adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Noyabr 2018 00:34
13647
ƏDƏBİYYAT
A- A+

BİR ÖMRÜN FRAQMENTLƏRİ

Kəndimizin adamları

Böyük Qafqaz sıra dağlarının ətəklərinə söykənmiş bizim Orta Əmirxanlı kəndi Şabran rayonunun qədim yurd yerlərindəndir. Kəndimiz doğma, gözəlim Azərbaycanın adi kəndlərindən biri olsa da, camaatının onun sıx, qalın meşələri, rəngarəng təbiəti, cana məlhəm havası ilə öyünməyə haqqı çatır. Bu yerlərin şöhrəti, qüruru olan, min beş yüz ildən bəridir ki, əzəmətlə ucalan Çıraqqala isə sanki ətraf el-obanın keşiyində dayanır. Bizim kəndimiz nə qədər adidən adi olsa da, öz güllü-çiçəkli baharı, qonaq-qaralı yayı, palçığı adama şingilətək yapışan payızı, əl-ayağı donduran qışı, bir də əlbəttə ki, yazın əvvəllərindən başlayıb lap obaşdandan sədası aləmi götürən qaratoyuqlarının lətif, ürəkaçan nəğmələri ilə məni və mənim aləmimdə bu torpaqda dünyaya göz açıb, boya-başa çatan hər kəsə olduqca, təsəvvürolunmaz dərəcədə əzizdir.
Bizim orta Əmirxanlı böyük kənd olub. Yaxın-uzaq neçə kənd bizim bu ellərdən köçüb gedən, lap əslində isə başını saxlamaq üçün başını götürüb gedənlərlə "ətə-qana dolub". Sovet hökuməti gəldi-gəlmədi, bolşevik rejiminin amansızlığı, özbaşınalığı, ötən əsrin 30-cu illərinin misli görünməmiş ağır repressiyası, Böyük Vətən müharibəsi və bu savaşın törətdiyi aclıq, məhrumiyyətlər, Əmirxanlı kəndinə də əməlli-başlı "daraq çəkib"...
Orta Əmirxanlıda seyid nəsillərindən biri də Mirbədəllilər idi. Bu nəslin də övladlarının səsi kənddə-kəsəkdə gur çıxır, onlar qollu-budaqlı, nüfuzlu, güzaran qayğılarından korluq çəkməyən, həm də səxavətli insanlar sayılırdılar. Bu nəslin törəmələri də əksər Əmirxanlı əhli kimi öz çörəyini, ruzisini əllərinin zəhməti ilə, halallıqla qazanırdılar.
Mir Bədəllilərin yetirmələrindən biri də Məşədi Mir Qədir oğlu Məşədi Mirhəbib idi. Bu kişi ətraf el-obanın varlı-karlı adamlarından sayılırdı. Bağları, əkin yerləri, dəyirmanları var idi. Bacardığı qədər də kasıb-kusuba əl tuturdu. Ulu Peyğəmbərimizin nişanəsi, Quran əhli kimi xeyirdə-şərdə insanlara şəriətimizin qaydalarına riyət etməyə, xeyirxahlığa, savab əməllərə çağırırdı. Mirhəbib kişi Orta Əmirxanlının ən nüfuzlu şəcərələrindən biri - Rəhmanlı nəslinin qızı Laləzar xanımla ailə həyatı qurmuşdu. Bibimiz sayılan Laləzar xanımın mən ömrünün ahıl çağlarını görmüşdüm. Bu yaşında da yar-yaraşığını, sifətinin məlahətini, ala gözlərinin şux parıltısını itirməmişdi. Böyük Yaradan bu ailəyə altı övlad payı vermişdi: dörd oğlan, iki qız.
Az-çox güzəran, çörək sahibi olan bir çox insanlar kimi MirHəbib kişi də 1937-ci ilin qanlı-qadalı repressiyasından yaxa qurtara bilmədi. Sibirə sürgün edildi və bir daha geri dönmədi.
