adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2018 00:16
8189
ƏDƏBİYYAT
A- A+

Nəfsinin hakimi olan dünyanin ağası olar...

Azərbaycan Dillər Universiteti yeni texnologiyalar və innovasiyaların hazırlanması, onların praktikada tətbiqi baxımından respublikamızın qabaqcıl ali təhsil müəssisələrindən biridir. İnnovasiyaların tətbiqi müasir düşüncə tərzi, beynəlxalq əlaqələr təcrübəsi və yenilik həvəsi olan insanlar olmadan həyata keçirilə bilməz. Bu cür novator pedaqoq, alim və təhsil təşkilatçılarından biri,universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevdir. Əfqan müəllimlə görüşüb onunla səmimi söhbət etdik. Amalımız Əfqan müəllimi təkcə alim, tədris təşkilatçısı kimi deyil, dost, vətəndaş kimi təqdim etməkdir.

-Əfqan müəllim uşaqlığınızı necə xatırlayırsınız?
-Çox yaxşı. Məktəbəqədər dövrdə belə bir "əlamətdar" hadisə baş verməmişdir. İbtidai məktəb dövründə Birinci sinifdə elə ilk dərsdə Böyükxanım müəllimənin çubuqla barmaqlarımdan vurduğunu (ev tapşırığını yerinə yetirməmişdim) yaxşı xatırlayıram.
-Elə çıxır ki, uşaqlıqda dəcəl olmusunuz?
-Evin böyük oğlu olsam da, dəcəl olmamışam. Deyirlər idman yarışlarında "cığallıq" etmişəm, ancaq dava etmək, buna görə valideynlərimi narahat etmək kimi işlər olmayıb.
-Ailəniz haqqında nə söyləyə bilərsiniz?
-Əvvəlcədən sizə bir söz deyim. E. Laskerin belə bir fikri var ki, dünya yalnız subay oğlan və qızlar üçün gözəldir (gülür). Əlbəttə bu bir zarafatdir, həyatın öz qanunları var, biz də ona əməl etməliyik. Hə, ailədə yeddi uşaq olmuşuq-dörd qardaş, üç bacı. Bacılarımın ikisi və üç qardaş ali təhsil almışıq. Bir bacım və bir qardaşım ali təhsil almayıb. Bu qardaşım deyərdi: "Yataq, səhər duranda görək ki, məktəbə bomba qoyub partladıblar". Böyük bacım bizim universiteti bitirib. O məndən bir il əvvəl daxil olmuşdu. Tələbəlik illərində bir çox oğlan uşaqlarının rastlaşdığı problemlər, yəni xörək bişirmək, paltar yumaq, ütüləmək kimi işlərlə üzləşməmişəm. Bacım bəzən zarafatla deyir: "Yaxşı oxumağınla lovğalanma. Mən sənin məişət problemlərini həll etməsəydim, sən əlaçı olmazdın". Düz sözə nə deyəsən! Mən də ona həmişə öz minnətdarlığımı bildirirəm.
- Eşikmişik ki şəxsi işlərinizdən, həyatınızdan danışmağı xoşlayan adam deyilsini?
- Düz eşitmisiniz. Bilirsiniz, evlilik bir kitabdır, I bölməsi nəzmlə, qalan bölmələri isə nəsrlə yazılır.
