adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Noyabr 2018 21:11
11658
GÜNDƏM
A- A+

Azərbaycan ədliyyəsi - müasirlik nümunəsi

Azərbaycan Ədliyyəsi - 100

2018-ci il ölkəmizdə bayramlar ilidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və ardınca əksər dövlət orqanlarının 100 illik yubileylərinin böyük təntənə ilə qeyd olunması il boyu davam edən bayram ovqatı yaratmışdır. Bu unudulmaz günlərdə hər birimiz müstəqil dövlətin vətəndaşı olmağın nə qədər böyük nemət olduğunu bir daha dərk edirik. Bizim bu xoşbəxtliyimizin əbədiliyini təmin etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini minnətdarlıqla yad edirik. Ümummilli liderimizin dövlətçilik ideyalarına daim sadiq qalan ədliyyə işçiləri də yubiley ilində öz peşə bayramlarını daha böyük coşqu və uğurlu nəticələrlə qeyd edirlər.
Bu gün müstəqil dövlətimizin mühüm təsisatlarından birinə çevrilmiş Azərbaycan ədliyyəsinin keçdiyi yol heç də asan olmamışdır.
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün yaradılan ilk dövlət orqanlarından biri də Ədliyyə Nazirliyi olmuşdur. Bu fakt Şərqdə ilk demokratik respublika quranların qanunçuluğa, hüquqa və ədalətə verdiyi müstəsna əhəmiyyətin real ifadəsi idi. Müstəqil dövlət quruculuğu prosesində qarşıda duran təxirəsalınmaz vəzifələr sırasında milli qanunvericiliyin işlənib-hazırlanması, ölkədə qayda-qanun yaradılması, məhkəmə sisteminin formalaşdırılması mühüm yer tuturdu. Bu məqsədlə az müddətdə xeyli iş görüldü. Ədliyyə Nazirliyi qanunvericilik təşəbbüsü ilə onlarla qanun layihəsi hazırlayıb parlamentin müzakirəsinə verdi. Fövqəladə şəraitdə fəaliyyət göstərən Ədliyyə Nazirliyi qısa müddətdə 30-dan çox qanun layihəsi hazırlayıb parlamentə təqdim etmişdi. Həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Milli kadrların hazırlanması, hüquq ədəbiyyatının nəşri, kitabxanaların yaradılması işinə xüsusi əhəmiyyət verilirdi.
Təəsüflər olsun ki, bolşevik hərbi birləşmələri tərəfindən Azərbaycanın işğalı nəticəsində Xalq Cümhuriyyətinin süqutu böyük əzmlə başlanılmış islahatları yarımçıq qoydu. Sovetlər dövründə Ədliyyə Nazirliyi uzun müddət demək olar ki, gərəksiz bir dövlət orqanı kimi gah ləğv edildi, gah da müxtəlif qurumların tərkib hissəsində ona xas olmayan, bəzən də repressiv funksiyaları yerinə yetirməyə məhkum olundu.
Nəhayət, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilərək, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılması məhz 1970-ci ilə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Xüsusilə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndərimiz Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atılmış, funksiyaları genişlənmişdir. Eyni zamanda, ədalət mühakiməsi yenidən qurularaq, üçpilləli məhkəmə sistemi yaradılmış, mütərəqqi qanunlar qəbul edilmiş, ölkəmizdə ilk dəfə olaraq hakimlərin seçkisi test və şifahi söhbət yolu ilə keçirilmişdir. Hakim korpusunun tərkibi əsasən təzələnmişdir.
Məhkəmə-hüquq islahatları ardıcıl davam etdirilərək, hakimlərin intizam məsuliyyəti gücləndirilmiş, həmçinin onların sosial problemlərinin həlli, iş şəraitinin yaxşılaşdırılması, məhkəmələrin maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi üzrə mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Bu baxımdan, 2006-cı ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı bir sıra tarixi əhəmiyyətli fərmanlar ədliyyə və məhkəmə sisteminin inkişafında əvəzsiz rol oynamışdır.
Nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. May ayında ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis tərəfindən "Ədliyyə orqanlarında quulluqkeçmə haqqında" Qanun qəbul edilmişdir. Həmin il avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" xüsusi Fərman imzalanması və Nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olmuşdur.
Beləliklə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində keyfiyyətcə yeni mərhələyə keçmiş köklü məhkəmə-hüquq islahatları nəticəsində Ədliyyə Nazirliyinin də fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, Nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.
İnsan hüquqlarının etibarlı müdafiəsinə daim xüsusi diqqət yetirən dövlət başçımızın tapşırıqlarına əsasən ədalət mühakiməsinin səməliliyinin artırılması və məhkəmələrin fəaliyyətinin yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilmişdir.
Bu məqsədlə Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılmış, ölkəmizin təşəbbüsünə əsasən bu mötəbər qurum tərəfindən nüfuzlu ekspertlər ayrılmışdır. Hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə hazırlanmış müvafiq Fəaliyyət Planı uğurla həyata keçirilmişdir.
