Azərbaycan multikulturalizminin təbliğində Şeyxülislam nümunəsi

ETİBAR CƏBRAYILOĞLU
41564 | 2018-11-17 09:23
Şərqlə Qərbin qovşağında, strateji bir məkanda yerləşən Azərbaycan tarixən müxtəlif sivilizasiyaların bərqərar olduğu yer kimi tanınıb. İslam aləminin ayrılmaz hissəsi olan, zəngin mədəniyyətə malik ölkəmizdə əsrlərdir ki, milli-mədəni rəngarənglik mühiti formalaşıb. Tolerantlıq və multikulturalizm ölkəmizdə yaşayan insanların gündəlik həyat tərzinə çevrilib. Azərbaycan tarix boyu ərazisində heç vaxt dini zəmində qarşıdurma baş verməyən yeganə ölkələrdəndir. Tarixi sınaqlardan üzüağ çıxan zəngin ənənə bu gün də davam da etməkdədir. Multikultural ölkəmizdə müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər dostluq və qardaşlıq şəraitində yaşayır, hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar.

"Sabitlik adası"ndan
ənənəyə söykənən
yeni təşəbbüslər

Müasir dünyamız ciddi sınaq qarşısındadır. Müxtəlif ölkələrdə dini və milli zəmində münaqişələr baş verir. Milyonlarla insan ekstremizmdən, ksenofobiya və islamofibiyadan, radikal çağırışlardan əziyyət çəkir. Miqrant böhranı dövlətlərə böyük çətinliklər yaradır.
Belə bir mürəkkəb zamanda iqtisadi cəhətdən sürətli inkişafa nail olaraq qüdrətli dövlətə çevrilən və "Sabitlik adası" kimi tanınan Azərbaycan dünyanı ümumbəşəri ideyalar ətrafında birləşməyə çağırır, tolerantlıq, multikulturalizm və İslam həmrəyliyi ideyalarının dövlət siyasətinin prioritet istiqamətləri olmasını ən yüksək tribunalardan bəyan edir. Qədim tarixi ənənələrinə söykənən ölkəmiz bu gün dünyaya yeni çağırışlar edir, multikultural mühiti ilə bir nümunə göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, yeni davranış formatı təqdim edir. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda "Multikulturalizm İli" və "İslam həmrəyliyi İli" elan olunması, dövlət başçısının xeyir-duası və dəstəyi ilə mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi rəsmi Bakının bu sahəyə necə böyük diqqət göstərdiyini bir daha sübuta yetirir. Yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti dünyada bir nümunə olaraq tanınır və öyrənilir. Ötən il iyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında müqəddəs Ramazan ayı münasibəti ilə təşkil olunan ifrat süfrəsində Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bu məsələni xüsusi vurğulayıb: " Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Mən buna misal olaraq bu il keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları - UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır".
Azərbaycanda multikultural mühitin formalaşmasında, inkişaf etdirilməsində, və təbliğində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da danılmaz xidmətləri xüsusi qeyd olunmalıdır.
Çoxkonfessiyalı və çoxmillətli Azərbaycanda din-dövlət münasibətləri düzgün istiqamətdə inkişafında, eləcə də əldə olunan müsbət təcrübənin xarici ölkələrdə təşviqində Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, Şeyxülislam Allahşükür Paşazadənin xüsusi əməyi var. Şeyxülislam həzrətləri nüfuzundan və təcrübəsindən yararlanaraq ölkəmizdə tolerantlığın, mədəni, dini, müxtəlifliyin qorunması, Azərbaycanın dünyada multikulturalizm mərkəzi kimi tanıdılması istiqamətində ardıcıl surətdə mühüm addımlar atır.
Uzun illərdir ki, müxtəlif ölkələrdə iştirak etdiyi tədbirlərdə ölkəmizdəki din-dövlət münasibətləri, tolerantlıq mühiti barədə çıxışlar edir, nüfuzlu dini lider kimi Azərbaycan həqiqətlərinin dünyada yayılmasına öz töhfəsini verir.
Şeyxülislam həzrətlərinin beynəlxalq aləmdə nüfuzu və yüksək təşkilatçılıq bacarığı son illər ölkəmizdə keçirilən tədbir və konfranslarda özünü bir daha büruzə verir. Məhz QMİ sədrinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan paytaxtında Dini Liderin Ümumdünya Sammitinin, "Dini tolerantlığın möhkəmləndirilməsi" (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarında çağırışlar), "Qafqazda dini tolerantlıq ənənəsi və Azərbaycanın multikulturalizm modeli", "İslam həmrəyliyi - zamanın çağırışı" və s. mövzularda beynəlxalq konfransların yüksək səviyyədə keçirilməsi buna əyani sübutdur.
Şeyxülislam Allahşükür Paşazadənin təşkilatçılığı ilə son illər Almaniyada, İspaniyada, Türkiyədə, Rusiyada, Finlandiyada və s. ölkələrdə Azərbaycan multikulturalizminin təşviqinə həsr edilən tədbir və konfranslar keçirilib. Dünyada milli, irqi, dini zəmində qarşıdurmaların artdığı bir zamanda ölkəmizin təqdim etdiyi model belə mühüm tədbirlərin iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Azərbaycan Prezidentinin həmin tədbirlərə maddi və mənəvi dayaq durması, ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoq mərkəzi kimi tanıdılması istiqamətində tədbirlərin reallaşması üçün QMİ-yə vəsait ayırması Şeyxülislam həzrətlərinin bu yöndəki fəaliyyətinə yüksək dəyər verdiyinin daha bir nümunəsi sayıla bilər.

