adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Noyabr 2018 01:07
13530
ƏDƏBİYYAT
A- A+

AŞIQ ƏHMƏD SƏNƏTİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Bu gün danılmaz bir həqiqətdi ki, saz-söz adamlarının çoxu bu müdrik aşığın qiymətli kəlamlarından istifadə edirlər. Çal-çağır məclislərində ondan söhbət açır, aşıq Əhməd Rüstəmovun qoşmalarını, dastanlarını səsləndirirlər.
Özünü xoşbəxt hiss edir ki, bir vaxtlar bu gözəl insanla Kürdəmirin rəsmi məclislərində bir yerdə olub söz demiş, mehriban qonşuluq etmişdilər. Aşıq Əhmədin evi onlardan bir qədər kənarda olsa da, oranı həmişə yaxın bilər, bu böyük insana baş çəkər, yoxlayardı.
Aşıq Əhməd Rüstəmov 1921-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuşdur. Həqiqi mənada Şirvanın aşıq Ələsgəri sayılırdı. Aşıq Əhməd ilk şeirini üçüncü sinifdə oxuyarkən yazmağa başlayıb. 1936-cı il... Həmin vaxtdan taxtadan düzəltdiyi sazı ilə qohum-qonşuda, el şənliklərində çalıb-oxuyarmış. Bayramların, toy məclislərinin yaraşığı olmuşdur.
1941- ci ildə Böyük Vətən müharibəsinə gedən Aşıq Əhməd bir ilədək ağır döyüşlərdə iştirak etmiş... Yaralanandan sonra arxa cəbhəyə qayıtmışdır. Həmin vaxtdan da rayon sakinlərinin sevimlisinə çevrilmiş, rayon mədəniyyət evində Aşıqlar ansamblına rəhbərlik etmişdir. Aşıq Şakir Hacıyevlə yaxın dost, sirdaş olublar. Onun ölümünə həsr etdiyi şeiri həyəcansız dinləmək mümkün deyil.
Aşıq Əhməd Rüstəmovdan nəinki rayon aşıqları, başqaları da dərs almışdır. 300-ə qədər tələbəsi olmuşdur. Aşıq Əhmədin poeziyası insanı ruhlandıran, yaşadan, gələcəyə səsləyən ölməz sənət əsəridir. Onun ilk şeirlər kitabı "Sazımın telləri" kitabı 1965-ci ildə işıq üzü görüb. Bu gözəl kitabda şair insanları qardaşlığa, yoldaşlığa səsləyir... Yurdumuzun gözəl, əsrarəngiz təbiətini püxtə qələmi ilə vəsf edir, gənclərimizə onun qədrini bilməyə çağırış edir.
"Əllərimiz yorulmasın" adlı şeirlər kitabı 1980-ci ildə çap olunub, çox böyük uğur qazandı! Aşıq Əhməd Rüstəmov sanki bu şeirlər kitabı ilə zəhmətkeş, əməkçi insana solmaz, əbədi abidə ucaltmış, insan taleyinin, həyatının yaraşığı olan əməyi bir sənətkar qələmi ilə ustalıqla vəsf etmiş, çoxlarına sevdirmişdi.
Bu böyük sənətkarın "İtən sazım" kitabı isə 1995-ci ildə çap olunub və ona çox böyük oxucu hörməti qazandırıb! İnanın, əksər məclislərdə aşıqlar bu gün də onun özündə müdriklik, mənəviyyat məsələləri əks olunmuş şeirlərini deməyi, oxumağı özlərinə borc bilirlər. 2016-cı ilin söhbətidi... Siyəzəndən "QAZ-31" maşınları ilə Bakıya gəlirdilər. Yolda bir cavan oğlan görüb, götürdülər. O, çox vaxt belə idi, yolda adam qoymağı xoşlamazdı. Sürücü də xasiyyətini bildiyi üçün heç demədən maşını saxlayardı.
Eynibulaq kəndindən olan oğlan indi Bakı şəhərində mebel sexində işləsə də, deməsinə görə həm də toylarda tamadalıq, aparıcılıq edirdi. Onda söhbət əsasında dedi:
- Müəllim, inanın Aşıq Əhməd Rüstəmovun sözlərinin vurğunuyam. Onun son kitabını tapmaq üçün Kürdəmirə getdim. İstəyimə çata bilmədim. Dedilər ki, sənə kömək etsə ucarlı Aşıq Əhliman edə bilər.
- Bax da...
- Eləməyib tənbəllik oradan da Ucara getdim. Axtarıb Aşıq Əhlimanın evini tapdım. Məni çox böyük səmimiyyətlə qarşıladı. Gəlişimin məqsədini dedim...
- Kömək edərdi... Aşıq Əhlimanı yaxşı adam deyirlər. Xüsusilə onun bu sözlərinin vurğunudur:

Adam var ki, yanına gülə-gülə gedirsən,
Adam var ki, yanına ölə-ölə gedirsən.

