adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 16:05
26428
ƏDƏBİYYAT
A- A+

Xuraman Hüseynzadə: Həkim

Elə yazıq-yazıq baxma, ay həkim,
Sağaltmaz verdiyin o dərman məni.
Bu dərdi, həsrəti mən necə çəkim?
Saldı bu bəlaya bu dövran məni.

Hanı əllərinin şəfası, hanı?
Gülün ki həyatı bir budaqdadı...
Gəl, bir dərman üçün gəzmə dünyanı,
Hər dərdin dərmanı Qarabağdadı.

Bu qəliz adlara yatmayır dilin...
Danış kəkotudan, danış, ay həkim.
Söhbət aç sirrindən laləli çölün,
Lalənin şehidir mənim məlhəmim.

İçsəm bircə qurtum suyundan əgər,
Sağaldar yaramı İsa bulağı.
Vallah, dərmanımdı lalə, qantəpər,
Yemlik, bulağotu, quzuqulağı.

Mizrab vur qəlbimdə sızlayan simə,
Yurdsuz qaranquşa yuvasın gətir.
Xəstə ürəyimə, sınıq könlümə
Gətir, Qarabağın havasın gətir.

Həkim, qadan alım, gəl saxla yadda:
Sağalan deyiləm mənə versən qan.
O dağlarda bitən adicə ot da
Min dəfə yaxşıdır bu dərmanından.