Hörmətli oxucu, bu yazımda mən uşaqlıq illərimdən tanıdığım, dostluğumuzun yaşı yarım əsrdən artıq olan Mirqəzənfər Qədirov haqqında söz açmaq istəyirəm. Di gəl ki, kağız-qələmi qarşıma qoyub onun barəsində nə qədər düşünüb-daşınsam da, yenə gözümün önünə ilk gələn atası rəhmətlik Qədir müəllim olur. İlk kəlməi yazmaq istəyəndə o yada düşür. Yəqin ona görə ki, Qədir müəllim bizim nəslin, bir qədər də dəqiq desək, 25-30 il ərzində Orta Əmirxanlı kənd səkkizillik məktəbini bitirən şagirdlərin çox sevdiyi, hörmət bəslədiyi, həmçinin, zəhmindən, zabitəsindən həmişə çəkindiyi müəllimlərdən biri olub. Yüzlərlə gəncin ana dilimizə, zəngin ədəbiyyatımıza sevgisində, şəxsən bu sətirlərin müəllifinin əlinin az-çox qələm tutmasında, bizə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edən mərhum müəllimimizin əməyi əvəzsizdir...
Qədir Qədirov 1918-ci ildə təvəllüd tapıb. İlk təhsilini mollaxanada alıb, ərəb dilini səlis öyrənib. Müqəddəs kitabımız "Qurani-Kərim"i oxuyub, onun tükənməz hikmətinə, islam dininin təlqin etdiyi qaydalara, əxlaqa yaxından bələd olub. "Xalq düşməni"nin oğlu kimi müxtəlif təzyiqlərə məruz qalsa da, inadla, iradə ilə çalışıb, təhsilini davam etdirib. 1939-cu ildə Quba pedaqoji texnikumunu bitirib. Əmirxanlının ilk maarif, mədəniyyət müjdəçilərindən biri kimi pedaqoji fəaliyyətə başlayıb. Əvvəl ucqar Xaltan kəndində müəllimlik edib. Sonra rayonumuzun müxtəlif kənd məktəblərində çalışıb. Leyti kəndində işləyərkən iş yoldaşı Fəridə xanımla ailə həyatı qurub. Böyük Vətən müharibəsindən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini qiyabi bitirib. Dəyərli pedaqoji üsluba malik, fədakar müəllim Qədir Qədirov 1978-ci ildə dünyasını dəyişib. Onun yeddi övlad yadigarı hər zaman öz əməlləri ilə atalarının ruhunu şad etməyə çalışır.
Qədir müəllimlə Fəridə xanımın ilk oğul övladı Mir Qəzənfər 1949-cu ilin hələ bizim yerlərdə belə, qora bişirən avqust ayında dünayaya göz açıb. Bütün yaşıdları kimi uşaqlıqda necə desən dəcəlliklər edib, təzə nə görübsə, ona maraq göstərib, adicə yarpaq xışıltısına, suların zümzüməsinə, anadillərin səsinə də heyrət edib. Tay-tuşları ilə dalaşıb da, sevinib də, gülüb də. Ancaq yaşına yaraşmayan ciddiliyi, zəkası, fəhmi-fərasəti ilə bir çoxlarından fərqlənib.
Mirqəzənfərin adı ilk siniflərdən məktəbin yaxşı oxuyan, fəal şagirdləri cərgəsində çəkilib. 1966-cı ildə Dəvəçi şəhər (Şabran) Tofiq Abbasov adına orta məktəbi yüksək qiymətlərlə bitirib. Aqronom olmaq, bol məhsullu bağlar salıb qollu-budaqlı ağaclar böyüdüb, dadına, təravətinə tay olmayan meyvələr yetişdirmək arzusunu illər boyu qəlbində yaşatsa da, həmin vaxtlar fikirləşdi ki, müstəqil həyatda həm bir az dünyagörüşü artsın, həm də ali məktəbə daha ciddi hazırlaşsın. Odur ki, bir müddət doğma kənddəki üzümçülük sovxozunda fəhləlik etdi. Sonra isə həmin sovxozun kadrlar şöbəsində çalışdı.
1969-cu ildə Mir Qəzənfər Qədirov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəz və üzümçülük fakültəsinə, qiyabio şöbəyə daxil olub. Tomsk şəhərində ordu sıralarında xidmət edib. Əsgər həyatının çətinlikləri ilə yanaşı, özünəməxsus maraqlı, yaddaqalan məqamları da az deyildi. Bu illərdə Mir Qəzənfər həm fiziki cəhətdən, həm də xaraktercə daha da möhkəmləndi, özünə mehriban dostlar qazandı. Dünyanı, onun yaxşısını, pisini görüb-götürdü.
