ÜRƏK QOCALMAYIB

11011 | 2018-11-17 09:46
Səksən beş yaşı tamam olur Əziz Kərimin. Lənkəranın Türkəkəran kəndində yaşayan bu qocaman şairi təkcə doğulduğu rayonda deyil, yurdumuzun başqa bölgələrində də tanıyan çoxdu. Təsərrüfatla, məişət məsələləri ilə, ailə qayğıları ilə yüklənsə də, yazı-pozudan qalmır, indiyə qədər iyirniyə yaxın şeir, nəsr kitabları çap olunub. Yaradıcılıq həvəsi bəlkə onu cavan saxlayıb, hər gün yazı masasının arxasındadır. Bir ürəyidir, bir də özü:

Səni ki, özümə pənah bilirəm,
Arzular eşqinə çalış, ürəyim.
Neçə fitnələrə sinə gərirəm,
Ömrümə yanmağa alış, ürəyim.
Yurdunda kişinin yaşayar adı,
Sənə yurd verəcək mətləb-muradı.
Şeirdir, sənətdir qolu-qanadı,
Şeir dünyasına qarış, ürəyim.

Əziz Kərim poeziyanın bütün janrlarında qələmini sınayıb-qoşmaları, gəraylıları, təcnisləri, bayatıları, dördlükləri, rübailəri, məsnəviləri, ustadnamələri, qəzəlləri, sonetləri, uşaq şeirləri-hamısında da çalışır ki, nəsə təzə söz deyə bilsin. Mövzuları da müxtəlifdir- Azərbaycanı tərənnüm edir, dostluqdan, insana xas olan ən gözəl keyfiyyətlərdən söz açır, ata-anasına da, nəvələrinə də. doğulduğu kəndə, onun təbiətinə, dağlarına nə qədər şeir həsr edib. Kəndindən bir az uzaqlaşan kimi "Kövrək qəlbim odlanır, Sən yadıma düşəndə" deyir. Hiss olunur ki, Əziz Kərim klassik ədəbiyyat, zəngin xalq yaradıcılığına yaxşı bələddir. Onun şeirlərində yaşından irəli gələn ağsaqqal sözü, öyüd-nəsihət ruhu da məhz ustadlardan görüb-götürməkdir.

Bu dünya malına uyma ay Əziz,
Zəhmətdən yorulma, doyma ay Əziz.
Həmişə halaldan al öz payını,
Haramı yaxına qoyma ay Əziz.

Əziz Kərimin çörəyə aid yüzdən çox şeiri var. Rübailərinin böyük bir qismi çörəyə həsr olunub.

Çörəksiz bu dünya zülmətdən qara,
Çörəksiz ömrümə vurmayın yara.
Çörəksiz dünyanın gələcək sonu,
Çörəklə dostunu çəkmə sən dara.

Şərabdan uzaq durr, meydən kənar gəz,
Heç kəsə ikinci ömür verilməz.
İnsanın həqiqət yolu çörəkdir,
Ona yaranmayıb başqa bir əvəz.

Əziz Kərimin bu yaşında da sevgilən, məhəbbətdən yazmağı qətiyyən təəccüblü deyil. İnsanın özü və bədəni qocalır, amma sevgisi qocalmır.Bu şeirlərdə hicran əzabları da var, vüsal həsrəti də, gözəlin və gözəlliyin tərənnümü də.

Mən gedirəm, nazlı nigar,
Unui məni-
Unutmadı.

Kövrək qəlbi talan etdim,
Təmiz eşqi yalan etdim.
Ona miy ol unut dedim,
Unutmadı.

Əziz Kərim həm də təbiət aşiqidir. Şeirlərində də təbiətin səsi gəlir-ağacların, çiçəklərin, güllərin, bulaqların, dağların səsi.

Dağa qalxdım bahzar çağı,
Güllər mənə salam,-dedi.
Bənövşənin incə tağı,
Mən də hələ varam,-dedi.
Yaşıl otlar qalxdı üzə,
Qızıl lalə döndü közə.
Göy çəməni gəzə-gəzə,
Çəmən:-0qadan allam,-dedi.

Başqa bir şeirində:

Deyirsən dağlara qar yağır yaman,
Zirvələr görünür qar dənizindən.
Bilmirəm nə sən darıxırsan
Ana təbiətin gözəlliyindən.

