adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: YARISI ŞAİR, YARISI MÜĞƏNNİ

FAİQ QİSMƏTOĞLU
43302 | 2018-11-19 13:06
… Dünyada nadir ölkə tapılar ki, bizim qədər şairi və müğənnisi çox olsun. Bəlkə də biz yeganə ölkəyik ki, dünyaya gələn kimi oxumaq, şeir yazmaq istəyirik. O qədər oxuyuruq, oxuyuruq ki, axırda çox şeyi yaddan çırarırıq. Əcnəbilər elm oxuyub aya uçurlar, gündə bir planet tapırlar, ya da görürsən ki, nəsə təzə bir raketdən-zaddan düzəltdilər. Və biz də ağzımızı ayırıb əcnəbilərin təzə qayırdıqları şeylərə baxırıq. Elə baxırıq, elə bil ki, göydən ağzımıza yağlı əppək düşəcək. Və yağlı əppək isə düşmək bilmir. Bizimkilər oxumağı ancaq toyda, şənlikdə əlinə mikrafon götürüb səs çıxarmaqda görürlər. Yəni əlinə mikrafon götür, düş toyların canına. Və yaxşı da pul qazan…

… Bir dəfə Molla Nəsrəddin şahın hüzuruna çağırılır. Molla şaha deyir ki, padşah-aləm sağ olsun, məmləkətimizdə o qədər oxuyan var ki, o günü hamama getmişdim, mən də oxudum. Çox qəşəng səsim var. İstəyirsiniz, bir ağız oxuyum, qulaq asın! Şah da deyir ki, oxu görüm, səsin necədi? Molla o yan- bu yana baxır və deyir:

- Padşah-aləm sağ olsun, gərək mən hamamda oxuyam. Çünki hamamda səsim daha yaxşı alınır.
Padşah gülümsəyir və dillənir:

- A kişi, nə hamam-zad salmısan. Hamam olmasın, bir tuluğ olsun. Tuluğda da su olacaq. Başını salarsan tuluğa, başlayarsan oxumağa. Bax, onda görəcəm səsin var, ya yox.
İki daşın arasında tuluğu hazırlayırlar, gətirirlər padşahın hüzuruna. Padşah üzünü mollaya tutaraq:

- İndi oxu görüm, necə oxuyursan?!
Molla başını tuluğa salır, qəribə səslər çıxarır. Şah bundan əsəbləşir:

- Buna oxumaq deyirsən? Sənin səsindən qarğanın səsi daha yaxşıdır.
Cəlladı çağırır və əmr edir:

- Tuluğun suyu qutarana qədər mollanı şallaqla döyərsiniz.
Mollanı soyundururlar və şallağı tuluğa salıb onu şallaqlayırlar. Hər şallaq vurulanda molla deyir ki, Allah, sənə şükür!
Şah bundan təəccüblənir və soruşur:

- A kişi, belin şallaqdan yara olub. Nəyə görə Allaha şükür eləyirsən?
Molla ufuldaya-ufuldaya:

- Padşah-aləm sağ olsun, deyirəm ki, tuluğun suyu tezliklə qurtaracaq. Amma hamamda oxusaydım və qarğa səsi kimi səsim çıxsaydı, çətin ki, bu şallaqdan canım qurtaracaqdı. Çünki tuluğun suyu qurtaracaq, hamamın suyu isə qurtaran deyil.

Şah gülümsəyir və mollaya deyir ki, get, bir də belə qələt eləmə!

Amma bizdə çox təəssüf ki, belə deyil. Görünür, səsi və istedadı olmayan müğənnini, şairi də bax, bu cür şallaqlamaq lazımdır ki, gedib bacardığı işlə məşğul olsun! Buna baxan kimdi? Bir də görürsən ki, heç kimin tanımadığı bir toy müğənnisi beş-on manat pul qazanıb düşdü televiziya kanallarının canına. Ora pul verdi, bura pul verdi, özünü reklam elədi, tanındı. Fonoqramayla əməlli-başlı şan-şöhrət qazandı, o toya, bu toya gedib yaxşı pul əldə elədi və qiyməti də qalxıb durdu göyün yeddinci qatında. Axı kişinin oğlu televiziyalardan düşmür. Və avam camaat da müğənnini səsinə görə yox, televizorlarda görsənməyinə görə, tanıyırlar.

