adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Noyabr 2018 12:58
12977
MƏMLƏKƏT
A- A+

«CİP» ARXADA DAYANMIŞ AVTOBUSA ÇIRPILDI - Faiq QİSMƏTOĞLU yazır

Noyabrın 13-də səhər saat 10:00 radələrində Yeni Günəşlidən metronun «Xalqlar dostluğu» stansiyasına doğru hərəkət edən 50 nömrəli marşrutda yol gəlirdik. İki-üç dayanacaq gedəndən sonra birdən elə oldu ki, sürücü növbəti dayanacaqda avtobusu saxladı. Sərnişinlərdən bir neçəsi həmin avtobusa mindi. Hələ avtobus yerindən tərpənməmişdi və sərnişinlər də minməkdə davam edirdi. Bu vaxt qarşıda geri hərəkət edən ağ rəngli «CİP» markalı 90 GP 741 nömrəli maşının sürücüsü onu geri verərkən avtobusa çırpdı. Güclü zərbədən avtobus necə silkələndisə, salondakılar da həyəcanlandı. Bu sətirlərin müəllifi də arxa tərəfdə əyləşdiyindən hələ nə baş verdiyini hiss etmirdi. Avtobusda olan bir nəfər oğlan dedi ki, yəqin xanım sürücüdü. Xam olduğuna görə, maşını avtobusa çırpdı.

Bir neçə dəqiqədən sonra avtobusun salonundakı sərnişinlər yerə düşdülər. Gördük ki, yox, «CİP» markalı 90 GP 741 nömrəli maşını idarə edən xanım yox, kişidi. O da başladı avtobus sürücüsünü qınamağa ki, sən burda durmasaydın, maşını avtobusa çırpmazdım?!


Qəribədir ki, sürücü həm də deyirdi ki, mən burda olanda maşın yox idi. Maşını geri verəndə gördüm ki, avtobus dayanıb. Görün minik maşınının sürücüsü nə qədər məsuliyyətsizdir ki, avtomobili arxaya verərkən geri baxmır və qəza törədir. Bəlkə heç avtobus olmayaydı, hər hansı piyada olaydı. Deməli, piyada olsaydı belə, minik avtomobilinin sürücüsünün səhlankarlığı üzündən maşın onu vuracaqdı.

Maşının ətrafına avtobusdan düşən sərnişinlər toplaşmışdı. 50 nömrəli marşrutda işləyən 90 VL 687 nömrəli avtobusun sürücüsü isə şoka düşmüşdü. Yazıq bilmirdi nə eləsin. Avtobusda olan 50-dən çox sərnişinin hamısı avtobus sürücüsünü müdafiə edirdi və deyirdi ki, sənin heç bir günahın yoxdur. Sən dayanacaqda durmusan, sərnişin götürürsən, minik maşını da arxadan sənə çırpılıb. Sərnişinlər nə illah eləsə də, minik maşınının sürücüsünü anlada bilmirdilər.


«CİP» markalı 90 GP 741 nömrəli maşını idarə edən sürücü isə iki ayağını bir başmağa dirəyib deyirdi ki, məndə heç bir günah yoxdur, günah avtobus sürücüsündədir. Hər halda, vaxtımız olmadığına görə, hadisə yerinə yol polisinin gəlməyini gözləyə bilmədik. Çünki yol polisi əsl həqiqətin üzə çıxmağına aydındır ki, həmişə səy göstərib. Ancaq sadəcə, sərnişinlər hal şahidi kimi ifadə versəydilər, avtobus sürücüsünün günahsızlığı daha asanlıqla sübut oluna bilərdi.


Elə biz də gördüyümüz həqiqəti qələmə aldıq ki, yol polisi hadisəni araşdırarkən əsl həqiqətin necə baş verdiyini görə bilsin. Hər halda, kimin haqlı, kimin haqsız olmasını polisin apardığı araşdırmadan sonra bilmək olacaq.