adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 13:42
6735
MƏMLƏKƏT
A- A+

HƏR AN PİYADALAR VURULA BİLƏR - FAİQ QİSMƏTOĞLU yazır

Elə küçə və yerlər var ki, həmin yerlərdə çoxlu sayda nəqliyyat vasitələri hərəkət edir. Çox təəssüf ki, yolun sıx olduğu bəzi küçələrdə piyadaların hərəkəti üçün heç bir keçid yoxdur. Əksər yerlərdə ən azından zolaqlar var ki, bu zolaqlar da piyadaların yolu keçməsi üçün əlverişli şərait yaradır.

Bilmirəm, siz görmüsünüz, ya yox, amma mən bir neçə dəfə Binə ticarət mərkəzinə gedəndə Lökbatan dairəsinə uzanan yol həmişə diqqətimi cəlb edir. Ən azından ona görə ki, bu yolda gəlib avtobusdan düşənlər yolu keçmək üçün çox təhlükəli anlar yaşayırlar. Əksər avtobuslar Binə ticarət mərkəzinə çatanda həmin yerdə dayanır və piyadalar da düşüb yolun sağından soluna keçmək istəyirlər. Hər dəfə də 125 nömrəli marşrutla bu yerə gəlib çatanda sözün düzü, çox böyük narahatlıq və həyəcan keçirirəm.

Elə ki avtobusdan düşürsən, bax, onda çıxılmaz vəziyyətdə qalırsan. Yolun sağına-soluna göz gəzdirirsən, həmin anda isə müxtəlif nəqliyyat vasitələri bu yolla şütüməkdədi. İnsanlar yığışırlar və qrup halında o yolu keçmək istəyirlər. İnsafı olan sürücü həmin piyadalara yol verir, insafı olmayansa hərəkətini davam etdirir. Xüsusən də yağışlı və yağmurlu havada bu yolu keçmək piyadalar üçün ikiqat çətinlik yaradır. Çünki piyada qorxur ki, yağışlı havada sürücü ona yol verməz, əyləci basmaz və nəticədə piyadanı maşın vura bilər.


Biz həmin yerdən iki görüntünü lentə aldıq. Lentə aldıq ki, camaatın yolu keçdiyi yeri çoxları görsün və bir nəticə çıxarsın. Xüsusən də biz bu anları Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin diqqətinə çatdırmağı özümüzə borc bildik. Ən azından ona görə ki, piyadalar bu yeri qanunsuz keçir və hər an təhlükəli anlar yaşayırlar.

Dəfələrlə görmüşük ki, «Ədalət» qəzetinin qaldırdığı problemi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi araşdırıb və faktlar öz təsdiqini tapandan sonra qabaqlayıcı tədbirlər görüb. Bu dəfə də inanırıq ki, yazımızı və çəkdiyimiz görüntünü məlum qurum diqqətdə saxlayacaq, piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün həmin yerdə baxış keçirəcək və qabaqlayıcı tədbirlər görəcəkdir. Bu cür tədbirlərin görülməsi birmənalı olaraq piyadaların həyatını təhlükədən xilas edir və mövcud problemi vaxtında aradan qaldırmağa kömək göstərir.