Dağlara qar yağır, qar yağsa əgər,
Görünər gözümə geniş səma tək.
Sən qorx ki tökülə qara buludlar,
Zirvəni buluddan görə bilməyək.
Bu yaşda gözəli,gözəlliyi, vüsal-hicran məqamlarını belə ürəklə, içdən gələn bir duyğuyla ki şeirə çəkir, burada hər şey eşqin, o ali hissin təımizliyi, müqəddəsliyi həmişə diriliyi, saflığı əsasdı. "Pak-təmizdir mənim yolum, Dirildəcək bu eşq məni. Yaşamaram əsla sənsiz, Dirildəcək bu eşq məni".
Əziz Kərim üçün bütün hisslərdən, duyğulardan ən önəmlisi onun Vətəninə sonsuz məhəbbətidir. "Adına bağlıdır mənim hər anım, Sənsiz yaşamaram, Azərbaycanım".
Əziz Kərimin "Yeddi oğul gözlərəm" romanından söz açmaq istəyirəm. Onun nəsr dili öz təbiiliyi, danışıq dilinə yaxınlığı ilə seçilir. Təbii ki ədəbi dil normalarına əməl edir, hər bir obrazın düşüncə tərzini, xarakterini nəzərə alır. Roman Sovet hakimiyyətinin ilk onilliklərində və Böyük Vətən müharibəsi illərində Azərbaycanın bir kəndində baş verən hadisələrdən söz açır.
Romanın əsas qəhrəmanı İbrahim babadır. "O ağır müharibə illərində İbrahim baba olmasaydı, kəndin körpələri, uşaqları, qocaları-hamısı qırılacaqdı. O müharibə illərində İbrahim babanın yaşı doxsanı haqlamışdı. Ancaq saç-saqqalı hələ tamam ağarmamışdı"-bu, ilk təəssüratdır. Roman boyu bu el ağsaqqalının keçdiyi ömür yolunu vərəqləyir, onun o ağır günlərdə insanlara doğru yol-həqiqət, ədalət yolu çağırışlarını eşidirik. "İbrahim babanın atası Mir Abbas kişinin tək bircə oblu vardı. O da İbrahimdi. İbrahim elə uşaqlıqdan zirək və zehinli uşaqdı. Mollaxanada mollalar onun əlindən sinifə girə bilmirdilər. O, "Qurani Kərim"i əzbər bilir, bütün ayələri açırmış. Əslinə qalsa, İbrahimin mollalığa əslə həvəsi yoxdu. Onunki əzəldən torpaqla əlləşmək idi. Hələ atasının sağlığında təsərrüfatçılıqda böyük hörmət sahibi olmuşdu. Cavanlıqdan hamıya əl tutar, pay verərmiş".Əlbəttə, müəllif İbrahim babanı təkcə təsərrüfatçı kimi təsvir etmir, onun yaşadığı həyata, mühitə, cəmiyyətə münasibətini də unutmur. "Belə də hökumət olar? Hər il hökumət qurarlar? İsraha gün xan-bəylərin mal-mülkünü yığdılar. Biri gəldi dedi bərabərlik yaradırıq. Xalxın mülkünü aralarında böldülər, indii də deyirlər biz fəhlə-kəndli hökuməti yaradırıq. Gərək hamı bir işləsin, bir yesin. O adam ki, işləmir, onu gücnən gərək işlədək. İnd idə Şura hökuməti yaradıblar. Deyirlər, kimlər indiyə qədər həlak oluğlar, onlar xalq düşmənləridir. A bala, onlar da xalqçün, birlikçün, bərabərlikçün vuruşublar"- burada İbrahim babanın açıq-aşkar Şura hökumətinə, onun qayda-qanunlarına etirazı duyulur. Romanın sonrakı fəsillərində görəcəyik ki, hətta müharibə illərində də yerli hakimiyyət adamları İbrahim baba kimi namuslu insanları, el ağsaqqalarını incidir, onlara maddi və mənəvi işgəncədən çəkinmirlər. Guya İbrahimin həyətində olan heyvanların sayı kolxozdakından çoxdur. Nəzərə almırlar ki, bu adam vaxtilə mal-dövlətini Şura hökumətinə bağışlayıb, özü də kolxoza yazılıb. O, kənddə böyük hörmət sahibidir, adı çəkiləndə