Burda da sizə bir zarafatyana söz deyim. Deyirlər ki, insan ağlını itirəndə evlənir, səbrini itirəndə boşanır. Ağıllı kişilər bilirsiniz necə edirlər? Onlar Harun-ər-Rəşidin yazdığı kimi edirlər. O yazır ki, müdrik olmaq istəyirsənsə arvadının fikrini öyrən və sonra bunun əksini et. (gülür) Bir də bir nəsiət deyim. Sirrini heç zaman qadına demə. Necə olmasa qadın qadındır.
-Əfqan müəllim, tez-tez xarici ölkələrin universitetlərində ezamiyyətlərdə olursunuz. Xarici tələbələrlə bizim tələbələr arasında hansı fərqləri görürsünüz?
-Ən böyük fərq odur ki, bizim tələbələrimiz daha qəşəngdirlər (gülür). Ancaq bir məsələdə xaricdə gördüyüm tələbələrin bizimkilərdən üstünlüyü var - vaxtı idarə etmək bacarığı. Qərbdə "time menegment" (vaxtın idarə edilməsi) adlanan anlayış mövcuddur.
Bizim tələbələrin ən böyük çatışmayan cəhəti vaxta qənaətlə yanaşmamalarıdır. Xarici ölkələrdə tələbələr üçün ən böyük defisit-vaxtdır. Adətən bizim tələbələr bekarçılıqdan, onlar isə vaxtın çatışmazlığından giley-güzar edirlər.
Amerikalı tələbələr universitetə işə gələn kimi gəlirlər. Onların geyimləri də işgüzar, maksimal dərəcədə rahat və sadə olur. Bizim tələbələr isə universitetə bəzənib gəlirlər: dikdaban ayaqqabı, qızıl əşyalar, bahalı aksessuarlar. Gün ərzində 6-8 saat 10-12 santimetrlik dikdaban üstündə gəzmək ayaqlar üçün nə dərəcədə düzgün hesab oluna bilər? Əlbəttə burda çox az sayda tələbə olar bu dediyimlə razılaşmasın. Başqa bir fərq ondan ibarətdir ki, xaricdə tələbələr qiymət almaq üçün oxumurlar, bilik naminə oxuyurlar. Xarici universitetdə dekan və ya dekan müavini dərs vaxtı tələbənin auditoriyada olub-olmadığını yoxlamır.
Müəllim dərsə gecikəndə və ya dərsi istənilən səviyyədə aparmayanda ilk növbədə tələbə narazılığını bildirir. Bir sözlə tələbə universitetə öyrənmək, sənətinə yiyələnmək üçün gəlir və dərs vaxtından səmərəli istifadə edir.
Təəssüflə qeyd etmək lazımdır ki, bizdə bəzi tələbələr dərsə savad almaq üçün gəlmir, diplom almaq üçün gəlir. Qərb universitetlərində "non-degree", "non-credit" fənlər mövcuddur.
Onlar bu dərslərə müəyyən sahədə aldıqları bilikləri artırmaq, müasirləşmək məqsədilə gəlirlər. Bizim tələbələr isə oxuduqdan sonra biliklərinin artırılması qayğısına qalmırlar. Mən tələbələrə məsləhət görürəm ki, bu gün ilə yaşamasınlar, nəzərlərini gələcəyə yönəltsinlər. Bir də ən böyük fərq - xaricdə tələbələr oxuduqları universitetə sahib çıxırlar, idarə edirlər.
-Professor, belə çıxır ki, bizim tələbələrdə müsbət cəhət yoxdur.