Yaxın, uzaq İspaniya

Növbəti belə beynəlxalq tədbirlərdən biri bu günlərdə İspaniyada düzənlənib. "Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi" mövzusunda keçirilən Beynəlxalq konfrans üçün məhz İspaniyanın seçilməsi heç də təsadüfi deyil. Avropa üçün mühüm strateji əhəmiyyət daşıyan bu ölkənin tarixi İslam mədəniyyəti ilə sığ bağlıdır. Dünya tarixindən məlum olduğu kimi, 711-ci ildə ərəblər Əndəlus adlandırdıqları Cənubi İspaniyanı fəth etdikdən sonra bu ərazilərdə elm və mədəniyyət sürətlə inkişaf edib. Əndəlus Əmirinin kitabxanası və universiteti, müsəlman memarlığının ən gözəl nümunələrindən sayılan Qranada hakimlərinin sarayı, Qordova məscidi ərəblərin bu ərazilərdəki hökmranlığı zamanı inşa edilib. Ərəblərin hakimiyyətinə son qoyulduqdan sonra İspaniyada müsəlmanlara və yəhudilərə qarşı amansız təqiblər başlayıb, xristian olmaq istəməyənlər üçün dəhşətli inkivizisiya məhkəmələri qurulub. 
Belə bir ziddiyyətli tarixi yol keçmiş İspaniyanın paytaxtı Madriddə QMİ-nin dinlərarası və mədəniyyətlərarası dialoqa həsr olunan beynəlxalq konfrans keçirməsi, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətləri və müsbət təcrübəni yaymasının sözsüz ki, mühüm əhəmiyyəti var. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, İspaniya Ədliyyə Nazirliyinin və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən Madrid konfransında Milli Məclisin üzvləri, ölkəmizdəki müxtəlif konfessiyaların təmsilçiləri, tanınmış elm və din xadimləri iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına salamlarını yetirib, tədbirin əhəmiyyətindən bəhs edib. QMİ sədri bildirib ki, planetimizin müxtəlif yerlərində törədilən terror aktları, insan qırğını, separatizm, ksenofobiya, islamafobiya, antisemitizm meylləri, eləcə də maddi və qeyri-maddi irs nümunələrinin məhv edilməsi sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və mədəniyyətlərarası dialoqa ciddi zərbə vurur. Şeyxülislam həzrətləri qeyd edib ki, bu gün Azərbaycanda yürüdülən düzgün və uğurlu siyasət nəticəsində ölkəmiz multikulturalizmin real modelini təqdim etməyi bacarır, məhz belə modelin dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərləri yaşada biləcəyini bir daha göstərir.
Madrid beynəlxalq konfransda çıxış edən Evsen Fondunun rəhbəri Ali Evsen, İspaniya Ədliyyə nazirinin müşaviri Manuel Xesus Dols, Milli Məclisin komitə sədri Səyavuş Novruzov, Albaniyanın sabiq kardinalı Ernest Simoni, Madridin baş yepiskopu Karlos Osoro, Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muəmmər, Türkiyənin Diyanət İşləri Başqanı Ali Erbaş, Rusiya Federasiyasının Mərkəzi Region Müsəlmanları Ruhani İdarəsinin sədri Albir Krqanov və başqaları çıxış edərək belə tədbirlərin əhəmiyyətindən danışıblar, dünyada sülhün, sabitliyin davamlı olması üçün müxtəlif dinləri təmsil edən nüfuzlu şəxslərin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar.
İspaniya paytaxtında keçirilən beynəlxalq konfransda çıxış edən natiqlər Azərbaycanın fərqli sivilizasiyaların qovşağında oynadığı mənəvi körpü rolunu mühüm qiymətləndirib, müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə, multikulturalizm və dini tolerantlıq mühiti ilə bağlı ölkəmizin ortaya qoyduğu mövqeyə böyük dəyər verdiklərini bir daha qeyd ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İspaniya Kralı VI Flippin Beynəlxalq Madrid konfransına məktub ünvanlaması tədbirin əhəmiyyətini daha artırıb. Sonda konfransın yekun Bəyannaməsi qəbul edilib.
Ölkəmizin multikulturalizm və dini tolerantlıq sahəsində əldə etdiyi uğurları dünyada təbliğ etmək məqsədi daşıyan belə tədbirlərin vacibliyini nəzərə alan Qafqaz Müsəlmanları İdarəsi silsilə konfransların təşkilini daim diqqət mərkəzində saxlayır. Növbəti beynəlxalq konfrans bir neçə gündən sonra Almaniyada keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin Madrid konfransının iştirakçılarına göndərdiyi məktubda ifadə olunduğu kimi, inanırıq ki, belə tədbirlər zamanı aparılan müzakirələr, irəli sürülən səmərəli təkliflər dünyada dinlərarası dialoqun inkişafına, sülhə və qarşılıqlı anlaşmaya dəyərli töhfələr verəcək, ölkəmizin təklif etdiyi multikulturalizm modelinin təşviqində mühüm rol oynayacaqdır.

TƏQVİM / ARXİV