adalet.az header logo
  • Bakı 13°C
16 Noyabr 2018 14:22
12071
İDMAN
A- A+

«QOL.AZ»ın 10 YAŞI

İndiki uşaqlar yaman tez böyüyür, odur ey, «Qol.az»ın 10 yaşı oldu. 10 yaşları olmalarına baxmayaraq, artıq oturuşmuş, idman jurnalistikasında söz sahibinə çevrilmiş və eləcə də sözünün sahibi olan dostları ürəkdən təbrik edirəm.

Futbolumuz ürəyimiz istəyən kimi inkişaf etməsə də, futbolla bağlı qəzet və saytlar çox sürətlə inkişaf elədilər. Həm gözəl şərhçilər, həm də futbolu əllərinin içi kimi bilən idman jurnalistləri ordusu yarandı. «Qol.az»ın kollektivi də bu ordunun önündə gedən «batalyonlardan» biridi.

Aydın Bağırov səni və kollektivini bir daha ürəkdən təbrik edirəm. Yadınıza düşür yəqin, belə bir lətifə vardı. Altay Əlibəyli gözəl şərhçiydi, hətta zəif komandaların oyununu elə aparırdı ki, elə bil «Barselona» ilə «Real» oynayır. Milli komandanın o vaxtkı məşqçisi Ağasəlim Mircavadov bir dəfə Altaya demişdi:

- Altay, oğul, bir az yavaş apar ey, futbolçular çatdıra bilmir.

Doğrudan da, indi sizin və sizlərin mətbuatda tutduğunuz yeri futbolçularımız çempionatda tuta bilmir.

Və bir də, dostum, Seyid Lazım ağanın cəddi haqqı, əvvəlki dizaynınız bundan yaxşıydı.

Aqil ABBAS və «Ədalət»in kollektivi