Qınına çəkilmiş çanaqlılar - Elçin Şıxlı

6990 | 2018-11-15 10:16

Yuxu gözündən tökülürdü. Əlindəki işləri görüb tezcə yorğan-döşəyə girib yatmaq və yuxusunu almaq istəyirdi. Yaş öz sözünü deyirdi. Daha əvvəlki kimi gecəni-gündüzə qatıb durmadan işləyə bilmirdi…

Bütün proqram və faylları səliqəylə bir-bir yaddaşa verib kompüteri söndürəndə gecə yarıdan xeyli keçmişdi. İş masasının arxasından qalxıb gərnəşdi və yumruğuyla sinəsinə vurdu. Başını bulayıb eyvana çıxdı ki, yatmazdan əvvəl bir az təmiz hava udsun. Evdə geyindiyi qolsuz içliyi çiyninə atmışdı. İki gündü durmadan əsən dəli külək kəsdiyindən ətraf sakitdi. Hələ yarpaqlarını tam tökməmiş iri qarağacın arxasından bozumtul işıq saçan ay görsənirdi.

Yaxınlıqda it hürdü, qanad səsləri eşidildi, gonşudakı mal böyürdü və burnuna tövlənin üfunəti doldu…

Elə bil bayaqdan gözündən yuxu tökülən adam bu deyildi. Yuxusu ərşə çəkilmişdi. Nə illah edirdisə, yata bilmirdi…

***

Hardansa gəlib bir sahilə çıxmışdı. Göz işlədikcə boş qumsallıq idi. Ətraf da bombozdu. Yan-yörəsinə boylanıb nə edəcəyini düşündü. Başqa əlac yoxdu – irəli getmək lazımdı. Elə də elədi. Amma çox çətinliklə irəliləyirdi, hər addımında az qala topuğacan quma batırdı. Bu minvalla bir qədər getdikdən sonra hiss elədi ki, yeriməyə heç taqəti qalmayıb. Halsız şəkildə yerə çökdü. Baldır əzələləri sanki quruyub daşa dönmüşdü. Nəfəsi də daralmışdı. Düşündü ki, onunku da burayacanmış. Arxası üstə quma uzandı. Ürəyinin guppultusu lap başına düşürdü. Bu minvalla yuxuya getdi. Oyananda qan-tər içindəydi. Gün düz təpəsinə döyürdü. Dili-dodağı təpimişdi. Gücünü toplayıb yerində dirsəkləndi, bir həmlə də edib özünü suya çatdırdı. Üzüqoylu düşüb dodaqlarını suya doğru uzatdı və birdən anladı ki, suyundan içmək istədiyi dənizdir. Halı bir qədər də korlandı. Nəhayət, diz üstə qalxıb suyun üzünü təmizləyirmiş kimi onu əlləriylə kənara itələdi və ovuclarını doldurub suyu üzünə çırpdı. Sanki azca toxtadı. Ovuclarını bir də dolduranda əli xırdaca bir daşa toxundu və daş hərəkətə gəldi. Əti ürpəşdi və əlini ilan vurmuş kimi tezcə geriyə çəkdi. Daş da dayandı. Gözlərini qıyıb ətrafında bıçqıl balıqların şütüdüyü daşa baxanda gördü ki, daş da ona baxır. Əvvəl heç nə anlamadı, yalnız gözlərini əllərinin arxasıyla sildikdən sonra başa düşdü ki, daş bildiyi bapbalaca tısbağaymış – başını qınından çıxarıb maraqla ona baxır. Beləcə bir xeyli baxışdılar. Sonra o, əlini tısbağaya doğru uzatdı. Çanaqlı qorxmadı, əksinə başını qınından bir az da uzatdı və o, balacaya toxundu. Bayaqdan bomboz rəngli daş olan tısbağanın yanaqları allandı, çanağı yaşıla çaldı, pəncəcikləri isə sarı və qırmızı zolaqlarlarla örtüldü. Balaca çanaqlı bağa ətrafa sanki işıq saçdı və suyun içində bir canlanma sezildi. Suyun sahilə yaxın dayazlığındakı bütün daşlar birdən-birə hərəkətə gəlib başlarını qınlarından çıxararaq ona baxan çanaqlı bağalara çevrildilər. Boz daşlar dirilib qırmızı yanaqlı və yaşıl çanaqlı tısbağalar olmuşdular. Dəniz də dirilmişdi – zümrüdü, büllur kimi şəffaf suları günəş şüaları altında bərq vururdu…

***

Üzündə sərin meh hiss edib oyandı. Gülümsəyirdi. Neçə vaxtdı, belə gümrah və xoşbəxt olmamışdı. Uzun müddətdi heç bir yuxu görmürdü. Ümumiyyətlə, çox az hallarda yuxu görərdi. Görəndə də əcayib-qərayib şeylər girərdi yuxusuna. Həmişə də hövlnak və baş ağrısıyla oyanardı. İndi isə tam əksinəydi. Bir sözlə, olduqca qəribə yuxuydu.

