adalet.az header logo
  • Bakı 11°C
21 Noyabr 2018 20:12
4287
GÜNDƏM
A- A+

TRAMP SƏUDİYYƏ KİMİ SƏRFƏLİ BAZARI İTİRMƏK İSTƏMİR

Birləşmiş Ştatlar jurnalist Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı bəzi suallara hələ də aydınlıq gətirilmədiyinə baxmayaraq, Səudiyyə Ərəbistanı ilə etibarlı əməkdaşlığını davam etdirmək niyyətindədi. Bununla bağlı ABŞ prezidenti Donald Tramp verdiyi bəyanatda bildirir ki, "yəqin ki, bu suallara heç vaxt cavab tapılmayacaq". "Jurnalist Camal Kaşıkçıya qarşı törədilən cinayəti bağışlaya bilmərik, amma eyni zamanda bu cinayətdə əli olanlara qarşı da hər hansı ciddi tədbir görmək fikrində də deyilik".
Səudiyyə kralı Əbdüləziz əl-Saud və vəliəhd Məhəmməd ben Salman əl-Saud qətiyyətlə jurnalistə qarşı törədilən qətldən xəbərləri olmadıqlarını bildirirlər. ABŞ-ın xüsusi kəşfiyyat xidmətləri əldə olunan məlumatları ciddiyyətlə araşdırmaqda davam edirlər. Vəliəhdin bu qətldən xəbəri olması barədə dəqiq məlumat yoxdu. "Ola bilər ki, onun bu qətldən xəbəri var, ola bilər ki, xəbəri yoxdu"- deyə bildirən ABŞ prezidenti daha sonra qeyd edib ki, "Amerika bizim üçün hər şeydən irəlidi".
Vaşinqtonda qeyd olunur ki, "Səudiyyə kimi əlverişli tərəfdaşı itirməyə hazır deyillər". Onlar hesab edirlər ki, Kaşıkçının ölümü ilə bağlı ola bilər ki, əsaslı faktlar əldə edilməsin, ona görə də istənilən halda İrana qarşı mübarizədə Səudiyyə Ərəbistanı kimi sərfəli tərəfdaşla əməkdaşlıq davam etdirilməlidir.
Mərkəzi Kəşfiyyat İdarəsi artıq Kaşıkçının qətli ilə bağlı hazırladıqları məruzəni ABŞ prezidentinə təqdim edəcəklər. CNN telekanalının mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, xüsusi xidmət orqanları belə qənaətə gəliblər ki, böyük gümanla Səudiyyə vəliəhdi jurnalistin ölümünə göstəriş verib, lakin Ağ Ev müəyyənləşdirməli və qərara gəlməlidir ki, Səudiyyənin yüksək rəhbərliyinin arzuolunmaz jurnalistin qətlində əli var, ya yox.
Jurnalistin qətli ilə bağlı ABŞ prezidenti Donald Trampın birmənalı mövqe tutmağı göz qabağındadı. Baxmayaraq ki, "təsadüf nəticəsində baş verən ölüm ssenarisini" reallaşdırmağı bacara bilmədiklərinə görə lağa qoyan Tramp Ər-Riyaddan gələcək milyardlarla dolları itirmək istəmir. "Əgər biz axmaqlıq edib bu müqavilələri pozsaq, Rusiya və Çin bundan yararlanaraq Səudiyyə Ərəbistanı kimi əla bazarı qazanar".