adalet.az header logo
  • Bakı 7°C
17 Noyabr 2018 18:14
16622
DÜNYA
A- A+

Gürcüstanın maliyyə naziri Bakıda səfərdədir

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verillən məlumata görə, Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə Ş.Mustafayev ölkələrimizi tarixi dostluq, mehriban qonşuluq əlaqələrinin birləşdirdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, 1997-ci ildə strateji tərəfdaşlıq haqqında Sazişin imzalandığını vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən olan ticarət əlaqələri inkişaf edir. O diqqətə çatdırıb ki, 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 mln. dollar olub, ixrac 13% artıb: "2018-ci ilin yanvar-sentyabr aylarında isə ölkələrimiz arasında ticarət dövriyyəsi 450 mln. dollar təşkil edib və ixrac 8% artıb. 1995-2018-ci illərdə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 mln. dollar, Azərbaycan isə Gürcüstana 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. İş adamlarının iştirakı ilə mütəmadi birgə biznes forumlar, işgüzar görüşlər və digər tədbirlər keçirilir”.

O bildirib ki, enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığa gəlincə, Ş.Mustafayev Baki-Tbilisi-Qars dəmir yolunun xüsusi əhəmiyyətini vurğulayıb, Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair bu ilin əvvəlində Çində təqdimatların keçirildiyini xatırladıb, belə bir təqdimatın Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

İqtisadiyyat naziri Azərbaycan üzərindən keçməklə yükdaşımaların artırılmasına, nəqliyyat-tranzit, turizm, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bildirib.

İ.Maçavariani ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərini, iqtisadi sahədə əlaqələrin inkişafını, beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələrində ölkələrimizin əməkdaşlığını vurğulayıb.

Azərbaycan və Gürcüstanın iştirakı ilə "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nə dair daha bir təqdimatın keçirilməsinin regionun nəqliyyat-tranzit potensialının təbliği baxımdan önəmli olacağını qeyd edən İ.Maçavariani ölkəsinin Azərbaycanla enerji, nəqliyyat-tranzit sahələri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığının genişdirilməsində maraqlı olduğunu qeyd edib və SOCAR-ın Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə maliyyə, nəqliyyat-tranzit, gömrük, vergilər sahələrində əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun təşkilinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.