adalet.az header logo
  • Bakı 17°C
17 Noyabr 2018 09:35
7297
GÜNDƏM
A- A+

SAĞ OL, TƏLƏBƏM!

Görkəmli şair-alim Elçin İsgəndərzadəyə məktub

Əzizim Elçin İsgəndərzadə!
Sənət adamları yaşa dolduqca ilkinlərdə görünməyən müxtəlif çalarlı "yubiley" sözləri onların həyatında yer almağa başlayır. Bundan qaçmaq, yan durmaq səmimiyyətə söykənmir. Zənnimcə, sənətçinin taleyində baş verənlər qələmində görünməlidir.
Bu ilin noyabrında iki özəl yubiley iki əl, iki qol kimi məni qucaqlayacaq. Birincisi ömür-gün yoldaşım, 6 əsərə bərabər 6 övladımın anası Şəfiqə xanımla ailə həyatı qurmağımızın 60 ili tamam olur. Və həmin ilə, həmin aya daha bir yubiley hadisəsi təsadüf edir. Bəli, söz verdiyin kimi, bu ilin noyabr ayında, ailə yubiley toplantısına bir-iki gün qalmış yeni kitabımı mənə - ədəbi müəlliminə çatdıracaqsan. Barışa meyilli olan "Savaş" adlı iri həcmli kitabım Sənin mənə 15-ci təmənnasız töhfəndir. 15 də dəyərli bir yubiley rəqəmidir. Sənin xeyirxah əməyini, ərməğanını nümayiş etdirən bu yubiley rəqəmi bizim "60" adlı ailə yubileyimizə qatılacaq, qovuşacaqdır. Bundan da qiymətli təbrik olarmı?!
Minnətdarlıq əlaməti olaraq Sənə ünvanlanan "Təşəkkürnamə" üzərində əvvəlcədən gəzişmələr edirdim. Nə deyim, necə deyim ki, təkrara yol verməyim. Elə bu ərəfədə sanki açıq səmada şimşək çaxdı. Sən Gəncəyə - müəlliminin ayağına ildırım sürətli gəlişinlə məni mat qoydun. Bir dəqiqə də olsa ləngimədən, evimə qonaq düşmədən şəhərdəcə özünün 5 cildlik kitabınla məni şərəfləndirib, "Hunday"ına bir "qamçı" vurub yenidən Bakıya qanadlandın. İsrarın heç nəyə gücü çatmadı. Fəaliyyətinə bələd olub Sənə "Cənab Tezlik" demişdim. Doğru olan qənaətimlə bir daha barışmalı oldum.
Müəllifin - Sənin 30 illik şaxəli yaradıcılığın bu beşcildlikdə öz əksini tapmışdı. Şagirdin müəlliminə töhfəsini əzizləyə-əzizləyə nəzərdən keçirdim. Cildlərin içlərinin sanbalı üzlərinin nəfisliyi ilə həmahənglik təşkil edirdi. Hər cild görkəmli bir imza sahibinin - xalq şairləri Məmməd Arazın, Nəriman Həsənzadənin, Zəlimxan Yaqubun, Əməkdar incəsənət xadimi Azər Turanın aparıcı sözləri ilə açılırdı. Qürur hissi duydum ki, mənim "Uzağa uçan söz arısı" adlı yazım ön söz kimi 4-cü cildə daxil edilmişdir. Kitabların beşinə də ünlü imza sahibi, professor, Millət vəkili Nizami Cəfərov redaktorluq etmişdir. Əzizim Elçin, bu möhtəşəm beşcildlik bir daha onu sübut edir ki, Sən ötəri bir söz adamı deyil, dünyanı dolaşan ədəbi peyklərdən birisən.
Beşcildliyin qəfil, həm də xoş gəlişi mənim üzərində iş apardığım "Təşəkkürnamə"mə fasilə verdi. Səbəb o idi ki, Sənin yazılarının cazibəsindən çıxmaq çətin idi.
Bu yerdə maraqlı bir hadisəni xatırladım. O vaxtlar orta nəslin nümayəndəsi sayılan yazıçı İsmayıl Şıxlının ədəbi hadisəyə çevrilən "Ayrılan yollar" romanı "Azərbaycan" jurnalında hissə-hissə çap olunurdu. Roman Azərbaycan kəndində baş verən hadisələrdən bəhs edirdi. Əsəri oxuyan böyük yazıçımız Mirzə İbrahimov təəssüratını mətbuatda bildirdi. Sən demə, Mirzə müəllim də kənd həyatından bəhs edən (yəqin ki, "Böyük dayaq" imiş) roman üzərində işləyirmiş. Geniş ürəkli yazıçı təəssüratında bildirirdi ki, o da eyni mövzulu əsər üzərində işləyir. Ancaq "Ayrılan yollar"ın təsiri məcbur edib ki, o, öz yaradıcılıq işinə ara verib İ.Şıxlının əsərini sonacan izləsin. Sənin bu qəfil kitablı gəlişinlə o, böyük qələm sahibinin yaşadığı halı mən də yaşamalı oldum.