- Hə... Aşıq Əhlimanı çox sağ olsun... Onda dedi: Düzdür, Aşıq Əhmədin - o gözəl ustadın bütün kitabları məndə var. Ancaq mən onları üzün köçürmək üçün sənə verə bilərəm. Əvvəl üz vurub onları pulla almaq istəsəm də, mümkün olmadı. İnanın, o kitaba lap 500 manat da verməyə hazır idim. Ancaq aşıq dedi: "Nə danışırsan, onlar bilsən ki, mənə nə qədər əzizdilər. Aşıq Əhməd yadigarlarıdı..."
Hətta bu sözləri deyəndə o kövrələn kimi oldu, gözləri doldu. Sözlərimə peşman kimi üzrxahlıq etməyə çalışdım:
- Sən Allah bağışlayın, mən nə bilim ki, siz Aşıq Əhmədi bu qədər sevirsiniz?!. Gülümsədi: "Bəyəm siz sevmirsiniz?!. Elə bu sevgidi ki, sizi Siyəzəndən bura gətirib. Alqış sənə, oğul, var ol həmişə. Görürəm, söz, sənət qədri bilənə oxşayırsan..."
Deyirdi ki, beləcə o gün Ucar şəhərinin mərkəzində həmin kitabların surətini çıxarıb, özü ilə gətirdi. İndi də şənlik məclislərində həmin şeirlərdən yararlanır, istifadə edir. Buna görə də Aşıq Əhmədə, onun poeziyasına, ölməz sənətinə borcludur.
1995-ci ildə Siyəzənə dövlət notariusu təyin olundu. Artıq onda dörd kitabı çap olunmuşdu: "Yeddi il sonra", "Çin qızılgülü" hekayələr, bir də "Kürdəmir şəhidləri" kitabı... Gənclər təşkilatının sədri Vahid Əhmədov yanına gəldi ki, onunla görüş keçirmək istəyirlər. Nədənsə, razılıq vermədi. Düzdür, o da belə tədbirləri xoşlayırdı. Ancaq rayona təzə gəldiyi üçün məsləhət bilmədi.
Bir gün Siyəzən rayon İcra hakimiyyətinin başçısı Füzuli Hacıyevin yanında olanda dedi:
- Əlisəfa müəllim, Vahid müəllim mənə də deyib. Gənclər sizinlə görüş keçirmək istəyirlər.
Başçının sözlərini yerə salmayıb dedi:
- Onda lazımi səviyyədə təşkil olunub keçirilsin də...
- Əlbəttə ki... Bizdən də nə lazımdı kömək edərik.
Həmin tədbirə qonaqlar dəvət olunanda Kürdəmir də unudulmadı. Bu barədə o vaxt humanitar sahəyə rəhbərlik edən Cəfərov Ramizə deyilmişdi.
Deməsinə görə hətta Şilyan kəndindən ona hədiyyə vermək üçün qiymətli bir xalça da alıb gətiriblərmiş. Sonradan həmin səfər təxirə salınıb. Başçı Taleh Qaraşov deyib ki, xalçanı maşına qoyun, özüm Bakıdan gedib iştirak edəcəyəm.
Həmin tədbir 1997-ci ilin oktyabr ayında yüksək səviyyədə təşkil olunub keçirildi. Televiziyadan o vaxtlar üzdə olan Mehriban Hacıyevanın rəhbərlik etdiyi çəkiliş qrupu gəlmişdi. Yerevan teatrının artistləri iştirak edirdilər. Onun mənsur şeirləri, "Siyəzən gözəli" şeirinə bəstələnən mahnı oxundu, əsərlərindən səhnələr göstərildi. Həmin tədbir Az.TV-də bir saatdan artıq yayımlandı.
Xeyli müddət sonra rayona gələndə, Aşıq Əhməd Rüstəmovun nasaz olduğunu eşidib, ona dəyməyə getdi. Aşıq onu çox böyük səmimiyyətlə qarşıladı:
- Ə, xoş gəlmisən!... Sənə canım qurban!... Bizim evə həmişə sən gələsən!..
Onun beləcə sağlam, gümrah olmasını görüb, lap şad oldu. Hal-əhval tutandan sonra dedi:
- Heç nədən sənin də yanında xəcalətli qaldıq da.
- Allah düşmənlərimizi xəcalətli eləsin, aşıq... Bu nə sözlərdi?
- Yox, həmin tədbirdə biz iştirak etməli idik. Allah yol vermədi də...
- Hərdən belə işlər olur da... O kişinin nə təqsiri.
- Düzdür... Çoxu elə bəndə işləridi...
Beləcə deyə-gülə danışanda, dərdləşəndə, o, həyat yoldaşı Mələk xanıma dedi:
- Qonşumuz, yazıçı Əlisəfa Azayevdi də... Tanıdın?..
- Əlbəttə ki... Xoş gəlib...
Aşıq gümrahlıqla dedi:
- Xoş söz deməklə ağız şirin olmaz, kisə dolmaz. Sən hərəkətə keç, süfrə aç...
Dilləndi:
- Yox, çox sağ olun... Mən elə sizə dəyməyə gəlmişdim.
- Ağ eləmə... Görürsən ki, lap yaxşıyam. Bir də ki, el aşığının evinə gələn bir şey yeyib-içməlidi də...
- Çox sağ olun.
- Sağam da... Əvvəl xanımın gətirdiyi bu pürrəngi çaydan başlayaq...

(ardı gələn sayımızda)

Əlisəfa Azayev
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