adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Noyabr 2018 19:53
15980
MARAQLI
A- A+

Alim “cin var, bədənə də girir” dedi – İlahiyyatçıdan cavab

Şabranda 24 yaşlı gəncin 6 nəfər tərəfindən cin çıxarma adı ilə çubuqla döyülərək öldürülməsi hadisəsi illərdir müzakirə mövzusuna çevrilən insan bədəninə cinin girməsi və cin çıxarılmasını yenidən aktuallaşdırıb. İlahiyyatçılar islamda belə bir anlayışın olmasını inkar edir. Ancaq cin çıxaranların bu işi Qurani-Kərimlə həyata keçirmələri bəzi suallar yaradır.

Axar.azxəbər verir ki, hətta iki il öncə, 2016-cı ildə İstanbul şəhərində "Cinçıxarma klinikası” adlandırılan "Mənəvi Şifa Mərkəzi" fəaliyyətə başladı. Sözügedən klinikada islami müalicə üsulları ilə, Qurani-Kərim oxunaraq cadu pozulur və cin çıxardılır. Azərbaycanda da insan bədəninə cinin girməsinə, cinçıxarılmasına inananlar az olmadığı üçün həmin klinikanın hətta Azərbaycanda açılması belə təklif edildi.

Cinlə insanın fərqi nədir?

Cin islamda azad iradəli odlu məxluq, xristianlıqda isə murdar ruh adlandırılır. Cin də digər məxluqlar kimi, Allahın məxluqudur. İlahiyyatçılar hesab edir ki, cinin yaradılış tarixi insanın yaradılış tarixindən çox-çox əvvəldir.

İlahiyyatçıara görə, cinlə insanın ümdə fərqi budur ki, insanın yaradılışında torpaq olduğu üçün digər maddi maneələri keçə bilmir. Amma cin belə maneələri rahatlıqla keçə bilir. Çünki onun yaradılışı torpaq deyil, atəşdir.

Cinlərin mənfi təsirindən uzaq qalmaq üçün…

Cinlər haqqında olan mənbələrə əsasən, insanlar bəzi tilsimlərdən və fövqəltəbii qüvvələrdən istifadə edərək, cinləri özlərinə təslim edə bilərlər. Amma bu işi görmək günahdır. Tilsimin dərəcəsindən asılı olaraq, cinin insana tabe olmaq dərəcəsi də fərqlənir. Bəzən bəşər dünyasına icazəsiz daxil olmuş kafir və günahkar cinlər insana ziyan yetirirlər. Buna xalq dilində "cin vurmaq” deyilir. Bəzi ilahiyyatçılar hesab edir ki, cinlərin mənfi təsirindən amanda qalmaq üçün ən yaxşı yol Allah-Təalanın qüdrətinə sığınmaq, tez-tez Quran oxumaq, ibadət etmək, vücud baxımından təmiz olmaq (qüsl), dua etməkdir. Kafir cinlər "Bismillah” sözündən qorxurlar; yəni bu müqəddəs söz onların mənfi təsirini puça çıxarır və insana ziyan yetirmək yolunu bağlayır.

Peyğəmbərlər də cin çıxarıb?

Rəvayətə görə, bir dəfə Rəsulullahın yanına bir nəfər gəlir və "Ya Rəsulullah, mənim qardaşım narahatdır" deyir. Peyğəmbər "Narahatlığı nədəndir?" deyə soruşur. O da, "Cinlənib" deyə cavab verir. Peyğəmbərimiz "Onu mənim yanıma gətir" deyir.

Həmin şəxs gedib qardaşını gətirir və peyğəmbərin əlləri arasına oturdur. Sonra peyğəmbər "Fatihə” surəsi, "Bəqərə” surəsinin ilk 4 ayəsi, "Bəqərə” surəsinin 163-164-cü ayələri, Ayətul-Kursi (Bəqərə, 255), "Bəqərə” surəsinin son 3 ayəsi, "Ali İmran” surəsinin 18-ci ayəsi, "Əraf” surəsinin 54-cü ayəsi, "Saffət” surəsinin ilk 10 ayəsi, "Həşr” surəsinin son 3 ayəsi, "Cin” surəsinin ilk 3 ayəsi, "İxlas”, "Fələq” və "Nəs” surələrini oxumağa başlayır. Həmin adam bir az sonra yaxşılaşır.