Yenə də doğma kənd, doğma təsərrüfat... Seçdiyi ixtisasa ürəkdən bağlı olan gənc mütəxəssisin qəlbində həmin illərdə coşqun bir arzu pərvazlanırdı: öz zəhməti, biliyi, bacarığı, elinə-yurduna, camaatına, xalqına daha çox fayda verə bilsin. Bu arzu naminə şövqlə, yorulmadan çalışırdı. Sovxozda üzümçülük briqadiri işlədiyi dövrdə öz işguzarlığı, insanlara münasibəti, öhdəsində olan bağlara göstərdiyi qayğı və qulluğun, aqrotexniki şərtlərə müntəzəm əməl olunması sayəsində məhsuldarlıq ildən-ilə artır, briqada bütün rayonda şöhrət tapırdı. Təsadüfi deyildir ki, bu kollektiv 1976-cı ildə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin keçici Qırmızı Bayrağına layiq görüldü. O, əməksevərliyi, qazandığı uğurlarla rayon rəhbərliyinin diqqətini getdikcə daha çox cəlb edirdi.
Mirqəzənfər Qədirov kənd təsərrüfatı üçün rəhbər kadrlar hazırlayan kursu qurtardıqdan sonra rayondakı Kuybışev adına sovxozun üzümçülük üzrə direktor müavini vəzifəsinə göndərilir. Çox çəkmədi ki, Dəvəçi rayon Aqrar İstehsalat Birliyinin baş aqronomu vəzifəsinə irəli çəkildi. Üç il bu vəzifədə çalışdıqdan sonra Mirqəzənfər Qədirov 1980-ci ildə daha məsul vəzifəyə, Dəvəçi rayon Aqrar İstehsalat Birliyinin rəisi vəzifəsinə təyin edildi. Cəmi 31 yaşı olsa da, o, yetkin, təcrübəli bir mütəxəssis kimi fəaliyyət göstərir, bu çətin, məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün sözün əsl mənasında gecə-gündüz yorulmaq bilmir, öz əməyi ilə ona göstərilən etimadı doğrultmağa çalışırdı.
İlk növbədə rayon təsərrüfatlarının işi ilə daha yaxından tanış olur. Onların maddi-texniki bazasının möhkəmləndirilməsini ən vacib məsələlərdən biri sayır, əməkçilərin rifah halının möhkəmləndirilməsinə ciddi fikir verir, hər zaman haqqın-ədalətin yolu ilə getməyi, el malına kəm baxanlara qarşı sərtdən-sərt mövqe tutmağı əsas məram və məqsədi hesab edirdi.
1987-ci ildə Mir Qəzənfər Qədirovun həyatında dedikcə əlamətdar bir hadisə baş verdi. Onu ilk dəfə əmək fəaliyyətinə başladığı təsərrüfata, Dəvəçi üzümçülük sovxozuna direktor vəzifəsinə göndərdilər. Həmin dövrdə müəyyən çətinliklərlə, tənəzzüllə üzləşmiş təsərrüfatı gerilikdən çıxarmaq üçün Orta Əmirxanlının öz yetirməsi, təcrübəli mütəxəssis kimi tanınan bu şəxs həmin vəzifəyə məsləhət bilinmişdi. Doğma kənddə çalışmaq isə həm asan, həm də müəyyən qədər çətinliklərlə bağlı idi. Asan tərəf orası idi ki, Mir Qəzənfərin kənddə, camaat arasında böyük hörməti, nüfuzu var idi. Hamı onu dədə-babadan, soydan-nəsildən gələn təbiəti, gözütox, halal, heç bir halda ağa qara deməyi bacarmayan bir insan kimi tanıyırdı. Hamı bilirdi ki, bu kişi el təəssübü çəkən, yurdunun xoş sabahını düşünən, camaatın halına yanan, qədirbilən bir adamdır. Çətinliyin əsas tərəfi isə o idi ki, hər zaman yüksək mədəniyyətə malik, xeyirxah xarakterli, sadəliyi, təvazökarlığı nümunə göstərilən Mir Qəzənfər müəyyən məqamlarda belə adamlarla sərt rəftar etmir, hirslə, qəzəblə danışmırdı və... bundan istifadə edənlər tapılırdı...
