adalet.az header logo
  • Bakı 7°C
13 Noyabr 2018 09:16
40602
LAYİHƏ
A- A+

HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda - Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından olan Hüseyn Saraçlı kimi bir aşıqdan dərs alan sənətkar ustadından öyrəndiklərini bu gün də sinəsində yaşadır. O qədər şirin, kolorotli danışır ki, saatlarla qulaq assan da, söhbətindən doymaq olmur. Ustadı ilə el şənliklərində çıxış edən, ağır məclislər yola salan Murad Kövrək bu gün həm də tanınmış sazbəndlərdəndir. Hazırda Bakıda yaşayır və sazbənd kimi fəaliyyətini uğurla davam etdirir.
Bu sənətə gəlişini və Hüseyn Saraçlı kimi bir sənətkara qulluq eləməsini belə xatırlayır Kövrək Murad: "Ustad bizim kəndə toya gəlmişdi, ustaddan xahiş etdilər ki, icazə ver, bu uşaq da bir hava oxusun. Mən də saz çalmağı kəndçimiz aşıq Əhədin yanında öyrənmişdim. Ustad icazə verəndən sonra mən çox çəkinə-çəkinə sazımı götürdüm. Bunu görən Hüseyn Saraçlı - "ziyan yoxdu, sən hələ cavansan, aşıq deyilsən", - dedi. Bir hava çaldım, xoşuna gəldi. Dedim, məni şəyird götürərsinizmi? "Niyə götürmürəm, səndən yaxşı durnaboğaz aşıq olar", - dedi. Elə həmin ilin, yəni 1964-cü ilin payızında onun yanına şəyird getdim".
Bu gün təkcə Borçalıda yox, həm də Azərbaycanda və onun hüdudlarından kənarlarda - sazın səsi gələn hər yerdə həm də məşhur bir sazbənd kimi tanınan Muradın atası Əli kişi dülgər olub, əsasən kənd yerində lazım olan araba, boyunduruq və s. kimi alətlər düzəldib. Uşaqlıqdan saza böyük marağı olduğundan 3-4-cü siniflərdə oxuyarkən atasının alətlərindən istifadə edərək cır ar-mud ağaclarının içini yonub özünə saz düzəldib. Bəzən alətlərini korladığına görə atasının ona əsəbiləşdiyi vaxtlar da olub. Amma Murad fikrindən dönməyib. Elə bu həvəs də onu aşıqlıqla yanaşı, həm də sazbəndliyə gətirib çıxarıb. Xoşbəxtlikdən ustadı Hüseyn Saraçlı həm də sazbənd idi. Doğrudur, bu işlə mütəmadi məşğul olmurdu, amma dosttanışının, yaxın adamlarının sazını gətirib evində düzəldirdi, sim salırdı, kökləyirdi və Murada həm də sazbəndliyin sirlərini öyrədib.
Aşıqlıqda olduğu kimi, sazbəndlikdə də ilk xeyir-duanı Hüseyn Saraçlıdan alıb: "Şəyird olan vaxt Hüseyn Saraçlının yanına getməkdə bir həftə gecikmişdim. Dedi niyə gec gəldin? Balaca bir cürə göstərdim, bunu düzəldirdim, Hüseyn əmi, - dedim. Cürəni bəyəndi. Səndən yaxşı sazbənd çıxar, bu sənəti də buraxma, dedi. Ondan sonra mənlə məşğul olmağa başladı, gördü ki, sazbəndliyi də bacarıram. Yavaş-yavaş sənətin sirlərini öyrətdi, ustalaşdırdı".
Murad Kövrək deyir ki, ustad aşığa saz bağlamaq hər sazbən-din işi deyil: "Aşıqlar hər ustaya saz bağlatmırlar, ancaq kamil ustalara müraciət edirlər. Aşıqlar üçün ən əsası sazın səsidir, gözəlliyidir".
O, həm də qədim sazları da bərpa edib: "Çox qədim sazları bərpa etmişəm. Məsələn, Hüseyn Saraçlının ustadının - Quşçu İbrahimin sazını gətirmişdilər yanıma. Yeni üz saldım, bərpa elədim. Aşıq Musa Qaraçöplünün sazını bərpa etmişəm, bəlkə də o sazın yüzdən çox yaşı vardı".