Cildlərə nəzər yetirirəm: 1-ci cildə şeirlər, 2-ci cildə poemalar, 3-cü cildə məqalələr, ön sözlər və rəylər, 4-cü cildə müsahibələr, esselər və çevirmələr, 5-ci cildə haqqında yazılanlar və deyimlər toplanmışdır. Bu yazıların xeyli hissəsini vaxtilə oxumuş və fikrimi mətbuatda bildirmişəm. İndi tələsmədən oxumadıqlarımı oxuduqlarıma qatıb bir daha oxuyacağam - özümü zənginləşdirmək, özgələrə məlumat vermək üçün.
Amma birinci cilddəki avtoqrafdan keçə bilmədim, onu olduğu kimi bu yazıya daxil etdim: "Bu əsərlərin müəllifinin MÜƏLLİFİNƏ - əziz USTADIM və İDEALIM Qərib MEHDİYƏ sonsuz sayğı və sevgilərlə!!!"
Xarakterinə, dünyagörüşünə, sədaqətinə və qədirşünaslığına bələd olduğum üçün bu sözlərin köynəyi cıran səmimiyyətinə təəccüblənmədim. Bu fikri yazmışam, bir daha təkrar edirəm. Sən Gəncədə mənim rəhbərlik etdiyim "İlham" Ədəbi Birliyinə artıq şair və alim olaraq gəlmişdin. Orada azacıq cilalanmaq sənə bəs etdi. Respublikada məhşurlaşmaqda, dünyada (xüsusilə türk ellərində) tanınmaqda, müxtəlif ədəbi tədbirlərə qatılmaqda və oralardan qaliblər kimi qayıtmaqda, qiymətli ödüllər qazanmaqda bir müəllim, ustad kimi mənim azacıq - gözlə zorla seçilən payım var. Ancaq bu azacıq payı Sən hər dəfə həndəsi silsilə ilə çoxaldıb pardaqlandırırsan. Bu yol valideynlərindən aldığın tərbiyədən, məktəbdə keçilən dərslərdən, ustadlardan eşitdiyin nəsihətlərdən keçir.
Səni (o cümlədən, başqa şagirdlərimi) elə öyrətdim ki, sonra Səndən (o cümlədən, sizdən) öyrənə bilim. Dialektika bu fikri çoxdan təsdiq edib. Təsdiq etməsəydi, Sənin uğurların ustadının uğurlarından qat-qat üstün olmazdı. Bilirəm, etiraz etməyə çalışacaqsan, ancaq xeyri yoxdur. Yadına salıram: Nəsimi Nəiminin, Aşıq Ələsgər Aşıq Alının şagirdi olub. Gəl bu müqayisəni cəmiyyətlərin üzərinə köçürək. Cavan Qərb (Avropa) qoca Şərqin şagirdi idig Bu yarışmada kimlər irəli çıxdı? Əlbəttə, şagirdlər. Etiraz etmək dialektikanın irəli gedən təkərinə mane olmayacaq. Mən etikanı qəbul edirəm, Sən də gerçəyi qəbul elə.
Beləg Qayıdaq Şəfiqə xanımla mənim qızıl toy (60 illik) ömürlüyünə. O, həmin vaxtın yetişəcəyi gün üçün (15 noyabr) darıxır. (Tarixin xoş təsadüflərinə bax: 15 noyabrda nəvələrimizdən Vüqar toy edib, Nuray isə anadan olub). Bilir ki, həmin gün övladlar, nəvə-nəticələr, ən yaxın qohumlar təbrik nidası ilə bizə toplaşacaqlar. Geniş süfrə açılacaq. Yəqin ki, dəvətlilər əliboş gəlməyəcəklər, hədiyyələr də olacaq.
Ancaq ömürdaşımın iki sürprizdən xəbəri yoxdur - bu yazının yazılmasından və Sənin təmənnasız çap etdirdiyin avtoqraflı mənim 15-ci kitabımdan. Sürprizlər açılanda qızıl toyun xanım tərəfi bərk sevinəcəkdir.
Söhbət toydan gedirsə, keçmişə ekskurs etməyə ehtiyac var. Toyumuzu 1958-ci il noyabrın 15-də məşhur xanəndə dəstəsi - xalq artistləri Habil Əliyev, Əlibaba Məmmədov və tarzən Firidun Ələkbərov eləyiblər. O vaxtlar təkcə oğlana bəy tərifi deyirdilər. Və onlar məni bəy taxtında oturdub ən yaxşı arzulara qərq etdilər, o ki var təriflədilər. İllər keçəndən sonra mən də ömürdaşıma xanım tərifi yazdım. İndi o tərifi bu yazıya əlavə etmək, məncə, yerinə düşər.

