adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Fəridə RƏHİMLİ - PAYIZ

8315 | 2018-11-16 14:55

Yolboyu ağacların dibindəki yaşıllığa baxıram. Son vaxtlar dəbdə olan qazon deyil. Münbit torpaqdan, ilıq havadan, öləziyən günəş işığından dirçəlib cücərən təbii otlardır. Cincilim, çayır, bağayarpağı, hətta arasında ilk baharın gəlişini müjdələyən sarı çiçəklərdən də açıb. Zümrüd rəngləri göz oxşayır, ruhu təzələyir. Amma bir zəif mehdən üşüyürlər, yarpaqları elə titrəşir ki...

Sevinclə, sürətlə boy atırlar. Öləziyən günəşin hərarətinin get-gedə artacağını zənn edirlər. Amma bilmirlər ki, bu günəşin son işıltılarıdı. Bir azdan başlarının üstünü qar, çovğun alacaq.

O qədər zərif, o qədər həssas və qara, çovğuna dirənəcək qədər də cəsur bir sevgi zənn edirlər, bu öləziyən günəşin sevgisini. Bilmirlər ki, onları bu ümidsiz sevgiylə aldadan Son Bahardı... Son bahar günəşi işıldayar, amma istilik verməz.

Bu mənzərəni gec gələn sevgilərə bənzədirəm.

Bəzən gec gələn sevgilər olur, bəyan edilməsi, dilə gətirilməsi imkansız olan... Ürəyində özünə etirafı belə, qadağan olan sevgilər... Amma sevgi qadağalara, olmazlara boyun əyirmi ki?!. Ürəyi sevgi ilə döyünənlərin gücü qarşısında nə, kim dayana bilib ki, indiyə qədər? Gerçəkdən gücmü deyilir buna, intiharmı, hər şeyə - gələcək hər möhnətə, ittihama sinə gərmə bacarığımı? Başqalarının gözündə göründüyün "obrazı" həzm edə bilmək, qəbul etməkmi? İzah etməyə çalışıb, edə bilmədiyin, dəfələrcə nöqtə qoymaq istədiyin və bunu bacarmadığın, səninkinin hər kəsin sevgisindən fərqli olduğunu düşündüyün, hey ümidlə gözlədiyin, həyata tutunma, bağlanma səbəbin, ümidsiz sabaha ümidlə boylanmaqdır, ürəyi zaman-zaman sızladan acı bir həsrətdir, tez-tez yaşadığın peşmançılıqdır, özünü qınaqdır, gecikmiş qonaqdır, bir bədəndə ağlının qəbul etmədiyi, ürəyinin onsuz yaşaya bilmədiyi fəlakətdi, təlatümdü, ağılla ürəyin sonsuz mübarizəsidi, heç cür qarşısını ala bilmədiyin, kor-

koranə güvəndiyin gözəllikdir və nəhayət, İlahinin bəxş edərək insanı sınağa çəkdiyi imtahandır son bahar sevgisi... Yoxsa, gizli axan göz yaşlarıdırmı sevgi deyilən, kimsəyə aça bilmədiyin sirrmi, ya bəlkə ətrafın, çevrənin, illərlə qazandığın sayqının, hörmətin - imicin müqabilində xəyanət etməyə hazır olduğun şirin dünyanmı? Həzinliyindən, günahsızlığından, huzurundan, zərifliyindən, təmizliyindən, təmənnasızlığından, içinə səpdiyi ilıq təbəssümdən, məmnunluqdan... imtina edə bilirsənmi, sırf səni tanıyanların tənəsini duymayasan deyə?.. Bu ürək nələri saxlamadı öz balaca "sirrlər dünyası"nda? Bu ürək azmı qarşı çıxmaq istədi ağıla, düşüncəyə, axan göz yaşlarına?..

Son bahar payız mövsümünün ilk baharı xatırladan bir dönəminə deyilir - Son bahar ilin son dəfə sevgi dolu gülümsəməsidir...

Son bahar daha çox göz yaşları ilə yadda qalır, məncə. Çünki son bahar dürüst bir zaman kəsiyidir, ilk bahar kimi aldatmaz insanı - ona həyatın, yaşamın qaranlıq üzü olduğunu, saralıb-solmanı, çürüməyi, ayrılığı, hüznü, xiffəti anladır, göstərir. Buna görə ən sevdiyim fəsildir son bahar, göy gurultusuyla, şimşəyiylə, yağışıyla, hüznüylə. Hüzn isə insanın düşünə bilmə, ağlaya bilmə fürsətidir. Payız yağmurunun damlalarıyla bərabər insanın içində yığılan kədər də göz yaşıyla axır yavaş-yavaş... içində toplanmış qübarı, nisgili heç deyilsə, o anlıq silib aparmaq üçün...

TƏQVİM / ARXİV