çox abonentlər bu məsələlərə məsuliyyətsiz yanaşır və nəticədə dəm qazından boğulmalar və ölüm halları baş verir.

Ötən ilin payız-qış mövsümündə təkcə Bakı şəhərində onlarla insan dəm qazından boğularaq dünyasını dəyişib. Dəm qazından boğulan bir neçə nəfərin həyatını isə həkimlər xilas etməyi bacarıblar. Artıq bu payız mövsümündə də dəm qazından dünyasını dəyişənlər var. Bu yaxınlarda bir ailənin üç üzvü dəm qazından zəhərlənmə dioqnozu ilə Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Şöbə müdiri Azər Maqsudovun mətbuata verdiyi açıqlamaya görə, çox çətinliklə də olsa onları həyata qaytarmaq mümkün olub.

Bizi bir məsələ də narahat edir: Bakıda əksər binaların tüstü-bacaları 30 ildən çoxdur ki, təmizlənmir. Bu isə birmənalı olaraq hər hansı mənzil sahibinin hamam otağında dəm qazından boğulmasına münbit şərait yaradır. Deyirlər ki, tüstü-bacaları özəl bir qurum var, o təmizləyir. O quruma da pul verməlisən ki, gəlib tüst-bacanı təmizləsin və bu pulu da hər bir adam indiki çətin durumda tapıb verə bilmir. Ona görə də özəl qurumla yanaşı, tüstü-bacaların təmizlənməsi üçün dövlət qurumu da yaradılmalıdır. Və bu dövlət qurumu da dövlətin özü tərəfindən maliyyələşdirilməlidir ki, kimdənsə asılı vəziyyətdə olmasın. Bax, həmin dövlət qurumu gəlib əhalidən pul almadan heç olmasa ildə bir dəfə tüstü-bacaları təmizləsə, dəm qazından boğulanların sayı inanın ki, yarıbayarı azalar.

Çünki özəl qurumların Araz aşığından, Kür də topuğundandır. Yəni kimsə dəm qazından boğulursa, bu heç o qurumun tükünü də tərpətmir. Ancaq dövlət qurumu yaradılsa, istər-istəməz dəm qazından boğulmağa görə, o, məsuliyyət daşımalı olacaqdır.

Hər halda, payız mövsümüdü və havalar da get-gedə soyuyur. Qışda havalar daha da qarlı və şaxtalı keçəcək. Ona görə də qaz sobalarından və suqızdırıcı cihazlardan istifadə edən mənzil sahibləri daha diqqətli olmalı, mənzildə, hamam otağında cihazlara nəzarət etməlidilər. Bu ən azından mövcud təhlükəni aradan qaldırar və dəm qazından zəhərlənmə hallarının aşağı enməsinə yardımçı olar.