Faiq Ağayev o biri deputatlardan əksik deyil - SORĞU
Xalq artisti, müğənni Faiq Ağayevin millət vəkili olmaq istəməsi birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı qarşı çıxanlar da olub. Adalet.az yazarlar arasında sorğu keçirib. Bəs siz necə düşünürsüz? Millət vəkili olmaq istərdinizmi? Və ya qələm adamları arasından kimin millət vəkili seçilməyini istəyərdiniz?
Yazıçı Səfər Alışarlı:
"Faiq Ağayev məni nə bir müğənni, nə də bir ictimai şəxs kimi maraqlandırır. O ki qaldı mənə verilən suala, (millət vəkili olmaq istərdinizmi?) bunun cavabı birmənalıdır: olmaq istərdim, əlbəttə! Təvazökarlıqdan uzaq olmasın, millət vəkili olmağa mənim haqqım da, savadım da, qabiliyyətim də çatır. Ancaq bu barədə ciddi danışmaq bir qədər çətindir. Biz hərdən döşümüzə döyürük ki, 100 il əvvəl qadınlarımıza seçki hüququ vermişik. Amma bu bizim ictimai riyakarlığımızın nümunələrindən biri kimi səslənir. Bizdə hələ kişilər seçki hüququnu mənimsəyə bilməyib, o da qala qadınlar..."
Yazıçı Şərif Ağayar:
"Deputat seçilmək hər kəsin qanuni hüququdur. Eləcə də Faiq Ağayevin. Mənim fikrimə gəlincə, yaltaqlıqdan uzaq, demokratik prinsipləri anlayan və ona əməl edən istənilən adamın deputat seçilməsini istərdim. Bu sənət adamı, ədəbiyyat adamı olsa, nə gözəl."
Musavat.com saytının baş redaktoru Xalid Kazımlı:
"Hər bir yetkin vətəndaşın seçkil orqanlarda təmsil olunmaq hüququ var. Siyasi fəallığı, biliyi, səriştəsi olan hər bir kəs də, təbii ki, millət vəkili olmaq istəyər. Ancaq ağıllı adamlar mütləq reallıqları nəzərə almalıdır. Qəlbində utopik ambisiyalar gəzdirməyin faydası yoxdur. Yəni insan bir seçkili orqana namizədliyini verərkən şanslarını düzgün dəyərləndirməlidir. Seçki birincisi və ya ikincisi olmayacaqsansa, o yarışda iştirak edib özünü yıpratmağa, resurslarını tükətməyə dəyməz. Mən özümü indiki deputatların 90 faizindən mandat daşımağa daha layiqli saysam da, deputat seçilmək şansımın 0-ın altında olduğunu yaxşı bilirəm. Bizdə "ağacda almanı qoşa görməsən, selbə atma " deyə bir zərb-məsəl var. Mən isə nəinki ağacda almanı qoşa görmürəm, heç ortada alma ağacının özü də yoxdur."
Şair Yafəs Türksəs:
"Mən siyasətdən, iqtisadiyyatdan, idarəetmədən başı çıxan bir adam kimi deputat olmaq istəyərdim. Faiq Ağayev intellekti olan adamdır, deputat olmağa layiqdir. Mənəvi kasadlardansa, Faiqin deputat olmağı məqsədəuyğundur."
Yazar Sevinc Elsevər:
"Olur-olsun da. Bu yaxınlarda Kortasardan bir fikir oxumuşdum: insanı heç bir şey hər hansı ölkəni təmsil etmək zərurəti qədər öldürmür! Deyərdim ki, eləcə də milləti! Öz adıma deyə bilərəm ki, belə zərurətin altına girmək istəmərəm. Faiq Ağayev girmək istəyirsə, girsin. Nə deyim, xeyirlisi."
Şair Aqşin Evrən:
"Faiq Ağayevin deputat olmasını istərdim. Xüsusən, son vaxtlar Milli Məclisdə xalqın bu qədər problemi olmasına rəğmən, özünə ev verilməsini, maaşının artmasını düşünən deputatları görəndə daha çox istərdim ki, içi, hissiyyatı, xalqa sevgisi olan belə adamlar deputat olsun. Qələm adamlarından Pərviz Cəbrayıl, Qan Turalı və başqa bir çox yazarımız deputat ola bilər. Məncə, hazırda ölkənin yüksək siyasi savadı olan yox, düşünən beyni olan deputatlara ehtiyacı var."
Yazar Ayxan Ayvaz:
"Mən düşünürəm ki, Faiq Ağayev deputat olsa daha yaxşı olar. Onun qədər savadı olan, mütaliyəyə düşkün insan yoxdur, söhbətlərindən doymaq olmur. Alicənab və mədəni adamdır. Heç də digər deputatlardan əskik adam deyil, hətta bəzilərindən dünya görüşünə görə artıqdır. O ki qaldı mənim istəyimə. İstəməzdim. Ona görə ki, bir az dağınıq adamam. Çəriçəvələrdə qala bilmərəm. Yaradıcı adam üçün rahatlıq önəmlidir".
Yazar Nicat Həşimzadə:
"Əgər Faiq bəy millət vəkili olmaq istəsə, məşur müğənni olduğuna və hər kəs tərəfindən tanındığına görə seçicilər onu dəstəkləyər. Bizim bir neçə sənət adamımız siyasi fəaliyyətə qoşulduqdan sonra xalqın sevgisini itirib. İstəməzdim ki, Faiq Ağayev də bənzər hadisələri yaşasın. Bəzən ciddi mütərəqqi addımlar atmaq istəyirsən, ancaq bəzi ağır şərtlər qarşını kəsir. Faiq Ağayevi bir neçə dəfə kitab mağazalarında, kitab təqdimatlarında görmüşəm. İncəsənət adamları arasında cəmiyyətimizin intellektual inkişafını istəyən az saylı müğənnilərdən biridir. Amma mən ona deputat olmağı arzulamıram. 46 yaşdan sonra insanın özünü başqa, özünə yad olan bir sahədə sınayıb uğur qazanması möcüzə kimi bir şeydir. Gərək bu yaşa qədər ciddi idarəetmə təcrübəsi və siyasi bilgilər qazanasan. Şəxsən mən bu riski etməzdim. Mənə gəlincə, millət vəkili olmaq istəmirəm, xüsusən də indiki yaşımda. Ancaq qələm adamları arasında Azər Qismət həm həyat təcrübəsinə və ciddi müşahidə qabiliyyətinə, həm də siyasi savadına görə millət vəkili olmağa layiqdir. Əgər bizim rayon üzrə namizədliyini versə mən Azər bəyə məmnuniyyətlə səs verərəm.