adalet.az header logo
  • Bakı 7°C
12 Mart 2019 12:24
32856
ƏDƏBİYYAT
A- A+

Sevmədiyiniz yazıçılar kimlərdir? - SORĞU

Bəzən biz hansısa yazıçını oxuyanda onu yarımçıq qoyuruq, əsər bizi cəlb eləmir. Heç cür o yazıçı bizə yapışmır. Həmin yazıçı dünya şöhrətli olsa da, mükafatlar alsa da, onu sevə bilmirik.

Adalet.az "Sevmədiyiniz yazıçılar kimlərdir" mövzusunda sorğu keçirib. Cavabları təqdim edirik.






Yazıçı Nəriman Əbdülrəhmanlı: "Sevmədiyim yazıçılar sözü duymadan, canından çıxarmadan, rəngini-qoxusunu hiss eləmədən yazanlar, yazıçılığı yalnız əhvalat quraşdırmaq, o əhvalatı ölü sözlərlə təsvir eləmək kimi bir şey sayanlardı. Belələri dünya ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da kifayət qədər var. Səbəbi də zorən yazıçı olmaları, İlahi vergidən qismətlərinə pay düşməməsidi. Bu cür yazanlar, əslində, yazıçı rolu (həm də uğursuz şəkildə) oynayırlar, ömürlərinin axırınacan da əsl mətn yaratmaq zövqünün nə olduğunu bilmirlər. Dilimizə dünya ədəbiyyatının, əsasən, yaxşı nümunələri çevrildiyinə görə, Azərbaycan ədəbiyyatında psevdoyazıçıların çoxluğunu hiss eləyirik. Ad çəkmək məsələsisə qəliz məsələdi. Belələri bir deyil, beş deyil. Amma bir həqiqət var ki, zamanın sınağından yalnız əsl bədii mətnlər salamat çıxacaq."




Yazıçı Şərif Ağayar: "Sevmədiyim yazıçı yoxdur. Oxuya bilmədiyim yazıçılar olub amma. Məsələn, Kortasarın "Xana xana oyunu". Əsərdə ifrat qurğunu xoşlamıram."












Filosof Müşfiq Şükürov: "Mənim üçün olmayan yazıçılar var. Onlar da yaxşı yazırlar və başqa adamlar üçün faydalıdırlar. Buna görə onlara pis deyə bilmərəm. Bir də sevdiyim, yaradiciligina maraq duyduğum yazıçıları oxudum. Digərlərini oxumadım. Bu baxımdan da onlar barədə bir söz deməyə haqqım yoxdur. Çox oxumuş adam da sayılmam, əslində. Bir neçə muəlliiflə tanış ola bildim ömrümdə."










Yazar Qan Turalı: "Sevirəmsə yazıçıdır. Sevmirəmsə deyil. Ona görə də sevmədiyim yazıçı ola bilməz."














Yazar Xalid Kazımlı: "Azərbaycan yazıçıları sırasında sevmədiyim yazıçının adını çəkməyə çətinlik çəkərəm. Çünki mən 12 yaşımdan başlayaraq təxminən 22 yaşıma qədər onların hamısının əksər əsərlərini oxumuşam. Yəni onlardan öyrənmişəm. Bir növ müəllimlərim olublar. Ona görə də onlardan hansınasa barmaq tuşlayıb "sevmirəm" deməyim düz olmaz. Əsərlərini çox oxumadığım yazıçılar olub. Məsələn, Süleyman Rəhimovun əsərlərini az oxumuşam. Dünya ədəbiyyatından isə Fyodor Dostoyevskinin bir əsərini oxuyandan sonra digərlərini oxumaq ehtiyacı hiss etməmişəm. Paolo Koelyo da eləcə. Ancaq bir əsərini oxuyandan sonra həmin müəllifin digər əsərlərini oxumaq ehtiyac yaranması da olub. Bu sırada Orxan Pamukun, Qabriel Qarsia Markesin, Vladimir Voynoviçin, Con Steynbekin adlarını çəkə bilərəm. Əgər hansısa yazıçının əsəri məni çəkmirsə, bunun konkret səbəbi olur. Ya yorucu təhkiyə, ya bağır çatladan pafos, ya mənasız söz yığını, ya reallıqdan kənar gop, ya ucuz riqqətdoğurucu epizodlar və s. Onunla da razıyam ki, bu, təkcə zövq məsələsi deyil, bir az da ədəbi səviyyə məsələsidir..."




Yazar Mirmehdi Ağaoğlu: "Markiz de Sadın adını çəkə bilərəm. Onun "Yataqda fəlsəfə dərsi" kitabını oxudum. Açığı deyim az qala ürəyim bulandı. Markiz de Sadın niyə o cür yazdığını, tarixi zərurəti yaxşı başa düşürəm. Onun məqsədi açıq-saçıqlıq pornoqrafiya yaymaq deyil də, xristianlığı tənqid-təhqir etmək idi. Bəlkə də o dövrdə xristian keşişlərinin hüdudsuz azğınlığına qarşı yalnız Markiz de Sadvari cavab vermək olardı. Amma bütün bunlara baxmayaraq düşünürəm ki, o, mənim yazıçım deyil. Bir daha onu oxumaram. Bir də Bukovskinin adını çəkə bilərəm. Şair kimi sevirəm, yazıçı kimi yox."




Yazar Aysel Əlizadə: "Onu sevib sevmədiyimi bilmirəm, düzü, amma mənə neqativ və ümidsizlik ötürür Kafka. Azərbaycan ədəbiyyatında indi oxuya bilmədiyim yazıçı çoxdu. Ad çəkməyim, yaşayanı da var, qəlb qırmaq istəmirəm."












Yazar Günel Natiq: "Dünya ədəbiyyatında- Haruki Murakami. Dəfələrlə Nobel mükafatına namizəd kimi göstərilən bu yazıçının bu qədər bəsit yazdığını təsəvvür etmirdim. Bir-iki kitabını oxuduqdan sonra məyus oldum. Murakami haqqında deyilir ki, o çox zəngin fantaziyaya malikdir. Bəlkə də zəngin fantaziyaya malikdir, amma uydurduğu əhvalatlar o qədər primitivdir ki, oxuduqdan sonra oxucuda acı təəssüf oyadır... Bəlkə də çoxları təəccüblənəcək, amma sevmədiyim yazıçılar sırasında Folkner də var. Əsərlərində özü-özünü təkrarlayır. Məsələn, qarımış qızla bağlı mövzulara çox yer verir. Bilmirəm, yazıçının qarımış qızlarla bir problemi olub ya yox, amma görünür, bu mövzu yaradıcılığı boyu onu çox narahat edib. Bir də qadınlara qarşı həssas deyil, onları elə boyalarla təsvir edir ki, oxucuda ruh düşkünlüyü yaranır. Ümumiyyətlə mən onun əsərlərindən təsirlənə bilmirəm. Məsələn, Heminqueyi oxuyandan sonra mən xeyli vaxt özümə gələ bilmirəm, Folkner məndə belə təssürat oyatmır.
Azərbaycan ədəbiyyatında sevmədiyim yazarlardan şair Nüsrət Kəsəmənlinin, Zəlimxan Yaqubun adını çəkə bilərəm."