adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Noyabr 2018 18:14
8413
MƏMLƏKƏT
A- A+

Minnətdarlıq

Diqqətinizə çatdırmaq istəyirik ki, yaşadığımız ünvan 16 mərtəbəli və 3 bloklu binadır. Bu binada 128 mənzil var və mənzillərdə təqribən 650 nəfərə yaxın sakin məskunlaşıbdı. Bunu xatırlatmaqla bildirmək istəyirik ki, bizim bina sovet dönəmində, yəni 1990-cı ildə istifadəyə verilib. Həmin vaxt binanın hər üç blokunda iki lift quraşdırılmışdı. Onlardan biri böyük, yəni yük üçün nəzərdə tutulmuşdu, digəri isə insanların istifadəsi üçün idi.

Çox qəribədir ki, istifadəyə verildiyi gündən bu günə qədər həmin böyük lift ümumiyyətlə işləmədi və keçən dövr ərzində həmin liftin hissələri də Bakı Lift İdarəsinin köhnə rəhbərliyinin məsuliyyətsizliyi üzündən sökülüb haralarasa, kimlərəsə satıldı. İndi özünüz təsəvvür edin ki, bir liftin ümidinə qalan hər blokun sakini saatlarla, bəzən günlərlə gözləməli olurdu. Çünki həmin lift də tez-tez yararsız hala düşürdü. Nəhayət, Bakı Lift İdarəsində edilən dəyişikliklərdən sonra biz sakinlər ümidlə onlara müraciət etdik. Çox sevindirici haldır ki, müraciətimizə dərhal reaksiya verildi. Heç inanıb gözləmədiyimiz bir halda Lift İdarəsinin baş direktoru Xalid Ələkbərov, onun müavini Şahin müəllim, eləcə də Xətai rayon Lift İdarəsinin müdiri Dadaş Nəbiyev və digər əlaqədar şəxslər qısa zamanda bizim illərdən bəri problemimiz olan lift məsələsini həll etdilər. Artıq binamızdakı hər iki lift çox normal bir şəkildə işləyir. Binanın yaşlı sakinləri, xüsusilə sağlamlıq durumunda problemi olanlar və bütövlükdə Gəncə prospekti-20 "A" binasında məskunlaşan hər kəs xeyirxahlarımıza öz dərin təşəkkürünü bildirir. Və "Ədalət" qəzeti olaraq sizdən də rica edirik ki, bizim minnətdarlıq duyğularımızı həmin xeyirxah insanlara çatdırasınız.

Binanın sakinləri adından:

Ramiz Cəbrayılov