Son illərdə sazbəndliyə marağın artdığını vurğulayan ustad deyir ki, bu gün Borçalıda məşhur sazbənd kimi tanınan Bafəli və onun qardaşı Qəribə, özünün qardaşı İmdata və digərlərinə də öyrədib sazbəndliyin sirlərini. Bundan sonra da maraq göstərənlərə bu sənətin sirlərini böyük həvəslə öyrətmək istədiyini deyir: "İndi hamı əsasən yaxınlarını öyrədir. Mən yanıma gələn gənclərə təklif edirəm, şagirdə ehtiyacım var, yaşımın bu vaxtımda sənətimi öyrətməliyəm ki, məndən sonra kimsə qalsın".
Bu gün həm aşıq, həm də sazbənd kimi tanınan Murad Kövrəkdən bu iki sənətdən hansına daha çox üstünlük verirsiniz deyə soruşduqda deyir ki, mənim üçün hər ikisi eynidir, çox xoşdur ki, bir-birinə bağlı olan bu iki sənətlə qoşa məşğul oluram: "Hal-hazırda gücümü daha çox sazbəndliyə verirəm, çünki müraciət edənlər çoxdur. Məndən İrandan, Türkiyədən də saz istəyənlər çoxdu. Yeri gələndə aşıq kimi də fəaliyyət göstərirəm, televiziya verilişlərinə, məclislərə dəvət olunuram".
Murad Kövrək bu gün sözün əsl mənasında ustad görmüş, ustada qulluq etmiş tək-tək aşıqlarımızdandır. Hüseyn Saraçlı kimi nəhəng bir ustada qulluq etmək hər aşığa qismət olmayan bir xoşbəxtlik olmaqla yanaşı, həm də bir məsuliyyətdir. Təsadüfi deyil ki, bu haqda danışanda Aşıq Murad deyir ki, şəyird gərək hər şeydən əvvəl öz ustadından ədəb-ərkanı öyrənsin. Ustadının öyüd-nəsihətini isə heç zaman unutmur: "Aşıqlıq çox incə sənətdir. Rəhmətlik Hüseyn Saraçlı deyərdi ki, sən bir nəfərsən, məclis əhli 200-300 nəfərdir, hamısının nəzəri bir nəfərdə, aşıqda olar. Ona görə ədəb-ərkanın kamil olmalıdır".
Ustadından danışanda onsuz da kövrək olan Kövrək Murad bir qədər də kövrəlir: "Həmişə o yadıma düşəndə gözlərim dolur. Çox gözəl ustad, geniş dünyagörüşlü bir şəxsiyyət idi.
O, aşıq de-yil, hər hansı peşənin sahibi də olsa, yenə tanınmış bir şəxsiyyət olardı. Çox kamil insan idi, aşıqlıqla yanaşı bütün sənətlərdən başı çıxırdı. Hər şeyin yerini bilən adam idi. Beş il evində şəyirdlik etdim, Saraçlı camaatının hamısı bunu bilir, hamısı məni tanıyır. Ailə qurandan sonra onun xeyir-duası ilə sərbəst aşıqlığa başladım. Ömrünün sonuna kimi də onunla əlaqəmi kəsmədim, həmişə ondan nəsə öyrənməyə çalışdım. Onunla bərabər el şənliklərində və digər tədbirlərdə çıxışlarım həyatımın ən unudulmaz analrı kimi yazılıb yaddaşıma. Allah ustada rəhmət eləsin".
Hazırda Bakıda yaşayıb fəaliyyət göstərən Murad Kövrək kamil sənətkar kimi Borçalı aşıq ənənələrinin yaşadılması üçün əlindən gələni edir, həm aşıq, həm də sazbənd kimi bildiklərini ona mürqaciət edənlərə böyük həvəslə öyrədir.
Musa NƏBİOĞLU
Azərbaycan Aşıqlar Birliyinin
katibi, Əməkdar mədəniyyət
işçisi


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