ƏJDƏR iBRAHiMOVA QADAğAMI QOYULUB?!

AQİL ABBAS
32529 | 2008-01-30 00:52
Qəzetimizdə Elnur Astanbəylinin kinomuzla bağlı bir yazısını oxudum. Bu cavanlar bir az hikkəlidilər, bir az çox xunveybindilər, yazanda bütün acıqlarını ortaya tökürlər. Haçansa biz də elə olmuşuq. Amma o vaxt mətbuat olmadığına görə biz hirsimiz-hikkəmizi çayxanalarda tökürdük. Ona görə də bizi döyən-söyən də az idi. Bunların bəxtinə demokratik bir ölkə düşüb, qəzet bolluğu düşüb, ürəklərini istədiyi kimi boşalda bilirlər. Təbii ki, onda döyən-söyən də çox olur. Çox təəssüf ki, bu istedadalı uşaqlar bəzən həddi aşırlar, görünür ya diqqəti özlərinə çəkmək istəyirlər, ya da istedadlarının qiymətini ala bilmirlər. Mənə elə gəlir ki, daha çox ikincidi. Yəni bu gün Azərbaycanın ən böyük yazıçısından tutmuş, şairindən tutmuş (üç-dörd nəfər istisna olmaqla) ən kiçik yazıçısına qədər, şairinə qədər (yəni söhbət qələm əhlindən gedir) öz istedadlarının müqabilində normal yaşaya bilmirlər.
   
   Mən Azərbaycanın çox görkəmli bir şairinin ailə üzvüyəm və onun Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələnədək necə bir ehtiyac içində yaşadığının şahidi olmuşam. Yəni Seymur Baycan qəzetdə müsahibə verəndə, deyəndə ki, Namiq Qaraçuxurludan xahiş edirəm köhnə paltarlarını mənə göndərsin, burda bir acı həqiqət də var. Yəni belə gənclər qılınclarını sıyırırlar, hamıdan acıq çıxmaq istəyirlər. Nəticədə istedadalarını mənasız qalmaqallara sərf edirlər. Adamın bu gənclərə də, onların istedadlarına da heyfi gəlir.
   
   Televiziyalarımızın ədəbiyyata, xüsusən gənc yazarlara bir ayda ayırdığı vaxt orta səviyyəli bir müğənniyə ayırdığı vaxtdan azdı. Bu dəqiqə cəmiyyəti televiziyalar tərbiyə edir. Hətta müəllimlərin də bu məsələdə gücü zəifdi və televiziya kanalları da bizi incəsənətdən, ədəbiyyatdan, mədəniyyətdən qoparıb salıb şounun içinə. Doğrudanmı, telekanallarımız həftədə bir ara müğənnisinə otuz saat, qırx saat, bəlkə daha çox yer ayıra bildiyi halda, ədəbiyyatımıza, xüsusən gənc yazarlara heç olmasa bir saat, iki saat yer ayıra bilmir.
   
   Biz cavan olanda gənc yazarların çoxu Azərbayca Dövlət Televiziya və Radio Komitəsindən aldıqları qonorarların hesabına yaşayırdılar. Görəsən indi kanallarımız qonorar verir?!
   
   Söhbətimin mövzusu bu deyil. Sadəcə olaraq Elnur Astanbəylinin yazısını oxudum, çoxdandı demək istədiyim bir fikri yazmaq qərarına gəldim, o da gənc və istedadlı bir oğlandı, ona görə də gənclər haqqında bir-iki söz dedim. Elnurun yazısında razılaşdığım məqamlar da var və razılaşmadığım məqamlar da var, bir az barıtını çox eləyib. Yəni Azərbaycanda filmlər də çəkilir, rejissorlar da var. Elə Elnurun bəyənmədiyi "Axırıncı aşırım" filmi həm rejissor işi baxımından, həm də aktyor oyunu baxımından mükəmməl bir filmdi. O elə düşünsün, mən də belə.
   
   Məsələ nədi? Çox yaxşıdı ki, kanallarımız Azərbaycan filmlərini nümayiş etdirirlər. Yaxşıdı, pisdi bu bizim filmlərdi. Və bu film hansı zamanda çəkilib, filmdə qoyulan ideya nəyə xidmət edir? 70 illik tarixin üstündən xətt çəkmək olmaz, nə də 70 illik ədəbiyyatın üstündən xətt çəkmək olmaz. Bunlar bizimdir. Lap şikəstdilər, şikəst övladımızı çölə atmayacağıq ki! Və bunların içində (söhbət həm kinodan gedir, həm ədəbiyyatdan) dünya səviyyəsinə çıxara biləcəyimiz əsərlərimiz, incilərimiz də var.
   
   Bəli, Azərbaycan filmlərini verirlər. Görürsən etiraz edənlər var, əşi, burda Müsavata söyürlər, burda keçmişimizi baltalayırlar, nə bilim, bu filmin operatoru erməni olub və ya kim olub. Qardaşım, bu gün də maraqla baxdığınız və bu gün də bizi kövrəldən "Onu bağışlamaq olarmı?" filmini yandıraqmı ki, burda erməni oynayıb?! Nə isə bu da bir müzakirə mövzusudu.
   
