adalet.az header logo
  • Bakı 17°C

ALLAH iBRAHiM PEYğƏMBƏRi MüKAFATLANDIRDI

AQİL ABBAS
32022 | 2008-01-19 00:11
Bu mövzu ürəyimdə bir daş kimi qalıb. Çox ağırdı, neçə vaxtdı yazmaq istəyirəm, yaza bilmirəm. Nazim Hikmət deyir:
   
   Şəhidlərin çiyninə qalxaraq yüksəliyoruz,
   
   Vaxtımız yox, onları basdırmağa...
   
   Biz o şəhidlərin çiyninə qalxaraq yüksəldik, müstəqil dövlət qurduq və o şəhidlərin çiynində bu dövləti sabaha daşıyırıq. Və bu dövləti əbədi bir dövlətə çevirmək üçün, bu dövlətin işğal altdakı torpaqlarını azad eləmək üçün hələ çox şəhidlər verəcəyik.
   
   25 min şəhid vermişik. 25 min şəhid anası var. Biz onlarla hər gün rastlaşırıq. Onların gözlərinin içindəki o dəhşətli ağrını görürük və bu ağrı ilə də yaşayırıq. Və bu anaların nə çəkdiyini bir özləri bilir, bir də Allah.
   
   Mənim heç vaxt yadımdan çıxmaz, bəlkə də məni yazıçı eləyən elə bu olub. Müharibədə bir əmim həlak olub, 1941-ci ildə. Amma nənəm heç vaxt onun ölümünə inanmırdı. Evdə böyük bir portreti vardı, zabit formasında. Hər yaz gələndə, bənövşələr açanda nənəm kənddə-kəsəkdə bənövşə qoymazdı, bizə yığdırardı, o şəkli bələyərdi bənövşəyə. İnanırdı və bizi də inandırmışdı ki, bu bənövşələr əmimizi gətirəcək. Növbəti bənövşə çıxanadək şəklin bələndiyi bənövşələr quruyub-tökülərdi. Yaz gəlirdi, bənövşə təzədən çıxırdı, amma əmim gəlmirdi. Nənəm də hər gün artırmada oturub kəndin yoluna baxardı ki, indicə oğlu gələcək. Düz 1967-ci ilə, yəni ölənədək o bənövşələri bizə yığdırdı, o şəkli bənövşələrə bələdi və hər gün də artırmada oturub gözlərini kəndin yoluna dikdi. Oğlu gəlmədi. Kənddəki baba ocağımızda əmimin portreti yenə asılıb və hər yaz gələndə yenə onu bənövşəyə bələyirlər. Bəlkə də yüz il bu adət gedəcək.
   
   Və mənə elə gəlir ki, o 25 min şəhidin də anası mənim nənəm kimi gecələri oğulları üçün Allaha dua eləməklə gözlərini yumurlar və hər sabahı oğullarının qayıdacağı ilə açırlar.
   
   Nənəm bizi elə inandırmışdı ki, inanın ki, bu yaşımla, bu ağlımla hələ də inanıram ki, əmim qayıdacaq. Atamın, anamın, qardaşımın ölümünə inanıram, amma əmimin yox. Və hərdən də müharibədən öncə Çində mühəndis işləmiş əmimin atama yazdığı məktubları oxuyuram. Onda atamın 12-13 yaşı varmış. Və atamı məktublar tərbiyələndirib, elmə, təhsilə həvəsləndirib. Məni də o məktublar çox etkiləyib. Bəli, mən əmimin öldüyünə inanmıram.
   
   Vaqif Bayatlı Ödər Səttar Bəhlulzadə haqqında bir şerində yazır ki, ÇOX ÖLDÜ, ÖLDÜ DEMƏYİN, ÖLSƏYDİ BU DÜNYANIN QARA TORPAQLARI DOLDURAMMAZDI ONUN ÜZ QIRIŞLARINI, SU KİMİ ÇƏKİLİB TORPAĞA GETDİ.
   
   Mənim əmim də ya su kimi çəkilib torpağa gedib, ya da çiynindəki mələklərə qoşulub qalxıb göylərə, amma ölməyib. Və o 25 min ananın da övladları ölməyiblər, ölsəydilər torpaq bu yükü götürə bilməzdi. Ya onlar su kimi çəkilib torpağa gediblər, ya da çiyinlərindəki mələklərə qoşulub göylərə.
   
   Bu yazını yazmaqda məqsədim tamam başqa bir şeydi, nə şəhidlərə ağı demək istəyirəm, nə də onların analarına təsəlli vermək istəyirəm. Çünki o analarınkı təsəllilikdən keçib. O analar başqa şey gözləyir.
   
   Allah İbrahim peyğəmbərin oğluna qıymadı, qoymadı İsmayılı qurban kəssin, bir erkək göndərdi və peyğəmbər bu erkəyi qurban kəsdi. Allah İbrahim peyğəmbəri mükafatlandırdı, onu peyğəmbər elədi, özünün də, oğlunun da adını əbədiyyətə yazdı.
   
   Bizim analarımız da uf demədən oğullarını Allah yolunda, Vətən yolunda, torpaq yolunda QURBAN DEDİLƏR və QURBAN VERDİLƏR. Erkək qurban kəsmədilər ey, ERKƏK ÖVLADLARINI QURBAN VERDİLƏR.
   
   Allah İbrahim peyğəmbəri mükafatlandırdı. Bəs oğullarını qurban verən analar nə vaxt mükafatlanacaq?!
   
   Bu gün Kərbəla müsibətidi. Mən əqidə yolunda, Allah yolunda özlərini qurban verən İmam Hüseynin də, o Əlinin qəzəbnək oğlu Əbülfəzl Abbasın da, Kərbəla çölündə şəhid olan bütün müqəddəslərimizin də öldüyünə inanmıram. Onlar ya su kimi çəkilib torpağa gediblər, ya da çiyinlərindəki mələklərə qoşulub göylərə.
   
   Allah hələ peyğəmbər övladlarını da mükafatlandırmayıb. Hələ də qırılan, yandırılan, öldürülən, başına bomba tökülən, balası qızıl gülləyə qurban gedən, odun-alovun içində yaşayan müsəlmanlardı.
   
   Mən hər gecə və hər səhər Allaha dualar eləyirəm. O duaların da biri budur ki, Allahım, sən öz Allahlığın xatirinə İbrahim peyğəmbəri mükafatlandırdığın kimi oğullarını Sənin yolunda qurban verən 25 min ananı da mükafatlandır. Nə olar, Allahım, İmam Hüseyn xatirinə. İmam Hüseyn yolu tutan oğulların analarını mükafatlandır!
   
   Və o mükafatdan bir qıça da gözləri hələ sevinc görməyən, atanın nə olduğunu bilməyən və hər gün atasının Qarabağdan qayıdacağına inanan bacım qızına da bir qismət düşsün.
   
   Nə olar, Allahım, dualarımızı qəbul elə!

TƏQVİM / ARXİV