ANA ÖMRÜ

Ömür-gün yoldaşım
Şəfiqə xanıma

Gəlişini alqışladı -
Tanrı sənə
bir ömür bağışladı.
Bu əta nə elə qısadır ki,
gileylənəsən;
nə elə uzundur ki,
əziyyətindən bezəsən.
Bəxtinə yazılan günlərin
ağı qar,
qarası kömürdü,
əgər qədrini bilsən,
özünə bəs edən ömürdü.
O vaxt ki oldun
anamın gəlini,
qırdın bütöv ömrün belini.
Yola saldın qızlıq səltənətini,
yeni görkəmdə göründün -
könüllü yarı bölündün.
Düzüldü övladların yan-yana,
oldun
özünə mənsub olmayan ana.
Hələ bu harasıdırg
Nəvələrin övladlarından betər
bəhsə girdilər,
sənə
təntənəli "Nənə" titulu verdilər.
İşlər deyildi asan,
indi də
nəticə iştahındasan.
Özün üçün yaşamağı unutdung
Baxdın sola, baxdın sağa,
İşıqlı bir ömür qoydun ortalığa.
Bölündün tirə-tirə,
pay olub paylandın neçə yerə.
Paylandın
qələmli, ələmli Qəribin əzabına,
paylandın övladlarına,
paylandın nəvələrinə,
paylandın yaxına-uzağa,
paylandın Gəncəyə, Vediyə,
paylandın Göyçəyə, Qazağa.
Paylandın qohuma-qardaşa,
ömür çevrildi savaşa.
Ey təmənnasız səxavətçi,
ey özünü unudan qadın,
ey özgəni yaşadan ana!
Səndə bu heyrət
ulu Həvvadan qalma haldımı?!
Yaxşı yoxla ömür saxlancını,
gör,
özünə də bir şey qaldımı?!

