adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Noyabr 2018 00:46
8920
GÜNDƏM
A- A+

KİM DESƏ Kİ, SÖZ QOCALIR, SÖZ ÖLÜR...


Noyabrın 14-ü səhər təkcə onun doğulub boya-başa çatdığı Faxralı kəndi, faxralılar və bütövlükdə borçalılar üçün yox, həm də Azərbaycanın elmi-pedaqoji ictimaiyyəti üçün acı bir xəbərlə açıldı. Pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü, bütün həyatını elmə, təhsilə, xalqının maariflənməsinə sərf etmiş Şəmistan Mikayılovun dünyasını dəyişməsi xəbəri doğmaları və yaxınları ilə yanaşı, həmkarlarını və yetirmələrini də göynətdi.
İndiyədək onun haqqında bir neçə yazı yazmışam. Elə bu günlərdə də gələn il anadan olmasının 90 illiyini qeyd edəcəyimiz Şəmistan müəllim haqda növbəti yazı üzərində işləyirdim. Amma görünür qismət deyilmiş və təəssüf ki, artıq özünün oxuya bilməyəcəyi bu yazını da mən onun ünvanına yubiley təbriki kimi yox, ruhuna ehtiram olaraq çatdırmalı oldum.
Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalının ağır ellərindən olan Faxralı kəndində anadan olub. İlk təhsilini də burada alıb.
Sonra o vaxtlar fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumunda oxuyub. 1947-ci ildə texnikumu bitirdikdən sonra Faxralıda müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Məntiq-psixologiya şöbəsinə daxil olub. Universitetdə təhsilini başa vurduqdan sonra yenidən doğma Faxralıya qayıdan Şəmistan müəllim kənddəki orta məktəbdə Məntiq-psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. 1958-ci ilin payızında isə Bakıya gələrək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Preofessor Əliyar Qarabağlının elmi rəhbərliyi altında apardığı "V-VIII siiflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi" mövzusunda tədqiqat işinin nəticəsi kimi namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə edib. 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, çalışdığı institutda Ədəbiyyatın tədrisi və metodikası şöbəsinin müdiri vəzifəsinə, 1996-cı ildə Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsinə irəli çəkilib. Şəmistan Mikayılov həm də məşhur 91-lərdən biridir.
Müstəqilliyimizin həmin o ilk illərində, cəmiyyətimizin bir sistemdən digərinə keçid etdiyi dönəmdə Şəmistan müəllimin rəhbərliyi altında və şəxsən özünün gərgin zəhməti hesabına təhsilimizin yeni dövrün tələblərinə uyğun inkişafı sahəsində olduqca faydalı işlər həyata keçirildi - xüsusilə də humanitar fənlər üzrə milli ideologiyaya söykənən, dünya təhsil sisteminin tələb etdiyi standartlara uyğun dərslik və dərs vəsaitləri nəşr olundu, test sistemi üzrə tələbə qəbulu sahəsində proqramlar təkmilləşdirildi. Şəmistan müəllim bütün bu işlərin reallaşması üçün təkcə öz yüksək elmi potensialını, zəngin təcrübəsini, peşəkarlıq və təşkilatçılıq qabliyyətini deyil, milli-mənəvi dəyərlərə dərindən bağlılığını da ortaya qoyurdu.
Söhbətlərimiz zamanı öz ömür yolundan söz açan Ş.Mikayılov iqtisadi çətinliklərlə müşayiət olunan tələbəlik illərini bütün maddi məhdudiyyətlərə baxmayaraq, həyatının ən yaxşı dövrü hesab edir, xüsusilə dəyərli, məzmunlu mühazirələrini dinlədiyi müəllimlərini - Məmməd Arifi, Mir Cəlalı, Məmməd Cəfəri, Muxtar Hüseynzadəni, Makovelskini və başqalarını minnətdarlıq hissi ilə xatırlayırdı. Şəmistan müəllim daha əvvəl yazmış olduğu "Müəllimlərim" kitabında onların hər birinin fərdi xüsusiyyətlərindən bəhs etmiş, adlarını çəkdiyi alim-müəllimlərin elmi-pedaqoji fəaliyyətlərində qayğı ilə tələbin vəhdət şəklində birləşdiyini xüsusi vurğulamışdır: "Onların tələbə ilə rəftarı bilik idi, tərbiyə idi. Belə münasibətdə yaxşı oxumamaq mümkün deyildi".
