adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Noyabr 2018 09:46
10148
ƏDƏBİYYAT
A- A+

Kəndiri kirlənmiş təsbehdi bu eşq

Hikmət Məlikzadə


Gen dur gözlərimdən...

Şeytan da mənimlə əlləşir elə...
Görüm necə eşir közümü, görüm.
Bir gün deməzlərmi dəliydi kişi?!
Gen dur gözlərimdən, özümü görüm.

...Nədən Allah qədər sevdiyim qadın
Cavab məktubunu qollamıb hələ?
...Çoxdan o yazığa bir vəd veriblər,
O da qırağını kollamıb hələ...

Çəkdiyim şəkilə oxşamırsan heç,
Gözünü çəkəndə, qələm sürüşüb.
Sandım, ovlayaram, başım qarışdı,
Qəfil dedilər ki, tələm sürüşüb...

Soyuq rüzgarlara
can qapı açmaz...

Soyuq rüzgarlara can qapı açmaz,
Sən yoxsan, dən basıb telimi yenə.
Bilmir hara uçsun kor alabaxta,
Qatı duman basıb elimi yenə.

Ruhumun damında quşlar ev tikir,
Ömür şüşəmizdə çatlar böyüyüb.
Durma gen sahildə boş qayıq kimi,
Bir bax, hürkütdüyün atlar böyüyüb.

Könül al butalı palaz kimidi,
Bir doğru fikir yox, közüm öyrəşsin.
Mən səni çox gördüm çəhrayı rəngdə,
Bir az da ağ geyin, gözüm öyrəşsin...

***

Sən elə bildin ki, eşq səltənətdir,
Hər axşam üzümə qapı bağladın.
Qonşu elçi gəldi, baş barmağına,
Mənim rənglədiyin sapı bağladın...

Dünən düşüb itib nişan üzüyün,
Bilirəm, dünəndən əlin üşüyür.
gMənim də gözümdə məndən nigaran,
Bir ruhu havalı gəlin üşüyür......

Könül vəsf eləmir sən deyən sözü,
Götür nəyin varsa, canımdan gen dur.
...Tanrı, insaf elə, köç vədəsidi,
Bu gün bu xınalı xanımdan gen dur.

Başlayır "dostların" yarpaq
tökümü

Yenə qarşımıza iki yol çıxıb,
Birində it hürür, biri işıqlı...
Allah, sən həyatın çuxasına bax,
Ölü zülmət rəngdə, diri işıqlı...

Bəlkə də ruhumun çəkdiyi əzab
Tale qarğışıdı, naz deyil, asın...
Az daşla canımı, dəli olmaqda
Mənim də günahım az deyil, asın.

Tez-tez səd çəkirsən baxışlarıma,
...Sanki gözlərimə qənim deyilsən.
Bilirdim, axırda belə olacaq... -
Sən mənim olandan mənim deyilsən.

Başlayır "dostların" yarpaq tökümü,
Könül dəftərimdən adlar azalır.
Yaxşı ki, çiynimdən yük düşür az-az,
Yaxşı ki, böyrümdən yadlar azalır.


Sinəm ağrı çəkir
lal qadın kimi

Küsdün dən tapmayan göyərçin kimi,
Səsin neçə kökdə kamana gəldi.
Bir çılğın baxışa yüz duvaq düşür,
Allah, nə sevməli zamana gəldi!

Ya düş gözlərimdən, salavat çəkim,
Ya da gözlərimdə qal qadın kimi.
Sən Allah, şəklimi öpmə bir daha,
Sinəm ağrı çəkir lal qadın kimi.

Apar nəyim varsa, halalın olsun,
Özümü də apar, gözümə dəymə.
Bir saf ruhum vardı, onu da qırdın,
Barı, bundan sonra közümə dəymə.
Kimsə sevmək üçün
bəhanə gəzir

Kimsə sevmək üçün bəhanə gəzir,
Kimsə tabut boyda qadın itirib...
...Bitib aramızda eşq oyunları,
Ağzım da deyəsən, dadın itirib.

Nuhun tufanı var hər sönük eşqdə,
Tale aşiqləri daşlayır demək...
Kəfənə bükülmüş sevda yolları,
Məcnundan, Leylidən başlayır demək...

(Səni gözlərimdən sağ aparıblar,
Ölü gətiriblər evə, bilərəm...)
Mənə qardaş demə, gülçöhrə gözəl,
Mən səni nə vaxtsa sevə bilərəm...