Avropa Şurası ekspertlərinin yaxından iştirakı ilə bir sıra normativ-hüquqi sənədlər hazırlanmış, "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklər və əlavələr edilmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" Qanun qəbul olunmuşdur. Yeni qanunvericiliyə uyğun olaraq demokratik əsaslarla formalaşdırılmış Məhkəmə-Hüquq Şurası ədliyyə naziri, birinci dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun rəhbərliyi ilə mühüm və səmərəli fəaliyyətə başlamışdır.
Fəxrlə demək olar ki, beynəlxaq ekspertlərin rəyinə görə, hazırda Azərbaycan dünyanın ən səmərəli məhkəm-hüquq islahatları aparan 10 ölkəsindən biridir.
Məlum olduğu kimi, ölkəmizdə 2005-ci ilin sentyabr ayından başlayaraq hakimlərin ən mütərəqqi prosedurlarla çoxpilləli seçimi həyata keçirilir. Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanmış, beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdur. Təsadüfi deyil ki, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası (CEPEJ) ölkəmizdə hakimlərin seçim prosedurunu Avropada örnək kimi dəyərləndirmiş, Avropa İttifaqı tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda isə bu seçim nümunə kimi qiymətləndirilərək digər üzv-dövlətlərə tövsiyə edilmişdir.
Dünya Bankı da Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirmiş və "Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasının qalibi elan etmişdir.
Ötən ilin noyabrında isə ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurası tərəfindən "Ədliyyənin kristal tərəzisi" müsabiqəsinin mükafatçısı olub. 2005-ci ildən etibarən iki ildən bir keçirilən bu müsabiqədə ədliyyə və məhkəmə sistemlərinin fəaliyyəti ilə bağlı Avropa Şurasının üzv dövlətləri tərəfindən təqdim olunan layihələr sırasından dörd ən qabaqcıl və səmərəli təcrübə seçilərək mükafatlandırılır. 2017-ci ildə keçirilmiş müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab" adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən məhkəmə sistemində elektron idarəetmənin tətbiqi baxımından ən mütərəqqi layihə kimi qiymətləndirilərək mükafata layiq görülüb. Digər qalib gələn üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib.
Ədalət mühakiməsinin çatımlılığı zəruriliyini nəzərə alaraq son illər ərzində ölkə ərazisində geniş regional məhkəmə şəbəkəsinin, o cümlədən vahid apelyasiya məhkəməsini əvəz edən regional apelyasiya məhkəmələrinin, həmçinin ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələrin yaradılması regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir. Ümumiyyətlə, son illərdə Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.
Bu islahatlar çərçivəsində nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində məhkəmə infrastrukturunun yeniləşməsi üzrə görülən tədbirlər xüsusi qeyd edilməlidir. Məlum olduğu kimi, Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi birgə layihələr çərçivəsində 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, paytaxtda və bölgələrdə 15 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 7 məhkəmə üçün belə binaların inşası aparılır. Bu yaxınlarda ən müasir tələblərə cavab verən Zaqatala Rayon Məhkəməsinin inzibati binalarının açılışı sübut etdi ki, beynəlxalq ekspertlərin qeyd etiyi kimi Azərbaycanda inşa olunan məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir.
Ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq islahatları çərçivəsində son vaxtlarda reallaşan ən mühüm yenilik Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılmasına başlanılmasıdır. Bu ən mütərəqqi sistemin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndəriləcək, ifadələr elektron daşıyıcılara qeyd olunacaqdır. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə, elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir.
Yeri gəlmişkən, yeni tikilən məhkəmə binalarında, o cümlədən Quba Rayon Məhkəməsinin inzibati binasında Azərbaycan Prezidentinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən bütün zəruri tədbirlər görülüb.
Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı son dövrdə Azərbaycanda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm mərhələ olmuşdur. Bununla əlaqədar cinayət və cinayət-prosessual qanunvericilikdə mühüm dəyişikliklər edilmişdir. Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində qısa müddət ərzində yeni Qanunun təsiri altına düşən 5.700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1.700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir.
Dövlət başçısının məhkəmə-hüquq islahatlarına və məhkəmə fəaliyyətinə göstərdiyi diqqət və qayğı hər birimizdə minnətdarlıq hissi yaratdığı kimi məsuliyyətimizi qat-qat artırır, daha əzmlə çalışmağa səfərbər edir, göstərilən yüksək etimadı layiqincə doğrultmaq üçün bütün bilik və bacarığımızı, təcrübəmizi əsirgəməməyə sövq edir.
Bu tarixi hadisə, Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə bütün ədliyyə işçilərini, hakimləri ürəkdən təbrik edir, gərəkli və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulayıram.

Xəqani Tağıyev,
Quba Rayon Məhkəməsinin sədri,
Məhkəmə-Hüquq Şurasının üzvü