Yazıçının cəhənnəm qeydləri – Ayxan Ayvazdan Yeni Hekayə
Adalet.az Ayxan Ayvazın "Absurd hekayələr" silsiləsindən "Yazıçının cəhənnəm qeydləri” adlı yeni hekayəsini təqdim edir.
I
Qutu boyda evlərində siqareti siqaretə calaya-calaya yeni romanını yazır. Arvadı deyinir:
- Çəkmə o zəhrimarı. Uşağa pis təsir eləyir.
Siqareti söndürür, yazmağa girişir. Yazı masası eyvandadır. Hərdən pəncərənin arxasında ağacların yan-yörəsində dövrə vuran quşlar gözə dəyir.
Arvadı isə bu dəm hələ də deyinməyindədir:
- Nə fikirləşirsən? Evdə bir qəpik pul yox. Heç olmasa borc tap. Akif nə dedi? İşə düzəldir səni?
Cavab gəlmir.
- Hayıf mənim günümə. O vaxt mamam dedi də. Dedi, yazıçıda nə tapmısan? Dolana bilməyəcəksiz. Dədəmin evində qalsam, yağ-balnan yaşayırdım.
Uşaq qucağında yuxuya getmişdi arvadın, o isə elə hey sözləri darağa doldurub ərinin üstünə güllə kimi boşaldırdı:
- Kişi deyilsən? Bir tərpən, bir şey fikirləş. Ayın axırı gəlir. Kirayəni kim verəcək? Kimə deyirsən? Deyirəm, a bala, get filankəsə quyruq bula, deyir, mən vicdanla yaşamalıyam. Başa düşmürsən e... G.. öpməklə ağız murdar olmaz. Yekə kişisən. Sənin balan var. Vicdanlı yaşayana pul vermirlər. Get düz-əməlli işin qulpundan yapış.
Yazıçnın fikri-zikri romandadır, arvadın sözləri arı dızıltısı kimi gəlir ona. Son vaxtlar öyrəncəli olmuşdu buna. Romanını yazmaqdan başqa heç nə düşünmürdü.
II
- Nə oldu? Qurtardın romanı?
- Hələ var. Bilirsən, harda qalmışam?
- Harda?
- Deməli, qəhrəman əsəbiləşib hamını qırır.
- Hamını?
- Hə. Əsgərlikdə də... Bezdirirlər onu. Sənə danışmışdım axı.
- Həvəsin var e... Özüm ölüm. Yazmaq nədi e? Pul yox cibdə. Çayı gücnən alırıq. Uşağı bağçaya qoymalıyıq.
- Sən yazmırsan?
- Mən yazmağın daşını atmışam. Görüm, bir nəfər var, ondan xəbər gözləyirəm. Kafe götürüb işlətmək istəyirik.
- Bacara bilərsən?
- Nə bilim. Risk eləmək lazımdı. Yazmaqdan bir şey çıxmır. Çalış sən də bir yol tap. Nə elədin? İş tapa bildin?
- Yox e, hara CV-i atmışam, yoxdur.
- Jurnalist kimi işlə də. Başqa yolu var? CV nədi, sən Allah? Tanış-bilişə demək lazımdı...
- İşləyim e... Amma harda?
- Bizim uşaqlardan maraqlanaram. Olmamış olmaz.
- Evdə pul yoxdu e heç...
- Məzələnmə?
- Vallah...
- Sən də roman yazırsan. Hahaha... Kefsən e...
- 10 manat verə bilməzsən?
- Qaqa canı, yoxumdu. Özüm də pul axtarıram.
- Başa düşdüm.
- Rasimdən soruş, onda olar. 10 manat nədi. Bir 100 istə...
- Üzüm gəlmir e...
- Başqa neyləyəcəksən? Haqqında bir yazı da yazarsan...
- Yox e, onu eləyə bilmərəm.
- Əlində nədir e? Yaz da... Yadında saxla. Ədəbiyyatdan əvvəl ailədir. Ailən dolana bilmirsə, o yazdığının içinə...
- Düz danışmırsan. Bu mübahisəlidir.
- Nə mübahisəli? Onda evlənməzdin. Niyə evləndin?
- Nə bilim. Evlənməsəm də olmurdu. Tək başına çulumu sudan çıxaran biri deyiləm. Gərək kimsə mənə həyan olsun.
- Romanı bitirəndə neyləyəcəksən?
- Çap edəcəm.
- Yaxşı da? Mən də elə bildim, turşusunu quracaqsan. Məzələnmə də... İmza günü eləyəcəksən?
- Hə...
- Axırıncı dəfə kimin təqdimatına getmisən?
- Gedə bilməmişəm. Pulum yox idi.
- Onlar da gəlməyəcək.
- Bəs nə edim? Bəlkə oxucular gələr?
- Nə? Hahaha... Oxucu nəydi, sən Allah? Biz özümüz yazıb, özümüz oxuyuruq. O da üz-üzdən utanar deyə. Gedib həmkarımızın kitabını alırıq. Eləsi olur ki, yazdığı zibil deyil, amma hərdən işin ondan keçir deyə məcbursan. Heç olmasa imza günlərinin axırında qonaqlıq zad olur. Səndə olacaq?
