adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DAHiLƏRiN DiVANI

AQİL ABBAS
44591 | 2008-01-15 03:54
(Biz aynanı sındırmağa öyrəncəliyik)
   
   
   
   Çox hörmət elədiyim bir elmlər doktoru, gözəl bir ziyalı bir tədbirdən çıxanda mənə dedi ki, Aqil müəllim, niyə susursan, niyə qəzetində bu "Dahilərin divanı"nı yıxıb-sürümürsən, axı onlar bizim dahiləri yıxıb-sürüyür. Qurudum, qaldım. Bəzi adamlardan bunu eşitmişdim, fərqinə varmamışdım, amma indi bunu deyən böyük bir alim idi, özü də həqiqi ziyalı idi. Mən də söz verdim ki, yaxşı, "Dahilərin divanı"nı yıxıb-sürüyərəm.
   
   Əvvəla, ANS son zamanlar bir neçə yeni layihə həyata keçirib ki, bunların içində də "Daha doğrusu", "Dahilərin divanı", "Hesabat" çox uğurlu layihələrdir. "Mübarizə"yə də Mübariz bir az əl gəzdirsə, o da yaxşı olar. İndiki teleməkanda şouların, özü də bayağı şouların bizi çərlətdiyi bir dönəmdə ağıla, intellektə, tarixə, sənətə söykənən proqramlar həyata keçirmək çox çətindir. Çünki milləti kökləmişik şoulara, ağıllı verilişlər verəndə o, kökdən düşür.
   
   Qayıdaq "Dahilərin divanı"na. Ən böyük faciəmiz odur ki, həmişə tariximizi birtərəfli öyrənmişik, şəxsiyyətlərimizi birtərəfli öyrənmişik. Dahilərimizi, böyük şəxsiyyətlərimizi ya bütləşdirmişik, ya da onlara elə damğalar vurmuşuq ki! Şəxsiyyətlərimizi olduğu kimi öyrənə bilməmişik, daha doğrusu, öyrənmək istəməmişik. Amma dünyanın bütün xalqları öz böyük övladlarını hərtərəfli öyrəniblər, hərtərəfli tədris ediblər, o böyük şəxsiyyətlərin yaxşı cəhətlərindən bəhrələniblər, nöqsanlarından, günahlarından uzaq olmağa çalışıblar. Heç kəsə sirr deyil ki, bir Allahın səhvi yoxdur. Allahın yaratdıqlarının hamısının Tanrı qarşısında az-çox günahı var, səhvi var. Elə götürək böyük peyğəmbərlərdən biri Həzrəti Musanı. Göydən gələn kitablarda onun üç günahı haqqında yazılıb. Yəni səhvsiz, günahsız insan yoxdur. İndi biz hansısa bir tarixi şəxsiyyətimizin haçansa buraxdığı bir səhvi, elədiyi bir günahı deməklə heç də onu nüfuzdan salmış olmuruq. Həqiqəti bilmək lazımdır, nə qədər acı olsa da.
   
   "Dahilərin divanı" əslində bu gün çox ciddi layihələrdən biridir. Və bu divanda heç də həmin tarixi şəxsiyyətlər aşağılanmır, əksinə millətin gözündə bir az da ucalır. Millət öz tarixi şəxsiyyətini bir az da yaxından tanıyır. Və ən azı, neçə milyon tamaşaçı bir saat o mənasız şoulara deyil, ağıllı bir verilişə baxır.
   
   Üzeyir Hacıbəyovun "Leyli-Məcnun" operası səhnəyə qoyulanda o vaxtkı qəzetlər səhifə-səhifə materiallar dərc edirdilər. Mirzə Cəlil isə bu opera haqqında bircə cümlə yazıb: "Əhsən ol sənətkara ki, üç yüz milyonluq müsəlman xalqını bir yerə yığıb üç saat huşi-guş ilə bir nöqtəyə baxmağa məcbur elədi". Yəni gedib it boğuşdurmadı, xoruz döyüşdürmədi, tiryək atıb hamamda yatmadı və sair və ilaxır. İndi əslinə qalsa bu söz "Dahilərin divanı"na da aiddir. Mirzə Cəlilin dili ilə desək, əhsən ol sənətkara ki, üç yüz min, beş yüz min, nə bilim bir milyon müsəlmanı televiziya ekranının qabağına yığıb bir saat huşi-guş ilə bir nöqtəyə baxmağa məcbur eləyib.
   
