adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Noyabr 2018 09:09
4943
GÜNDƏM
A- A+

Azərbaycan ədliyyə sistemi yeni mərhələdə

Azərbaycan ədliyyəsinin 100 illiyi

"Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir."

İlham Əliyev

Məşhur ingilis yazıçısı Josef Addisonun belə bir deyimi var: "Heç bir dəyər ədalət qədər böyük ola bilməz." XVII əsrin sonları XVIII əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş yazıçının ədalət barədə söylədiyi bu mütərrəqqi fikir əsrlər keçməsinə baxmayaraq, çağdaş dövrümüzdə də öz aktuallığını qoruyur. Qloballaşan və mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi beynəlxalq aləmdə ədalət və humanizm prinsipləri, qanunun aliliyi, hüquqi dəyər və prinsiplər hər bir demokratik hüquqi dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Fəxrlə deyə bilərik ki, Azərbaycan xalqının zəngin ənənələrə və tarixə malik ədliyyə sistemi var və bu sisteminin yaradılması bu il 100 illiyini təntənəli şəkildə qeyd etdiyimiz , Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır.

Azərbaycan Xalq
Cümhuriyyətinin ədliyyə
sisteminin yaradılmasında rolu

1918-ci il mayın 28-i Azərbaycan tarixinə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün kimi yox, həm də Ədliyyə Nazirliyinin təsis ediliyi gün kimi yazılıb. AXC höküməti yeni müstəqil dövlətin ədliyyə orqanlarının formalaşması və sonrakı fəaliyyətinə xüsusi diqqət yetirmiş, bir sıra zəruri qərarlar qəbul etmişdir. Onlar arasında 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin , noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan parlamentinin müzakirə etdiyi qanunları araşdırdıqda, aydın olur ki, müzakirə edilən məsələlər arasında ədliyyə və məhkəmə sistemi ilə bağlı məsələlər də öz əksini tapıb. "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında", eləcə də ümumi amnistiya haqqında qanunlar parlamentin gündəliyində olmuş və qəbul edilmiş qanunlar sırasında yer alır. Cümhuriyyət dövründə həbsxanalarla bağlı dəyişikliklər olmuş, 1919-cu il 11 avqust tarixli qərarla əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olmuş həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Sözsüz ki, bu qərar XX əsrin əvvəlində məhkəmə sistemində islahatların aparılması və daha da təkmilləşdirilməsindən xəbər verirdi. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il aprelin 28-i XI ordunun işğalı nəticəsində süquta uğraması ədliyyə sahəsində görülən işləri yarımçıq qoydu.
Sovet dövründə İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdı. Komissarlıq qanunvericilik layihələrinin hazırlanması, qanunçuluğa ali nəzarət və istintaqın aparılması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi kimi məsələlər onun fəaliyyətini əks etdirirdi. Ancaq bu komissarlığın da fəaliyyəti uzun sürməmiş, 1930-cu ildə qurum ləğv edilmiş, onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara həvalə edilmişdir. Ümumiyyətlə sovet hakimiyyəti dövründə ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən formalaşdırılması prosesi müşahidə edilmişdir. Bu hal sözsüz ki, güclü və sabit ədliyyə sisteminin səmərəli fəaliyyətinə mənfi təsir göstərirdi.
Hələ sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev ölkə üçün digər önəmli sahələrlə yanaşı, ədliyyə sisteminə də xüsusi diqqət yetirmiş, 1970-ci il oktyabrın 27-i Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunmuşdu.