Başqa millətlər həkim olur, mühəndis olur, sürücü olur, lap pinəçi olmağa can atır. Bizimkilərin isə əksəriyyəti ya müğənni olmaq istəyir, ya da şair. Yaxşı, bu müğənni olmağı anlamaq olur. Çünki müğənni olub televiziya kanallarında özünü reklam edirsən, tanınırsan və yaxşı da pul qazanırsan. Bəs bu şair olmağa can atanlar nə düşünürlər? Şeirləri bir qəpiyə dəyməyən, bəzən ildə beş-altı kitab çap etdirən insanlara nə olub? Axı o özü də bilir ki, yazdığı şeir deyil, söz yığınıdı. Böyük Üzeyir bəyin adını unutduğum bir felyetonu yadıma düşür. Felyetonun məğzi ondan ibarətdir ki, redaksiyaya məktub göndərirlər və məktubu da açanda görürlər ki, içərisindən şeir çıxdı. O şeir şeirdən də çox cəfəngiyyata, söz yığımına bənzəyir. Redaksiyadakılar şeiri oxuyanda digər bir yazar o şeirin arxasını özü deyir və qafiyəsini də tapır. Axırda bu nəticəyə gəlirlər ki, belə şeiri hamı yaza bilər. Çünki şeir şeirdən çox qafiyəbazlığa xidmət eləyir.

Elə bu günün özündə də nə qədər desən, belə şeirlər tapmaq olur. Əgər ona şeir demək mümkünsə. Dəfələrlə yazılarımda qeyd eləmişəm ki, ömrüm boyu bir misra da şeir yazmamışam. Heç şeir yazmaq da istəmirəm. Çünki şeiri yazmırlar, o, Allah-Təala tərəfindən hər hansı yaradıcı şəxsə ötürülən bir gözəl kəlamdır. Yəni hamının və çox insanın obrazlı dildə deyə bilmədiyini həmin şair poetik bir formada oxucuya çatdırır.

Yaxın dostlarımdan biri dedi ki, bir jurnalist dostumuz var, hər gün sosial şəbəkədə şeir yazır. Mən də soruşdum ki, ay qardaş, axı o indiyə qədər bir sətir də şeir yazmayıb. İndi nə oldu ki, birdən-birə həmin adam dönüb oldu şair. Özü də bu şəxs yaxşı juranlistdir. Maraqlı məqalələri, publisist yazıları var. Ancaq ərinməyib onun yazdığı bir neçə şeirə diqqət yetirdim. Gördüm ki, vallah, bu şeir deyil, söz yığınıdı.

Yenə yadıma universitetdə oxuduğumuz vaxt bizim gözəl müəllimimiz olmuş rəhmətlik Aydın Əbilovun bu sözləri düşdü: «Mən şeiri çox şairlərdən daha yaxşı duyuram. Onun texnikasını da bilirəm, ölüçüsünü də, qafiyəsini də. Ancaq durub şeir yazsam, hamı mənə gülər. Çünki şeiri oxuyanda insan düşünməli, dünyanı dərindən dərk etməlidi. Bax, düşündürən şeir əsil poeziya nümunəsi sayıla bilər».
Aydın müəllim sağ olsaydı, bugünkü şeirləri oxuyub ürəyi partlayardı. Çünki indi heç bir istedadı, savadı olmayan cızma-qaraçılar həftə səkkiz, mən doqquz şeirlər kitabı çap etdirirlər. Əgər ona şeir demək mümkünsə. Bir dəfə bir xanım şairə vardı, mənə yaxınlaşdı, onuncu kitabı haqqında ürək sözlərimi yazmağımı istədi. Mən də o kitabı vərəqlədim, içrəisindən bir poetik misra tapa bilmədim. Düzdü, yazı yazdım, amma bir kəlmə də şeirləri haqqında xoş söz demədim. Bir az özü haqqında danışdım, bir az babası haqqında, bir az da nənəsi haqqında. Yazı çıxandan sonra xanım məndən küsdü və bir daha salam vermədi. Özü bilər, mən durub yalandan deyə bilmərəm ki, bu şeirdi və burda gözəl fikirlər var.

Ürək ağrısıyla deməliyəm ki, bu gün çox tanınmış alimlər, filoloqlar, ədəbiyyatşünaslar və hətta professorlar söz yığımından ibarət şeirlər haqqında elə fikirlər işlədirlər ki, şəxsən mənim ətim tökülür. Məsələn, onlar Füzuli, Nizami, Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadəyə deyilən sözləri həmin dırnaqarası şairlərə şamil edirlər. Bax, onda bu məqalələri, resenziyaları oxuyan adamların ürəyi partlamasın, neyləsin. Çünki o məqalələrdən, o resenziyalardan kabab, araq və pul iyi gəlir.

Bax, biz çox vaxt öz qeyri-obyektivliyimizdən, ya da səhlankarlığımızdan əsl poeziya təmsilçilərilə çızmaqaraçıları tərəzinin bir gözünə qoyuruq. Bəzən də bu cızmaqaraçıların tərifini göyün yeddinci qatına qaldırırıq. Yadıma yenə «Müsyo Jordan Dərvişi Məstəli Şah» düşür. Orda Dərviş digər dostuna deyir ki, Allah evini yıxsın, adam bu qədər də barıt qoyar? Bax, bizim ədəbiyyatşünaslar da bəzən layiq olmayan cızmaqarçını elə tərifləyirlər ki, adamın gözü kəlləsinə çıxır. Yəni barıtını çox eləyirlər. Bəlkə bu barədə düşünək?!


TƏQVİM / ARXİV