   "Dahilərin divanı"nda mütəxəssislər, alimlər, yaradıcı adamlar, ziyalılar yığılıb görkəmli bir şəxsiyyətimizin daha çox görünməyən tərəflərindən, xalqa məlum olmayan xarakterlərindən, əməllərindən söhbət açırlar. Və həmin tarixi şəxsiyyətləri bir daha xalqa tanıtdırırlar. Küçədə sorğu keçirək, yüz adamdan doxsanı Şah İsmayılı tanımayacaq, tanıyan da onu şair kimi tanıyacaq. Yaxud Qacarı soruşaq, onu dünyanın ən cəllad adamı kimi, iraq Qacardan, əclaf bir şəxs kimi tanıyacaqlar. Və yaxud Mirzə Fətəli Axundovu, Sovet hökuməti elə təbliğ eləmişdi ki, onun bütün maarifçiliyi qalmışdı bir kənarda, hamı onu dinsiz, imansız, Allahsız bir şəxs kimi tanıyırdı. Təbii ki, hamı deyəndə söhbət kütlədən gedir. İndi nə Sovet hökuməti var, nə də Sovet ideologiyası. İndi day bizə nə 1813-cü il Gülüstan sülh müqaviləsini, nə də 1920-ci il 28 apreli bayram elətdirmirlər. İndi müstəqil bir dövlət öz tarixi şəxsiyyətlərini, öz tarixini yenidən ortaya qoymalıdır və özü də bunu millətin beyninə məcburi yeritməlidir. Yəni Azərbaycan tarixi bütün ali təhsil müəssisələrində məcburi tədris edilməlidir. Bilməliyik ki, Ulu Öndər Heydər Əliyevin məhv olmaqdan qoruyub qurduğu bugünki Azərbaycan dövləti Şah İsmayılın, Ağaməhəmməd Şah Qacarın qurduğu dövlətin varisidir. 1918-ci ildə qurulan dövlət də məhz həmin özülün üstündə qurulmuşdu. Və biz həm də onu bilməliyik ki, niyə onların qurduğu dövlət sonda dağıldı? Bundan nəticə çıxarmalıyıq ki, bugünki Azərbaycan dövləti əbədi yaşasın. Yəni Şah İsmayılı, Nadir şahı və ya Ağaməhəmməd Şah Qacarı divana çəkməklə heç kim onların ruhuna toxunmur. Sadəcə olaraq onların buraxdığı səhvləri bilməliyik, ya yox?!
   
   Nadir şah Əfşarla bağlı verilişdən sonra çox əziz dostum, ağsaqqal kimi qəbul elədiyim Aydın Alıyev (özü Əfşar qolundandır) məni tapdı, bərk əsəbiləşmişdi ki, niyə Nadir şah haqqında o sözləri dedilər, Nadir şah belə olub, Nadir şah elə olub, Pənah xan, İbrahim xan haqqında danışsaydılar xoşuna gələrdi? Güldüm. Nadir şah Aydın müəllimin kəndçisidi, Pənah xan mənim. Dedim, Aydın müəllim, mən verilişlərin birində İbrahim xanın Qacarın nökərlərindən biri olduğunu söyləmişdim və Qacarın nökəri olmaq özü də bir xoşbəxtlikdi. Əzizim Aydın müəllim, heç kim Nadir şahın nə böyük sərkərdəliyini danır, nə də tarixdə oynadığı rolu. Yaxşı, bəs necə oldu ki, Nadir şahın qurduğu dövlətin ömrü heç 30-40 il çəkmədi? Biz bunu bilməliyik, ya yox?!
   
   Mənə elə gəlir ki, nədənsə tariximizi tarix kimi öyrənməkdən qorxuruq ey! 2-ni 2-yə nə qədər vursan 4 eləyir, özünü öldürsən də. Tarix də riyaziyyat elmi kimidi. Amma biz 2-ni 2-yə vurub ya 3 eləmişik, ya 5, ona görə də 20 faiz torpağımız hələ də düşmənin ayağı altındadı.
   
   Ağıllı verilişlərdən də qorxuruq. "Lider" kanalında "Zəif bənd" və "Milyonçu" kimi çox ağıllı və milyonların izlədiyi verilişləri dayandırdıq. İndi telefonla zəng eləyib mənasız suallara mənasız cavablar verib pul qazanmaq istəyirik. "Çto? Qde? Koqda?"-nı saxlamaq istədik. Qardaşım, bunu saxlamaq lazım deyil ey, axtarıb bunun Azərbaycan variantını ortaya qoymaq lazımdır. Azərbaycan variantını ortaya qoymayanadək bu proqramı çölə atmaq olmaz.
   
   Belə getsə qorxuram İTV-nin "Ortaq məxrəc", "Dərs" və s. bu kimi verilişlərinə də mane olaq. Yəni intellektual proqramları şoularla əvəz edək. Milləti belə kökləyək.
   
   Azərbaycan xalqını bu günə daşıyıb gətirən və bu xalqa yenidən özünün müstəqil dövlətini qurduran onun tarixi şəxsiyyətləri, elm adamları, şairləri, yazıçıları, bəstəkarları, rəssamları, sənət adamlarıdır, toy müğənniləri yox. Hər hansı bir toy müğənnisinə bizim telekanallarda bir ayda ayrılan vaxt Azərbaycan xalqını bu günə daşıyan kişilərə bütövlükdə ayrılmır. Bəlkə yalan deyirəm, bir monitorinq aparsınlar.
   
   "Dahilərin divanı"ndan qorxmaq lazım deyil. Səni özün kimi göstərən aynanı vurub sındırmaqla sir-sifətin düzəlməyəcək. Sir-sifətini düzəlt. Bir az Rəqsanəylə Aygünün davasından ayrıl, Ağaməhəmməd Şah Qacarla Zəndlərin davasına bax və ibrət götür.

TƏQVİM / ARXİV