Faiq QİSMƏTOĞLU: DÜNYA KƏDƏRƏ YOX, YARADANA QALACAQ

FAİQ QİSMƏTOĞLU
44199 | 2018-11-13 12:54
… Elə ki hər hansı şairin gözəl bir şeirini, poetik bir misrasını oxuyuram, baxanda elə bil dünya mənim olur… Elə bil həmin anda bütün dərdimi, kədərimi unudur və özümü göyün yeddinci qatında hiss eləyirəm. İstedadlı şairin həm də istedadlı oxucusu olmalıdır. El dilində demiş olsaq, zər qədrini zərgər bilər. Amma bizdə bəzən görürsən ki, nə zərin qədrini bilən var, nə də zərgərin. Bununla işimiz yoxdur!..

Biri deyir ki, dünya sözə qalacaq, biri deyir ki, dünya sevincə qalacaq, bir istedadlı dostumuz da deyir ki, dünya kədərə qalacaq. Təbii ki, hərənin öz yanaşma və duyum tərzi var. Və hər yaradıcı insan da dünyanı istədiyi rəngdə, biçimdə görməyə çalışır. Burda heç bir qəbahət yoxdur. Çünki zövqlər eyni olmadığı kimi, düşüncələr də rəngarəng olanda daha yaddaqalan olur. Sevincin bitdiyi yerdən kədər başlayır. Kədərin bitdiyi yerdən isə sevinc boy verir. Kədərin və sevincin insan yarandığı gündən bu günə qədər sanki bir savaşı gedir…

… Təkcə insan kədərlənmir, təkcə insan kövrəlmir, təkcə insan dərd-qəm içərisində itib batmır. Bəzən görürsən ki, bir ağacın da budağı qırılanda, bir körpə ceyranın da balası yaralananda onun gözündən yaş axır. Belə baxanda elə hər şeyin dərdi, kədəri var. Əgər bir dağ uzun illər göylərə meydan oxuyursa və bir vaxt da görürsən ki, o dağ insanlar tərəfindən param-parça edilib, bax elə o dağında bir dərdi, bir kədəri, bir göz yaşı var...

Bu dünyanı yaradan elə yaradıb ki, onu yaratdığı bir şeyə əl vurandan hər şey darmadağın olur. Gözümüzə nə görünürsə, qurban olduğum yaradıb. O yaratdığı gözümüzə görürənlər isə nə vaxtsa olmayacaq. Uca-uca dağlar olmayacaq, qalın-qalın meşələr olmayacaq, dənizlər, okeanlar nə vaxtsa quruyacaq. Şəhərlər, kəndlər, qəsəbələr yerlə yeksan olacaq. Yalnız və yalnız dünyanı Yaradan qalacaq. Deməli, gözümüzə nə görünürsə, hamısı Ulu Yaradanındı…

Mənim istedadlı dostum Əbülfət Mədətoğlunun bir neçə şedevr və nikbin notlar üstə köklənmiş şeirləri var. Bu şeirlər mənim ən ağır günümdə, ən çətin günümdə, ən kədərli anımda əlimdən tutub ayağa qaldırıb. Və düşünmüşəm ki, bu şeiri Əbülfət heç vaxt yaza bilməz. Və o şeiri ona Ulu Yaradan göndərib. İnanmırsınız, diqqət yetirin:

Yandı evim, eşiyim
Yandı divarım, daşım…
İsit, qoyma üşüyüm –
İsit məni, göz yaşım…

… Evini-eşiyini, yurdunu, torpağını, nə qazanıbsa hər şeyini və hətta öz varlığını itirən şairə bu nikbinliyə görə, eşq olsun! – deyirəm. Çünki insanın torpaq itirməkdən ağır dərd yoxdur. Əzizini itirirsən, deyirlər ki, başın sağ olsun! Bəs torpaq itirənə, vətən itirənə, yurd yeri itirənə hansı təsəllini vermək olar?! Bax, mən nə illah axtarsam da, arasam da, yurdunu, yuvasını yağmalanmış görən adama təsəlli verən bir söz tapmıram. Elə ən böyük təsəlli də «İsti məni göz yaşımdı». Məncə, bundan şah misra və obrazlı təsəlliverici deyim tapmaq çox çətindi.

