adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Noyabr 2018 09:43
14298
ƏDƏBİYYAT
A- A+

ÖMRÜN İŞIQLI YOLLARI

Üç ayın söhbətidir. Səhərdən od ələyən günəş dağlar arxasına çəkilmişdi. İsti azca səhlimişdi. Tələbə nəvələrim Bakıdan qayıtmışdılar, çay süfrəsində şirin söhbət başlanmışdı. Onları dinlədikcə ürəyim dağa dönür, təhsil uğurlarına sevinirdim. Telefon zəng çaldı. Dəstəyi oğlan nəvəm qaldırdı. Üzünü mənə tutub "baba, sizi istəyirlər"- dedi. Dəstəyi alıb qulaq asdım, ancaq səs mənə tanış gəlmədi. " Ay Ruhulla babanın yadigarı, səhhətin necədir?" soruşanda bildim ki, telefonun o başından gələn bu şirin səs həmkəndlilərimdən biridir.
-Danışan Məşədi Camal kişinin oğlu Hacı Balaşdır. İki gündür dostun Mürvət müəllimlə Kəlvəzdə qonağıq. Anamın məzarını ziyarətə gəlmişəm, köməyinə ehtiyacım var. Deyirlər, sərhədçilər sözündən çıxmazlar. İcazə alıb qərib məzarlara səcdəyə gedək, üzümüzü doğulduğumuz torpağa qoyaq.
Söhbət məni yaman kövrəltdi. Uşaqlığım yada düşdü. Kəklikli qayalar, yemlikli gədiklər, yovşanlı yamaclar, sərin sulu bulaqlar, Qalınağaclıqdakı kəhriz, meyvələrini cağala olanda dərib yediyimiz ərik bağları, Sahal dağından yığdığımız gəvən kolları, quzu otardığımız yerlər gözlərim önünə gəldi. İndi bunlar həzin bir xatirəyə çevrilib.
Kəndimizin torpaqları az olsa da, bərəkətliydi. Taxıl, mərci əkilirdi, çuğundur, kartof, kələm becərilirdi. İl xoş keçəndə bağların əriyini, alçasını yığıb yığışdırmaqla qurtarmazdı. Qonşu kəndlərin əkinçiləri yazlıq buğda, mərci toxumu almaq üçün bizim kolxoza üz tuturdular. Doğulduğum Təlbəyəğ kəndi Zuvand mahalında ağsaqqalları, sənətkarları, mərd övladları ilə tanınırdı. Mühasib Zəkulla qağa, dərzi Yədulla əmi, dəllək Məşədi Camal, usta Quşu baba, çarvadar Əlican əmi, müəllim İbrahim və Mürsəl qardaşları, molla Zülfüqar, müharibə veteranı Əbdül dayı, ara həkimi Heydər kişi, kankan Hətəm baba el-obada hörmət sahibləri idilər. Onların sözü, məsləhətləri hər ailədə eşidilirdi. Bu qədim obada yaşadığım illərdə bir dəfə də olsun qonşu narazılığı eşitmədim. Xeyir-şər məclislərində bir-birinə əl tutmaq, arxa olmaq ənənəyə çevrilmişdi. Günəş ətrafa nur saçanda kənd əhli bir nəfər kimi iş başında olardı.