Ulu öndər Heydər Əliyevin
ədliyyə sisteminə töhfəsi

Yetmiş ildən sonra nəhayət ki, tarixi ədalət öz yerini tapdı və Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa edərək səsini beynəlxalq ictimaiyyətə çatdırdı. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikası demokratik və hüquqi prinsiplərə, ümumbəşəri dəyərlərə, qanunun aliliyinə söykənərək dövlət üçün vacib olan strukturların, o cümlədən ədliyyə sisteminin yenidən quruımasında mühüm işlər gördü.
Sözsüz ki, ədliyyə sisteminin formalaşması və islahatların aparılması, ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu sahədə bir sıra qərarların verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi oldu. Məhz 1993-2003-cü illər dövründə ədliyyə sistemində baş vermiş dəyişiklik və yeniliklər, aparılmış islahatlar tezliklə öz bəhrəsini verdi. Azərbaycan ədliyyəsi yeni müstəqil dövlətin bir strukturu kimi həm təşkilati baxımından daha da təkmilləşdi, həm də dünya ədliyyə sisteminin müsbət təcrübəsindən yararlanmağa başladı.
Ölkənin ədliyyə fəaliyyəti yeni qanunvericiliyin tələbləri səviyyəsində quruldu. Məhkəmələrin müstəqilliyinin təmin olunması, fəaliyyətinə müdaxilələrin qarşısının alınması üçün nazirlikdə Məhkəmə Orqanları İdarəsinin ləğv edilməsi, məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti yaradılması və s. addımlar bu sıraya daxildir. 2000-ci ildə ölkəmizdə üçpilləli yeni məhkəmə sisteminin yaradılması, 18 iyun 1998-ci il tarixli sərəncamla ilə təsdiq olunmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"a əsasən ölkəmizdə ilk dəfə olaraq insan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təsis edilməsi, əfv sərəncamları və amnistiya aktlarının qəbulu, xüsusilə də Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda ölüm cəzasının ləğv edilməsi kimi əhəmiyyətli addımlar ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və humanist siyasətinin nəticəsidir.
1998-ci il fevralın 10-da ulu öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmünün ləğvi təkcə ölkə ictimaiyyətində deyil, beynəlxalq aləmdə də rəğbətlə qarşılandı. Dövlətin cəza siyasətində qəbul edilmiş bu qərar demokratik və hüquqi dövlətin bu sahədə humanizm və ədalət psinsiplərinə, insan hüquqlarına əsaslanırdı. Ulu öndər Heydər Əliyevin humanist siyasəti nəticəsində müstəqil Azərbaycan cəmiyyətində yeni bir ənənənin əsası qoyuldu. Mütəmadi olaraq, əfv sərəncamları və amnistiya aktları sayəsində məhkum edilmiş bir sıra şəxslərin azadlığa qovuşması və ya cəzalarının yüngülləşdirilməsi neçə-neçə ailəni sevindirmiş, yüzlərlə, minlərlə vətəndaşı doğmalarına qovuşdurmuş, onlara öz səhvlərindən nəticə çıxarmağa imkan vermişdir. Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə (1995-2003-cü illərdə) 32 əfv fərmanı imzalanmışdır.
Ulu öndər Heydər Əliyevin ədliyyə ilə bağlı daha bir mühüm sərəncamı isə 2000-ci il noyabr 11-i tarixli sərəncamıdır. Bu sərəncama əsasən 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qəbul edilib.
İndi ulu öndərin ədliyyə sahəsində aparmış olduğu islahatlar və eləcə də bu sahəyə qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ötən illər ərzində ədliyyə sistemində baş verən yeniliklər onun bir struktur kimi formalaşması, möhkəmlənməsi, daha da şəffaf və obyektiv fəaliyyət göstərməsinə öz müsbət təsirini göstərmişdir.
Son illər paytaxtda, eləcə də regionlarda yeni məhkəmə, regional ədliyyə şöbələrinin inzibati binalarının istifadəyə verilməsi Prezident İlham Əliyevin inzibati binaların açılışında iştirak etməsi dövlətin ədliyyə sisteminə qayğısından və ədliyyə işçilərinin fəaliyyətinə yaradılmış yüksək şəraitdən xəbər verir.
Ölkəmizdə aparılan demokratik hüquqi islahatların və uğurlu xarici siyasətin nəticəsi olaraq, Ədliyyə Nazirliyi də hüquqi sahədə müxtəlif ölkələr və bir çox beynəlxalq təşkilatlarla uğurlu və səmərəli əməkdaşlığı daha da genişləndirmiş, bu əməkdaşlığın yaxşılaşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir çox mühüm tədbirlər həyata keçirmişdir.