Ş.Mikayılov müəllimin yaxşılıq meyarını onun dinləyici ilə (şagirdlərlə, tələbələrlə) rəftarında axtarırdı: "Müəllimlərin bəziləri dinləyici ilə söhbət etməyi özünə sığışdırmır, sualla müraciət etməyə imkan vermir. Bu, müəllimin biliyinin səthiliyindən irəli gəlir".
Maraqlıdır, Ş.Mikayılov təkcə dərs aldığı, mühazirələrini dinlədiyi alim və pedaqoqları deyil, əsərlərini oxuduğu, təmasda olduğu, onun elmi inkişafında az və ya çox dərəcədə müsbət təsiri olan Azərbaycan filoloqlarının hamısını öz müəllimi hesab edirdi ki, bu da böyük qədirşünaslıq nümunəsidir.
Şəmistan müəllim fenomen yaddaşına güvənərək elmi-pedaqoji fəaliyyətinin ən yaddaqalan hadisələrini qələmə alıb, xatırladığı maraqlı əhvalatları yazıya köçürməklə, yalnız elmi-pedaqoji ictimaiyyət üçün deyil, həm də daha geniş oxucu kütləsi üçün cazibədar bir əsər yaratmışdır. Bu səpkili yazılarında təvazökarcasına etiraf edir ki, elmi axtarışlarda kiçik də olsa uğur qazanmağının səbəblərindən biri başqa xalqların, xüsusən də türkdilli xalqların ədəbiyyatı, tədqiqat əsərləri və məktəb təcrübəsi ilə tanış olmasıdır.
O, dəfələrlə Moskva, Kiyev, Tbilisi, Düşənbə, Daşkənd, Alma-Ata, Bişkek, Aşqabad, Adana şəhərlərində elmi ezamiyyətdə olmuş, getdiyi ölkələrin görkəmli alimləri ilə fikir mübadiləsi aparmış, dissertasiya şuralarının üzvü olmuş, namizədlik və doktorluq dissertasiya müdafiələrində rəsmi opponent kimi çıxış etmişdir. Ədəbiyyatımızda klassik və müasir sənətkarlarımıza yüksək münasibət görüb sevinmiş, mədəniyyətimizə, ədəbiyyatımıza ağız büzənlərə rast gəldiyi az hallarda isə onlara kobud səhv etdiklərini anlatmışdır.
"Ədəbiyyat nəzəriyyəsi"nin müəllifi olan Ş.Mikayılov Nizamişünaslığa da əhəmiyyətli töhfələr vermişdir. Nizaminin Azərbaycan şairi olduğuna şübhə etdiyini deyən İran dövlətinin ölkəmizdə səlahiyyətl səfiri olmuş cənab Əhəd Qəzzaiyə Nizaminin məhz Azərbaycan şairi olduğunu isbat edən tutarlı arqumentlərlə zəngin "Açıq məktub" yazmışdır.
Şəmistan müəllim həm də türk ziyalılarının Nizami Gəncəviyə münasibətini dəyişən alimlərimizdəndir. 1997-ci ildə Adanada Çuxurova Universitəsində qonaq olarkən, universitənin Ədəbiyyat bölməsinin rəhbəri, ədəbiyyat tarixçisi, professor Mine Mengi xanımın müəllifi olduğu "Əski türk ədəbiyyatı tarixi" kitabında təqdim olunan türk şairləri sırasında Nizami Gəncəvinin adını görməyincə məyus olan Ş.Mikayılov müəlliflə söhbətində öyrənir ki, Nizami o vaxtadək Türkiyədə fars şairi kimi tanınırmış, nədən ki, bütün əsərlərini fars dilində yazıbmış. Ş.Mikayılov həmsöhbətinin diqqətini mərhum Məmməd Əmin Rəsulzadənin Türkiyədə yaşadığı illərdə (1940-1941) yazdığı "Azərbaycan şairi Nizami" adlı dəyərli tədqiqat əsərinə yönəldir: "O kitab sizin əsaslanmalı olduğunuz mənbələrdən biri olmalı idi. Məmməd Əmin Rəsulzadə Nizaminin türklərə münasibətini ümumiləşdirərək yazır: "Gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə - türklük, gözəl və böyük sözə - türkcə, gözəllik və böyüklük diyarına - Türküstan deyən şairə hansı ağız "o, türk deyildir" deyə bilər?"