Bir çoxları hətta bu rəvayəti əsas gətirərək peyğəmbərin də cin çıxardığını vurğulayır. İlahiyyatçılar isə bunu inkar edirlər.

Tənqidçi Əsəd Cahangirin fikrincə isə cin çıxarmağın ilk nümunəsini İsa peyğəmbər göstərib:

"Cin çıxarmaq məsələsinə mən, ümumiyyətlə, inanıram - cinin varlığına da, onun insanın ruhuna daxil olmağına da. Cini çıxarmağı bacaran adamlar da var. Bunun hələ ilk nümunəsini İsa peyğəmbər göstərib. Bu, müqəddəs kitablarda da var”.

Hətta İsa peyğəmbərlə bağlı "Peyğəmbər içinə cin girmiş oğlanı sağaldır” adı fəsil də mövcuddur. Rəvayətə görə, içinə cin girmiş şəxsin atası İsa peyğəmbərə yaxınlaşaraq, ondan kömək istəyir. Bəlaya düçar olmuş uşağın atası peyğəmbərə bildirir ki, uşaqlıqdan cin onun oğlunu öldürmək üçün dəfələrlə onu suya, oda atıb. Rəvayətə görə, İsa peyğəmbər hamının gözü qarşısında zəhmlə cinə hökm edir: "Ey lal və kar edən ruh! Əmr edirəm, bu adamdan çıx və bir daha ona girmə!” Peyğəmbərin tələbələri ondan bunu necə etdiyini soruşurlar. İsa isə cavabında bildirir ki, bu cinləri qovmaq üçün Allaha dua etməklə yanaşı, insanda güclü iman da olmalıdır.

İslamda "cinçıxarma” anlayışı yoxdur

Mövzu ilə əlaqədar saytımıza açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, peyğəmbərin dövründə kiminsə bədəninə cin girməsi, peyğəmbərimizin kiminsə bədənindən cin çıxarması və ya peyğəmbərimizin səhabələrinin belə bir iş görməsi anlayışı olmayıb:

"Qurani-Kərimin 72-ci surəsi "Cin” sürəsidir. Allah Quranda da bir ayədə buyurur ki, mən cinləri və insanları ancaq mənə qulluq etsinlər, ancaq mənə qul olsunlar deyə yaratdım. Bəzi tərcümələrdə bu: "Allah görünən və görünməyən bütün varlıqları ona ibadət üçün yaratdı”, - kimi verilib.

Qurani-Kərimdə "cingirmə”, "cinçıxarma” məsələsi yoxdur. Quranda konkret olaraq bir ayə var, 16-cı surənin 99-cu ayəsində Allah belə buyurur: "Şübhəsiz ki, şeytanın iman gətirib, yalnız öz rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur”.

Deməli, heç bir hökmranlığı yoxdursa, cinin bu gün hər hansısa formada kimlərəsə müdaxilə edib bədəninə girməsi anlayışı ortaya çıxa bilərmi? Əlbəttə yox”.

E.Miri bildirib ki, hər kəs öz qorxduğunu özü ilə gətirir. Cin insanın bədəninə girmir, sadəcə, insan özündə o cini formalaşdırır:

"Bu gün Avropada 13 rəqəmi nəhs hesab edilir. Otellərdə 13 nömrəli otaq yoxdur, təyyarədə 13 nömrəli oturacaq mövcud deyil və sair. Bu o demək deyil ki, şəxs 13 nömrəli otağa girəndə onun bədəninə cin girəcək. Sadəcə, həmin insan özündə formalaşdırdığı cini yaşayır.

"Ezoterizm” deyə bir anlayış var. Yahudilikdə və xristianlıqda da bu anlayış mövcuddur. Bunların Quranla, peyğəmərimizin həyatı və yaşayışı ilə heç bir əlaqəsi yoxdur.

Bu gün hansısa şizofreniyanı dua və ya ayə oxumaqla çıxarmağa çalışırlar. İslamda "cindarlıq” anlayışı da yoxdur, həmçinin islamda bu cür uydurma "cingirmə”, "cinçıxarma” anlayışları da mövcud deyil. Bütün bunlar sonradan ortaya çıxmış, cin üzərindən biznes qurmuş şəxslərin, rın uydurmasıdır”.