Hə, yadıma düşdü. Doğmaların yığışdığı o qızıl toy məclisində daha bir sürpriz olacaq. Məclisin əsas qəhrəmanlarından biri Şəfiqə nənə 60 il öncə Qərib babanın ona "tamamilə məxfi" qrifi altında yazdığı sevgi məktublarını yığıncaq iştirakçılarına oxuyacaq. Bundan maraqlı nə ola bilər?!
Maraqlı hadisələrdən biri də, əzizim Elçin, Səndən gələcəkdir. Yenicə avtobusdan düşürüb evə gətirdiyim və Sənin göndərdiyin 15-ci kitab bağlamanı açacağam, hamının intizarlı baxışları altında o bağlamadan məclisin ikinci əsas qəhrəmanı Qərib Mehdinin "Savaş" kitabı çıxacaq. Həm də o kitablardan biri naşirin avtoqraflı sözlərilə seçiləcək.
Bəli, noyabrın 15-i özünü yetirdi. Qızıl toy məclisi düzənləndi. Qızıl toyun səbəbkarları Qərib bəylə Şəfiqə xanım nemətlərlə, gül-çiçəklə bəzədilmiş masanın baş tərəfində oturdular. Hədiyyələr izahlanaraq təqdim edilməyə başlandı. Növbə Sənin göndərdiyin hədiyyəyə çatdı. Barış qoxulu "Savaş"ın ilk vərəqi açıldı. Oradan məclis iştirakçılarına Sənin yazdığın avtoqraf səsləndirildi:
"Əziz Şəfiqə müəllimə və əziz Qərib Mehdi!
Bu avtoqrafda İsgəndərzadə ailəsinin son 31 illik tarixində sıralamada ilk dəfə bu ailənin - kiçik dövlətin bayrağı kimi ideallaşdırdıqları və müqəddəsləşdirdikləri Ustad Qərib Mehdidən öncə bir isim yazıldı - Əziz Şəfiqə müəllimə ismi! Yəqin ki, Ustad buna görə bizi bağışlayar. Səbəb çox sadədir. Bizə görə Şəfiqə müəllimənin Dədə Qəribin 8-ci onillik zirvəsini aşmasında və gözəl bir milli ailənin 6-cı onillik zirvəsinə varmasında "Qərib, hey!!!" deyən ana qədər rolu və xidməti olub.
Bu kitabı müqəddəs ailənizin bu tarixi gününə hədiyyə etməklə, 65-də də sevə-sevə eyni hədiyyənin sevincini bizə yaşatmanızı Allahdan dua, Sizlərdən xahiş edirik.
Hər ikinizə sonsuz sevgilərlə: Elçin, Afət, Əli.
15 noyabr 2018-ci il".

Sənin bizə dilədiyin xoş arzular hərarətli alqışlarla qarşılandı. Hamı ustadının xidmətində duran şagirdin şəninə "Əhsən! Afərin!" dedi.
60 illik nikah təntənəsinin bir özəlliyi də ondan ibarət idi ki, mən başda yazıçı ər, yazıçı ata, yazıçı baba kimi oturmuşdum. Bu titulların mənə verilməsində Sənin müstəsna əməyin, xeyirxahlığın var.
Açıq danışmaq heç kimə əskiklik gətirməz. Sovet sistemi dağılanda maliyyə çatışmazlığı üzündən yazarların çoxusu təntidi. Necə deyərlər, biz avarları sıradan çıxmış qayıqlar kimi fırtınalı dənizin dalğaları arasında qərq olmaqdaydıq. Kimin bəxtinə xeyirxah "dalğıc" düşmüşdüsə, o, sahilə çıxa bilirdi. Fəaliyyətini dayandırmaq məcburiyyətində qalan o "qayıqlardan" biri də mən idim. Elə bu zaman Sənin xilaskar əlin mənim əlimdən yapışdı və yaradıcılıq qayığım batmaq təhlükəsindən xilas oldu. Bu fikri əvvəllər də demişəm. Xilaskarlığı bir dəfə nəzərə çatdırmaq bəs eləməz. O xeyirxah əməli təkrarlamaq insanın iç dünyası üçün ancaq fayda gətirər. Budur, Sənin xeyriyyəçilik yolu ilə nəşr etdiyin 15-ci kitab əlimizdədir. Bu o deməkdir ki, Sənin sayəndə mən ədəbiyyatda hələ varam.
Prezidentlər, yüksək hərbi rütbəlilər ordunun qarşısından keçəndə deyirlər: "Salam, əsgər!". Bu gün Sən poeziya sahəsində çoxlu ödüllərin, elm sahəsində professor məqamının sahibisən. Buna baxmayaraq, mənim adım çəkiləndə Sən özünü tələbə hesab edirsən. Əmri generallar verir, qələbəni əsgərlər qazanırlar. O baxımdan ustadı göstəriş verən generala, tələbəni qələbə qazandıran əsgərə bənzətmək olar. Bu yazını həmin məntiqə söykənərək tamamlayır və deyirəm:
- Sağ ol, Tələbəm!
Uğurlarından həmişə qürur duyan ədəbi müəllimin: Qərib MEHDİ.
16 noyabr 2018-ci il