adalet.az header logo
  • Bakı 7°C
18 Noyabr 2018 15:11
5230
GÜNDƏM
A- A+

Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir

Noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyi və üzvləri, həmçinin bəzi digər siyasi təşkilatların bir qrup fəalı Şəhidlər xiyabanında Milli Dirçəliş Günü ilə əlaqədar sanksiyalaşdırılmamış yürüş-mitinq keçirməyə cəhd göstərib. Məlum olduğu kimi, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yerlərdə, o cümlədən rəsmi protokol tədbirlərinin təşkil olunduğu məkanlarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanksiyalaşdırılmamış hər hansı kütləvi tədbirin keçirilməsi qadağandır. Lakin qanunla qadağan olunmasına və müvafiq xəbərdarlığa baxmayaraq, yuxarıda qeyd olunmuş qurumların rəhbərlərinin təşkilatçılığı və bilavasitə iştirakı ilə bir qrup fəal Şəhidlər xiyabanı ərazisinə keçməyə və siyasi aksiya keçirməyə cəhd göstərib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi bildirib ki, aksiya iştirakçıları qanunsuz kütləvi tədbirin qarşısını almağa çalışan hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərinə məhəl qoymayıb, hətta polis işçilərinə müqavimət göstəriblər.

Nəticədə aksiya iştirakçılarından 52 nəfər saxlanılıb və Səbail Rayon Polis İdarəsinə aparılıb. Məsələ araşdırıldıqdan sonra aksiya iştirakçılarının 41 nəfəri xəbərdarlıq olunmaqla sərbəst buraxılıb. Tədbirin təşkilatçıları və əsas fəalları olan 11 nəfər barəsində toplanılmış materialların baxılması üçün məhkəməyə təqdim olunması qərara alınıb.

"Təəssüflə bildirmək istərdim ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə məsələ ilə bağlı dəqiqləşdirilməmiş, qeyri-obyektiv və birtərəfli məlumat yayılıb, məsələ yanlış şəkildə insan hüquq və azadlıqlarının, o cümlədən sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib.

Bir daha təkrar edirəm ki, hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”, - deyə Əli Həsənov qeyd edib.