***
Dəllək Məşədi Camal əsil-nəcabətli kişi idi. Özünün dediyinə görə, babası Ərdəbildən köçüb Zuvanda gəlmişdi, Kəlvəz kəndində sakin olmuşdu. Camal əmi Mirzəxan babanın beş övladından ikincisiydi. Balacaboy, xoşxasiyyət, deyib-gülən, tabağındakı tikəni qonşuları ilə bölən əliaçıq adamdı. Dəlləkliyi atasından öyrənmişdi. Cavanlığında Xanımnənə xala ilə evlənib kəndimizdə qalmışdı. Hər ailədə, hər evdə hörmətlə qarşılanardı. Sənətkarlığına da söz ola bilməzdi. Kim qapısına getsəydi açıq ürəklə qarşılayıb yola salardı.
Camal əminin ilk övladı Reyhan adlı qız kiçik yaşlarında dünyasını dəyişmişdi. İkinci övladı Balaş məndən beş yaş, sonbeşik Mənsi isə üç yaş böyük idi. Bizim ev kəndin girəcəyində, Balaşgilinki qurtaracağındaydı. Həyətimizdə çox da böyük olmayan ərik bağı vardı. İlin isti günlərində ağacların altında oturub dincələrdik. Tay-tuşlarımdan Mürvət, Balağa, Azad, Sabir, Nəcəf də tez-tez bağa baş çəkərdilər.
Uşaqlığımız müharibə illərinə düşmüşdü. Yarıac, yarıtox dolanardıq. Atam tutulandan sonra vəziyyətimiz daha ağırlaşdı. Qışı ağ bezdən tikilən köynəklə, astarsız pencəklə çıxarardım. Anamın ayaqqabı almağa imkanı yoxdu, bir cüt qaloşla keçinərdim. Məktəbdən bir gün də qalmazdım. Qarda, yağışda Kəlvəzə kimi dörd kilometr yolu piyada gedib gələrdim.
Yaşça bizdən böyük olan Baloğlan, Yusubəli, Cəfər, Balaş, Barat, Türbət orta məktəbin yuxarı siniflərində oxuyurdular. Baloğlan həkimliyi, Yusubəli müəllimliyi, Cəfər mühəndisliyi seçdilər. Balaş kənd təsərrüfatı texnikumunu sonralar bitirib aqronum oldu. Həmyaşıdlarımdan bir neçəsi ailələri ilə Bakıya köçdü.
1949-cu ildə taxıl yığımı başa çatdı. Payız girəndə anam köçmək qərarına gəldi. Günlərin birində qonşular bizi yola salmağa gəldilər. Camal əmi də onların arasındaydı. Qapını qıfıllayıb yola düşəndə kişi boynumu qucaqlayıb "Allah əmanəti" dedi. Onun ağladığını ilk dəfə gördüm. Bizi kəhrizə kimi ötürdü.
Aradan uç il keçmişdi. Zuvand mahalının 33 kəndinin əhalisi aran rayonu Puşkinə (Biləsuvar) köçürüldü. Bizim kənddən 20 ailə Konstantinovka (İsmətli) kəndində yerləşdi.
Məşədi Camala iki otaqlı daşdan tikilmiş ev vermişdilər. Dağ yerində boya-başa çatan Balaşla Mənsi çətin günlər keçirirdilər. Səhərdən gün batana kimi istinin altında işləməli olurdular. Dözdülər, aranın iqliminə adaptasiya oldular. Halal zəhmətləri ilə ev-eşik tikdilər.1959-cu ildə yolum bu kəndə düşdü, həmyerlilərimlə görüşdüm, Camal əminin qonağı oldum. Gəlişimə, pedməktəbi bitirib müəllim işləməyimə sevinib əllərini ulu Tanrının dərgahına qaldırdı...

***
Sərhədçilər ata yurdumuza ziyarəti razılıqla qarşıladılar. Zastavada sənədlərimizi yoxladılar. Təlbəyəğ kəndində doğulduğumuzu şəxsiyyət vərəqələri təsdiqlədi. Zabitin müşayiəti ilə maşına əyləşib iki kilometr aralıdakı qədim və qərib məzarlığa yollandıq. Hacı Balaş "Fatihə" surəsini oxudu. Bir anlığa sükuta dalıb burada uyuyan əzizlərimizi yad etdik. Məşədi Mürvət "Yasin" surəsini başa çatdırdı. Dağlar qoynunda bu abidə tutduğu sahəyə görə Zuvand mahalında ən böyük məzarlıqdır. Bunu arxeoloqlar da təsdiq eləyiblər. Babamın qəbri başında dayananda şair dostum Vaqif Aslanın bu misraları yadıma düşdü:

Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatam-çatam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə
Ay yurdu-yuvası talan kişilər.