   Bəli bu gün "Azərbaycanfilm"in istehsal etdiyi bütün filmlər nümayiş etdirilir. Məsələn, o gün "Səhər"i verirdilər. Maraqla da baxdım. Orda da Şaumyan ön plandadı, Əzizbəyov da həmişəki kimi onun arxasında dayanıb. Niyə "Səhər"i misal çəkdim, indi bilərsiniz.
   
   Azərbaycanda çox qüdrətli bir rejissor olub - Əjdər İbrahimov. Onun filmlərində olan sətiraltı mənalar, sətiraltı detallar, bəlkə də heç bir sovet rejissorunun filmlərində olmayıb. Və filmlər təkcə bu sətiraltı mənalarla, sətiraltı detallarla məhdudlaşmayıb, ideya baxımından da heç sovet realizminə qulluq etməyib. Amma nədənsə Əjdər İbrahimovun filmləri nümayiş etdirilmir. Niyə?! Bəlkə Əjdər İbrahimovun filmlərinə qadağa qoyulub?!
   
   Bu gün hamımız Zeynalabdin Tağıyevi yazırıq, deyirik, bu gün nənəm də yazar. Amma nə vaxtsa nənələrimizin yox ey, dədələrimizin belə yaza bilmədiyini, deyə bilmədiyini "Ulduzlar sönmür" filmində Əjdər İbrahimov deməmişdi ey, sovet ideologiyasının gözünə soxmuşdu. Lenini başımızda gəzdirdiyimiz vaxt Əjdər İbrahimov Lenini Zeynalabdin Tağıyevin ayaqları altına atmışdı. Və Tağıyev ayağının altında Lenini Nərimanova göstərib deyir ki, mənim bu adda nə şərikim olub, nə də bu kişiyə borcum yoxdu.
   
   Bütün sovet mətbuatı Şaumyanın oğlunun fitvası ilə Nəriman Nərimanovun əleyhinə kampaniya aparanda, Nəriman Nərimanovu sovet hökumətinin düşməni elan edəndə Əjdər İbrahimov Azərbaycan xalqının görkəmli oğlu Nəriman Nərimanov haqqında elə bir monumental film çəkdi. Düzdür, bu da bir faktdır ki, bütün təzyiqlərə baxmayaraq, Bakıda Nəriman Nərimanovun heykəlini ucaldan, hətta Leninin doğulduğu şəhərdə (o şəhərdə Lenindən başqa heç kəsin abidəsi yox idi) Nərimanovun büstünü ucaldan Ulu öndər Heydər Əliyevin əli Əjdər İbrahimovun kürəyində olub. Heydər Əliyevin əli çox adamın kürəyində olub, çox rejissorun kürəyində olub, amma onlar "Ulduzlar sönmür" filmini çəkə bilməyiblər.
   
   "26 Bakı Komissarı". Bu da Əjdər İbrahimovun gözəl, qeyri-adi əsərlərindən biridi. Elə bugünki günümüzdür. Mən bir dəfə qəzetdə bu filmdən yaddaşımda qalan epizodları vermişdim və elə acı həqiqətlərdi ki, indi də bir batman balla yesək xeyri yoxdu.
   
   Bu filmlər hardadı? Bu filmlər niyə nümayiş etdirilmir? Bu filmlər bəlkə "Səhər", "İldırım dənizdən çaxır", nə bilim daha hansı filmlərdən əskik filmlərdi?! Bəlkə bu filmlərə qadağa qoyulub xəbərimiz yoxdu?!
   
   Deyilənə görə, "Ulduzlar sönmür" filminin bir nüsxəsi bizdədi, yəni Bakıdadı. Amma görkəmli yazıçımız İsa Hüseynov bu filmin başına sonradan nə oyun açıbsa, bunu eşidən Əjdər İbrahimov ürək xəstəliyi tapıb. Hətta Əjdər İbrahimov müsahibələrinin birində demişdi ki, mən bu filmə baxanda şoka düşdüm. Yəni bizdə olan nüsxə adam arasına çıxarılası deyil. Amma bu film yəqin ki, Moskvada arxivdə durur. Gedib onu alıb gətirmək o qədərmi çətindi?! Axı bu film bizim mədəniyyətimizin bir göstərgəsidir.
   
   Televiziya kanallarımızın hörmətli rəhbərlərinə üz tuturuq. "Ulduzlar sönmür" də, "26 Bakı Komissarları" da Azərbaycan kino mədəniyyətinin nadir incilərindəndir. Çox xahiş edirik bu filmlərə də yer ayırasınız!
   
   P.S. Onu da qeyd edək ki, Əjdər İbrahimov Vyetnamda kino mədəniyyətinin banisdir. Bundan başqa, Sovet İttifaqında türklərlə birgə film çəkən ilk rejissordur: "Məhəbbətim mənim, kədərim mənim". Sözgəlişi, bu film də nümayiş etdirilmir. Günün lətifəsi də Əjdər İbrahimovla bağlıdır.
   
   
   
   

TƏQVİM / ARXİV