adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Noyabr 2018 22:55
5125
GÜNDƏM
A- A+

Əməkdar jurnalist yubileyi qeyd edilib

Bu günlərdə (noyabrin 17-də) Azərbaycan Yazıçılar Birliyində AYB və Teatr Xadimləri İttifaqının üzvü, Demokratik Jurnalistlər Liqasının həmtəsisçisi, Əməkdar jurnalist Zakir Abbasın 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Z.Abbasın yaradıcılıq fəaliyyəti barədə danışıb. O bildirib ki, Zakir Abbas Respublika Mədəniyyət nazirliyidə, Az.TV-də, qəzet və jurnal redaksiyalarında məsul vəzifələrdə çalışıb. Müxtəlif mövzuda yazdığı məqalələr Azərbaycan və Rusiya mətbuatında dərc edilib.
Uzun müddətl AzTV-nin ekranından düşməyən, hələ də yaddaşlarda yaşayan "Ocaq" televiziya folklor toplusunun ssenari müəllifi və aparıcısı kimi tanınıb. "Ünsiyyət", "And", "İntibah", "Karvan" və s. qəzet və jurnallarda müxbir, redaktor, sonralar "Məqam" və "Liqa" qəzetlərinin təsisçisi və baş redaktoru vəzifələrində çalışıb.
1998-ci ildə yaradılmış Azərbaycan Demokratik Jurnalistlər Liqasının həmtəsisçisi və katibidir. Hazırda bədii-publisistik yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Mərasimdə Zakir Abbasa Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Sənət Kültür Elm və Ədəbiyyat Federasiyasının fəxri diplomu təqdim edilib.
Tədbirdə çıxış edən "Qobustan" jurnalının baş redaktoru, yazıçı-publisist Vaqif Əlixanlı, Mədəniyyət və İncəsənət Universitetinin professoru, dramaturq Əli Əmirli, Milli Ensiklopediya Mərkəzinin direktor müavini, şair Vüqif Bəhmənli, Kür-Xəzər Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, tənqidçi Vaqif Yusifli, Azərbaycan Televiziyasının məsul işçisi, şair Mübariz Süleymanlı, Şöhrət ordenli xalq artisti Niyaməddin Musayev, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Vidadi Qafarov, Respublikanın əməkdar artisti Baloğlan Əşrəfov, "Apostroff" nəşriyyatının direktoru Akif Dənzizadə , Dünya Azərbaycanlıları Milli Birliyinin vitse prezidenti Xəzər Emin və başqaları çıxış edib, Zakir Abbasın yaradıcılıq, peşəkar tərcüməçilik və pedaqoji fəaliyyətindən söz açaraq, onu gələcək nəsillərə örnək, şəxsiyyət, ləyaqət nümunəsi ola biləcək mənəviyyat adamı kimi xarakterizə ediblər. Z.Abbasın yaradıcılığına və şəxsiyyətinə ehtiramla yanaşan bir çox iştirakçılar onunla bağlı xatirələrini bölüşüb.
Tədbirin sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri müəllimlərini şeir nüminələri ilə təbrik ediblər.
Elmira Musaqızı