Öz -özümə düşünürəm: görünür məzarları uzun illər qəriblikdə qalıb yad edilmədiyinə görə babalarımızın, nənələrimizin ruhları bizdən inciyib. Ayrılıq salanınsa cəzasını Allah özü verdi. Xalqına dönük çıxıb o dünyaya üzüqara getdi.
Dağılmış kəndi ürək ağrısı ilə gəzdik, xarabalıqlara baxdıq, qurumuş ağaclar gördük. Bu yerin bəzəyi kəkliklər seyrəlib, bildirçinlərin, torağayların səsi daha gəlmir. Bircə yerində qalan dağlardır, dərələrdir, suyu qurumuş quyulardır, ot basmış yollardır. "Əlvida, doğma diyar" deyib geri döndük. Sərhədçilərə minnətdarlığımızı bildirib Kəlvəzə qayıtdıq.
***
Günorta namazından sonra Hacı Balaşın qohumları da görüşə gəldilər. Söz- sözü çəkdi, qonaq ayrılıq illərində keçdiyi həyat yolundan, şahidi olduğu hadisələrdən söhbət saldı. Dedi ki, dağdan köçüb gələnlərə ilk illər Biləsuvarda vəzifə etibar eləməzdilər, bizi kolxozçu kimi işlədərdilər. Zaman gücümüzü göstərdi. Rayon mərkəzindəki idarələrdə, kolxozlarda zuvandlılar rəhbər işlərdə yerlərini tutdular. Məni də taxılçılıq üzrə briqadır təyin elədilər. İlə yekun vuruldu. Kolxozda yüksək məhsul bizim briqadada götürülmüşdü. Mükafat aldım, medalla təltif olundum. Adım rayonda qabaqcıllar cərgəsinə düşdü.
Hacı Balaş söhbətinə ara verdi. Bir stəkan çay içib söhbətinin ardını davam etdirdi:- Bizim kolxozu qonşu Ağəyri kəndindəki Kirov adına kolxozla birləşdirdilər, rayonda iri təsərrüfatlardan biri oldu. 1958-ci ildə məni idarə heyətinin içlasına çağırdılar. Sədr Şahmur Paşayev pambıqçılıq üzrə briqadır işləməyi təklif elədi. Fikirləşməyə 2-3 gün vaxt istədim. Çünki bizim kəndin pambıq sahələri xeyli uzaqda, Salyan ərazisinin yaxınlığındakı Acı çöllüyündə idi. Gecə-gündüz tarlaları gəzib suvarma ilə məşğul olan adamlara nəzarət etmək lazım idi. Çətin də olsa razılıq verdim, mexanizatorları səfərbərliyə aldım. Becərmələri aqrotexniki müddətdə başa çatdırdıq. Yığımda maşınlara geniş meydan verdik. Briqadamız dövlətə pambıq təhvili planını birinci yerinə yetirdi.
İkinci il uğurlarımız daha yüksək oldu. Mərkəzi Komitənin birinci katibi İmam Mustafayev, şair Bəxtiyar Vahabzadə, "Sovet kəndi" qəzetinin müxbiri İsmayıl Dadaşov briqadanın pambıq sahəsinə gəldilər. Mexanizatorlarla görüşdülər, yığımın gedişindən razı qaldılar. Bir həftədən sonra qəzetdə haqqımda "Söyüdlü arx" oçerki dərc olundu. Müvəffəqiyyətimiz qiymətləndirildi, üç minik maşını verildu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundum. Kənd təsərrüfatı qabaqcıllarının respublika müşavirəsinə dəvət aldım.
Balaş Mirzəyev Rayon Partiya Komitəsinin katibi Kərəm Quliyevlə isti münasibətini də vurğuladı. Söylədi ki, müşavirələrdə, qabaqcıl zəhmət adamları ilə görüşlərdə işimdən danışardı, gənclərə nümunə göstərərdi. Lenin ordeninə təqdim etməyə söz vermişdi. Təəssüf ki, kiminsə təhriki ilə sözünün üstündə durmadı. Ona olan inamım itdi, münasibətlərimiz sərinləşdi.
Yetmişinci illərdə Balaş Mirzəyev kolxozun baş aqronomu vəzifəsinə irəli çəkilir. Təsərrüfat taxıl və pambıq satışına dair tapşırıqları rayonda birincilər sırasında yerinə yetirir. Qəbul məntəqəsinə 2800 ton əvəzinə 4200 ton "ağ qızıl" təhvil verilir. Kolxoz mükafatlandırılır, baş aqronoma da pay düşür.
Balaş Mirzəyev əmək veteranıdır. Zəngin təcrübəsini pambıqçılıqla məşğul olan fermerlərə həvəslə öyrədir, bol məhsul yetişdirməyin yolları barədə onlara məsləhət verir. Pambıqçılığın yenidən inkişafına hörmətli prezident İlham Əliyevin diqqət və qayğısını ürəkdən bəyənir.
Böyük bir nəslin xələfi olan, ata-baba ənənələrini yaşadan Balaş Mirzəyev mayası zəhmətlə yoğrulmuş ailənin başbilənidir. Bu ailədə 15 övlad boya-başa çatdırıb. Nəvələrinin, nəticələrinin, kötükcələrinin sayı 100 nəfərdən artıqdır. Onların sorağı respublikamızın şəhər və kəndlərindən, ölkəmizin sərhədlərindən uzaqlardan gəlir. Gərəkli peşələr seçiblər, insanlara şərəflə xidmət edirlər. Milli Orduda sərhədlərimizin keşiyində duranlar Ali Baş Komandanın əmrini gözləyirlər, torpaqlarımızı azad etməyə hazır dayanıblar.
Ötən ilin yazında Balaş Mirzəyevin yaxınları İsmətli kəndinə toplaşmışdılar. Veteran təzə kostyumlarını geyib orden və medallarını taxmışdı. 85 illik yubileyini qeyd etdilər, keçdiyi işıqlı yoldan danışdılar, şəninə şeirlər dedilər, təbrik məktublarını və teleqramları oxudular. Ona yurd yerindən dərilmiş güllər bağışladılar. Bu, eloğlumuzun həyatında birinci hadisə deyildi. Ömrünün 70 illiyi, 80 illiyi bu ailə üçün əsl bayrama çevrilmişdi. Itkilər də yada düşdü. Atasını, cavan qardaşını, cəfakeş ömür-gün dostunu, iki qızını torpağa tapşırmışdı.

***
Hacı Balaşı yola salırdıq. Dönüb bir daha əzəmətli Sahal dağına baxdı. Bu baxışlarda bir ümid vardı: doğma yurda qayıtmaq. Onu əmin elədim ki, bizə qismət olmasa da, o günü övladlarımız mütləq görəcəklər. Təlbəyəğə dönüb baba yurdunda gur ocaq yandıracaq, məzarlarda yatanların ruhlarını sevindirəcəklər.