- Yox e... Hardan?
- İribuynuzluları dəvət elə də. Gəlsinlər. Həm kitabını alsınlar, həm də qonaqlıq versinlər. Başqa nə işə yarıyırlar ki?
- Utanıram e...
- Utanandan yazıçı olmaz...
III
Yazıçı romanı bitirib əlini-əlinə vurur.
- Vsyo! Qurtardı! Urra!
Arvadı onun atılıb-düşməyinə baxıb gülümsünür:
- İş tapdın? Nə qədər maaş verirlər?
Yazıçının elə bil böyründən əqrəb sancır. Yalan satmağa məcbur olur:
- Hə... İşdi... Maaşı bilmirəm hələ... Sabah gedib danışacam.
IV
- Roman nədəndir?
- Əsgərliyə getmiş bir oğlandan bəhs olunur. Oğlan özünü Allah kimi görür.
- Tövbə! Bu nə mövzudur belə?
- Rauf, sən ki məni tanıyırsan. Bu cür mövzularda yazmışam həmişə.
- 500 vura biləcəm, müəllim. Keçən dəfəki romanın tirajı üstümə qayıtdı. İmza günündə 50-si satılmışdı.
- Bu dəfə satılacaq. İnan mənə. Bu tutacaq.
- Görək.
- Siz reklam eləmirsiniz də bizi...
- Çətin məsələdir. Həm də elə imkanımız yoxdur. Detektiv filan olsa hə, eləmək olardı.
- Burda iş olmaz mənə?
- Nə? İş?
- Hə də...
- Yazmağa pul vermirik. Hahahah...
- Yox, elə demirəm. Redaktor, tərcümə filan.
- Görüm, bir şey fikirləşərəm. Sənin uşağın var idi hə?
- Hə, hələ ki balacadı.
- Allah saxlasın! Narahat olma! Bir şey fikirləşərik!
V
İmza günü. Barmaqla sayılacaq adamlar. Tanışlar, doğmalar.
- Təbriklər!
Hamı bir ağızdan bunu deyir. Kitaba yanaşan yoxdur, deyəsən hamının cibində siçanlar oynayır.
- Qardaş, pulum yoxdur e üstümdə. Olar götürüm? Sonra verərəm.
- Götür.
Bir qadın yaxınlaşır... Qadın tanış deyil. Yazıçı sevinir:
- Buyurun...
- Qardaş, mən Yasamala getməliyəm e... Burdan hansı avtobus gedir?
VI
- Nə kitabıdır?
- Romanımdı.
- Nədən bəhs edir?
- Bir adam...
- Lazım deyil.
- Necə yəni?
- Qardaş, lazım deyil də...
Yazıçı ağır sellefonları iki əlinə götürüb qapını aralayır. Yol boyu düşünür ki, bu hələ kitablarının heç yarısı deyil, qalanı nəşriyyatda qalıb. Gərək onları da gedib götürsün.
Növbəti kitab mağazasına yol alır.
- Salam. Yeni romanım...
- Biz yerli müəllif almırıq e, bəy.
- Roman maraqlıdır.
- Təəssüf ki. Ancaq xarici müəlliflər...
O biri kitab mağazasında satıcı:
- Tanınmayan müəllifləri götürmürük. Şeir kitabıdı?
- Yox, roman.
- Detektivdi?
- Yox.
- Onda ikisini verin. Bir yerə qoyarıq. Cəhənnəm.
- Nə?
- Heç, romanın adına baxdım: "Cəhənnəm”.
VII
Yazıçı qalan kitabları evə gətirir. Arvadı girən kimi konsert başlayır:
- Bu nədi? Nə gətiribsən bunları evə?
- Hara gətirməliydim?
- Biz özümüz gücnən sığışırıq bura. Apar başqa yerə.
- Ay qız, hara aparım?
- Ölərəm də onları qoymaram evə. Rədd elə...
Son
Yazıçı kitablarını götürüb Tarqovıya gedir. Mərkəzi küçələrdə gəzişir. Bilmir, bu kitabları hara aparsın. Elə bir dostu da yoxdur ki, onun ofisinə filan qoysun.
Qatar kimi üstünə gələn adamlardan qurtulub Nəsimi heykəlinin qabağında dincini alır. Nəfəsini dərib siqaret çıxarır, ləzzətlə sümürür. Sonra Nəsiminin heykəlinə baxır, baxır və birdən siqaret kötüyünü kitablarının üstünə atır.
Alışqanı cibindən çıxarıb kitabın birinin vərəqini yandırır. Geri çəkilib yanan kitabı sellofandakı kitabların üstünə tullayır.
Alov yavaş-yavaş böyüyür. Yaxınlıqdakı uşaqlar kitablardan yaranan tonqalın üstündən atılır. Yazıçı öz-özünə pıçıldayır: "Ağırlığım-uğurluğum”... Bunu deyə-deyə özü də tonqalın üstündən hoppanır.
Birdən hiss eləyir ki, qanadları çıxıb və o qanadlar onu buludların yanına uçurur. Yazıçı göy üzündə uça-uça fikirləşir ki, yazmaq uçmağın bir formasıdır və bu tapıntısına için-için sevinir.