adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Noyabr 2018 13:34
13233
İQTİSADİYYAT
A- A+

“Bəzi risklər hələ də qalmaqdadır” - Nazir

"Əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial iqtisadi göstəriciləri hazırlanıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımı 2018-ci il və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə müvafiq olaraq 3.1 faiz olacağı proqnozlaşdırılır”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meylləri formalaşması, neft ixracatçıları olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır.

Nazir deyib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır.

"İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisadiyyatlara kapital axınının azalması həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur”.

Nazir qeyd edib ki, aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

"Qeyd olunduğu kimi Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq, ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. 2019-cu ildə ÜDM-nin 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı, tədiyyə balansının cari hesabının 3.9 milyard dollar olacağı proqnozlaşdırılır”.

O həmçinin bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti orta müddətli dövr üçün 60 dollar götürülüb.

"Gələn il "Şahdəniz” yatağında neft-qaz hasilatının artması, dövlət hesabına neft sektorunda 3.1 faiz, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir.

Növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, burada xarici investisiyaların 7.5, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı, əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrinin 63 faizi artıq fəaliyyətə başlayıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır”.