adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 Noyabr 2018 17:58
44089
GÜNDƏM
A- A+

Azərbaycan Memarlıq və İnşaat Universitetində Aprel şəhidlərinin xatirəsi anılıb

Noyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatları, tanınmış ziyalılar və şəhid ailələrinin iştirakı ilə Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Adalet.az xəbər verir ki, tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova xalqımıza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın – Aprel şəhidlərinin xatirəsinin daim qəlbimizdə yaşadığını vurğulayıb. Rektor deyib: ”Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir. Qoy gənclərimiz bu qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar”.

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə tədbirin təşkilində göstərilən dəstəyə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün ölkəmizin bir çox təhsil müəssisələrində bu cür tədbirlər keçirdiklərini deyən Sevinc Alızadə gənclərin vətənpərvər ruhda yetişməsində belə aksiyaların önəmini xüsusi qeyd edib.

Sonra 2016-cı ilin Aprel hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə iştirak edən millət vəkillər - Flora Sadıqova, Qənirə Paşayeva, Aqil Abbas çıxışlarında gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa, onlara tanıtmağa səsləyib, yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıb.

AzMİU-nun tələbələri tədbirdə vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.