YENƏ HiMN QALMAQALI

AQİL ABBAS
31764 | 2007-12-25 10:11
Millət vəkili Aqil Abbas Azərbaycan Respublikası dövlət Himninin sözlərində redaktələr etmək təklifi ilə çıxış edib. Millət vəkilinin fikrincə, himndəki bəzi sözlər Azərbaycan dilinin qrammatikasına uyğun gəlmir.
   
   Məsələn, "Cümlə gənclər müştaqdır" ifadəsindən belə çıxır ki, ölkənin başının üzərini qara buludlar alanda, yalnız gənclər birləşməli və dövlətin müdafiəsinə qalxmalıdırlar. Buradakı "müştaqdır" ifadəsi də dilimizə yaddır. "Hüququndan keçən əsgər"dən isə başa düşmək olmur ki, əsgər hansı hüququndan keçməlidir. Məgər ordu sıralarında qulluq edənlərin seçmək, seçilmək, sevmək, yaxud nifrət etmək hüquqları yoxdur. Konstitusiyada təsbit olunmuş hansı hüquqlar var ki Azərbaycan əsgəri ondan istifadə etmir?
   
   Bu arqumentləri əsas gətirərək himnin sözlərində redaktələr olunmasını təklif edən Aqil Abbasın fikirlərinə tanınmış ictimai-siyasi xadimlərdən dəstək verənlər az deyil.
   
   Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqub millət vəkili Aqil Abbasın təklifi ilə tamamilə razıdır. Şair Milli Məclisdə dəfələrlə bu haqda məsələ qaldırdığını da deyir.
   
   Digər millət vəkili Aydın Mirzəzadə isə himnin sözlərinin müasir dövrdə yazılmadığı üçün anlaşılmayan sözlərdə redaktələr olunmasını arzulamır: "Mən Aqil müəllimlə ortaq fikirdə olan adamam. Amma himn uzun illər öncə yazıldığı üçün onun sözlərinə dəyişiklik olunmasını qəbul edə bilmərəm. Yüz illik dövlət ənənələri olan bir çox Avropa ölkələri var ki, onların himnində heç bir dəyişiklik olmayıb".
   
   Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri Zeynal Məmmədli himnin sözlərində anlaşılmayan ifadələr olduğunu təsdiq edir: "Mən istəyərdim ki, Azərbaycan dövlətinin iki himni olsun. Biri müasir dövrü əks etdirsin, biri keçmişi. Hər ikisi də dövlət tədbirlərində səslənsin".
   
   Müğənni Akif İslamzadə himnin dövlət atributu olduğunu önə çəkərək himnin sözlərinin dəyişdirilməsindən ehtiyat edir: "Kim qarantiya verə bilər ki, bu gün himnin sözlərini dəyişəndən sonra sabah onun musiqisini də dəyişməyəcəklər?"
   
   Politoloq Zərdüşt Əlizadə də himnin sözlərini yazan şəxs dünyasını dəyişdiyi üçün həmin mətnə redaktə olunmasını düzgün hesab etmir: "Əgər parlament neçə illərdir himni qəbul edibsə və gənclik tərəfindən bu cür qavranılıbsa, dəyişikliyə nə ehtiyac?! Biz bütün dəyərlərimizə sahib çıxmalıyıq. İlk növbədə himnimizə.
   
   
   
   

TƏQVİM / ARXİV