Ədəbiyyat nəzəriyyəçisi kimi məşhur alimlərimizdən olan Şəmistan müəllimdən bizə yadigar qalan qiymətli elmi əsərləri, dəyərli fikirləri ilə yanaşı, həm də tövsiyələridir. Mən özüm də ixtisasca filoloq olduğumdan onun bu istiqamətdəki elmi-pedaqoji fəaliyyətinə yaxşı bələdəm. O, deyirdi ki, ədəbiyyatdan təlim materialı seçilərkən, ədəbi nümunə verilərkən, onun tərbiyəvi təsiri ön plana çəkilməlidir.
Həmin yaradıcılıq nümunələri ümumtəhsil məktəblərində öyrədilən yazarların şəxsiyyəti, xalqa, dövlətə, dövlətçiliyə sədaqəti, əqidəsi, mənəvi keyfiyyətləri baxımından gəncliyə örnək olmalıdır.
Azərbaycan ədəbiyyatını dilimizin saflığının qorunmasında mühüm vasitələrdən biri hesab edən Ş.Mikayılov dlimizin incəliyini, ahəngdarlığını qloballaşma prosesində də qoruyub saxlamağın müasir gəncliyin, gələcək nəsillərin qarşısında mənəvi borc olduğunu dönə-dönə vurğulayırdı.
Ş.Mikayılovun fəaliyyət dairəsi təkcə elmi əsər yazmaqla məhdudlaşmayıb. O, kadr hazırlığı sahəsində də nəzərəçarpan işlər görmüşdür. Onun rəhbərliyi altında neçə-neçə elm adamı namizədlik və doktorluq dissertasiyası müdafiə edib. Bu gün onların hər biri Şəistan müəllim haqqında ancaq xoş sözlər söyləyirlər.
Pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov Şəmistan müəllim haqda belə deyir:
"Deyirlər, dünya bir "Ol" sözdən yaranmışdır. Hər şeydən əzəl olan bu sözlər talecə insanlara bənzəyirlər. Onların da zəifi, güclüsü, ömrü qısa, uzun olanı, itib-batanı, zamana hökm etməyə qadir olanı vardır. Bunların ən gözəli-göyçəyi, igidi-qoçağı, ağıllısı-kamallısı "ədəbli" olanlarıdır. Belələrinin ömrü Zəlimxan Yaqub yazdığı kimi əbədidir: "Kim desə ki, söz qocalır, söz ölür - yalan sözdü, yalan sözdü, yalan söz..."
Ədəbi olan sözlər ədəbi hadisəyə çevrilərək insan həyatının əbədiliyini sözdə yaşadırlar. Dünyanın bütün xalqları üstün varlıq olaraq tarixə öz ədəbiyyatları ilə hökm edirlər.
Şəmistan Mikaylılov Azərbaycan xalqının min illərə sığmayan ədəbiyyatını gənc nəslə öyrədən müəllim-lərinə müəllimlik elmini öyrədən alimlərimizdəndir. Onun hər kəsə millətini və dövlətini sevməkdə, onun gələcəyinə sevgi və inamla baxmaqda yardımçlı olan, illərin sınağından şərəflə çıxmış bir ədəbiyyat nəğməsi, nəzəriyyəsi vardır".
Şəmistan Mikayılovun elmi irsindən, bilik xəzinəsindən faydalanan insanların gerçək siyahısı bitib-tükənən deyildir. Sevinirəm ki, bir filoloq kimi, ədəbiyyat müəllimi və qələm adamı kimi, ən nəhayət, Şəmistan müəllimin həmkəndlisi, Faxralı orta məktəbinin məzunu kimi o siyahıda mən də varam və onun əziz xatirəsi doğmaları, əzizləri, çoxsaylı yetirmələri və dostları ilə yanaşı, mənim də qəlbimdə daim yaşayacaqdır.

Səməndər MƏMMƏDOV
AYB-nin üzvü