Qardaşım Əbülfətin yaradıcılığını həmişə izləmişəm və bu gün də izləyirəm. Onun poeziyası, publisistikası, dil və üslubu mənim ruhuma, qəlbimə çox yaxındır. Yəni onu oxuyanda yorulub yolda qalmıram… Onu oxuyanda qəlbimin ən qaranlıq yerinə belə bir işıq düşür… Onu oxuyanda həm də dərdli insanların və özümün ağır anlarımın yenidən gözümün qabağında canlandığını görürəm…
Ancaq qardaşımın son vaxtlar kədərli şeirlər yazması sözün açığı məni heç də açmır. Mən onu başa düşürəm. İnsan ağlamalıdı, sevinməlidi və dərdini də kiminləsə bölüşməlidi. Ancaq qardaşımın dərdə köklənməsi elə mənim özümü də həmin dərdin içinə çəkir. Onun «Dünya kədərə qalıb» yazısı isə təbii ki, birmənalı qarşılanmır. Çünki bu yazı və bu şeir tamamilə kədərli, qəmli notlar üstündə köklənib. Şeirə bir fikir verin:

Heyrət, diqqət calaqdı,
Üst-üstə, qalaqdı…
Hər halıyla alaqdı-
Dünya kədərə qalıb.

Bax, qardaşım, bu misranı oxuyanda onsuz da həddindən artıq dərdə yüklənmiş adamlar bir az da dədin içərisində boğulurlar. Necə ki, mən son vaxtlar müəyyən sıxıntılar və çətinliklər yaşayıram. Ancaq nikbin yazılar oxuyanda istər-istəməz o kədər, o qəm insandan uzaqlaşır, onun içində günəş doğur…
Yaxşı şairi əl-əl axtarırlar. Düzdür, bu gün kitabı çap olunan 90 faiz şeir yazanın poeziyaya heç bir dəxli yoxdur. Şair var ki, 30 kitabı çıxıb, ondan bir misra tapmırsan ki, oxuyub ruhun şad ola! Bax, həmin kitablar kitab deyil ey, maklaturadı. Bu maklatura yazan şairə desən ki, sənin şeirlərin bir qəpiyə dəyməz, bax, onda görərsən o hansı hoqqadan çıxır və adamın ağzını cırıb qoyar qulağının dibinə.
Böyük Ramiz Rövşən yazır ki: «Göy üzü quşlarla şairlərindi». Vallah, şair tanıyıram ki, onu göy üzünə heç vaxt Ulu Yaradan qoymaz. Onun şeirləri və əməlləri də başdan-ayağa şeytana qulluq eləyir. Şeytana qulluq eləyənin göy üzündə nə işi var? Göy üzü əməli-saleh, insanlara əl tutan, paxıllıq və xəbislik bilməyən Allaha yaxın insanlarındı. Və biz hələ bilmirik ki, o göy üzünə kimlər buraxılacaq, kimlər də buraxılmayacaq. Yəni bunu Allah-Təala bilir və bu barədə də heç bir bəndənin xəbəri ola bilməz. Hətta peyğəmbərlərin belə qeyb barəsində heç bir bilgisi yoxdur.

Mənim hər axşam oxuduğum şairlər var: Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Eldar Baxış, Vaqif Bəhmənli, Nüsrət Kəsəmənli… Təbii ki, hər insanın öz poeziya dünyası olur. Və mən də ömrüm boyu bir misra belə şeir yazmamışam və heç şeir yazmağı da arzulamamışam. Çünki əsl şeiri yazmırlar, onu Allah-Təala göndərir. Allah-Təala gönərdiyi şeir isə insanın iç dünyasını, qəlbini, ürəyini işıqlandırır.
Yazımızın əvvəlində dedim ki, istedadlı şairin istedadlı da oxucusu var. Mənim çox istedadlı filosof, həkim dostum vardı – rəhmətlik Əhliman Əliyev. O, poeziyadan danışanda Musa Yaqub kimi bir adam onun təfəkkürünə, şeiri təhlil etmək bacarığına heyran qalırdı. O, şari deyildi, amma o, şair olmasa da, poeziyanı, şeiri çox şairdən daha gözəl bilirdi. İstedadlı şair Vaqif Bəhmənli onun haqqında bir şeir yazmışdı: «Yazmayan şairlər». Bax, bu şeirdə yazmayan şairlərin də olduğunu Vaqif Bəhmənli bir daha böyük oxucu auditoriyasına çatdırır. Adam var şairdi, amma şeir yazmır. Çünki sözə İlahi kəlam kimi baxır. Elə yazımı da Vaqif Bəhmənlinin həmin şeirinin üç bəndiylə bitirmək istəyirəm:

Dirilik suyunun gözünü bilən,
Ehmal qanad çalan neçə pəri var…
Tanrının ən gözəl sözünü bilən
Dünyanın yazmayan şairləri var!

Şəhid kürəyində qəlpə göynəyən –
Barı-barxanası dörd soyuq divar,
Yazıb son duanı kəfən köynəyə –
Dünyanın yazmayan şairləri var.

Nəsimi ruhundan ölməzlik dərən
Hələ soyulmamış neçə dəri var.
Yolların ucunu haqqa döndərən
Dünyanın yazmayan şairləri var!


TƏQVİM / ARXİV