Guya atalar deyib ki, "el üçün ağlayan kəs gözündən olar" amma bizim bu yazımızın qəhrəmanı. əgər belə demək mümkündürsə, el üçün ağlamağı bacarırdı. Məhz ona görə də o, Dəvəçi üzümçülük sovxozuna rəhbərlik etdiyi altı il ərzində öhdəsinə düşən vəzifələri layiqincə bacarıqla yerinə yetirərək təsərrüfatın iqtisadi cəhətdən mğhkəmləndirilməsində, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsində, sosial həyat tərzinin yeniləşməsində, kəndin abadlaşdırılmasında böyük əmək sərf etdi.
Həmin illərdə keçmiş SSRİ-nin dağılması, yaranmış yeni iqtisadi münasibətlər Dəvəçi üzümçülük sovxozunun da ləğv olunmasında öz sözünü dedi. O zaman Mir Qəzənfər Qədirovu müxtəlif işlərə, vəzifələrə dəvət etsələr də, o doğma kənddə də qalmağı üstün tutdu. İxtisaslaşma kirsu keçərək bir vaxtlar təhsil aldığı Orta Əmirxanlı kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətlə məşğul oldu və təqaüdə çıxanadək burada çalışdı.
Mirqəzənfər barədə düşüncələrimdə bir fikir məndə daha çox maraq, sual doğurur. Həmin o sovxoz, kolxoz, dövlət təsərrüfatları ləğv edildiyi vaxtlar əsl torpaq adamı, səriştəli mütəxəssis olan, yüksək təşkilatçılıq bacarığına, məsuliyyət hissinə malik bu insanı bir sıra vəzifələrə dəvət etdilər. Lakin o, doğma kənddə qalmağı üstün tutdu. Ata yurdunu daha da abadlaşdırdı, daha gurşad elədi. Bir zamanlar yeniyetməlik, gənclik illərində qəlbində, duyğularında yaşatdığı arzusunu, ürəyincə olan, göz-könül oxşayan, barı-bəhəri adama gəl-gəl deyən, gül-çiçəyinin gözəlliyi, rahiyəsi ilə hər kəsə sevinc, məhəbbət bəxş edən bağ-bağça salmaq istəyini həyata keçirməyə başladı. Düz iyirmi ildən çoxdur ki, Mirqəzənfər bu xeyirxah məqsədi naminə şövqlə, solmaz bir sevgi ilə inadla, ardıcıl, yorulmadan çalışır. İndi çoxdan bəridir ki, bu bağ mənə nağıllardakı bağları xatırladır. Burada hansı meyvə ağacına rast gəlmirsən... Elə təkcə yetmişə yaxın qoz ağacı baş-başa verib. Bizim bölgədə "qərib olan" neçə-neçə meyvə ağacına calaq vurub, yetişdirib, bu yerlərin təbiətinə uyğunlaşdırıb.
Əmirxanlı camaatı uşaqlı-böyüklü bizim kəndin qonaq-qarası bu bağı gəzib-dolanmaqdan böyük zövq alır, mer-meyvəsini həvəslə, ağız şirinliyi ilə dadırlar.
Söz düşəndə Mirqəzənfər deyir ki, mən sözün əsl mənasında ailəmin ruzusunu öz əlimin əməyi ilə qazanıram. Taxıl əkirəm, bağ-bostan yetiçdirirəm, mal-heyvan, toyuq-cücə saxlayıram. Son vaxtlar arıçılıqla da məşğul oluram. Zəhmət məni həm də cavan saxlayır. Bir əlim torpaqda olmasa, yəqin elə həmin gün qocalaram.
Mirzəqənfər ailə sədaqəti ilə nəfəs alan, övladlarının xoşbəxt gələcəyi naminə el arasında deyildiyi kimi, özünü oda-suya vuran bir şəxsdir. O, həyat yoldaşı, kəndimizdə həm bir insan, həm də təcrübəli tibb işçisi kimi hörmət-izzət sahibi olan Gülşərəf xanımla çiyin-çiyinə verib üç oğlan, bir qız böyüdüblər. Hamısı da ailə, ev-eşik sahibidir. Onun bir məramı, ömür kredosu da balalarının mərd, qürurlu, sadə, təvazökar, ən başlıcası isə əməksevər, toprpağa, elə bağlı tərbiyə etmək olub. İnamla deyə bilərəm ki, dostum Mirqəzənfər bu arzusuna da çatıb.