adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Noyabr 2018 15:04
5668
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU:MİNDƏN ÇOX SÜRÜCÜ

Sürücülərin və sərnişinlərin mənzil başına sağ-salamat çatmasında nəqliyyat vasitələrinin saz olması önəmli əhəmiyyət kəsb edir. Çünki nəqliyyat vasitəsi texniki cəhətdən nasaz olmayanda qəzalar baş verməz, ölüm və xəsarətalma halları az olar. Yəni texniki cəhətdən saz nəqliyyat vasitəsilə ilə mənzil başına daha rahat çatmaq mümkündür. Başqa sözlə demiş olsaq, hərəkətin təhlükəsizliyinin təmin olunmasında bütün nəqliyyat vasitələrinin vaxtında texniki baxışdan keçməsi önəmli əhəmiyyət kəsb edir.

Onu da qeyd edək ki, sürücülərin maarifləndirilməsi və onların daha da məsuliyyətli olması üçün mütəmadi olaraq televiziya kanallarında və KİV-lərdə təbliğat, izahat işləri aparılır. Ancaq gəlin onunla razılaşaq ki, bəzən bu təbliğat işləri sürücülərlə sadə və aydın dildi deyil, qəliz bir formada onlara izah edilir. Yəni qanunda olan yeni dəyişikliklər və əlavələr sürücülərə onlara başa düşdüyü formada çatdırılmır. Bu da istər-istəməz müəyyən anlaşılmazlıqların və problemlərin yaranmasına gətirib çıxarır.

Sürücü texniki baxışdan keçməməyə görə, avtomatik rejimdə tərtib olunmuş elektron protokolunu alır və çıxılmaz vəziyyətdə qalır. Sonra da yol polisinə müraciət edərək bildirir ki, bizim yeni qanunlardan və dəyişikliklərdən xəbərimiz yoxdur. Xəbərimiz olmadığına görə də barəmizdə tərtib olunmuş elektron protokolları ləğv etməyinizi xahiş edirik. Ancaq qanun heç bir bir halda bu cür vasitələrə yol vermir. Ona görə də hər bir sürücü texniki baxışın vaxtını, müddətini dəqiq bilməli və həmin zamanda da avtomobili texniki baxışa təqdim etməlidir ki, sonradan bu problemlərlə üzləşməsin. Artıq iyun ayından texniki baxışdan vaxtında keçməyən nəqliyyat vasitələrini avtomatik rejim aşkarlayır və onlar barəsində elektron protokol tərtib edir.


Bir faktı qeyd edək ki, yeniliklərdən ən başlıcası budur ki, «Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 05 aprel tarixli 596-IVQD nömrəli qanunun tələblərinə əsasən minik avtomobilləri istehsal olunduğu vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduğu vaxtdan on il keçdikdə isə ildə bir dəfə texniki baxışa təqdim olunmalıdır. Yəni bu qanun birmənalı olaraq sürücülərə onu bildirir ki, yeni istehsal olunmuş maşın dörd il müddətində texniki baxışdan keçirilmir. Və sonradan iki ildə bir dəfə həmin maşınlar texniki baxışa təqdim olunur.

Hər bir sürücü yaxşı bilməlidir ki, onun üzərinə hansı vəzifələr düşür. Bax, onlara qanunun bir anını da xatırlatmaq istəyirik: «Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında» qanununa 29 iyun 2018-ci il tarixdə 1220-VQD nömrəli əlavə və dəyişikliklər edilib. Belə ki, bu qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən «Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışdan keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur». Yəni burda da birmənalı olaraq göstərilir ki, müddət tamam olandan iyirmi gün sonra da nəqliyyat vasitəsini texniki baxışdan keçirmək mümkündür. İyirmi birinci gün keçirilməyən nəqliyyat vasitəsi barəsində avtomatik rejimdə tərtib olunmuş elektron protokol tərtib ediləcək. Bununla yanaşı, iyirmi gün ərzində o cərimə, yəni əlli manat məbləğində pul ödənilməsə təkrarən həmin nəqliyyat vasitəsi barəsində elektron protokol tərtib edilməsi nəzərdə tutulur. Burdan da belə bir məntiqi nəticə çıxır ki, hər bir sürücü müəyyən olunmuş müddəti və zamanı yadda saxlamalı və bu vaxta əməl etməlidir. Əks təqdirdi onun barəsində yenidən elektron protokol tərtib edilməsi qaçılmazdır.

Nəqliyyat vasitələri Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində müayinə edildikdən sonra onlar barəsində elektron bildiriş tərtib edilir və sürücüyə verilir. Və bu müayinə zamanı avtomobildə olan bütün texniki nasazlıqlar detallarına qədər göstərilir. Növbəti texniki baxış zamanı göstərilən qüsurlar aradan qaldırılmazsa, həmin nəqliyyat vasitəsi təkrarən texniki baxışa cəlb edilmir.

Mühərrikin iş həcmi 50 kub santimetrdən və sürət həddi saatda 50 kilometrdən yüksək olan bütün nəqliyyat vasitələri birmənalı olaraq texniki baxışa cəlb edilir. Texniki baxışdan keçiriləndən sonra onlar barəsində elektron talon tərtib edilərək bütün məlumatlar mərkəzi informaiya sisteminə ötürülür. Yəni həmin nəqliyyat vasitəsi barəsində bütün bilgilər mərkəzi sistemə oturdulur. Əgər beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin sürücüləri istəsələr onlara elektron talonlar təqdim edilə bilər.

Bütün bu məsələləri gündəmə gətirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, «Ədalət» qəzeti olaraq biz sürücüləri nəqliyyat vasitələrini texniki baxışdan keçirilməsi ilə bağlı qanuna əlavə olunmuş yenilikləri çatdıraq. Çünki hər bir yeniliyi sükan arxasında əyləşmiş sürücü dəqiq bilməlidir ki, «Yol hərəkəti haqqında» qanuna əməl etsin. Və biz də bu qənaətə gəldik ki, son vaxtlar mindən çox sürücü texniki baxışla bağlı elektron protokol almağı onunla izah edirlər ki, onlar qanunda olmuş yeniliklərdən xəbərsizdilər.

Bu məsələləri bir daha gündəmə gətiririk ki, hər bir sürücü texniki baxışdan keçməməyə görə tərtib olunmuş elektron protokolun cəriməsini mütləq vaxtında ödəməlidir. Əgər 20 gün müddətində bu cərimələr ödənilmirsə, onların idarə etdikləri nəqliyyat vasitələrini avtomatik rejim aşkar edəcək və barələrində elektron protokol tərtib olunacaqdır. Ona görə də bu cür hallarla üzləşməmək üçün tərtib olunmuş elekiron qərarlarındakı cəriməni , yəni 50 manat məbləği hər bir sürücü vaxtında ödəməlidir ki, sonradan baş ağrısına çevrilməsin.