yerdə qan bağlanır., bir əli kasıb-kusuba tərəf uzanıb, qapısı hamının üzünə açıqdır, neçə-neçə k5asıblara heyvan paylayıb. Hər il hökumətə yüz kilo yağ, iki yüz kilo şor, min ədəd yumurta verir. İbrahimin dörd oğlu cəğhədə vuruşur, ikisi qəhrəmanlıqla şəhid olub. Üç oğlu da gedəcək döyüş meydanına. Yaxşı ki, Bahar kimi mənfi xislətli adamlarla yanaşı, haqqı-ədaləti müdafiə edənlər də varmış... İbrahim babanın özünün isə yeddi oğlu var və müharibə başlananda onların hamısı yetkinlik yaşlarına çatmışdılar. Müəllif bu oğlanların hər birinin fərdi xüsusiyyətlərini nəzərə çarpdırmağa çalışır. Böyük oblu Yavərə ilk çağırış vərəqəsi gəlir. İbrahim babanın ürəyindən keçir ki, hələ kağızı Yavərə verməsin, amma komissarlığın həyətində gördüyü mənzərə onu bu fikrindən daşındırır. Bütün cavanlarda Vətəni qorumaq eşqini görür.
İbrahim baba eşidəndə ki, iki oğlu Yaşarla Oktay da sevdalıdılar, onların da könlünü qırmır, atalıq vəzifəsini yerinə yetirib elçiliyə gedir, Oqtayla Fəxriyyəni, Yaşarla Zülfünazı sevindirir. Bu elçilik prosesini Əziz Kərim bütün təfərrüatı ilə nəql edir, el adətinin bütün məqpmlarını təsvir edir.
Romanda obrazların bir-birilə münasibətlərini açıqlayan konfliktin şaxələri baş verən hadisələrin gərginliyindən irəli gəlir. Müəllif mənfi qüvvələrin güclü, Şər xislətini təsvir edir. Xüsusilə, Bahar deyilən qadın İbrahim babanı el içində biabır etmək üçün hər cür alçaqlığa əl atır. Və hamını inandırır.O, İbrahim babanın maskasını düzəldir, Gəlini Kəmalənin yorğanına hücum edir və Kəmalə də elə bilir ki, bu hala salan İbrahim babadır. Və bundan sonra İbrahim baba daşqalaq olunur, hamı ona tüpürür, məzarına daş atırlar. Beləliklə, namuslu bir insan, el ağsaqqalı ona qurulan fitnənin qurbanı olur.
Əlbəttə, beləı bir situasiya ilə razılaşmaq çətindir. Müəllif başqa yol da seçə bilərdi. Doğrudur, İbrahim babanın gxəlininə atılan böhtanın da yalan olduğu üzə çıxır. Amma İbrahim babaya böhtan atan onun məzarını daşqalaq edən adamlar cəzasız qalırlar.
Romanın sonuncu səhifəsində müəllif İbrahim babanı böhtan yükündən xilas edir, əsil həqiqəti üzə çıxarır. "Mən bir lopatka, bir külüng götürdüm, qəbiristanlığa gəldim. İbrahim babanın məzarı üstə mamır bağlamış daşları təmizləməyə başladım. Məni burda qan-tər içində gbörən hər kəs soruşurdu:-Əziz baba, sənin tək-tənha bu daş-qayayla nə işin?-Balalar, cavanlar, bilin, bu daş-qaya deyil. Hamının oduna yanan, hamıya əl tutan, hamıya çörək verən və cəbhəyə yeddi oğul göndərən, yeddi qəhrəman oğul atası İbrahim babanın məzarıdır. O vaxt məkrli, xain insanlar onu nahaqdan şəhid etdilər"- əlbəttə, gec də olsa, həqiqət üzə çıxır.
Əziz Kərimin 85 yaşı tamam olur və kənddə yaşayan, qaynar ədəbi mühitdən uzaq olan bu ağsaqqal söz adamına yaradıcılığında uğurlar arzulayaq. Söhbətimizi onun "Bilin" şeirindən bu dörd misra ilə bitirək:

Damarlarımda axan bu qanım
Babalardan axıub, gəlib mənəcən.
Olubdur şöhrətim, olubdur şanım,
Ürəyim, varlığım Vətəndir, Vətən.

TƏQVİM / ARXİV