adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 17:49
12702
İDMAN
A- A+

Adam - Qurban Qurbanov...

Qurban Qurbanov haqda bir çox jurnalistlərin bilmədiklərini bilirəm desəm, yanlış olar. Amma onunla vaxtilə Aşağı Tala kənində futbol oynayanlar mənə çox danışıb. Futbol oynamaqdan nə qədər danışmaq ola bilərdi ki? Bu Qurbanın başqa bir tərəf idi... O, xatirələri toparlayanda Qurbanın fərqli obrazı yaranırdı. Hələ Qurban milli komandada oynayırdı, bu qədər məşhur deyildi, amma mən onu məhz o meydanda görünməyən tərəflərinə görə bəyənirdim, baxırdım, meydandakı səhvlərinə hətta göz yumurdum. Amma hansı azarkeşə futbolçunun kobud səhvini görüb "eybi yox, əsas odur ki, yaxşı oğlandır (bu yaxşının işərisində bütün keyfiyyətlər olur axı) desən, sənə elə indi də gülərlər axı...

Bir neçə gün əvvəl ağsaqqal publisist-jurnalist dostumuz və gözəl futbol bilicisi olan Fazil Rəhmanzadə ilə rastlaşdım. O da mənim kimi Qurbanın milliyə rəhbərliyindən məmnun deyil. Amma mövzumuz bu olmadı. Yazdığım yazılarda adətən, "Qurban qardaşımız” ifadəsini işlətməmə üstüörtülü eyham vurdu. Yəni yazılarda sərt tənqidin içərisində bu "qardaşımız” ifadəsi uyğun gəlmir...”Niyə belə yazıram” deməyə daha gərək olmadı, Qurbanı bir az tərifləyib, millini də bir az tənqid edib ayrıldıq.

Adam və futbolçu. Əla futbolçu (istənilən peşəni yazmaq olar) və adam olmayan. Adam olan və pis futbolçu. "Yaxşı məşqçidir (istənilən peşəni yazmaq olar), amma adam deyil”. "Adamdır, amma yaxşı məşqçi deyil”. Seçim etmək bu qədər çətindirmi bunlar arasında? Yəqin ki, hə... Kiminə yaxşı baş məşqçi lazımdır ki, yaxşı komanda qursun, adam olmasa da olar. Kiminə adam lazımdır ki, işlədə-işlədə adamlıqdan çıxara... İndi adam sözünün anasını ağladıblar, adamların da bir az zayı çıxıb. Mövzumuz yenə bu deyil deyəcəkdim, amma adamdan danışırdıq axı... Həm yaxşı adam, həm yaxşı baş məşqçi, həm... Heyf ki, indi adamlara öz haqq etdiyi qiyməti publik olaraq vermək də çətindir, çünki fikirləşəcəklər ki görəsən...
Yazılarımı təmənnasız olaraq öz saytlarında verən sportinfo.az saytındakı bir yazı məni doğurdan da tərpətdi və bunları giriş olaraq yazası oldum. Adi bir hekayədir. Amma adam olanlar və buna çalışanlar üçün bir stimuldur. Real adamların olduğu hekayələr həmişə ürəyə toxunan olur. Ona görə həmin yazını olduğu kimi təqdim etmək istədim.

***
""Qarabağ” Avropa Liqasında ikinci dövrəyə Ukraynada start verdi. Azərbaycan çempionu Poltovada «Vorskla»nın qonağı oldu. Təmsilçimiz Araz Abdullayevin penaltidən vurduğu erkən qolla 1:0 hesablı qələbə qazandı. Ağdam komandası matçdan az sonra vətənə dönməyi planlaşdırırdı. Lakin ilk çarter reysi baş tutmadı.

Şaxtalı hava təyyarənin Poltava hava limanından səmaya qalxmasına imkan vermədi. «Hava gəmisi»nin təkərlərinin don vurması «Qarabağ»ın gecəni də bu şəhərdə keçirməsinə səbəb oldu.

Bu zaman komandanın düşərgəsində doğrudan-doğruya hadisə baş verib. Belə ki, özüylə səfərə 20-dən artıq media mənsubu aparan klub ciddi problemlə üzləşib. Oyundan bir neçə saat əvvəl oteli tərk edən jurnalistlər geri qayıtmalı olanda boş nömrələr tapılmayıb.

Poltavada cəmi 3-4 otel olduğundan, hamısı yeni müştərilər tərəfindən tutulub. «Qarabağ»lılar isə özünün qaldığı məkanda güclə yer götürə bilib.

Belədə yalnız futbolçularla mətbuat işçilərini yerləşdirmək mümkün olub. Klub rəsmiləri, o cümlədən, Qurban Qurbanov və köməkçilərinə yer qalmayıb.

Onlar harda gecələsə yaxşıdı? Dördulduzlu otelin birinci mərtəbəsində yerləşən restoranda. Yan-yana düzdükləri stulların üzərində yuxulayıblar.

Bu da «Qarabağ» və Qurban Qurbanov fərqi… Əcnəbi baş məşqçi olsaydı, sözsüz, oteldə birinci özünun rahatlığı üçün otaq sifariş edər, tapılmasa, aləmi bir-birinə vurardı.

Qurbanov adam kimi adamdı. «Qarabağ» Bakıdan Ukraynaya bir təyyarə media mənsubu aparıb, amma heç kimin xəbəri olmayıb ki, Qurban hoca gecə harda qalıb, necə qalıb...”

Əlavə sözə ehtiyac yoxdur…

Nazim Sabiroğlu,
Musavat.com