- Yox, o qədər də insafsız danışmaq olmaz. Təbii ki, var. Burda söhbət müsbət-mənfi prizmasından getmir. Məsələ tədrisə yanaşmadan gedir. Bütün günahı tələbələrin üstünə də atmağa dəyməz. Biz müəllimlərin də, idarə edənlərin də bu işdə günahı vardır. İstedadlı tələbələrimiz də çoxdur. Bizim tələbələrə xas olan ən müsbət cəhətlərindən biri onların ailədən gələn tərbiyəsi, yüksək əxlaqi dəyərləridir. Bir dəfə ABŞ-dan gəlmiş professorla auditoriyaya daxil oldum. Uşaqlar ayağa qalxıb bizi salamladılar. Amerikalı həmkarım sonradan mənə bununla bağlı təəccübünü bildirdi. Mən ona izah etdim: "Bizim cəiyyətimdə hesab olunur ki, auditoriya tələbənin evidir və onlar bu evin sahibidirlər.
Evə daxil olan şəxs isə onların qonağıdır və qonağa ehtiram əlaməti olaraq onlar ayağa qalxırlar." Didər bir cəhət gənclərimizin ailəyə bağlılığıdır. Doğrusu valideynlərin də uşaqlara "bağlılığı" mövcuddur. Bəzən bu "bağlılıq" ifrat dərəcədə olur. Valideynlər uşaqları "əlindən tutub" universitetə gətirir, bəziləri isə dərs bitənə kimi onu burada oturub gözləyir. Xaricdə, xüsusən Amerikada uşaq orta məktəbi bitirənə qədər, yəni gənc insanın təfəkkürü az-çox formalaşana qədər valideynlər onun tərbiyəsilə ciddi məşğul olur. Sonra isə ona "bye" (hələlik!) deyir.
Çünki, artıq onun tərbiyəsinin bünövrəsi qoyulmuşdur və bu yaşdan sonra onun düşüncə tərzində, xasiyyətində ciddi dəyişiklik etmək çətindir. Bizdə isə valideyn uşaqdan, uşaq isə valideyndən əl çəkmir, bəzən hətta bir-birlərinə yük olurlar. Mən arzu edirəm ki, tələbələr düşünməyi, qərar qəbul etməyi bacarsınlar, öz haqlarını tələb edə bilsinlər, daha cəsarətli olsunlar.
-Əfqan müəllim, zövqlə geyinməyinizlə seçilirsiniz. Geyim seçimində kiminsə məsləhətinə qulaq asırsıniz, yoxsa özünüz qərar verirsiniz?
-Qərarı özüm qəbul edirəm. Fikrimcə geyim seçimində insanın sənəti, cəmiyyətdə tutduğu mövqe və digər amillər nəzərə alınmalıdır. Bir sözlə insanın geyimi onun imicinə uyğun olmalıdır. Yəqin ki, şou əhli ilə universitetdə dərs deyən insanın geyimi arasında müəyyən fərq olmalıdır. Doğrusu mən klassik üsluba daha çox üstünlük verirəm. Təbii ki, tennis məşqlərinə getdiyim zaman qalstuk taxmıram. Yəqin fikir vermisiniz, mən adətən öz geyimimdə qara rənglərə daha çox üstünlük verirəm. Bilmirəm nə dərəcədə düzgündür, deyirlər ki, bu rəngə üstünlük verən insanlar özünə qapalı, ciddi-çətin xarakterə malik olur, hətta özündən razı olurlar. Mənə bunların hansının uyğun gəlib-gəlmədiyini deyə bilmərəm.
-Daha çox keçmişə dönürsünüz və ya gələcəyə boylanırsınız?
-Həyatım boyu hər ikisinə önəm vermişəm. Bilirsiniz, keçmiş bizim ruhumuzun vətənidir. Ona görə də tez-tez və nəvaxtsa keçirdiyimiz hisslərin, hətta nə vaxtsa duyduğumuz qəm-kədərin həsrətini çəkirik. Rəhmətlik Əli Kərim yazir ki:

"Bir göz qirpiminda birləşir yəqin,
Əvvəlin axiri,
Sonun əvvəli."

Əvvəl nədir? Keşmiş. Son nədir? Gələcək. Ömrümüz də əvvəllə sonun arasındadır. Hər gün yatağıma uzananda gün ərzində gördüklərimi təhlil edir, müsbət işlərimi qeyd edir, səhvlərimi görməyə çalışıram, bir sözlə özümə hesabat verirəm. Bunu etməsəm sabahı yaşaya bilmərəm. Bir də çalışıram ki, insanlara bacardığım yaxşılığı edim, özü də təmənnasız edim. Atam deyərdi ki, kişiliyin çatırsa yaxşılıq et, bacarmırsansa mane olma. Hər bir insanın iç dünyası olduğu kimi mənim də iç dünyam var və ora heç kimi buraxmıram. Sizə də məsləhət görürəm ki, iç dünyanıza kiminsə müdaxilə etməsinə imkan verməyəsiniz. Çünki, bu gün yaxın saydığınız bir insan sabah yad ola bilər.
-Xalqımızın hansı qəhrəmanının obrazı sizin üçün örnəkdir?
-Xalqımızın tarixində çox ağır günlər, tale yüklü məqamlar olmuşdur. Bunlardan biri 1993-cü ilə təsadüf edir.
O dövrdə Azərbaycan dövlətçiliyi, xalqımızın müstəqilliyi təhlükə altında idi. Ulu öndərimiz Heydər Əliyev xalqımızın önünə keçdi və milləti bu bəladan qurtardı. O yazırdı ki, xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Qəti qənaətimdir ki, bu, xalqa təmannasız xidmətin, sözün əsl mənasında qəhramanlığın bariz nümunəsidir. Təqlid olunmağa layiq bir qəhrəmanlıqdır. Mən də çalışmışam ki, xalq üçün, millətin inkişafı üçün əlımdən gələni əsirgəməyim. Zatən qarşımızda Heydər Əliyev nümunəsi var.
İnsan vəzifəsindən, qulluq etdiyi sahədən asılı olmayaraq qəhrəmanlıq etməyə qadirdir. Elə təhsil sahəsində də. Bu yaxınlarda Amerikaya səfərimlə bağlı viza almaq üçün ABŞ səfirliyinə getmişdim. Səfirlikdə mənə dedilər ki, burada çalışanların çoxu Sizin universitetin tələbələridir. Doğrusu bu anda özümü qəhrəman hiss etdim.
-Necə bilirsiz, yaşadığımız qloballaşma dövründə saf hisslər tapmaq çətindir?
-Saf hisslər tapmaq bütün dövrlərdə çətin olub.
Bəşəriyyətin inkişafının hər bir mərhələsində yaxşı da olub, pis də. Mən də çalışmışam ki, saf olum, pislərdən uzaq gəzim. Siz də belə edin. Nə qədər buna nail olmuşam, deyə bilmərəm, amma məncə az-çox alınıb.
-Qərar qəbul edərkən kiminsə rəyinə əsaslanırsınız və ya özünüz qərar qəbul edirsiniz?
- Özüm qəbul edirəm. Məsuliyyəti kiminsə boynuna atmağı xoşlamıram. Qərar qəbul edəndə bir müəllimimin sözlərini xatırlayıram. O deyərdi ki, qərar qəbul etməzdən əvvəl özünüzü o insanın yerinə qoyun və keçirdiyiniz hisslərə diqqət edin. Ona görə də istər tələbə, istərsə də müəllim haqqında qərar qəbul edəndə özümü onların yerinə qoyuram.
Çalışıram ki, bu qərar bürokrat qərarı olmasın, demokratik bir qərar olsun.
Bilirsiniz ki, mənim bir ixtisasım Təhsilin İdarə olunmasıdır, özü də Ali təhsilin idarə olunması. Mən elmlər namizədi olub, sonra ABŞ-da magistr dərəcəsi almışam. Qəribədir hə! İdarəçilik iki ünsürdən ibarətdir-ədalətlə cəzalandırmaqdan və ədalətlə təltif etməkdən. Bir də vəzifə insana verilir ki problemləri həll etsin, nəinki problem yaratsın. Qərarlar qəbul edəndə bunu unutmuram.
-Əfqan müəllim, istəsək də, istəməsək də tədris prosesinə aid olan suallardan qaçına bilmirik. Ona görə belə bir sualımız olacaq: dərslərə azad davamiyyətə münasibətiniz necədir?
-Müsbət. Burada fənnin xüsusiyyətlərini mütləq nəzərə almaq lazımdır. Digər tərəfdən elə dərslər var ki, onlara davamiyyət məcburi olmalıdır. Bir şərtlə ki, tələbə universitetə işə gəldiyi kimi gəlsin.
Etiraf etməliyəm ki, dili mənimsəmək üçün azad davamiyyəti başa düşə bilmirəm. Bir də hesab edirəm ki, bu prinsip hər tələbəyə şamil edilə bilməz.
Bəzən bizim tələbələr elə düşünür ki, xarici universitetlərdə davamiyyət azaddır. Bu heç də belə deyil. Azad davamiyyətə bilik səviyyəsi, çalışqanlığı ilə fərqlənmiş tələbələrə icazə verilir. Hətta azad davamiyyət zamanı müəllimlə tələbə arasında ünsiyyət kəsilmir. Onlar onlayn rejimdə ünsiyyətlərini davam etdirirlər.
-Ürəyinizdən keçən şer parçasını söyləyə bilərsiniz?

-"Azad bir quşdum yuvamdan uçdum.
Bir bağa düşdüm bu gənc yaşımda."

Gənc sözü mənə aid deyil, amma bu şeri çox xoşlayıram. Xüsüsilə rəhmətlik Səxavət Məmmədovun oxusunda.
-Bizə vaxt ayırıb, səmimi söhbət etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk.
-Mən də sizə təşəkkür edirəm. Xalqımızın bütün tələbələrinə və müəllimlərinə müvəffəqiyyətlər, Millətimə uğurlar arzulayıram.