Bunun nə demək olduğunu anlamağa çalışdı. Bir xeyli ədəbiyyata baxdı. Müxtəlif yozumlar vardı, çoxusu da daban-dabana zidd gəlirdi. Və birdən yadına uşaqlıqda Fenimor Kuperin acgözlüklə oxuduğu "Ləpirçi”, "Pioner” və "Sonuncu mogikan” əsərləri düşdü. Qəhrəmanları əsasən eyni olsa da, ən bəyəndiyi "Sonuncu mogikan” idi. Əsərin adı hətta zərb-məsələ də dönmüşdü. Ələ düşməyən, tapılmayan və ya sonuncu olan mənəvi dəyərlərə və onların daşıyıcılarına baxıb adətən təəssüflə "sonuncu mogikan” deyirlər…

Həmin əsərdə mogikan qəbiləsinin əsir düşmüş sonuncu nümayəndəsi Unkası edama apararkən sinəsindəki döyməni — göy çanaqlı bağanı — görən delavarlar qarşılarındakının kim olduğunu anlayınca heyrətdən çaşıb qalırlar. Və Unkas bu sözləri deyir:"Lenni-Lenap camaatı! Göy qübbəsi mənim nəslimin çiyinlərində dayanır! Sizin zəif qəbiləniz də mənim zirehli çanağımın sayəsində ayaqdadır!”. Bundan sonra özlərinə inamı itirmiş delavarların başına keçən və Göy Qübbəsini çiyinlərində daşıyan Göy Çanaqlı Bağanın sonuncu övladı Unkas düşmənləri darmadağın edir…

***


Bütün bunları öz aləmində düşünə-düşünə gedirdi. Birdən qulağına uzaqdan maşın düdüyünün səsi və təkər cüyültüsü doldu. Diksinib başını qaldırdı və ətrafına boylandı. Hamı ona baxırdı. Yalnız həmin an anladı ki, fikirli olduğundan yolu qırmızı işığa keçirmiş. Sürücünün çığır-bağırından və maşınını hirslə yerindən götürüb getdiyindən sonra adamlar da yollarına davam etdilər. Bir anlığa ona elə gəldi ki, ətrafındakılar yuxusundakı çanaqlı bağalardı — başlarını bir anlığa qınlarından çıxaran və yenə də qınlarina çəkilən çanaqlı bağalar. Bundan sonra hər şey yenə də bozlaşdı və mənasını itirdi.

Hər bir insan bir fərddir. Ona görə də təkrarolunmaz və unikaldır, yəni öz-özlüyündə "sonuncu”dur. Sonuncu olmaqsa, böyük məsuliyyətdir. Sonuncu olduğunu anlayan hər bir fərd hər bir gününü sonuncu kimi yaşayır, hər bir hərəkətinə, sözünə, əməlinə sonuncu kimi dəyər verir, çünki səhv edərsə, o da sonuncu ola bilər. Bu dünyadansa səhv və yanlış içində ayrılmaqdan pis şey ola bilməz…

Hər bir insanın içində çiyinlərində göy qübbəsi daşıya biləcək bir varlıq mövcuddur, lakin indi hamı qınına çəkilib mısıb. Dünya da hamının gözündə bomboz rəngdədir, nə rənglər var, nə də çalarları.., çünki özünə inam və hörmət hissi, məğrurluq itirilib. Hamı kimisə və nəyisə gözləyir, gözləyir ki, kimsə qabağa düşsün.

Əslində isə…

Birdən dayanıb ətrafındakı insanların gözünün içinə baxıb qışqırmaq istədi:”Sonuncu mogikanı gözləməyin, o, gəlməyəcək, çünki siz hər biriniz bir sonuncu mogikansınız və Göy Qübbəsi sizin çiyinləriniz üzərində dayanır”…

TƏQVİM / ARXİV