Mən dəli olmağı bacardım, şükür...

Ruhlar da bədənə yük olur bəzən,
Zülmü bar verməyən bağa oxşatma.
Hərdən qorxa-qorxa çıxdığım dağı,
Sinəmə çəkdiyin dağa oxşatma.

Bəsdir, kipriyimdən yelləncək asdın,
Bir az da can soran zəli ol, quzum.
Mən dəli olmağı bacardım, şükür,
Sən də, ağlın varsa, dəli ol, quzum.

Anadan olandan kir içindəyik,
Əzan da oxundu, yu, ağa, bizi.
...İpindən ağ köynək asdığın həyat,
Nə vaxtsa bükəcək bu ağa bizi.


Bir ana möhtacdır
min paslı fikir

Apar bu köpəyin qızını, bezdim,
Gəldi, nə yemişdim gözümdən, Tanrı.
Canım kötük deyil baltalayalar,
Nə qədər utanım özümdən, Tanrı?

Ruhum çiliklənir daş parçasıtək,
Mənim pulum yoxdur canımı alım.
Cəllad da hazırdı, kötük də, ancaq
Ürəyim qıymır ki, qanımı alım.

Bir ana möhtacdır min paslı fikir,
Ömür dağ çayıtək çağlayır gendə.
Qalxım, bir söz deyim bu yalqız çağa,
Kimsə adam kimi ağlayır gendə.

Yollar köç aparır qara çöllərə,
Qorx ki, yarı yolda kömür qurtarsın.
Apar bu köpəyin qızını, Tanrı,
Apar, mən də susum, ömür qurtarsın.


Süpürür

Nə sağı bəllidi, nə solu bəlli,
Dünya üst-başından kələk süpürür.
Könlünü quşbaza veribdi deyə,
Nənəm otuz ildir lələk süpürür.

Undan un çıxardır ələk, Allahsız,
Uşağa dar gəlir bələk, Allahsız...
Buludun altını fələk Allahsız,
Buludun üstünü mələk süpürür.

Göylər hirslənəndə, tər atır ancaq...
Eşqin tüfəngini ər atır ancaq...
Hamı əzrayıla şər atır, ancaq,
Adamı torpaqdan fələk süpürür.


Göstərir

Xatirələr diri qalır,
Biri itir, biri qalır.
Can cəsəddən iri qalır; -
Tanrı balaca göstərir.

Dayan, nəfəs al bir hovur,
Baxışın içimi ovur.
...Yer məni qapıdan qovur,
Göy mənə baca göstərir.

Bax, qəlbə dəyən oxlara,
Baxmır varlara, yoxlara.
...Həyat çörəyi toxlara,
Təndiri aca göstərir.
Ölüm vaxtı keçmiş dərman
kimidir

Bu həyat elə bil qəm çəlləyidir,
Yenə də sinəmin dağı çoxalıb.
Mən ki bacarmıram fikir çəkməyi,
Nədən saçlarımın ağı çoxalıb?!

Yanmır, tüstülənir, bədəni donub,
Neçə qurd dolanır şamı pərişan.
Bu yerin üstündə min-min büt gəzir,
Bu yerin altında hamı pərişan.

Ölüm vaxtı keçmiş dərman kimidir,
Tərs gələn əcələ ərk etmir heç kim.
Adamla doludur torpaq büsbütün,
Onunçün dünyanı dərk etmir heç kim...g

***

Kəndiri kirlənmiş təsbehdi bu eşq,
Nə çevirmək olur, nə də qoxlamaq.
Duyğum kürt düşəndə, müsibət olur,
Yara sığallamaq, zədə qoxlamaq.

Daha yoldan çıxmır xınalı hisslər,
Ruhum ta kölgədi, ağası da var.
Bəsdir arxasınca düşdün o qızın,
Korsan, qucağında çağası da var.

Sevgi daxmamızın hasarı uçub,
Əl vura bilmirəm dizə, yaradan.
Biz eyni tətiyin hədəfi olduq,
Eyni dərd göndərdi bizə Yaradan.

***

Səsim ərşi titrədir,
İpi çürük zəng kimi.
Tanrıya tuşlanıbdı
əlim boş tüfəng kimi.

Kefimə dəysə külək,
Bulud yeri daşlayar.
Odun düşdüyü yerdən,
Təzə sevda başlayar.

Kimsə yox damın altda
məndən savayı, tez gəl.
Tale baha satılır,
Ömür havayı, tez gəl.