Ədliyyə sistemində tətbiq edilən mütərəqqi texniki yeniliklər

XXI əsri "informasiya əsri" adlandırırlar. Odur ki, bu dövrün tələbi olan informasiya kommunikasiya texnologiyaları bu gün dövlət strukturlarının fəaliyyətinin daha operativ, şəffaf və çevik həyata keçirilməsi, idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsində mühüm və zəruri vasitəyə çevrilib. Prezident İlham Əliyevin 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" imzaladığı fərman ölkəmizdə "Elektron hökumət"in tətbiqi və inkişafı üçün təkan oldu. Bu sahədə görülən işlərin nəticəsi olaraq, Əliyyə Nazirliyində də elektron xidmətlərin tətbiqi sahəsində işlər görülüb ki, bu da çevik idarəetmənin təmin edilməsində, şəffaflığın daha da artırılmasında, işin səmərəli təşkilində və vaxt itkisinin qarşısının alınmasında mühüm rol oynayır. Bu gün vətəndaşlar Ədliyyə Nazirliyinin rəsmi internet saytına və ya "Elektron hökumət" portalına müraciət etməklə, bizim elektron xidmətlərdən uğurla yararlanırlar.
Ölkə başçısının 2014-cü il 13 fevral tarixli sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması isə bu sahədə daha bir mütərəqqi addım oldu. Sözügedən sərəncama əsasən, görülən işlər ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhaliyə səmərəli xidmət göstərilməsinə, ən əsası vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
"Elektron məhkəmə" informasiya sisteminin yaradılması ədliyyə sisteminin iş keyfiyyətinin daha da artması, şəffaflıq və operativliyin təmin edilməsi, vətəndaşların elektron qaydada məhkəməyə müraciət imkanlarının genişlənməsində mühüm mütərəqqi təşəbbüs hesab edilməlidir. Çünki "elektron məhkəmə" informasiya sistemi vətəndaşlara sərbəst olaraq, virtual olaraq müraciət etmə imkanı yaratmaqla yanaşı, vətəndaş-məmur münasibətlərinin daha peşəkar və şəffaf inkişafına öz töhfəsini verir.
Təqdirəlayiq haldır ki, Ədliyyə Nazirliyin elektron xidmətləri daha da təkmilləşdirilmiş, bu il bu xidmətlərdən istifadənin sayı 11 faiz artaraq 2,4 milyona çatmışdır.
Son illər cəza siyasətinin humanistləşdirilməsi diqqətdə olmuş, Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ilə sözügedən sahədə müsbət yenilik tətbiq edilmişdir.
Sərəncamda əks olunmuş vacib amillərdən biri cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yaradılmasıdır. Bu institutun ölkəmizdə yeni təsisat olaraq yaradılması cəza siyasətinin daha humanistləşdirilməsi, cəza-icra mexanizminin daha da təkmilləşdirilməsi və dövlətimizin humanist siyasət yeritməsindən irəli gəlir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 24-də imzaladığı əfv sərəncamını xatırlamaq yerinə düşər. Məhz bu sərəncamla Azərbaycan bir daha humanizm və mərhəmət ənənələrinə sadiq olduğunu nümayiş etdirdi. Bu bu humanist addımdan 634 nəfər ölkə vətəndaşı yararlandı. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, dövlətin siyasətində insan amili dayanır. Odur ki, dövlət vətəndaşların rifahının daha yaxşılaşdırılması, onlra xidmətin daha da təkmilləşdirilməsi dövlət strukturlarına, eləcə də ədliyyə işçilərinin çiyninə mühüm vəzifə və öhdəliklər qoyur. Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində, vətəndaş-məmur münasibətlərinin şəffaf və sağlam əsaslar üzərində qurulmasında ədliyyə sistemində görülən işlər müsbət nəticələr verməkdədir.
Prezident İlham Əliyev vətəndaşlara diqqət və qayğını əsas tutmuş, odur ki, məmurlardan, dövlət qulluqçularından da bunu tələb etmişdir.
Odur ki, onun "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir"-dediyi tövsiyə və tapşırıq bu gün ədliyyə işçilərinin iş və xidmət prinsipində önəmli yer tutur.
Bu gün Ədliyyə Nazirliyinin yanında Hüquq Tədris Mərkəzinin bazasında yaradılmış Ədliyyə Akademiyası peşəkar, yüksək intellektli, dərin hüquqi biliyə malik ixtisaslı kadrların yetişdirilməsi, peşə səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.
Ədliyyə sistemində işə başlayan hər bir gənc mütəxəssis yaxşı bilir ki, dövlətçiliyin daha da inkişafı, qanunun aliliyinə hörmət və ədalətin bərqərar edilməsi onların peşə borcu ilə yanaşı, həm də bir azərbaycanlı kimi mənəvi borcudur.
Bu gün yüz yaşını qürurla qeyd edən ədliyyə işçiləri bundan sonra da qanunun aliliyi, hüquqi, demokratik və humanizm prinsipləri və dəyərlərini əsas tutacaq, dövlətçiliyimizin daha da möhkəmlənməsində əllərindən gələni əsirgəməyəcəklər.

Zəfər Quliyev
Göyçay Rayon
Məhkəməsinin sədri