adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Noyabr 2018 00:26
12122
ƏDƏBİYYAT
A- A+

Azərbaycan Ədliyyəsinin inkişaf tarixi


Müstəqil Azərbaycan dövlətinin Ədliyyə Nazirliyi ilk dəfə 1918-ci ilin may ayının 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün yaradılmış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və həmin ilin noyabr ayının 22-də nazirliyin Əsasnaməsi təsdiq edilərək, onun funksiya və səlahiyyətləri müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin dövlətin yaradıldığı gün təsis edilməsi milli dövlət quruculuğunda ədliyyə sisteminə xüsusi əhəmiyyət verilməsinə dəlalət edir.
Ədliyyə tariximizdə unudulmaz hadisələrlə yanaşı, keşməkeşli səhifələr də olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə Xalq Ədliyyə Komissarlığı ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcrayyə Komitəsinə və digər orqanlara verilmişdir. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət Prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, digər səlahiyyətləri Nazirlər Soveti yanında hüquq komissiyası və ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmışdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edildi, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yarandı. 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etsə də bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, onun varisi olan müasir Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi. Həmin dövrdə hakimiyyət əldə etmiş naşı siyasətçilərin xəyanətkar əməlləri və xalqa zidd siyasəti nəticəsində ictimai həyatın bütün sahələrində tənəzzül yaranmışdı. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı davam edirdi, ölkə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə dahi öndər Heydər Əliyev Bakıya qayıtdı və dövlətçiliyimizin qorunmasını öz üzərinə götürdü. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində milli dövlətçiliyimizin itirilməsi təhlükəsi aradan qaldırıldı, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğuna başlanıldı, daxili sabitlik bərqərar edildi, ölkəni bürümüş hərtərəfli tənəzzülün qarşısı alındı. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu.
2000-ci ildə ilk dəfə hakimlərin test üsulu ilə seçimi keçirildi, həmin ilin sentyabr ayından isə yeni 3 pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün onlarla normativ sənədlər qəbul edildi. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olundu. 2006-cı ildə ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi təsdiq olunaraq cəmiyyətdə mühüm rolu təsbit edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir. Həmçinin, ölkə Prezidenti tərəfindən 2006-cı ildə "Ədliyyə orqanlarının inkişafı haqqında", Məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" qanunların qəbulu, ölkə başçısının 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə işə qəbulun yeni qaydalarının müəyyən olunması Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələ olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzləri yaradılmışdır. "ASAN xidmət" mərkəzlərinin əsas məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasıdır. Həmin mərkəzlərdə Ədliyyə Nazirliyinin qeydiyyat və notariat şöbələri də fəaliyyət göstərir.
Ədliyyənin müxtəlif sahələrinə qulluğa qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı daim diqqətdə saxlanılır. Son illər şəffaf seçimlər əsasında ədliyyə orqanlarına böyük əksəriyyəti gənclər olan 2800-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf kadrlar qulluğa qəbul olunub.
Həmçinin, penitensiar və tibb xidmətlərinin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədi ilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, namizədlər müsabiqələrdə geniş iştiraka təşviq olunur, o cümlədən "ASAN Kadr" Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Eyni zamanda, təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır.
Böyük öndər Heydər Əliyevin işıqlı ideya və amallarına, siyasi irsinə daim sadiq olan müdrik Azərbaycan xalqı yüksək vətəndaş həmrəyliyi göstərərək cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməklə öz şərəfli tarixində növbəti uğur və nailiyyətə imza atmış, ölkəmizin davamlı inkişafına təminat əldə etmişdir.
Hər il noyabr ayının 22-də ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Müstəqil dövlətimizin banisi, dahi öndər Heydər Əliyevin ədliyyə işçilərinə bəxş etdiyi peşə bayramı bu il xüsusilə əlamətdardır - ədliyyə sistemi həm də 100 illik yubileyini qeyd edir. Peşə bayramının və Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə əhatəli tədbirlər planı təsdiq olunmuşdur. Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər.

Sevinc HÜSEYNOVA,
Gəncə "ASAN Xidmət"
mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi